13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycana qarşı qərəzli mövqedə duran dairələrə adekvat cavab və Ermənistan tərəfindən 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın tələblərinin pozulması kontekstindən çox önəm kəsb etdi.
Bildiyimiz kimi iki il əvvəl müzəffər Azərbaycan ordusu 44 gün ərzində 30 illik erməni işğalına son qoydu və tarixi ədaləti bərpa etdi. Müharibə bitdikdən dərhal sonra Azərbaycan talanmış, yerlə-yeksan olunmuş bir sözlə bəşər tarixində görülməmiş vəhşilik nəticəsində viran olmuş şəhərlərimizi, qəsəbələrimizi və kəndlərimizi heç kəsin dəstəyi olmadan öz imkanları hesabına bərpa edir. Artıq “Böyük Qayıdış” adlanan proqram başlayıb və məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına mərhələli şəkildə qayıdırlar. Bu qayıdışın qarşısında duran ən böyük maneələrdən biri əlbətdə ki, erməni vandalları tərəfindən 30 il ərzində basdırılmış və sayları ilkin hesablamalara görə milyonu keçən minalardı. Hələ də erməni tərəfi Azərbaycanın dəfələrlə təkidinə baxmayaraq, minaların doğru-dürüst xəritələriniverməyib. Başqa sözlə təqdim etdiyi xəritələrin doğruluq payı maksimum 25-30% civarındadır. Görünür erməni tərəfi yenə də bütün beynəlxalq konvensiyaların şərtlərini heçə sayır. Ermənistanın insanlıq əleyhinə olan cinayətkar davranışı təkcə minalarla bağlı deyil.
Keçdiyimiz günlərdə Xocavənd rayonunun Edili kəndi və Fizuli şəhəri ətrafında iki kütləvi məzarlıq aşkar edildi. Tədqiqatçıların rəyinə və şahidlərin ifadələrinə əsasən demək olar ki, bu tipli kütləvi məzarlıqlar işğaldan azad edilmiş bir çox şəhərlərimizdə mövcuddur.Mina təhlükəsi baxımından həmin ərazilərə yaxınlaşmaq mümkün deyil. Ermənistan Azərbaycanın haqlı tələbinə rəğmən I Qarabağ müharibəsində əsir və itkin düşmüş minlərlə vətəndaşımızın aqibəti haqqında heç bir məlumatı təqdim etmir. Onların sonrakı müəmmalı taleyihələ də qaranlıqdır.
Bütün bu yaşananlara baxmayaraq, Azərbaycan tərəfi yenə də hümanizm göstərərək, iki ölkə arasında münasibətlərin normallaşması və hər iki ölkənin beynəlxalq hüquq tərəfindən qəbul olunmuş sərhədlərinin qarşılıqlı tanınması üçün Ermənistanla ədalətli sülh müqaviləsinin bağlanmasını istəyir.
Ermənistan Azərbaycan torpaqlarından qanunsuz silahlı dəstələrini çıxarmalı və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinə maneəsiz girişi təmin etməlidir. Ümid edirik ki, qarşı tərəf Azərbaycanın buistəyini düzgün anlayar və öz işğalçı niyyətindən əl çəkər. Çünki bu Ermənistanın imzaladığı üçtərəfli bəyanatdan irəli gələn öhdəliyidir. Əks halda 44 günlük Vətən müharibəsində bütün xalqın sinvoluna çevrilmiş “Dəmir yumruq” öz sözünü yenə deyəcək.
Cənab Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən digər məqam isə erməni sevgisini hər fürsətdə dilə gətirən Fransa prezidentinin Praqa görüşündən bir həftə sonra dövlət televiziyasında Azərbaycanı “dəhşətli müharibə” törətməkdə ittiham etməsinə ölkə rəhbəri tərəfindən tutarlı faktlarla verilən cavab oldu. Xalq olaraq bu məsuliyyətsiz, yalan və manipulyasiya xarakterli açıqlamaları qəbuledilməz hesab edir və qətiyyətlə rədd edirik. Görünür Fransa tərəfi Praqa görüşündəAzərbaycanın xoş niyyət göstərərək, dördtərəfli dilaoqda Fransanın da iştirakına etiraz etməməsini qarşı tərəfdoğru qiymətləndirməyib. Hazırki Fransa hakimiyyəti hər fürsətdə Ermənistanın işğalçılıq siyasətinə bərait qazandırmaqla məşğuldur. Əlbəttə bu yanaşma bizim tərəfimizdən qəti şəkildə qəbul edilmir və Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında rolunun olmamasını şərtləndirir. Onsuz Fransanın Ermənistanı dəstəkləməsi yeni deyil və bu uzun illərdir belə davam edib. Çox yaxşı olardı ki, Fransa höküməti verdiyi sözə əməl edərək, Parisdəki səfirliyimizə iki dəfə olan hücumun kim tərəfindən edildiyini aşkara çıxarsın. Açıq şəkildə diplomatik konvensiyanın pozulmasına göz yummaq Fransanın elə özünün təməl prinsiplərinə ziddir.
Əslində biz ölkəmizə qarşı qərəzli mövqeyi bir sıra dairələr tərəfindən dəfərlə görmüşük. İşğalçı Ermənistan tərəfini kimin dəstəkləməsindən asılı olmayaraq, hər kəs anlamalıdır ki, Azərbaycan güclü, müstəqil və öz qərarlarını özü müəyyən edən dövlətdir. Bizə heç bir kənar dairə təsir edə bilməz. Biz bunu 44 günlük Qarabağ savaşında da gördük. Hər tərəfdən haqlı mübarizəmizin qarşısını almağa çalışsalar da Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək, öz əzəli torpaqlarını azad etdi. Xalq-iqtidar birliyinin qarşısında aciz qalan düşmənlər geri çəkildirlər və məğlub oldular.
Sonda ölkə rəhbərimiz Qarabağ ermənilərinin taleyi barədəki məsələyə son nöqtəyi qoydu: “Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir. Biz öz daxili məsələmizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq”.
Bütün bu qeyd edilən məqamlarla birlikdə Astana görüşü beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeyinin nə dərəcədə doğru və haqlı olduğunu bir daha üzə çıxarır.
Eldəniz Zeynalov,
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin