ANmedia.az Ombudsman Aparatından APA-ya verilən xəbərə istinadən bildirir ki, Ombudsmanın səfər çərçivəsində eston rəsmilərlə keçirdiyi görüşlər zamanı tərəflər arasında təmsil etdikləri qurumların səlahiyyətləri barədə qarşılıqlı fikir və məlumat mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Ombudsman əvvəlcə Estoniya Respublikasının ədliyyə kansleri Ülle Madise ilə görüş keçirib. S.Əliyeva görüşdə təsisatın fəaliyyəti barədə ətraflı məlumat verib. Ombudsmanın 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi haqqında diqqətə çatdırılan məlumatlar maraqla qarşılanıb. Məhkumların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət barədə də danışılıb və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycan Ombudsmanı görüşdə həmçinin Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətlərə münasibətdə dünya ictimaiyyətinin susqunluğunun və bu əməllərinə görə qarşı tərəfin cəzalandırılmamasının yeni cinayətlərə yol açdığını bildirib.
Öz növbəsində Ü.Madise Estoniya təcrübəsi haqqında məlumat verib. Görüş zamanı kanslerin yoxlama məqsədilə başçəkmələrin keçirilməsi, məlumat toplanmasına nəzarət, uşaq hüquqlarının müdafiəsinə dair funksiyaları barədə ətraflı təqdimatlar nümayiş etdirilib.
Ombudsmanın növbəti görüşü Estoniya Respublikası Parlamentinin Konstitusiya Komitəsinin sədri Eduard Odinets ilə keçirilib. Görüşdə Ombudsman təsisatının fəaliyyəti ilə bağlı məlumatlar diqqətə çatdırılıb, Milli Məclislə səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb.
Ombudsman E.Odinetsə Ermənistanın ölkəmizə qarşı yürütdüyü siyasət haqqında məlumat verərkən Azərbaycan tərəfinin sülhə tərəfdar olduğunu, lakin Ermənistanın bu prosesə əngəllər törətdiyini, bugünədək diversiya və minalama fəaliyyətinin davam etdirilməsinin sülh təşəbbüslərinə zidd olduğunu bildirib.
E.Odinets isə çıxışında rəhbərlik etdiyi komitənin fəaliyyət istiqamətləri barədə məlumat verib. Ombudsman tərəfindən mütəmadi olaraq xarici səfərlərdə nəzərə çatdırıldığı kimi, Estoniya səfəri zamanı keçirilən görüşlərdə də məcburi köçkünlərimizin qayıdışına maneə törədən mina probleminə və Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyinin hələ də naməlum qalması məsələsinə toxunulub.
Görüşlərin yekununda S.Əliyeva təsisat tərəfindən xarici dillərdə hazırlanmış maarifləndirici vəsaitləri, habelə müharibə və postmüharibə dövründə Ermənistanın törətdiyi insan hüquq pozuntuları ilə bağlı hazırlanmış hesabat, bəyanat və müraciətlər toplusunu Estoniya rəsmilərinə təqdim edib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin