Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Bu uca zirvəyə yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf edib:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Doğma Vətən, millət uğrunda döyüşərkən həlak olanlara şəhid, sağ qalanlara isə qazi deyilir. “Şəhid” ərəb mənşəli kəlmə olub xəbər verən, bildiyini söyləyən, hazır olan və hadisəyə şahidlik edən anlamını ifadə edir. Şəhidlik, həmçinin günahların bağışlanmasına vəsilə olan fəzilətli əməldir. Bununla bağlı Həzrət Məhəmməd (s) belə buyurub: “Şəhidin qul borcundan başqa, bütün günahlarını Allah bağışlayır”.
Haqqında sizə söz açacağımız qəhrəman Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsi şəhidi Tariyel Allahverdi oğlu Salmanovdur. Şəhidimiz 7 fevral 1988-ci ildə Ağcabədidə dünyaya gəlib. 2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Ailəli idi, bir qızı yadigar qalıb. O, birinci dəfə Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra könüllü yazılıb.
Şəhidin Atası Allahverdi müəllim deyir ki, 27 sentyabr müharibə başlayan günü o, Bakıda idi. Orada müharibənin başladığını eşidən kimi, gecə saatlarında həyat yoldaşı Ayna ilə evə gəldi. Soruşdum, bala niyə belə tələsik gəlmisən? Dedi, ata Vətən çağırır, mən hələ müharibə başlamamışdan öncə cəbhəyə yazılmışam, gün bu gündür, mən getməliyəm. Cəbhəyə gedirdi, hiss edirdi ki, ona görə çox narahatam. 15 yaşında anasını itirmiş övladıma həm ata, həm ana olmuşam, o mənim son beşiyim, əziz övladım idi...
Gözləri dolan şəhid atası deyir ki, yadımdadır müharibədən 15-20 gün qabaq təlim formasını yudurtmuşdu. Sentyabrın 29-u səhər işə getmişdi. Yolda ona zəng ediblər ki, tez çağırış məntəqəsinə gəlin. Orada həm də həkim kimi fəaliyyət göstərirdi, tibb xidməti leytenantı idi. Ön cəbhəyə yola düşəndə yaralılara öz cibindən dərmanlar alıbmış.
Tariyel ali təhsilini bitirdikdən sonra Ordumuzun Təlim və Tədris Mərkəzində hərbi xidmət keçib. Daha sonra Ağcabədi Mərkəzi Xəstəxanasında çalışıb. Tariyel həm də Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə həkim kimi bir çox kurslarda iştirak edib. Maraqlıdır ki, Tariyel şəhid Turqut Xəlilbəyli ilə birgə hərbi xidmətdə olublar. Tale elə gətirib ki, onlar elə eyni gündə də şəhid olublar.
Şəhidin atası Allahverdi müəllim deyir ki, Tariyel 1988-ci ilin fevralında anadan olanda, həmin vaxtda ermənilər Xankəndidə “Miyatsun” deyə qışqırıb, bayram edirdilər. Bəlkə də bu bir mistikadır, zaman gəldi həmin ildə doğulan balalar ermənilərdən qisas aldı. O, uşaqlıqdan həkim olmaq istəyirdi. Həyat yoldaşına deyirdi ki, qızım Ləmanı 8-9-cu sinifdə oxuyanda yanıma assistent aparacağam.
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Tariyel Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Tariyel Salmanov oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Salmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Salmanov ölümündən sonra "İgidliyə görə" medalı ilə də təltif edilib.
Hazırda şəhidin bir zamanlar yaşadığı küçəyə adı verilib, adına abidə bulaq var. Kənd camaatının arzusudur ki, Tariyelin adı hansısa rayon xəstəxanasına verilsin.
Oğlundan danışdıqca həm köksü qabaran, həm də kövrəlib ağlayan atası onu tez-tez yuxuda "Bura Vətəndir!" oxuyan gördüyünü deyir. Deyir ki, hər səhər mənimlə xudahafizləşirdi, yola düşəndə gəlirdi mənimlə görüşürdü. Maşına əyləşib yola düşəndə də ata özündən muğayat ol deyirdi. Hər dəfə kiçik də olsa, mənə nə isə alırdı. Qızı Ləmana verərdi ki, hədiyyəni o versin mənə.. Hər gün Tariyelin gələcəyini düşünürəm...
Müxtəlif idman növləri ilə məşğul olan şəhidimiz fiziki sağlamlığını həmişə üstün tutardı. Hazırda qardaşı Tural da Laçın polisində xidmət edərək Vətənin keşiyində dayanır.
Atası bildirib ki, Tariyel Salmanov oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Həmin gecə yata bilmirdim. Deyirdim mən burda isti yerimdə oturmuşam, görən, Tariyel bu yağışda, soyuq havada necədir? Narahat qaldım, özünə də zəng çatmırdı. Yanındakı yoldaşına yığdım. O, dedi ki, Tariyel yaralıdır, biz olan yeri vurdular, biz çıxdıq amma o qaldı. Dedilər ölümündən əvvəl özü üçün saxlamalı olduğu iynəni də yaralı yoldaşına vurub, özü yaralananda üstündə həmin iynə tapılmayıb. Bütün əsgərləri öz canından çox sevirdi.
Oktyabrın 8-i axşam saat 17:00-18:00 aralığında Tariyelin nəşini döyüş yoldaşları şəhid olduğu yerdən götürüblər.
Ruhun şad olsun, əziz qardaş. Sən son damla qanına qədər özünü Vətən üçün fəda etdin. Biz sənin kimi bütün şəhidlərimizlə fəxr edirik. Məsələ Vətəndirsə, biz birik, biz bütövük və böyük xalqıq!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin