ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir həftə Vyananın müxtəlif tarixi məkanlarında keçirilən festival Avstriyanın ən böyük mədəni tədbirləri sırasında yer alır və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də mədəni müxtəlifliyin təbliğinə xidmət edən silsilə tədbirlərdə iştirak edib.
Festivalın təntənəli açılış mərasimində “Dünyanın geyimləri“ adlı moda sərgisində müxtəlif xalqların 130-dan çox milli geyimi nümayiş olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatında Azərbaycan milli geyimləri də moda sərgisində təqdim edilib və milli geyimlərin tarixi və xüsusiyyətləri barədə tədbir iştirakçılarına məlumat verilib.
Festivalın ikinci günü “Sülh və mədəni müxtəliflik“ mövzusunda panel müzakirələr təşkil olunub. Müzakirələrdə iştirak edən elmi və diplomatik dairələr, beynəlxalq təşkilatların nümayəndələri mədəni müxtəlifliyin qlobal sülh və inkişafın tənzimlənməsi üçün təkanverici qüvvə olduğunu diqqətə çatdırıblar. Tədbirin mədəni hissəsində Ruhulla Əziz (kamança) və Tamilla Sadıqbəyli (fortepiano) Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı ilə çıxış ediblər.
Sentyabrın 14-də Vyanada Yunus Əmrə İnstitutunda “Mədəni müxtəliflik və sülh” mövzusunda rəsm sərgisi keçirilib. Sərgi ədalət, bərabərlik və insanlar arasında müxtəlifliklərə hörmət etməklə sülhə nail olmaq ətrafında ideyaları araşdırmaq və bədii şəkildə çatdırmaq məqsədi daşıyır. Sərgidə 20 ölkənin təmsilçiləri arasında Azərbaycanı təmsil edən qrafik dizayner, illüstrator Nadir Fərəcullayevin əsərləri böyük maraqla qarşılanıb. Tablolarda təsvir olunan azərbaycanlı obrazı digər xalqların adətlərini böyük maraqla sınayır və öz adətləri ilə birlikdə gündəlik həyatına əlavə edir. Üç hissədən ibarət qrafik əsər daha 10 gün sərgi salonunda nümayiş olunacaq.
Festival çərçivəsində “Dünyada müxtəliflik” mövzusunda sənədli və qısametrajlı filmlərin nümayişi baş tutub və sülh, mədəni müxtəliflik, inklüzivlik, bərabərlik və insan hüquqları mövzularında 16 sənədli film nümayiş olunub. Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə ECONES tərəfindən hazırlanmış Azərbaycanda yaşayan yəhudilərin həyatına həsr olunmuş sənədli film bu sırada yer alıb. Filmdə Azərbaycanda əsrlər boyu yaşayan yəhudi qruplarından və onların azərbaycanlılarla sülh və əmin-amanlıq şəraitində yaşamasından danışılır. Filmdə Azərbaycan multikulturalizm, tolerantlıq və qonaqpərvərlik prinsipləri ilə dünya üçün birgəyaşayışın müsbət nümunəsi kimi göstərilir.
Festivalın bağlanış mərasimində təşkilatın əməkdaşlıq etdiyi diplomatik dairələr, mədəniyyət mərkəzləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri “Mədəniyyətlərarası bağlılığın uzun gecələri”nin və ICDO-nun 5 illik yubileyi münasibətilə təşkil olunan Qala gecəsində iştirak ediblər. Tədbirdə Vyanada təhsil alan azərbaycanlı gənclər - Orxan Cəlilov (vokalçı) və Tamilla Sadıqbəylinin (fortepiano) ifasında Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, xarici klassik estrada mahnılarından ibarət musiqi proqramı tamaşaçılara təqdim olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin