Bakı şəhəri 39 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Hüseyn Cabir oğlu Əliyevin ədəbiyyata, tarixə xüsusi marağı var. Bu maraqdan irəli gələrək o boş zamanlarında kiçik nağıl və hekayələr yazır. Müasir Azərbaycanın qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsi kiçik yazıçıya ilham mənbəyi olmuşdur. Onun yazmış olduğu “Şuşanın sehirli əjdahası” nağılında baş verən real tarixi hadisələr mifik obrazların timsalında öz əksini tapmışdır. Nağılda ta əzəldən xalq yaradıcılığının bütün sahələrində öz əksini tapan Xeyir və Şərin mübarizəsi obrazlı şəkildə təsvir olunub. Nağılda Xeyir əjdahanın, Şər qüvvələr isə divlərin timsalında təqdim olunur. Biz bu obrazlara xalq yaradıcılığının tərkib hissəsi olan folklorumuzda, dekorativ tətbiqi sənət nümunələrində, bayram və ənənəvi xalq mərasimləri ilə yanaşı əcdadlarımızın inandığı qədim dinlərdə də rast gəlirik. Kitabi-Dədə Qorqudun 12 boyundan biri olan “Basatın Təpəgözü öldürməsi” boyunda el obanın igid oğlunun bədheybətlə mübarizəsində, Gədəbəydə tapılan e.ə. I minilliyə aid bürünc kəmər üzərində svastika – günəş işarəsi olan üç aslan və axirət simvolu olan ilanın müşayiət etdiyi təkbuynuzlu heyvanın qarşıdurmasında, Qarabağ xalçalarının üzərindəki əjdaha elementinin şər qüvvələrdən qoruyucu mənasında, Novruz bayramı ilə əlaqədar Qodu-qodu mərasimində qışa qalib gələn Qodunun Günəşi çağırmasında və nəhayət Zərdüştlük dininin insanları yaxşı əməllərə səsləməsində Xeyirin Şər üzərində qələbəsini görmək olar. Balaca dostumuzun nağılında da həmyaşıdlarına aşılamaq istədiyi ideya məhz budur. Nağılda haqqında bəhs edilən divlər və əjdahanın mübarizəsi fonunda qəhrəman Vətən övladlarının igidliyi, cəsurluğu, mənfur düşmən üzərindəki yenilməzliyi əks olunmuşdur. Vətən müharibəsinin xronologiyasına nəzər salsaq görərik ki, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə ordumuz əsl şücaət göstərmişdir. Lakin Şuşanın azadllığa qovuşması olduqca mühüm tarixi əhəmiyyət kəsb edir. Bildiyimiz ki, alınmaz şəhər qala hesab edilən Şuşanın azad edilməsinə igidlərimiz çox çətin bir şəraitdə döyüş tapşırıqlarını yerinə yetirərək, dırnaqları ilə qayalıqlara dırmaşaraq, gecə-gündüz aclıqla mübarizə apararaq nail olmuşlar. Məhz nağılın da əsas ideyası qeyri-mümkün görünənlərin reallaşması, gerçəkləşməsidir. Vətənə, torpağa sonsuz məhəbbətlə bağlı olan özü balaca lakin böyük ürəyə sahib yazıçımıza növbəti yaradıcılıq işlərində uğurlar arzulayıram. Övladlarımızın kiçik yaşlarından vətənpərvər ruhda tərbiyə edilməsi olduqca vacib məsələlərdəndir. Qeyd edim ki, Hüseyn balanın yazmış olduğu “Şuşanın sehirli əjdahası” nağılı əsasında daim uşaqların inkişafına xüsusi önəm verən və həssaslıqla yanaşan Azərbaycan Milli Xalça Muzeyi və tabeliyindəki Uşaq Muzeyi şöbəsi tərəfindən “Şuşa, zəfərin mübarək!” kölgə teatr tamaşası səhnələşdirilmişdir. Hazırlanan proqramın Zəfər bayramı günlərində də səhnələşdirilməsi nəzərdə tutulmuşdur. Sözügedən nağılı sizlərə təqdim edirəm. Xoş mütaliələr.
Baxşiyeva Aişə Zaur qızı
Şuşanın sehirli əjdahası
Bakı şəhəri 39 nömrəli tam orta məktəbin
4-cü sinif şagirdi Əliyev Hüseyn Cabir oğlu
Biri var idi, biri yox idi. Qədim zamanlardan cənnət gözəlliyində Qarabağ adlanan diyar var idi. Burada bülbüllər cəh-cəh vurur, ceyran, cüyürlər yaşıl meşələrdə gəzir, xına rəngli Qarabağ atları düzlərdə qaçırdılar. İnsanlar firavan, uşaqlar xoşbəxt yaşayırdılar. Bu diyarın torpağı, hər daşı, hər gül-çiçəyi sehirli qüvvəyə malik idi. Bu ecaskar diyarda xeyirxah əjdahalar insanlarla birgə yaşayırdılar. Şuşanın sehirli torpağında başqa bir möcüzə də var idi ki, bu da xalqa güc-qüvvət bəxş edən “Həyat ağacı” idi. Bu ağac öz meyvələri ilə Qarabağda yaşayan hər bir insana cavanlıq, yenilməzlik bəxş edirdi. Ona görə böyük gücə sahib, alınmaz qala olan Şuşa qalasını inşa etmişdilər. Sözsüz ki, sehirli diyarı işğal etmək istəyənlər çox idi. Lakin yenilməz Şuşa qalası və əjdahalar öz əhalisini və “Həyat ağacını” qoruya bilirdilər.
Bir gün Qarabağa hiyləgər divlər gəldilər. Onlar özlərini yazıq göstərərək Qarabağ əhalisinin mərhəmətindən, qonaqpərvərliyindən istifadə etdilər. Düşmənlər yaxşı bilirdilər ki, qalanı döyüş ilə ala bilməyəcəklər ona görə də hiylədən istifadə etməyi fikirləşirdilər. Mehriban, qonaqpərvər qarabağlılar bədxah divlərə onlarla birgə yaşamağa icazə verdilər. Öz torpaqlarında onlara ev tikdilər. Lakin igid insanlar bilmirdilər ki, öz yurdlarında qara qüvvələrə qulluq edən qorxulu düşmənə öz əlləri ilə ev tikirdilər.
Bir soyuq qış gecəsi divlər şəhərə hücum etdilər. Əjdahalar və igidlər yuxuda olanda divlər şəhərə od vururlar. Əjdahalar divlər ilə güləşsələr də, lakin onlara güc gələ bilmirdilər. Divlər “Həyat ağacı”nın bitdiyi şiş uclu qayalara dırmanıb Qarabağ əhalisinə həyat bəxş edən ağacı qoparmağa çalışırdılar. Onlar “Həyat ağacı”nı özlərinin əvvəl yaşadıqları yurdda əkmək istəyirdilər. Lakin ağacın kökləri çox möhkəm idi. Hətta divlər belə onu torpaqdan ayıra bilmirdilər. “Həyat ağacı”nın ona edilən təzyiqdən budaqları qırılır. Kökləri zədə aldığına görə ağac solmağa, qurumağa başlayır. Bir göz qırpımında “Həyat ağacı” quruyaraq öz sehrini itirir. Şuşanın əjdahaları öz qüvvələrinin azaldığını hiss edirlər. Bu yolla, divlər onlara qalib gələ bilirlər. Gücünü itirən əjdahaların tələf olacağını görən əlləri sehirli bir neçə Şuşa sakini “Həyat ağacı”nın olduğu zirvəyə dırmanıb onun kölgəsində bu faciəni 7 ədəd xalçanın ilmələrində həkk etdilər. Əjdahalar isə bu xalçaya sehirli şəkildə naxış kimi möhürlənərək uzun yuxuya getdilər. Lakin ölmədilər. Beləliklə, uzun illər Qarabağı xarabalığa çevirən divlər səfalı, sehirli diyarda at oynatdılar. Xarı bülbülün əsarətdə boynu büküldü. Şuşanın dağlarının başını uzun illər qara duman aldı.
Bu faciəvi günlərdən çox illər ötmüşdü. Sizə kimdən danışım, atası, anası, nənə və babası Şuşada anadan olan özü isə Bakıda boya-başa çatan Hüseynəli adlı bir uşaqdan. Bu uşaq zəkalı və qorxmaz idi. Nənəsindən tez-tez Qarabağın səfalı dağları, şəfalı otları, dupduru bulaqları və nəhayət, “Həyat ağacı” haqqında nağıllar eşitmişdir. Bir gün yenə nənə Hüseynəliyə Şuşa haqqında danışırdı. Uşaq fikrə getmişdir. Birdən nənəsinin nağılını yarıda kəsib dedi:
- Nənəcan, biz niyə yurdumuza qayıtmırıq?
- Eh, oğlum, orada indi divlər yaşayırlar. Divlər şəhərə yaxın gedəni qaynar qazana atırlar.
- Mən onlardan qorxmuram və Şuşamızı azad etmək istəyirəm.
- Şuşaya ancaq “Həyat ağacı” cücərərsə geri dönə bilərik.
- Nə qədər ki, qəlbində pislik olan divlər o torpaqda gəzir, “Həyat ağacı" cücərməz. Çünki onların etdikləri pisliklər torpağı öldürür.
- Bəs, ağacı necə yenidən cücərtmək olar?
- Əslində bunun yolu var, amma çox təhlükəlidir.
- Mən qorxaq deyiləm nənəcan.
- Bilirəm, mənim ağıllı balam, ardımca gəl.
Nənə onu öz otağına apardı. Şuşada yaşayarkən toxuduğu məfrəşin yanında çömbəldi. Hüseynəli də tez yerə oturdu. Nənə məfrəşdən bir xalı çıxardı.
- Al, bala, bunu yerə sal.
Hüseynəli cəld xalçanı yerdə açdı.
- Bax, oğlum, bu xalça “Həyat ağacı” nın kölgəsində toxunub. Bu xalçanı evimizə baban alıb gətirib. Elə həmin gündən evimizdən azar-bezar uzaqlaşıb. Mən eşitmişdim ki, faciəli günlərdə toxunan 7 xalçanı eyni anda 7 ürəyi təmiz insan həmin ağacın altında yerə salarsa qurumuş ağac yeni həyat qazana bilər. Xalçanın üzərindəki qoruyucu əjdahalar isə canlanaraq bütün pislikləri qovar.
- Bəs, nənəcan, niyə indiyə kimi heç kəs bunu etmir ki, Şuşa azad olsun?
- Hüseynəlim, mənim ağıllı balam, axı, bu çox təhlükəlidir. Əgər 7 insandan biri ən kiçik pis iş görmüş olsa belə bədbəxtlik baş verə bilər. Ağac öz saf, təmiz qüvvəsini itirmiş olar və qorxunc qüvvəyə çevrilə bilər. Bu zaman bütün dünya qara qüvvələrin əlinə keçə bilər. Həm də bu gün Şuşa divlərin tapdağı altındadır. Ora getmək, o dağlara dırmaşmaq asan məsələ deyil.
Həmin gün bütün gecəni Hüseynəli yuxuya gedə bilmədi. Gecə yarısı nənəsinin otağına gedib məfrəşdən xalçanı çıxarıb yerə saldı. Şuşanın dağlarını, düzlərini xəyalında təsəvvür edib və sonra divlərin törətdikləri faciələri düşünüb ürəkdən ağladı. Vətən sevgisindən tökülən göz yaşları xalça üzərinə töküldükcə xalça öz sehirli qüvvəsinə qovuşur və əjdaha canlanır. Əjdaha dil açıb danışmağa başlayır.
- Ey təmizürəkli uşaq, məndən qorxma. Mən uzun illər sizin ailənizi qorumuşam. Sənin həqiqi və içdən gələn göz yaşların məni diriltdi. Mənim köməyimə ehtiyacın olduğun üçün müvəqqəti fanilər dünyasına gəldim.
- Yox, yox, mən qorxmuram. Nənəm səndən çox danışıb. Mənim yeganə arzum Şuşamıza geri dönə bilməkdir. Sən digər xalçaların harada olduğunu bilirsənmi?
- Bəli, bilirəm. “Həyat ağacı” altında bir çox xalçalar toxunmuşdur. Onların harada olduqlarını da bilirəm. Ancaq sən hələ balacasan, qorxmursanmı?
- Xeyr, qorxmuram. Elə indi yola düşək. Şuşa bizi həsrətlə gözləyir.
- Yol uzundur, özün üçün tədarük gör, yeməyə, içməyə bir şeylər götür.
Hüseynəli astaca otaqdan çıxdı, özünə yol üçün bir heybəyə azuqə yığdı. Həyətə çıxıb hazır olduğunu əjdahaya bildirdi. Əjdaha onu görcək
- Min belimə - dedi.
Hüseynəli əjdahadan bərk yapışdı. Onlar ulduzlara qədər yüksəldilər. 40 gün 40 gecə Azərbaycanı el-el, oba-oba gəzdilər. Nəhayət, 7 Qarabağ xalçasını tapdılar. Hüseynəli xalçaları sahiblərindən necə alacağı barəsində çox düşündü. Axı, onlara həqiqəti deyə bilməzdi. Deyəcəyi təqdirdə sehir itə bilərdi. Əjdaha onun çox düşüncəli və qayğılı olduğunu görüb, dilləndi:
- Narahat olma, mən sənə xalçaları almaqda kömək edəcəm. Mən axı sehirliyəm və üzərimdəki dərim də sehirlidir. Xalçaları almaq üçün sənə qızıl pullar verəcəyəm. Lakin sən gərək bu pulların qarşılığında bir yaxşılıq edəsən. Yoxsa ömür boyu tökülən pulların yerində dərim yenilənməyəcək.
Hüseynəli əjdahanı öz doğması, dostu kimi çox istəyirdi. Ona görə düşünmədən cavab verdi.
- Mən razı olmaram ki, sənə nədəsə zərər gəlsin. Nə xeyirxahlıq lazımdırsa edəcəm.
- Bax, o qocanı görürsən?
- Bəli, görürəm.
- Onun qocalıqdan artıq beli bükülüb, taqəti qalmayıb. Su səhəngini aparması üçün ona kömək lazımdır.
Hüseynəli düşünmədən tez qocanın yanına getdi.
- Nənəcan, verin səhəngi mən aparım.
- Yox, bala, ağırdır, gücün çatmaz.
- Mənim gücüm çoxdur nənə.
Hüseynəli su səhəngəni nənənin evinə apardı. Artıq hava yavaş-yavaş qaralmağa başlamışdı. Əjadaha dedi:
- Sən çox xeyirxah uşaqsan. Bu gün yaman yoruldun. Yat, səhər ertədən xalçaların dalıyca gedərik.
- Yox, zaman itirmədən elə indi yolumuza davam edək.
Əjdaha razılaşdı və onlar yenidən səmaya qalxdılar. Beləliklə bütün xalçaları əjdahanın qızılları ilə aldılar.
- Hə, Hüseynəli, indi qaldı təmiz qəlbli uşaqları tapmaq. Bax, gərək diqqətlə seçim edəsən. Biz indi doğma Vətənin bütün bölgələrinin üzərindən uçacağıq. Diqqətli ol.
Onlar Ağdərənin Umudlu kəndinə çatanda yuvasından yerə düşən quş balalarını yerinə qoyan Elvin adlı bir uşağı görürlər. Hüseynəli dedi:
- Bax, bu biz axtardığımız uşaqdır.
Onlar uşağa yaxınlaşdılar və Hüseynəli hər şeyi olduğu kimi ona izah etdi. Elvin böyük sevinclə razılaşdı. “Vətənə – Şuşaya canım qurban” – dedi. Bu minvalla anasına kömək edən Hikməti, taxıl tarlasında işləyən Seymuru, həm dərslərini yaxşı oxuyan, həm də körpə bacısını beşiyində sallayan İsanı, atasının doğradığı odunları daşıyan Vüsalı, ağlayan uşağı güldürməyə çalışan Cəfəri də tapdılar. Bu qorxmaz uşaqlar Vətəni qorxunc divlərdən xilas etmək istəyən igidlər idi. Uşaqların hər biri Qarabağ xalçasının üzərində əyləşdi. Hüseynəli əjdahaya dedi:
- İndi biz qorxunc divlərdən necə yol tapıb “Həyat ağacı”nın yanına gedib onun köməyinə çatacağıq?
- Əgər qəlbinizdə həqiqi Vətən sevgisi varsa, əyləşdiyiniz xalçalar sehirli olacaq və sizi Şuşaya aparacaq. Unutmayın ki, divlərin əlləri səmaya çatmır. İndi yola çıxsaq, gecə artıq Şuşada olacağıq.
Hamı razılaşdı. Elvin “Açma-yumma”, Hikmət “Buynuz”, Seymur “Balıq”, İsa “Ləmbəran”, Cəfər “Çələbi”, Vüsal “Xantirmə, Hüseynəli isə əjdahalı xalça üzərində əyləşdilər. Gecə-gündüz yol getdikdən sonra noyabr ayının 7-si gecə yarı Şuşaya çatdılar. Şəhərə daxil olan kimi sıldırım Şuşa qayalıqlarına uçdular. “Həyat ağacı” cansız idi. Uşaqlar xalçalardan yerə endilər. Xalçaları eyni anda ağacın altına sərdilər. Əjdaha isə iki dəfə ağacın başına dövr etdi. Uşaqlar İsa bulağının suyu ilə ağacı suladılar. Ağac işıq saçıb cücərərək yaşıl yarpaqlar ilə örtüldü. Noyabr ayının 8-i sübh tezdən “Həyat ağacı”nın yenidən canlanması ilə bir möcüzə baş verdi. Ağac gözləri qamaşdıran işıqları ilə ətrafı işıqlandırdı. Bu işıq pis divləri kor etdi. Bədnam düşmən olan divlər şəhəri həmişəlik tərk etdilər. Əjdahalar nəhayət uzun yuxudan oyanaraq cana gəldilər. Bütün el-oba yenidən Vətənə – Şuşaya geri döndü. Torpaq yenidən canlandı. Dağlar, daşlar, güllər yenidən sehirli oldu. Şəhəri bərpa edib, tikməyə başladılar.
Uşaqlar, mənə Vətəni azad etməkdə kömək edənlər bilirsiz kimlərdir?
Onlar 2020-ci ildə 44 günlük Vətən müharibəsi ərəfəsində qədim yurdumuz Şuşanın azad edilməsi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizdir.
• Elvin Abbasov – Ağdərə, Umudlu kəndi
• Hikmət Abbaslı – Beyləqan
• İsa Abbasov – Gəncə
• Seymur Abbasov – Göygöl
• Cəfər Cəfərli – Yardımlı
• Vüsal Allahyarov – Sumqayıt
Gəlin, 1 dəqiqəlik sükut ilə onların ruhunu anaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin