Estetik tərbiyə insanın rənglərə, səslərə, ətraf aləmə, ictimai və siyasi mühitdə baş verən proseslərə qarşı qəlbini açır, dünyanı düzgün və dərindən anlamağa kömək edir. Təlim tərbiyə prosesində estetik tərbiyə yaradıcı təfəkkürün inkişafına kömək edir, yeni yolların, yeni kreativ üsulların və qərarların axtarışına yardım edir. Estetik tərbiyənin bütün sistemi uşağın ümumi inkişafı ilə bağlıdır.Bu tərbiyə prosesi uşağın həm estetik, mənəvi-əxlaqi keyfiyyətləri, həmdə intellektual səviyyəsinə birbaşa təsir edir. Şəxsiyyətin estetik tərbiyəsi kiçik yaşlarından başlayır. Valideynləri ilə ünsiyyəti, ailə üzvləri, qohum və tanışlarla, öz yasşıdları ilə münasibəti, onların şəxsi davranışları, əhval ruhiyyəsi, dediyi sözlər, istifadə etdikləri bədən dili məsələn, jest,mimiklər və sair onların estetik şüurunu inkişaf etdirir. Estetik tərbiyənin bütün mərhələsi məhz şəxsiyyətin hərtərəfli inkişafına köklənərək, bütün yaş mərhələlərində müvafiq üsul və metodlarla həyata keçirilir. İlk olaraq ətraf aləmlə tanış olan uşaqlar oyun vasitəsi ilə gözəllik və eybəcərlik anlamını sezir, və yamsılama yolu ilə insanların və onlar üçün maraq doğuran digər canlı aləmdəki proseslərin köməyi ilə qavrama, anlama, dəyər vermə, ünsiyyət mədəniyyəti və sair kimi keyfiyyətlərə yiyələnirlər. Bu prosesin tam ətraflı inkişafı təlim tərbiyə nəticəsində daha da möhkəmlənir. Təbii ki, bu inkişaf səviyyəsi hər bir ölkəyə görə dəyişir. Buna səbəb ilk öncə hər bir ölkənin öz mentaliteti, dünyagörüşü, təhsili və bu prosesə yanaşma baxışından asılıdır. Bir çox ölkələrdə təhsil prosesində estetik tərbiyə daha çox üstünlük təşkil edir. Bu ölkələr sırasına ilk öncə ABŞ, Yaponiya, İsveç, Böyük Britaniya, Rusiya və sair daxildir. Bu ölkələrdə təhsil prosesi əsasən estetik tərbiyə nəticəsində əldə olunan bədii yaradıcılıq, kreativ metodlar, rəngarəng uşaq yaradıcılığı əsasında qurulur. Beləki əsasən bağça və məktəblərdə tədris olunan bilik və bacarıqlarda nəzəriyyə deyil, bədii estetik yaradıcılıq əsas götürülür. İlk öncə bağça, məktəb və sair təhsil mərkəzlərində estetik mühit formalaşdırılır. Lazımi vəsaitlərin çoxluğu, bədii yaradıcılığı nümayiş etdirən kiçik sərgilər, məktəb otaqlarının rəngarəng olması, sinif otaqlarının müxtəlif bitkilərlə, dərs ləvazimatları, şəkillərlə bəzədilməsi, hər bir sinifdə bədii yaradıcılıqla bağlı guşələrin olması, məktəb zənginin dünya üzrə tanınmış məşhur musiqiçilərin əsərləri ilə əvəzlənməsi və sair əsas həmdə məcburi şərtlərdəndir. Beləki ibtidai siniflərdə tədris olunan bütün fənnlərdə nəzəriyyə deyil, bədii estetikanı şagirdlərə mənimsətmək əsas amil olaraq götürülür. Məsələn: riyaziyyat dərslərində verilən mövzular bədii estetik qabiliyyətlər nəticəsində şagirdlərə öyrədilir. Keçiriləcək hər bir mövzuya beş, altı dərs verilir. Keçilən mövzu bir dəfə deyil, bir neçə metodlardan vasitəsi ilə şagirdlərə mənimsədilir. Riyaziyyatla ilk tanışlıq ədədlərdən başlayır. Bu mövzunun şagirdlər tərəfindən yaxşı mənimsədilməsi üçün müəllim müxtəlif rəngarəng metodlardan istifadə etməlidir. Buraya ilk öncə, rəngli kağız, gil, torpaq, boya, muncuq, rəngli təbaşirlər və sair daxil edə bilər. Bütün mövzularla bağlı xüsusi yazılmış cd-lər, video çarxlar, cizgi filmləri, mahnılar, elektron saytlar mövcuddur. Bunlardan istifadə edərək şagirdlər verilmiş tapşırığı daha yaxşı dərk edir və nəticədə əl qabiliyyəti, göz yaddaşı inkişaf edir. Digər bir mövzu isə toplama, çıxma əməlləridir. Bu anlayışlar şagirdlərə ilk öncə nəql yolu ilə izah olunur. Sonra isə əlavə etmək və azaltmaq anlayışları şagirdlərə müxtəlif göstəriş metodları ilə mənimsədilir. Toplama əməlini şagirdlərə mənimsətmək üçün xüsusi riyaziyyat tablolarından, rəngli fiqurlar və pazıllardan, karandaşlardan, internet oyunlarından, sehrli barmaqlardan, hazır alımış çalışma vərəqlərindən və digər vəsaitlərdən istifadə olunur. Bu halda şagirdlər dərslərə daha çox həvəs göstərir və nəticədə estetik mühitin yaradılmasında iştirak edirlər. Ana dili dərslərində Əlifba, cümlə, nitq hissələri, mətn, hekayələr və sair kimi mövzularda estetik səpkilərdə öyrədilir. Əlifbadakı hər bir hərfə aid əl işləri, tablolar, xüsusi hazirlanmış qəliblər, kağızlarla kəsmə, plastilin və digər vəsaitlərlə quraşdırma kimi metodlardan istifadə olunur. İlk hərf “A” hərfidir. Bu hərfin keçilməsi üçün müəllim şagirdlər üçün səs və hərf anlayışını bir birindən fərqlaəndirmək üçün xüsusi maaterial hazırlayır. Buraya “a” səsini və hərfini özündə əks etdirən səsi və yazını özündə əks etdirən onlayn oyunlar, musiqili hekayələrdə vurğulanan “a” səsi, təəccüb və qorxu hissi keçirdikdə vurğulanan a səsi ilə bağlı videolardan istifadə edir. Təbii ki, metodların rəngarəngliyi hər müəllimin öz pedaqoji ustalığından asılıdır. Şagirdlər “a” səsi ilə tanış olduqdan sonra hərfə keçirlər. Hərfi də xüsusi əl işləri ilə hazırlayırlar. Bu dərsdə istifadə olunan metodlar digər fənnlərdə də əlaqələndirilərək tətbiq olunur. Verilmiş riyaziyyat, əmək, musiqi dərslərində də iş vərəqlərində “A” hərfi ilə bağlı sadə çalışmalar hazırlanır. Hərflərin rəqəmlərə oxşarlıqları təhlil olunaraq kəşf edilir. Qruplarla iş zamanı şəkər tozu, duz, torpaq kimi vəsaitlərdən istifadə olunur. Müəllim şagirdləri qruplara bölür və hər qrupu ad verərək tapşırıqlar verilir.Məsələn, bu işlədilən ləvazimatların adlari ilə də bağlı ola bilər. Şəkər tozu, torpaq, duz. Bu metoddan istifadə əsasən bütün əlifba kursu bitdikdən sonra tətbiq olunur. Seçilmiş partaların üzərinə bu üç ləvazimatdan tökülür və şagirdlər növbə ilə müəlimin dediyi və ya xüsusi kartlarda göstərilmiş hərfləri yazırlar. Bu üsulla onlar həyat bilgisi dərslərində hissiyyat orqanlarının inkişafı, müxtəlif maddələrin boş, yumşaq,quru olması ilə bağlı dərsə keçid edirlər. Texnologiya dərsində isə həm ana dili həm riyaziyyat həmdə həyat bilgisi dərsləri bir biri ilə əlaqələndirilərək plastilin, gil və ya şagirdlərlə hazırlanmış xəmirdən istifadə olunur. Bu zaman Şagirdlər istədikləri hərf, ədəd, fiqurları düzəldir, rəngləyirlər. Sonda isə hər 2 həftədən bir şagirdlərin əl işləri məktəbdə sərgi üçün bölünmüş guşələrdə sərgilənir. Bu estetetik bədii metodlarla istifadə zamanı şagird mənimsəmənin müxtəlif yollarla inkişaf etdiyini kəşf edərək hər mövzuya gözəl yanaşmağı, daim axtarıcılıq qabiliyyət və bacarıqlarına yiyələnirlər. Həyat bilgisi dərslərində əyani vasitələrə daha çox üstünlük verilir. Əgər mövzu bu həftə ərzində bitkilər haqqındadırsa, müəllim sinifdə bitkilərin növlərinə aid bir guşə yaradaraq, ən azı dörd – beş bitki növü ilə şagirdləri tanış edir. Bu mövzu həftə ərzində müşahidə yolu ilə aparılır. Onlar məktəb bağçasındakı bitkiləri müşahidə edir, bəzi bitki toxumlarını sinifdə dibçəkdə əkərək onun yaranması üçün lazım olan hava, günəş, torpaq, su kimi amilləri mənimsəyirlər. Bitki ilə bağlı mövzu aylarla şagirdlər tərəfindən müşahidə olunur və sonda bitən dibçək sinifdə saxlanılır. Bütün dərs prosesi qarşılıqlı əlaqə vasitəsi ilə aparılır, şagirdlərin həyəcanı, onların fikirləri, bilikləri mənimsədikləri informasiya sinifdaxili tapşırıqlarla yetərli sayılır və şagirdlər dərs bitdikdən sonra ev tapşırıqları ilə yüklənmirlər. Təlim, tədris prosesində şagirdlər dərslərlə əlaqəli məktəbdaxili müxtəlif bir neçə tamaşalar hazırlayır, xüsusi bayramlar təşkil edir və muzeylərə, tamaşalara, bədii öz fəaliiyət dərnəklərinə, açıq havada təşkil olunan ekskursiyalar gedir və onların estetik tərbiyəvi dünyagörüşləri dahada zənginləşdirilir. Bütün təlim prosesində etik estetik davranışlar, gözəllik qanunları, gözəl münasibət, gözəl geyim kodeksləri,gözəl davranış qaydaları haqqında hər dərs maksimum üç-dörd kəlamlar şagirdlərə öyrədilir və şagirdlər gündəlik rejimlərində ondan istifadə edirlər. Bu mövqedə yanaşma şagirdlərin özlərinə, ətrafa sevgi və hörmət nümayişi, onlarla ideyaları paylaşmaq, nizam-intizam qaydalarına açıq fikirli yanaşma təbliğ etməklə inkişaf etdirir. Hər bir şagirdin fərdi olaraq fikirləri eşidilir, uşaqların özlərini ifadə etmək üçün daha sərbəst hiss edirlər. Təklif edərdimki, bizim təhsil ocaqlarında da bu tip xarici təcrübədən istifadə olunsun. Xarici ibtidai təhsil kursunda əsasən İB, PGCE, GCSE və IGCSE kimi tədris proqramlarından istifadə nəticəsində şagirdlərin hərtərəfli inkişafı yüksək səviyyədə formalaşır. Bu tip proqramların milliləşməsi nəticəsində təhsil ocaqlarımızda istifadə etmək məqsədə uyğun olardı. Bütün məktəblərdə estetik mühitin təşkilinə, dərslərin estetik gedişatı üçün lazımi rəngarəng vəsaitlərlə təmin olunmasına daha çox diqqət yetirilməsi ön plana çəkilməsi daha qənaətbəxş hesab olunar. Müəllimlər bu sahə üzrə müəyyən olunmuş maariflərindirici seminarlara, təlimlərə qatılaraq öz pedaqoji fəaliyyətlərini inkişaf etdirə bilərlər. Təhsil qanunlarında və məktəbli kitablarındakı bəzi yersiz nəzəri yüklənmələr aradan qaldırılaraq şagirdlərin daha yaxşı, sağlam, kreativ fikirli inkişafı üçün qanunlar işlənib hazırlanması onların əqli, kreativ, estetik bilik və bacarıqlarına daha çox təkan verə bilər.
Günel Şəmilzadə