“Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək bir ad müəllimlikdir”.
Heydər Əliyev
Bu həqiqəti hamımız yaxşı bilirik ki, “müəllim” şəxsiyyətini və sözünü heç nə ilə əvəz etmək mümkün deyil. Müəllimlərin varlığı gələcəyin sağlam təməli deməkdir. Biz hamımız razılaşmalıyıq ki, müəllimlik hər baxımdan nəcib bir peşədir, hər kəs müəllim olmağı və bu peşəni layiqincə təmsil etməyi bacarmır. Yalnız vətəninə, xalqına, vətəndaşına qəlbən bağlanan və daimi inkişaf naminə fədakarlıq göstərən insanlar, müəllimliyin ən ali mərtəbəsindədir.
Mövcud bəşər tarixindən bu yana cəmiyyətin təməlli və hərtərəfli inkişafında özünü və həyatını elmə, savada, yeniliklərə xərcləyən müəllimlərin rolu danılmazdı. Sokratın dediyi kimi “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla bir dəyər ölçülə bilməz “.
Uğur və firavanlığın açarı təhsildir. Həm şəxsi həyatımızda, həm də gələcək karyeramızda təhsil önəmlidir. Fədakar müəllimlər olmadan firavanlıq və uğur, mütəşəkkil təhsil yalnız arzulanan ideallar ola bilər. Bir çox insanın nailiyyət əldə etməsində müəllimlərin böyük rolu var. Əslində, effektiv və fədakar müəllimlər öyrənənlərin həyatına gözlənilməz təsirlər göstərə bilirlər. Müəllimlər şagirdlərə, tələbələrə təlim tədris prosesində sadəcə bilik, bacarıqlar ətrafında istiqamət verməklə məhdudlaşmır, onlar bizdən yeni biz yaradandı, gizli qalan bütün fitri istedad və bacarıqlarımızı, xarakterimizdəki mənfi və müsbətlərimizi ayna kimi bizə yansıdan, aşkara çıxara bilən, əsl həyatda da bizə mayak rolunu oynayaraq, düzgün, uğurlu yol almağımızda ən yaxından iştirak edən bələdçidir, dostdur.
Eyni zamanda Müəllimlərimiz bizim xarakterimizə, mənəviyyatımıza dəyər və yüksəliş qataraq bizi ideal şəxsiyyətə çevirməyi bacaran və bu yöndə davamlı məsləhətlər və üsullar tətbiq edərək layiqli ölkə vətəndaşı olmağımıza nail olanlardı. Onlar cəmiyyətimizin və dövlətimizin inkişafı naminə daima yenilikçi və tədqiqatçı ruhlu fədailərdi.
Bütün təhsil fədailərini, fədakar müəllimlərimizi təbrik edir və onlara uğurlar arzulayıram!
ADPU, ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertantı, pedaqoq Günel Şəmilzadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin