ANmedia.az-nın xəbərinə görə, o, "Mədəni və tarixi irsin post-konflikt dövründə bərpası" sessiyasında çıxışı zamanı deyib ki, beynəlxalq ictimaiyyət mədəni irsin qorunması ilə bağlı müvafiq sənədlər, konvensiyalar qəbul edib.
Nazir 1954-cü ildə qəbul edilən silahlı münaqişələrdə mədəni sərvətlərin müdafiəsi haqqında Haaqa Konvensiyası barədə danışaraq deyib ki, bu Konvensiya münaqişə ölkələri üçün vacibdir.
Nazir deyib ki, müxtəlif ölkələrdə münaqişələr zamanı ən çox hədəf alınan ölkələrin mədəni irsi olur, bu, Azərbaycanın Qarabağ regionuna da aiddir: “Bu ərazidə 30 ildə Azərbaycan mədəniyyətinə, mədəni irsinə aid abidlər dağıdılıb, onların mənşəyi dəyişdirilib və ya qeyri qanuni arxeoloji qazıntılar aparılıb ki, bu da beynəlxalq konvensiyalara ziddir. Bu ərazilər işğaldan azad olunduqdan sonra burada dağıntılar, vandalizm aktları aşkar olunub”.
Anar Kərimov qeyd edib ki, işğal müddətində də həmin ərazilərdə Ermənistan tərəfinin necə dağıntılar törətməsi barədə Azərbaycanın əlində peyk görüntüləri vasitəsilə əldə olunmuş faktlar var.
Nazir vurğulayıb ki, azad olunmuş ərazilərdə 2600-ə yaxın daşınmaz mədəniyyət abidəsi var ki, onların 706-sı dövlət qeydiyyatına alınıb və onların 403-ə baxış keçirilib. Bu abidələrin 11-i dünya əhəmiyyətli, 238-i ölkə əhəmiyyətli və 454-ü isə yerli əhəmiyyətli abidələrdir.
Mədəniyyət naziri azad olunan ərazilərdə 864 mədəniyyət müəssisində monitorinq keçirildiyini vurğulayıb: “Bura musiqi məktəbləri, muzey, kitabxana, klub, teatr, kinoteatr qalereyalar və sair daxildir. Həmçinin, monitorinqlər zamanı 162 yeni abidə aşkar olunub, onların qiymətləndirilməsi aparılır. Monitorinqi aparılmış abidələr təsnifatlaşdırılıb, pasportlaşdırılıb və mühafizəsini təminatı üçün lövhələr yerləşdirilib ki, bunlar da abidələri qorumaq üçün ilkin addımlardır”.
Anar Kərimov mühafizə tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən “Şəhərsalma və İnfrastruktur fəaliyyəti zamanı daşınmaz mədəni irs nümunələrinin qorunmasın dair” Tövsiyə sənədi hazırlandığını qeyd edib: “Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəniyyət obyektlərinin koordinatları müvafiq təsnifata uyğun olaraq Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib. İşğaldan azad edilmiş ərazilərimizdə mədəni irsin qorunması sahəsində genişmiqyaslı və çoxşaxəli işlər Şəhərsalma üzrə İşçı Qrup vasitəsilə səmərəli şəkildə əlaqələndirilir”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin