Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunan tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.
Anmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Nümayəndə heyətlərinin rəhbərləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Daha sonra Baş Prokurorluqda Rusiyanın rəsmi şəxslərinin iştirakı ilə təntənəli yubiley tədbiri keçirilib. Səfər çərçivəsində Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov, türkiyəli həmkarı Bekir Şahin, Pakistanın Baş prokuroru Rəhman Aamir, tacikistanlı həmkarı Yusuf Raxmon, Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğızıstanın Baş prokuroru Kurmankul Zuluşev, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çeol Kyu Hvan, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratının rəhbəri Xristos Cakumopulos və digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirərək mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Tədbir çərçivəsində, həmçinin, Türkdilli dövlətlərin Baş prokurorları arasında görüş keçirilmiş, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Tədbirlərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.
Moskvaya işguzar səfəri çərçivəsində Kamran Əliyev, həmçinin İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib. Qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bugün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilmişdir. Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılmışdır.