Ümumi tarixə, etnik soy kökünə, dil qrupuna, din və mədəniyyətə malik olan Azərbaycan və özbək xalqları arasındakı qardaşlığın tarixi uzaq əsrlərə söykənir. Hər iki xalqı birləşdirən bu dəyərlər bizim öz soy kökümüzə necə bağlı olduğumuzu göstərir. Tarix boyu bir-birinin ədəbiyyatına, mədəniyyətinə maraq göstərən Azərbaycan və özbək xalqları dünya ədəbi irsinə dahi mütəfəkkirlər yetişdirməklə böyük töhfələr vermişlər.
Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər dahilərinin əsərləri tərcümə edilərək özbək ədəbi-mədəni mühitində hər zaman təbliğ olunmuşdur. Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsinin ucaldılması ortaq mədəni mirasa malik hər iki xalqın bir-birinə verdiyi dəyərin bariz nümunəsidir. Sevindirici haldır ki, hal-hazırda eyni ortaq dəyərlərə sahib olan Azərbaycan və Özbəkistan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.
Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən digər məqam isə Sovet hakimiyyəti illərində onların hər ikisinə qarşı olan ayrı-seçkiliyi, Özbəkistandakı Fərqanə hadisələrini, Azərbaycandakı 20 Yanvar müsibətlərini xüsusi qeyd etmək istəyirəm. Bu qırğınların kökü bədnam qonşuların əli ilə törədilmiş əsrin əvvəllərinə gedib çıxır. 1918-ci ildə Daşnaksutun partiyasının hərbi qanadı tərəfindən Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı Özbəkistanın da Kokand vilayətində özbək xalqına qarşı da qırğınlar törədilərək minlərlə dinc insanlar qətlə yetirilmişdir. Özbəkistan və Azərbaycan bir çox sahələrdə eyni mövqedən çıxış etdiyi kimi, Ermənistan və erməni vəhşiliyinə qarşıda ortaq mövqedədirlər. Qeyd edim ki, Özbəkistan Ermənistanın müstəqilliyini tanısa da hələ də Ermənistanda öz səfirliyini açmayıb.
Bildimək istəyirəm ki, SSR dövründə türk xalqları arasındakı münasibətlərə qarşı yönəlmiş siyasi təqiblərə və süni maneələrə baxmayaraq xalqlarımız öz bağlılığını qoruyub saxlaya bilmişlər. Sovet hakimiyyəti dağıldıqdan sonra öz müstəqilliklərinə qovuşan hər iki xalq dostluq və qardaşlıq münasibətlərini daha da dərinləşdirdilər.
Müstəqilliyimizin ilk illərində xalqlarımız arasındakı münasibət Azərbaycandakı siyasi hakimiyyətin yetərincə buna diqqət yetirməməsi səbəbindən kifayət qədər qənaətbəxş deyildi. Daha sonra xalqın siyasi iradəsi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər iki qardaş xalq arasındakı əlaqələri inkişaf etdirmişdir. Xatırlatmaq istəyirəm ki, Özbəkistan və Azərbaycan arasındakı diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə qurulmuşdur. Müstəqillikdən sonra xalqlarımız arasında münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyev və sabiq Prezident İslam Kərimovun misilsiz xidmətləri olmuşdur. Məhz iki liderin səyləri nəticəsində 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlamışdır.
Bu əlaqələr müxtəlif dövrlərdə hər iki ölkənin rəhbərləri tərəfindən dəfələrlə qaşılıqlı səfərlər çərçivəsində davam etmişdir. 26-27 may 1996-cı il tarixdə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Bu səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət sənəd imzalanmışdır. 21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar.
Özbəkistan xalqı ulu öndər Heydər Əliyevin xidmətlərini daima yüksək qiymətləndirib, onun əziz xatirəsini hər zaman ehtiramla yad ediblər. Belə ki, 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın o zamankı Baş naziri – hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin iştirakı ilə ulu öndərin adını daşıyan küçədə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb.
Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının hazırki prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir.
Orta Asiya dövlətləri hər zaman Azərbaycanı dəstəkləmişdir. 44 günlük Vətən müharibəsi kimi tarixə düşmüş möhtəşəm Qarabağ müharibəsinin həllində Özbəkistan dövləti Azərbaycanı qətiyyətlə dəstəkləmiş, hər zaman haqq səsimizin beynəlxalq tribunalardan dünyaya çatdırılmasında yanımızda olmuşdur.
Yüksələn xətlə inkişaf edən Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir. Bu əlaqələr TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfəri də bunun bir daha sübutudur. Xatırladım ki, ölkə rəhbərinin Özbəkistana sonuncu səfəri 2010-cu il sentyabr ayının 27-28-i olmuşdur. Əlbətdə ki, sonuncu səfər əvvəlkindən fərqlənir. Artıq cənab Prezident Özbəkistana qalib olmuş, öz ərazi bütövlüyünü bərpa etmiş müzəffər xalqın rəhbəri kimi gedir. Səfər çərçivəsində bir çox sənədlər imzalandı. Strateji əməkdaşlığın dərinləşməsi barədə qalobal xarakterə malik Bəyannamə ikitərəfli münasibətlərin genişlənməsində xüsusi rol oynayacaq.
Məlumat üçün bildirmək istəyirəm ki, Özbəkistan artıq Qarabağda bərpa-quruculuq işlərində də yaxından iştirak edəcəkdir.
Eldəniz Zeynalov,
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin