Rənglər insan ömrünü parlaq edərək əhval ruhiyyəsini müəyyənləşdirir. Həyatımıza əlvanlıq bəxş edən təbiətin əsrarəngiz rəngləri təsviri incəsənətdə ən vacib ifadə vasitələrindən biridir. Əslində mövcud obyektlərin öz rəngi yoxdur. Beynimizin qavradığı bütün rənglər günəş işığının obyekt üzərində əksindən yaranır. Beləliklə, iki tip rəngi qavramış oluruq additiv –işığın rəngi və işiğın obyekt üzərindən əks olunan rəngi. Günəş şüası prizmada sındıqda 7 rəng əks edilir. İlk dəfə bunu XVII əsdə yaşamış İngilis fiziki İssak Nyuton işıq şüasını prizmadan keçirmək ilə kəşf edir. İsaak Nyuton həmçinin klassik fizika və riyazi analizin yaradıcılarından biridir. O, günəş şüası üzərində təcrübələr apararaq müəyyən edir ki, işıq şüası ciddi ardıcıllıq əsasında göy qurşağında olduğu kimi bir-birini əvəz edən zolaqlardan ibarətdir. Bu kəşf rəng nəzəriyyəsi ilə bağlı tədqiqatların başlanmasına səbəb olur. Daha sonra rəng nəzriyyəsi ilə bağlı İohan Volfqan Höte özünün rəng dairəsini hazırlayanda 3 əsas rəngi-göy qırmızı, yaşıl müəyyən edir ki, onlar heç bir rəng qarışığından əmələ gəlmir. Lakin nə Nyutonun nə də Hötenin rəng dairələri özündə bütün çalarları əks edirmirdi. XVIII və XIX əsrlərdə yaşamış Alman rəssamı Filipp Otto Runqe 1810-cu ildə “Rəng kürəsində” əsərini çap edir. O, peşəkar rəssam kimi anlayırdı ki, bir dairəyə bütün rəng çalarlarını toplamaq çətindir və yeni model axtarışında “Rəng kürəsi”ni yaradır. Runq kürənin ekvator boyu Hötenin rəng dairəsindəki təmiz rəngləri yerləşdirir. Şimal qütbündə ağ, cənubda isə qara rəng yerləşir. Ekvator boyu rənglər şimala doğru ağ-rəng ilə qarışır cənuba doğru isə qara rəng ilə qarışır. Rəssam kimi Runqu rənglərin dolğunluğu da maraqlandırırdı. Yəni, ağ və boz rəngin lokal rənglər ilə qarışığından alınan dolğunluq. Runq bu rəngləri “Arxa plan üçün rənglər” adlandırır. O, rəngin dolğunluğunun qanununu taparaq ilk olaraq rəng sisteminin üçölçülü sistemini kəf edir. Onun “Rəng kürəsi” modeli sonrakı daha mükəmməl rəng sisteminin yaradılması üçün əsas oldu.
Təhsilində rəssamlıq və riyaziyyatı birləşdirən İsveçrəli pedaqoq, nəzəriyyəçi və rəssam İohannes İtten 1921-ci ildə “Rəngin incəsənəti” adlı əsərini nəşr edir. Rəngin təbiətini tədqiq edərkən o özündən əvvəlki müəlliflərdən faydalanır. Beləliklə, İttının rəng dairəsi yaranır.Müasir kolaristika baza kimi məhz bu dairəyə əsaslanır.İttenin rəng dairəsi Hötenin 3 əsas rənginin qarışığından yaranan12 rəngdən ibarət idi. 12 rəngin yaranma mərhələsinə diqqət edək. İlk olaraq əsas 3 rəng bir biri ilə qarışdırılır – qırmızı və sarıdan narıncı, sarı və göydən yaşıl, göy və qırmızıdan bənövşəyi rəng alınır. Beləliklə, ikinci qrup-qarışıq rənglər alınır. Üçüncü addımda isə əsas və qrışıq rənglər qarışdırılaraq daha 6 rəng alınır. Dairədə rənglər biri digərinə axıcı şəkildə keçir. Göy qurşağı rəngləri xromatik, onda əks olunmayan ağ, boz, qara rənglər isə axromatik adlanır. İttenin rəng nəzəriyyəsinə ikili yanaşma var. Bəziləri onu rəng nəzəriyyəsi üçün mükəmməl əyani vəsait ,bəziləri isə rəssamın rəng ilə rəftarını məhdudlaşdıran sərhəd adlandırır.
Rəngin bir neçə baza xüsusiyyəti var. Onlardan ən vacib xüsusiyyəti tondur. Yəni, hər tonun öz çaları var. Məsələn, qırmızının öz müxtəlif çalarları mövcuddur. Əgər dairədəki rənglərə ağ əlavə etsək bu zaman rəngdə işıqlanma baş verər – bu rəngin ikinci xüsusiyyətidir. Qara rəng əlavə etdikdə isə rəngdə parlaqlıq xüsusiyyəti yaranır. Boz piqmentlərə əsasən isə rəngin dolğunluğu müəyyən edilir. Boz piqmentlərin çoxluğu rəngə solğunluq bəxş edir. Rəng qradasiyasında-saturasiyasında boz rəngə yaxın olan çalarlar yumşaq və sakit adlanırlar. Beləliklə, rəngin 4 əsas səciyyəvi xüsusiyyəti – işıqlılıq, parlaqlıq, dolğunluq və rəng tonu yaranır. Bu xüsusiyyətlərə sahib olan rənglər xromatikdirlər. Axromatik rənglərin yalnız işıqlılıq xüsusiyyəti var ki, onlar dolğunluğa və parlaqlığa malik deyillər. Dolğunluğa, işıqlılığa və parlaqlığa əsasən rənglər arasında təzadlılıq və neytrallıq mövcuddur. İlk dəfə rəngləri ton, işıqlılıq və dolğunluq kimi xüsusiyyətlərə ayıran professor Albert Mansello olmuşdur. O, 1929-cu ildə nəşr etdiyi “Munsell Book of Color” adlı kitabında tərtib etdiyi kolorimetristik sistemə əsasən rənglərin çalar dəyərinin ölçülməsi mümkün olmuşdur. Rəngin (tonun) işıqlılığı və xromlarının (dolğunluğunun) çoxluğunun ölçülməsi ilə rəngin dəyəri müəyyənləşmiş olur.
Rənglər psixoloji təsirə və rəng ayrılmasına əsasən təsniflənir. Rənglərin soyuq, isti, yumşaq, sərt olan təsnifi valer adlanır. Bütün soyuq rənglər bizdə uzaqlıq, isti rənglər isə yaxınlıq təsiri yaradır. Beləliklə, rəng məkan perespektivasının yardılmasında da iştirak edir. Maraqlıdır ki, psixoloji olaraq qırmızı və sarı beynimizdə qeyri-ixtiyari günəş və alov ilə, göy rəng isə su və buz ilə asosasiya edildiyi üçün birincilər bizdə isti, ikinci isə soyuq təəssürat yaradır. Emosional olaraq soyuq rənglər sakitlik, rahatlıq, sərinlik, isti rənglər isə aqresivlik, istilik və ehtiras hissləri yaradır. Rənglərin soyuq və istiliyinə əsasən də təzadlılıq (kontrast) mövcuddur. İttenin rəng dairəsindəki ikinci və üçüncü dərəcəli rənglər hər biri iki eyni miqdarda xromatik rəngin qarışımından yaranır. Bu rənglər ton (overtone) adlanır. Bir də bu tonların yarım çalarları var ki, onlar da undertone adlanır. Beləliklə, soyuq rəngin isti yarımçaları və əksi yaranır. Məsələn, isti qırmızı yarımçalar, soyuq qırmızı yarımçalar və ya soyuq göy yarımçalar, isti göy yarımçalar. Rəng və yarımçaların tabloda harmoniyası o zaman uyğun olur ki, hər ikisi ya isti ya soyuq olur. Məsələn, soyuq bənövşəyi rəng üzərində soyuq yaşıl yarımçalar olarsa harmonik, soyuq bənövşəyi rəngin üzərində isti yaşıl yarımçalar olarsa isə qeyri-harmonik olar. Təbiətdəki rənglər də məhz bu qanunauyğunluğa tabedir. Məsələn, soyuq göy, soyuq mavi, soyuq parlaq qırmızı, zoğalı , soyuq yaşıl və ağ rənglərdən ibarət lalələrin səma altındakı fotosuna diqqət edək. Təsviri sənətdə belə soyuq və isti ton uyğunluğunu qrup yoldaşlarım Əbdülrəhmanova Nəzrinin “Yayda səhər” və Sotnikova Məryəmin yağlı boya texnikasında “Alma və şam ilə etüd”, “Axşam Xəzəri” tablolarında izləyə bilərik. Axromatix xalis qara və boz soyuq rənglərdir. Kolarit tablodakı rəng və çalarların ümumiliyidir.
Müasir rəng nəzəriyyəsində rənglərin 6 əsas harmoniyası – uyğunluğu mövcuddur.
1.Monoxrom – bu zaman tək rəng və onun tonları iştirak edir. Diqqətin bir mərkəzdə cəmlənməsinə və effektiv atmosfer yaratmağa kömək edir.
2.Analoji – bu rənglər rəng dairəsində bir-birinin yanında yerləşirlər. Göz üçün rahat harmoniya yaradır. Təbiətdə belə harmoniyaya tez-tez rast gəlmək olar.
3.Triad – belə harmoniyada rəng dairəsində eyni məsafədə bir-birindən uzaq olan 3 rəngdən ibarət olur. Cizgi film və surialistik əsərlərə daha uyğundur.
4.Komplementar – dairədə bir-birinə əks istiqamətdə yerləşən rənglərin harmoniyasıdır. Bütün rəngkarlıq tarixində bu harmoniya məşhur olub. Çünki komplementar harmoniya gözün baxış bucağı üçün də uyğundur. Burada iki rəngdən də eyni dərəcədə istifadə məsləhət deyil. Rənglərdən biri dominant olmalıdır.
5.Spilit Komplementar – əvvəlki sxemə bənzəyir, lakin burada daha sərbəst rəng istifadəsi var. Belə harmoniya əsərə canlılıq bəxş edir.
6.Tetrada (ikili komplementar) – iki cüt əks rəngdən ibarətdir. Əsasən belə harmoniya ön və arxa plan üçün daha uyğundur. Yenə də rənglər eyni dərəcədə olmamalıdır. Zəif rəng daha çox olmalı, güclü rəng isə akçent kimi istifadə edilməlidir.
Rəssamın rəng qanunlarına uyğun tablolar yaratması üçün çoxsaylı praktik fəaliyyəti olmalıdır. Lakin fitri istedad deyilən məqam da var ki,bəzən rəssam rəng nəzəriyyəsinə mükəmməl hakim olmasa da rənglər arasındakı uyğunluğu, təzadı və harmoniyanı duya bilir.
Rəngin psixoloji təsir gücü hər kəsə məlumdur. Hətta insanın sevdiyi rəngə görə onun xasiyyəti, yaşam tərzi haqqında fikir söyləmək olar. Məsələn, boz rəngə üstünlük verən insanlar başqalarının fikirlərinə diqqət edirlər eqoist deyillər, yaxşı dost hesab edilirlər, xəyalpərəstdirlər, güvənli cəmiyyətdə yaşamağı arzu edirlər. Mavi rəngi sevənlər yüksək insanlıq xüsusiyyətinə sahib olurlar, səyahətə və yüksəlməyə meyilli olurlar. Qırmızını sevənlər mehriban olurlar. Bunlar əsasən enerjili, açıq və doğru hərəkət etməyə hazır bir mənlik xüsusiyyətinə sahibdirlər. Sarı intellektuallığın göstəricisidir. Bu rəngi sevənlərdə ağıl və məntiq güclüdür. Narıncı rəngi seçənlər bir az tərs lakin mühitə tez uyğunlaşan olurlar. Qara rəng insanda adət-ənənələrə bağlı və sayğılı bir xüsusiyyətin olduğunu göstərir. Qara həm də güc və hakimiyyəti əldə tuta bilməyin rəmzidir. Yaşıl rəng insanda mehriban və xoşxasiyyətin göstəricisidir. Bu rəngi sevən insanlarda bölüşə bilmək xüsusiyyəti güclü olur. Ağ rəng təmizliyin, saflığın və məsumiyyətin simvoludur. Bu rəngi sevənlər təsiredici xarakterə sahibdirlər. Hər rəngin müəyyən təsir gücü vardır. İnsanlar qırmızı fonlu məkanlarda zaman anlayışını itirməyə başlıyır, yuxusuzluq yaranır. Sarı rəngi cəsarətli insanlar sevir. Lakin bu insanlar bir qədər lovğa olurlar. Bir sözlə, insanların rəng seçimi onların psixi vəziyyətləri haqqında vacib məlumatları verir.
Əliyeva Sədaqət
Azərbaycan Dövlər Rəssamlıq Akademiyasının magistrantı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin