Müasir təhsilin inkişafı daima müəllimləri yeni təlim texnologiyalarından, müasir metod və üsullardan istifadəyə sövq edir. Yeni təlim texnologiyaların fənnlərə tətbiq edilməsi zamanı şagirdlərin bilik və bacarıq vərdişləri dərinləşir, onlarda yaradıcılıq qabiliyyətləri, tətbiqetmə, fikirlərini sərbəst şərh etmə qabiliyyətlərini daha da inkişaf etdirir. Hər bir müəllimin pedaqoji fəaliyyətindən asılı olaraq şagirdlərin bu kimi qabiliyyətlərini inkişaf etdirmək üçün seçilən metodlar xüsusi, fərdi və ümümişlək ola bilər. Bu metodlara təqdimat, kublaşdırma, klaster, ziqzaq, venn diaqramı, Bibö, akvarium, qar topası, istəklər ağacı, debat, mühazirə, müzakirə, söz assosiasiyaları və İKT-dən istifadə metodları aiddir. Tədris prosesində müxtəlif texnologiyaların tətbiqi fənndaxili, fənnlərarası və plan üzrə keçilən mövzularla inteqrasiyanı gücləndirir. Halhazırda ümumtəhsil məktəblərində keçilən bütün dərslər milli kurikuluma əsaslanaraq şəxsiyyətyönümlü, nəticəyönümlü, tələbyönümlü, inteqrativ cəhətlər əsasında keçirilir. Bu cəhətlərin tətbiqi nəticəsində təhsilimizdə lazımi uğurlar əldə olunmuşdur.
Danılmaz faktordur ki, hazırda ətraf aləmi kompüter, internet və komunikasiya texnologiyalarsız təsəvvür etmək olmaz. Dövlətimizin təhsilimizə qayğısı nəticəsində Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər) imzalanmış, ümumtəhsil məktəblərinin müasir tipli kompüter avadanlıqları ilə təchizatı, ümumtəhsil məktəbləri müəllimlərinin, inzibati və texniki işçilərin yeni informasiya və kommunikasiya texnologiyalarından öz fəaliyyət sahələrində istifadə etməsinin öyrədilməsi, təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadə üzrə normativ və metodiki bazanın inkişafı, tədris prosesində Azərbaycan dilində istifadə edilən müasir elektron tədris materiallarının, elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib hazırlanması, yayılması və tətbiqi zəruri şərtlərdəndir.
İKT-nin təlim prosesində əhəmiyyəti sonsuzdur, beləki dərsi daha da maraqlı etmək üçün onun müxtəlif üsulları mövcuddur. Bu üsullardan istifadə zamanı şagirdlərin dünyagörüşləri, göz yaddaşı, məntiqi təfəkkürü, müstəqil düşünüb sintez etmə qabiliyyəti, vaxt və kəmiyyət normativlərinə düzgün riayət etmək, digər fəaliyyət göstəricilərini inkişaf edir. Hər bir müəllim bu texnologiyalardan istədiyi fənnlərə tətbiq edə bilər. Dərsləri daha rəngarəng etmək, şagirdlərdə bilik kateqoriyalarını yəni deklarativ, prosedural, kontekstual bilikləri daha da inkişaf etdirmək üçün verilmiş İKT-nin üsullarından istifadə etmək daha məqsədə uyğun hesab oluna bilər ;
- Elektron vəsaitlərdən istifadə
- Video çarxlar
- Audio materiallar
- Ağıllı lövhə
- Slayd
- Animasiyalar
- Danışan kitablar proqramı
- Riyaziyyat fənninə dair məntiqi oyunlar
- Ana dili fənninə dair səsli, hərəkətli oyunlar
- Keçilmiş mövzular çərçivəsində hazırlanmış test tapşırıqları və sair.
Bu metodlardan istifadə dərs müddətində motivasiyanı gücləndirir, şagirdlərdə dərsə marağı artırır, dərs saatına qaənaət etməyə imkan verir. Keçilən mövzuya uyğun slaydların hazırlanması bütün şagirdlərin diqqətini lövhəyə cəmləşdirir və onlardakı qeyri iradi diqqətsizliyin qarşısını alır. Slaydlar power point və prezi adlı proqramlarda yığılır, burada sadəcə mövzunun əsas hissələri yazılaraq şagirdlərin diqqətinə çatdırılır. Bu üsulla şagirdlər ancaq onlara lazım olan bilikləri qəlib halında mənimsəyir və vizual olaraq göz yaddaşı vasitəsi ilə qavrayırlar. Verilmiş mövzunu slaydda hazırlayarkən müəllimlər onun rəng çalarlarına, slaydlar arası məsafələrin vaxtına, stilinin tipinə diqqət etməlidirlər. Çünki daha əlvan, yekə hərflərlə yazlmış standart bir şəkildə hazırlanmış materiallar şagirdlərə yorucu və sıxıcı gəlir, onlarda mövzuya maraq itir. Video çarxlar, audio materiallar və danışan onlayn proqramlar şagirdlərin əyani vəsaiti kimi istifadə olunduqda daha yaxşı nəticə verə bilir. Yaradıcı müəllimlər bu üsullardan qiymətləndirmədə də istifadə edə bilərlər.
Şəmilzadə Günel
pedaqoq, ADPU, fəlsəfə doktoru proqramı üzrə dissertant