Azərbaycana investisiya qoyuluşu ilə bağlı perspektivlər xeyli yaxşılaşıb və bunun iqtisadiyyata real artım töhfəsinin 2022-ci ildəki təxminən 0,9 faiz bəndindən (2011-21-ci illərdə orta hesabla 0,8 faiz bəndi) 2023-cü ildə 1,3 faiz bəndə yüksələcəyi proqnozlaşdırılır
ANmedia.az xəbər verir ki, bu barədə “Fitch Solutions” reytinq agentliyinin hesabatında deyilir.
Bildirilir ki, kapital qoyuluşunun artımı qeyri-neft-qaz sektorunda 2021-ci ildəki 7,2 %-lik artıma və 2022-ci ilin 11 ayındakı 9,1 %-ə qədər sürətlənən güclü bərpaya uyğundur.
"Bu dövrdə Azərbaycanın qeyri-neft-qaz sektoru Rusiyanın Ukraynanı işğalından sonra ABŞ və Avropa İttifaqının sanksiyaları səbəbi ilə Rusiyanın ticarətini Şərqə yönəltməsindən faydalanır.
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ildəki 8 %-lik artımla müqayisədə 2022-ci ilin noyabrına illik 23 % artıb. Bu tempin 2023-cü ildə də güclü qalacağını və bu səbəblə də qeyri-neft-qaz sektoruna kapital qoyuluşunun artmaqda davam edəcəyini gözləyirik", - hesabatda deyilir.
“Fitch Solutions” hesab edir ki, Azərbaycanla enerji ticarətini artırmaq istəyən Avropa İttifaqı və digər ölkələrdən Rusiyaya alternativ investor çıxacaq.
Ötən ilin iyulunda Bakı və Aİ arasında, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya istehlakını ildə təqribən 11 milyard kubmetrdən (2022-ci ildə) 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalanıb.
Bunun ardınca 2022-ci ilin dekabrında Qara dəniz bloku ölkələrini Azərbaycanın istehsal etdiyi elektrik enerjisi ilə təmin edən sualtı kabel xəttinin tikintisinə 2023-cü ildə başlanacağı ilə bağlı daha bir mühüm elan verildi. Layihənin 2029-cu ilə qədər fəaliyyətə başlaması nəzərdə tutulur.
"Azərbaycan Aİ-nı daha çox enerji ilə təmin etmək üçün, bir çox infrastrukturunun tam gücü ilə işlədiyini nəzərə alsaq, ölkənin maliyyəyə ehtiyacı olacağı barədə xəbərdarlıq edib.
Hər iki tərəf Azərbaycanın tədarükünü 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2022-ci ildə 12 milyard kubmetrə çatdıracağı barədə razılığa gəldiyi halda, Bakı dekabrda bildirdi ki, 2022-ci ildə 11,3 milyard kubmetr təmin edib və 2023-cü ildə bunu 11,6 milyard kubmetrə çatdıracaq.
Bu, Azərbaycanın artıq tələb olunan artımları qarşılamaq üçün mübarizə apardığını göstərir.
Azərbaycan tələb olunan artımları qarşılamaq üçün mübarizə apararkən, çox hissəsi Rusiyadan olmaqla idxal qaz tədarükünü də artırıb", - hesabatda deyilir.
.
.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin