Bir ölkənin tərəqqisi böyük ölçüdə onun sənaye inkişafı ilə ölçülür. Dünyanın güclü dövləti olmaq üçün ölkənin sənaye cəhətdən də inkişaf etməsi və bu yöndə bütün proseslərə innovativ yanaşmaq əsas amillərdəndir. Sənayə və istehsalat xidmətlərində gənc və peşəkar mütəxəssislərin rolu böyükdür. Bu yöndə onların beynəlxalq təcrübədən yararlanması, təhsilinin, peşə təcrübəsinin, davamlı inkişafı üçün əlverişli mühit olmalıdır.
Məhz bu barədə Avropa və Asiyanın bir sıra ölkələrinin, xüsusən də Yaponiyanın istehsalat və planlama metodlarına dərindən bələd olan beynəlxalq dərəcəli mühəndis Seymur İlyasovla müsahibədə bir çox nüanslara aydınlıq gətirmişik.
- Biz sizi işnin peşəkarı Seymur İlyasov kimi tanıyırıq, bəs siz özünüzü necə təqdim edə bilərsiniz?
-Seymur İlyasov oxuduğunu, öyrəndiyini və təcrübəsini cəmiyyətə faydalı hala gətirməyə çalışan və davamlı öyrənməyə həvəsli biridir. Mən hələ də öyrənirəm, öyrənmə sonlanan bir proses deyil. Hazırda iş dünyasındayam, biznesin idarə edilməsi üzrə fəaliyyətimə davam edirəm. Eyni zamanda, təhsil sektorunda öz təcrübələrimi təlim və seminarlarla paylaşmağa çalışıram.
- İnsanın doğulduğu mühit onun inkişaf və təhsilində böyük rol oynayır. Bəs sizin uğurlarınızda mühitin necə təsiri olub?
-Mən şəhərdə hər şeyin əlçatan, hazır olduğu bir mühitdə deyil, ucqar kəndlərin birində böyümüşəm. Bəli, mühit insan inkişafında əsas rol oynayan amildir. Düşünmürəm ki, mən həmin dar çərçivəli bir şəraitdə bu qədər inkişaf edə və uğur qazana bilərdim. Bizim oxuduğumuz məktəbdə xarici dil olaraq fransız dili keçirdilər və bu dili öyrənmək mənim üçün uzaq perspektivli, yararlı bir dil deyildi. Valideynlərimin qərar və dəstəyi ilə mən dördüncü sinifdən ingilisdilli məktəbə daxil oldum və ilk kənd mühitindən ayrılmağım da məhz bu illərdən başladı. Tam orta məktəbi bitirdikdən sonra istədiyim ixtisasda Sənayenin təşkili və idarə olunması üzrə bakalavr və magistr təhsili aldım. Hərbi xidməti başa vurduqdan sonra isə doktorantura təhsilimi almaq üçün Türkiyə və digər xarici ölkələrə getməyi qərara aldım.
- Sizcə hər hansı sahədə oxumaqda problem var? Öyrənmədə? Yoxsa oxuyub öyrənmək üçün resurslarda?
- Əvvəlcə bildirmək istərdim ki, oxumaqda problem var, oxumaq istəklə bağlıdır. Mənə görə bir insan istədiyi bir şeyə, ehtiyacı olana can atar. Ən çox ehtiyacla bağlı olduğu halda nəyi necə istəmək də vacib faktordur. İndiki dövrdə hər şey əlçatandır, fürsətlər boldur və elektron formada var. Fürsətlər bolluğundan insanlar qərar vermədə problem yaşayırlar. Onlar bilmirlər nəyi necə başlasınlar, hansı seçimi etsələr, daha uğurlu olar. Öncə nə istədikləri qərarlaşmalıdırlar. Dost, tanış və ya çevrədəkilər nəyi sevir,yaxud seçir mən də onları edərək özümüzkiləşdirməyək. Öz potensial və bacarıqlarımızı, arzularımızı bu halda yox etmiş oluruq və nəticə ürək açan olmur. İnkişaf və uğur planlaşdırılmalıdır. Planlama üç əsas istiqaməti var: zaman, resurs və şəxsi potensial. Statistikaya baxsaq, ali təhsil alan tələbələrin təqribən 42 % -i məzun olduqdan sonra öz ixtisasi üzrə davam edir, qalan hissə isə ixtisası üzrə işləmir və ya bu sahəyə heç maraq göstərmir. Hətta bu məsələ ilə bağlı bir kitabdakı təcrübəni sizinlə paylaşmaq istəyirəm. Nyu-Yorkdan Los-Ancelesə gedən təyyarənin istiqamətini sadəcə 1 metr cənuba doğru dəyişirlər. Bu təyyarə Los-Ancelesə getmək əvəzinə başqa bir şəhərə gedib çıxır. Oradakı dəyişilmiş məsafəni, yəni 1 metri hava limanında ölçərkən məlum olur ki, 3, 5 dərəcəyə uyğun gəlir və bu da çox böyük ölçü deyil. Lakin uzunmüddətli perspektivdə cüzi dəyişiklik böyük bir fərqlilik yaratdı. İkinci suala cavabı isə niyə oxuyuruqdan başlamalıyıq. Mənim fikrimcə “niyə?” olmadan “necə?”ni tapa bilmərik. Hədəf olmalıdır və bu hədəfə çatmaq üçün səylərimizi birləşdirməliyik, hansı sürətlə, hansı vasitə ilə bu hədəfə çatmalıyıq, özümüzə uyğun spesifik metodumuz olmalıdır. Resurslara isə bu iki addım olmadan gələ bilmirik, çünki doğru seçim və bu seçimlərdə qoyduğumuz hədəflər düzgün olmadıqda uğurlu nəticəyə gələ bilmərik.
- Professional iş həyatınıza necə başladınız? Bu, sizi ifadə edirmi?
-Mən professional iş həyatıma təhsildən başlamışam, universitetdə müəllim olaraq çalışırdım, bir müddət sonra mən özümü bu platformada görmədim. Təhsildə təcrübə önəmlidir, bizim ixtisasda təcrübə daha çox vacibdir. Çünki bildiklərini tətbiq edərkən faydalı hala gətirməlisən. Bu səbəbdən mən iş həyatımda daha dərin təcrübə qazanmaq üçün işimi dəyişdim və ağır sənayeyə keçdim. Bir işçinin bacarığı, onun arzuları iş mühitinə bağlıdır. Çünki işlədiyin mühit səni qoyduğu sərhədlər çərçivəsində inkişaf etdirir və siz bacarığınızı tam göstərə bilmirsiniz. Hər şey işlədiyiniz müəssisənin qoyduğu limit çərçivəsində baş verir. Bu platformaya keçdikdə iş mühiti məni çox dəyişdirdi, bura dəyişkən və xaos dolu idi. Mən burada ən zirvəni də, ən dibi də gördüm. Bu iki fərqli proseslər mənə inkişafımda çox təkan verdi və tətbiq olaraq peşəkarlığımı artırdı. Bu çətin mühitdə mən kitab yazdım, Amerikadan CP dərəcəsi aldım, bu, çox çətin bir akredetasiya prosesi idi.
- American Academy of Project Management akademiyasını necə xatırlayırsınız? Ən üstün təlim olaraq orada nəyi xüsusi qiymətləndirdiniz?
-Bu akademiyanı tədqiqat zamanı tapmışdım. Həmin ərəfələrdə mən zavod layihəsi üzərində çalışırdım. Öyrəndiyim planlama və digər metodlar mənə işimdə, işə peşəkar yanaşmağımda hədsiz kömək oldu. Belə ki, layihələndirdiyimiz zavod vaxtından öncə ərsəyə gəldi, gənc kadr olaraq bu, mənim üçün çox böyük uğur idi. Mən bu layihəmi akademiyaya göndərdim, onlar təhsil və təcrübə olaraq dəyərləndirdilər, lakin məni akkreditasiya üçün imtahana dəvət etdilər. Həqiqətən çox böyük stresli və məsuliyyətli dönəm idi, çətinliklərə baxmayaraq mən bu mərhələni də keçdim və ömürlük “Certified Planning Engineer” dərəcəsini aldım. Eyni zamanda “Honorary Global Advisor” titulunu da qazandım. Bu proses mənim təhsilim və kariyeramda bir gənc olaraq çox böyük uğur idi.
- İstehsalat və xidmət sahələrini planlama haqda bir az danışın zəhmət olmasa?
-Mənim təlimlərimin əksəriyyəti əsasən planlama üzərində qurulub. İstehsalat və xidmət sahələrində planlama vacib şərtdir. Böyük və xırda növ şirkətlərin onurğa sütünunu məhz planlama bəlirləyir. Planlama uğurlu qurulubsa, şirkətlərin inkişafı uğurlu, gəliri isə bol olur. Dünya təcrübəsində ən məşhur və ən böyük şirkətlərdən “Toyota”, “Wolmart”, “Mc.Donalds” və s. kimi şirkətləri uğurlu və böyük edən onların satış prosesi və ya marketinqi deyil, düzgün planlamadı. Mən kitablarımı yazarkən mütəmadi olaraq böyük şirkətlərin təcrübəsindən istifadə edirəm. Onlara sual edəndə ki, nə üçün sizə planlama bu qədər önəmlidir, onların cavabı birmənalı olur bütün ehtimalları nəzərə alaraq əsla itirməmək. Məsələn, bizdə statistikalara nəzər salsaq, startapların 98 -%i ilk 5 ildə yarımçıq qalır və ya qazanc əldə edə bilməyərək iflasa uğrayır. Buna səbəb düzgün qurulmayan və ya zəif planlama, yaxud da sonrakı illərdə tətbiq olunacaq planlamanın hazır olmamasıdır. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, planlamada əksər şirkətlər bir-birinin planlarını kopyalayır və öz hədəf aydınlaşdırılmır. Lakin əfsuslar olsun ki, bir çoxları planlamanı və bizim sənayemizin çox şaxəli olmadığını, xaricdə öyrəndiyimiz təcrübə və metodların əksəriyyətini burada tədbiq edə bilmədiyimiz haqqında yalnış fikirdədirlər.
Təlimlər zamanı ən çox planlama ilə bağlı problemlər yaşayırıq. Bəzi sənayə sektorunda çalışanlar planlamanın elə də uğurlu olmadığı qənaətindədirlər. Lakin mənim təlimlərimdən sonra bu fikirlərin yalnış olduğunu anlayırlar. Əslində insanların çoxları bilmədikləri bir şeydən uzaq qaçır və öyrənməmək üçün bəhanələr gətirirlər. Burada iki əsas nüans var. Birincisi Planlama haqqında heç bir təsəvvürlərin olmaması, ikinci isə planlamanı necə tədbiq edəcəklərini bilmirlər. Bizim ali təhsil ocaqlarında planlama haqqında ümumi məlumat verilmir, çünki tədris planlarında bu, ayrıca bölmə və ya dərs olaraq salınmayıb. Bizdən fərqli olaraq xarici ölkələrdə buna xüsusi vəsait və dərs yükü ayırılıb və planlama anlayışı əsas götürülür.
- "Sənayenilənmə" kitabından 1-2 kəlimə zəhmət olmasa...
-Bu kitab mənimlə Orxan Məmmədovun birgə ərsəyə gətirdiyimiz kitabdır. Ktabın gedişatının 95 %-i başımıza gələn gerçək hadisələr, digər 5 %-i isə prosesə uyğun xəyal və arzular təşkil edir. Bu kitabı yazmaqda iki əsas məqsədim var idi. Birincisi kariyera və iş həyatımda üzləşdiyim problemlərdən dolayı qalan stress və sıxıntılarımı yazaraq özümdən uzaqlaşdırmaq. İkincisi isə təhsil aldığım və işlədiyim müddətdə qarşılaşdığım problemləri, xətaları dilə gətirmək və onların həlli yollarını açıqlamaq.
- “Dəyərsiz olmayın, dəyər siz olun” ifadəsini başqa cür necə ifadə edərdiniz?
-Bu kəlməni mən məqalələrimin birində qeyd etmişdim. Bu ifadənin açıqlamasını belə izah edə bilərəm ki, bir insanın dəyəri onun düşdüyü mühitdən asılıdır. İş həyatınızda sizin potensialınız və yüksəlişiniz müəssisənin qoyduğu limitlər və onun səviyyəsi çərçivəsindədir, əgər bu limitlər sizi qane etmirsə və düzgün dəyərləndirmə sərgilənmirsə həmin limitləri aşmaq, başqa mühitə getmək lazımdır. Məsələn, subtropik meyvə toxumu düşünün. O, harada daha bəhrəli ola bilər? Təbii ki, onun cücərməsi üçün isti mühit lazımdır və bu var. İnsan da elədir, dəyəri bilinən və yalnız potensialı inkişaf edəcək mühitə keçməlidir, axtarıb tapmalıdır, bəhanələr gətirməməlidir. Dəyər siz özünüzsünüz, özünüzə dəyər verməyi bacarın!
- Socar-da Strategiyanın inkişafı və korporativ idarəetmə şöbəsinin müdiri kimi nə cür innovativ olmusunuz?
Burada bizim işimiz strateji planların və texniki tədbirlərin qurulması, yoxlanılması xüsusəndə sənayemizin baş ofisində əməliyyat hissələrə nəzarət və proseslərin gedişatını incələməklə məşğuluq.
- Kitablarınız dan "Nokia" yoxsa "Wolmart"?
-Hər iki kitab biznes və idarəetmədən bəhs edir və ayrı ayrılıqda özünə məxsus strukturu və məzmunu var. Nokia adlı kitabımda çökmüş və batan, Wolmart da isə yüksələn və sənayedə bir çox proseslərə təkan verən şirkətdən bəhs edilir. Hər ikisində də önəmli bəhslər var. Nokia¬-da bir şirkət olaraq iflasdan necə xilas ola biləcəyi haqqında tövsiyələr var ancaq Wolmart-da isə tövsiyə yoxdur, necə idarə etməyə aid istiqamətlər və gerçəkliklər var. Bizim sənaye üçün isə ən yararlı Wolmart hesab edirəm çünki bu daha effektivdir.
-Yekun olaraq Azərbaycan tələbələrinə gənclərinə nə deyə bilərsiniz?
-Tələbələrə tövsiyəm əsasən nəzəri bilikləri, verilən informasiyaları əzbəzləməsinlər, öz bilik və bacarıqlarını, öz potensiyalarını istifadə edərək mənimsəsinlər və tədbiqə yararlı hala gətirsinlər. Çünki məzun olduqdan sonra iş dünyası sizin əzbərlədiklərinizi əsas götürmür, təcrübə və prosesə necə yanaşmanıza önəm verir. Buna səbəb universitetin verdiyi nəzəri biliklərlə iş dünyasındakı proseslər heç bir halda üst üstə düşmür. Əzbərləməyə ayrılan bacarığı əsasən müəssisələr, şirkətlər araşdırmağa və həmin şirkətlərdə təcrübəyə ayırsalar gələcəyinə daha perspektivli kadr olaraq yetişə bilərlər. Bu gün Azərbaycana 24 ölkədən məzun gəlir, həmin məzunlar real iş dünyasından fərqli mühitdən fərqli təcrübədən gəlirlər. Onlara nəzər yetirsək, onlar oxuduqları müddətdə öz ixtisaslarına uyğun şirkət və ofislərə təhkim olunaraq peşələrini daha yaxşı mənimsəyiblər. Tələbələrə digər tövsiyə isə kitab oxusunlar, kitab vacib şərtdir və onun alternativi yoxdur. Kitabın insana verəcək çox şeyləri var. Belə düşünək bizim iki saatda oxuyub bitirəcəyimiz bir kitab yazarın ən azı beş ilidir və ya ömürlük həyat təcrübəsidir. Kitab seçərkən də peşə və ixtisasına uyğun mövzulara önəm verilməlidir. Üçüncü məsləhətim isə hər hansı sahədə çalışacaqlarsa mütləqdir ki həmin sahə üzrə peşəkarlarla əlaqədə olsunlar, dəstək alsınlar.
Gənclərə tövsiyə edərdim ki, öz potensiallarına bələd olsunlar, heç bir iş mühiti onları çərçivələməsin, qoyulan limitləri aşsınlar. Qəbul olduqları iş imkanlarını dəqiq incələsinlər və düşdükləri iş mühitini özlərinə birdəfəlik dayanacaq olaraq görməsinlər, onları daha da uğurlu edəcək risklərdən çəkinməsinlər.
Jurnalist : Günel Şəmilzadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin