Yeni nəslin inkişafının əsas vasitəsi — gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi, ümumiyyətlə, ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsi məsələləri bunun üçün əsas cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinə tapşırılmışdır. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Buraya gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımının göstərilməsi məsələləri daxildir.
Ulu Öndər tərəfindən başladılan həmin siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.
1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur.
II forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.
III forum 13 oktyabr 2003-cü ildə, IV forum 2005-ci ildə, V forum 03 oktyabr 2008-ci ildə, VI forum 25 oktyabr 2011-ci il, VII forum 2-3 iyun 2014-cu ildə, VIII forum 16 noyabr 2018-ci il Bakı şəhərində keçirilib.
Gənclər və İdman Nazirliyi bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurmuş, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli iş görmüşdür. Hazırda 300-dən artıq gənclər təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etmək məqsədilə 1994-cü ildən Gənclər və İdman Nazirliyinin yanında məşvərətçi statusla Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. Son dövrlərdə gənclər təşkilatları artıq mərkəzdən çıxaraq daha cox regionlarda fəaliyyət göstərməyə üstünlük verirlər. Belə ki, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Biləsuvar, Samux, İsmayıllı, Şirvan, Hacıqabul, Lənkəran, Bərdə, Abşeron, Qazax, Zaqatala, Qobustan, Göyçay, Quba, Saatlı, Qusar, Masallı, Astara, Zərdab, Göygöl, Ucar, Beyləqanda yeni təşkilatlar yaranmış və əksəriyyəti dövlət qeydiyyatına alınmışdır.
Hazırda 35-dən artıq beynəlxalq platformada gənclər təşkilatları Azərbaycanı təmsil edir. Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidilməsi dövlətimizin dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir. Respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasını sübut edir.
Heybətova Nərgiz
Əməyin mühafizəsi üzrə mühəndis
Respublika Uşaq Sanatoriyası
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin