Anmedia.az Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirovun 525.az saytına müsahibəsini təqdim edir:
Bu dəfə yolumu "Füyuzat" və "İşıq"dan axıb gələn yeni nəfəsin mərkəzi, tariximiz, milli irsimiz, mənəvi dəyərlərimizi qoruyub-saxlamaq və inkişaf etdirmək üçün 17 ildir yol gələn Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondundan (MİMTA) salmışdım. Bir müddətdir burada toplanan bir qrup təəssübkeşin gördüyü işlər oxucu kimi diqqətimi çəkirdi. Hesab edirəm ki, zaman keçdikcə mədəniyyət tariximizə verdiyi töhfələrinin daha yaxşı duyulacağı MİMTA hələ uzun illər fəaliyyət göstərəcək. Müsahibim isə fondun icraçı direktoru Pərviz Əmirovdur. Elə səlahiyyəti kimi icra etməyi danışmaqdan üstün tutsa da, bu dəfə qaydaları poza bildik.
***
- Artıq 17 ildir fəaliyyət göstərirsiniz. Müəyyən bir fəaliyyət üçün ciddi və uzun zaman kəsiyidir. Müsahibəyə başlamazdan əvvəl sizi təbrik edim. Bəs belə bir təşkilatda toplanmaq ideyası necə yarandı və ən başlarda bu fəaliyyəti necə təşkil etdiniz?
- Təşəkkür edirəm. Fondumuz 2005-ci ilin 31 yanvar tarixində təsis olunub. Lakin biz artıq 2004-cü ildən bu fondun proyekti üzərində işləyirdik. Fikirləşirdik necə bir şey edək ki, məqsədəuyğun olsun. Əvvəl ictimai birlik fikri üzərində dayandıq, ancaq belə qərara gəldik ki, fond ideyalarımızı həyata keçirmək üçün daha yaxşı platformadır. Həmtəsisçilərimizdən biri, mərhum ədəbiyyatşünas-alim, dəyərli publisist və professorumuz Teymur Əhmədlidir. Fondu təsis edib gələcək fəaliyyətimizi planlaşdırdıq, eyni zamanda, bir heyət qurduq. Bu heyətlə düşünüb "Füyuzat" jurnalı ideyasını ortaya çıxardıq. Yəni onu yenidən bərpa etmək. Jurnalı 2005-ci ilin may ayında qeydiyyatdan keçirdik və Teymur müəllimin rəhbərliyi ilə heyətimizdən ibarət redaksiya quruldu. Beləliklə, araşdırmalara başlanıldı, köhnə "Füyuzat"dan materiallar, məqalələr tərcümə olundu. Artıq 2007-ci ildən artıq rəsmi fəaliyyətimiz başladı və 100 il sonra "Füyuzat"ın nəşrinin bərpasına başlanıldı. Bildiyiniz kimi, 1906-1907-ci illərdə Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan jurnalın 32 nömrəsi çap olunmuşdu. Biz isə 33-cü nömrədən başlayaraq ardını nəşr etdik və elə ilk nömrəsi də 33-cü buraxılış oldu. Təsəvvür edin, bu, bizim üçün nə qədər həyəcanverici, dəyərli və sevindirici hadisə idi.
- Həmçinin, Azərbaycan mədəniyyəti üçün...
- Bəli. O vaxtlar rəhmətlik Teymur müəllim baş redaktorumuz idi. Doğrudur, Teymur müəllimin böyük təcrübəsi vardı, amma biz "Füyuzat"ın bərpası ideyasını kiminlə danışırdıqsa, deyirdilər ki, bir az qəliz işdir. Onu davam etdirmək, yenidən yaşatmaq olduqca məsuliyyətlidir. Bunu bacaracaqsınız, ya yox - ehtimal etmək çətindir. Elə oldu ki, gəlib bu vaxta çatdıq.
- Bəs bu illər ərzində "Füyuzat"la bağlı reaksiyalar ən çox necə olurdu?
- Bunu demək boynumuzun borcudur. Ən çox təqdir olunmuşuq. Həqiqətən, xalqımız çox qədirbilən xalqdır. İstər alim, istər mütəfəkkir, istər professor, istər sadə vətəndaşlar olsun, inanın, həmişə reaksiyalar çox müsbət olub. "Füyuzat" onu dərk edib, anlayanlar tərəfindən təqdir olunur.
- Yəqin ki, həmin dövrdə təkcə jurnalın bərpası ilə kifayətlənmədiniz?
- Xeyr. 2007-ci ildən etibarən fəaliyyətimiz həm də tərcümə mərkəzi ilə bağlıdır. Yəni həmin ildə fondun tərkibində tərcümə mərkəzi də yaradıldı. Xatırladım ki, 2007-ci il YUNESKO tərəfindən "Mövlanə və Tolerantlıq İli" elan edilmişdi. O dövrdə MİMTA-da "Eşq pərvanəsi" adlı kitabımız nəşr edildi. Kitabda Mövlanənin "Məktubat", "Məsnəvi" kimi əsərlərindən seçmələr toplanmışdı. Əsərlər tərcümə mərkəzimizdə orijinalından: fars, ərəb və türk dillərindən tərcümə olunmuşdu. Həmin kitaba o qədər tələbat oldu ki, biz onu 5 dəfə təkrar nəşr etdik. Bu il çox güman ki, 6-cı nəşri də işıq üzü görəcək.
- Diqqətçəkən layihələrinizdən biri də "Cümhuriyyətə İşıq Saçan Qadınlar" adlı kitabın nəşridir. Bu mövzunu sizin üçün fərqləndirən cəhət nə oldu?
- Belə deyim, bu kitabın ərsəyə gəlməsi keçirdiyimiz bir müsabiqədən sonra baş tutdu. Biz Cümhuriyyətimizin 100 illiyi ilə bağlı layihə düşünürdük. Teymur müəllim, "İşıq" jurnalının baş redaktoru Sədaqət xanım Qəhrəmanova və bütün heyət olaraq həmişəki kimi ideyalarımızı müzakirə edib, necə bir iş ortaya qoyacağımızı düşünürdük. Fikirləşdik ki, Cümhuriyyət dövrünün qadınları o qədər də tanıdılmayıb. Və bu fikir bizi daha çox özünə çəkdi, nəticədə bu ideya üzərində dayandıq. Əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası ilə birlikdə müsabiqə təşkil etdik. İnanın, nə qədər məqalə gəldi. Təsəvvür edin, o dövrdə yaşayıb fəaliyyət göstərən nə qədər adları yad edilməli xanımlarımız var imiş... Daha sonra müsabiqədə münsif heyətinin seçdiyi məqalələri toplayıb kitaba daxil etdik. "Cümhuriyyətə İşıq Saçan Qadınlar" kitabı belə ərsəyə gəldi və sürətlə satıldı. İndi ancaq arxivimizdə bir neçəsi qalıb. MİMTA bu kitabla, həqiqətən böyük rezonans doğurdu. Kitab haqda bir neçə dəfə müzakirələr də keçirilmişdi.
- Çox müxtəlif dövr və hadisələrə ithafən yayımladığınız nəşrlər var. Bəs Vətən müharibəsindən sonra bu tarixi hadisə ilə bağlı fondda nələrsə gözlənilirmi?
- Demək, ötən il bizim noyabr-dekabr aylarında Zəfər Gününə həsr edilmiş tədbirimiz və yazı müsabiqəmiz oldu. O müsabiqədə də birinci və üçüncü yeri tutan şəxslər Vətən müharibəsində iştirak etmiş qazilərimiz idi. Qeyd edim ki, bu müsabiqəyə də həddən artıq çox yazılar, xüsusən məqalələr göndərilmişdi. Bu il fikrimiz var ki, müsabiqədə qalib olan, həvəsləndirici yerə çıxan və digər yazılardan ibarət, təqribən 40-60 məqaləni toplayıb kitab halına salaq.
Söz düşmüşkən onu da qeyd edim ki, artıq bir neçə ildir bizim MİMTA yayımları da fəaliyyət göstərir. Keçən il burada 9-a yaxın kitab nəşr etmişik. Onlardan bəziləri ikinci nəşr, bəziləri isə MİMTA ilə digər qurumların müştərək layihələrinin nəticəsində yayımlanan kitablardır. Belə layihələrdən biri Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə baş tutub. Birlikdə "Bütün yollar Şuşaya aparır" adlı kitab nəşr etdik. Həmin kitabın maddi dəstəyini fondumuz qarşılayıb. Digər kitablarımız arasında uşaq ədəbiyyatı ilə bağlı olanları da var. İki kitabın isə satış hüququnu əldə etmişik.
Ümumiyyətlə qeyd edim ki, o dövr son 30 ilin ən şərəfli, ümidverici, sevincli günləri idi. Biz də fond olaraq əlimizdən gələni etdik. Buradan əməkdaşları səfərbər etdik və xalqımız kimi əlimizdən yetən qədər cəbhəyə öz yardımlarımızı yolladıq.
- Bəs MİMTA-nın Qarabağla, Şuşa ilə bağlı arzuları, layihələri varmı?
- Bizim işğaldan azad edilən ərazilərimizlə bağlı layihələrimiz var. Doğrusu, hazırda bunları açıqlamayacağam. Amma deyim ki, bizim də QHT kimi səlahiyyətimiz bir yerə qədərdir. Hazırda bir neçə təklif üzərində işləyirik. Yəqin ki, bu il həmin təklifləri aidiyyəti qurumlara təqdim edəcəyik.
- Kitab işi ilə yaxından əlaqəli biri kimi hazırda ölkədə kitaba olan maraq sizi qane edirmi?
- Adətən, biz təhlil etməkdən qaçırıq. Fond olaraq əsas işimizi görürük. Çünki təhlil də hər adamın işi deyil. Ölkədə nəşriyyat və kitabların həm çətin, həm də yaxşı günləri olub. Özümüzdən götürürəm, oxucu az olanda bir kitab çıxarmışıq. Bu gün isə oxucu marağına görə olur ki, eyni kitabların 5-6 dəfə təkrar nəşrlərini çıxarırıq. Amma ümumən götürdükdə, bəli, kitaba maraq artıb. Ötən il Bakı Expo Mərkəzi, həmçinin, Sumqayıt və Gəncə şəhərlərindəki kitab sərgiləri bunu sübut etdi. Bildiyiniz kimi, Azərbaycan Nəşriyyatları İctimai Birliyi (ANİB) var. MİMTA da bu birliyə üzvdür. Sumqayıt və Gəncədəki sərgilər ANİB-in təşkilatçılığı ilə keçirildi və fond olaraq biz hər iki sərgidə iştirak etdik. Bu il də yəqin ki, sərgilər olacaq. Baxmayaraq ki, elektron nəşrlər var, insanlar internetin yaratdığı imkanlardan yararlana bilir, ancaq kitaba da maraq var. Bu il biz, hətta audio kitablar da yayımlayacağıq. Artıq bununla bağlı işlər tamamlanıb.
- Fondun işlərində ən çox çətinlik nə ilə bağlı olur?
- Belə deyim, iş prosesimizin, xüsusən kitabların ərsəyə gəlməsinin bir neçə mərhələsi var. Bəzən yeni yazılan kitabın lap əvvəlki mərhələdə redaktə və korrektə işlərində, digər birində tərcümə mərhələsində, başqa birində isə maddi çətinliyimiz olur. Yəni həmin vaxt kitabı nəşr etməliyik, amma ortaya çıxara bilmirik və s. Olur, bəli, həmişə hər şey qaydasında gedir, çətinlik yaşamırıq deyə bilmərəm. Amma ümumi olaraq işin planlaşdırılmasını düzgün aparanda çətinliklər elə də gözə çarpmır. Yəni çətinlikləri də geridə qoymaq olur.
- Oxucu kimi digər nəşriyyatların işini bəyənirsizmi?
- Bilirsiniz, kitab nəşrində o qədər əziyyətli işlər var ki... Əgər bir kitab ortaya çıxıbsa, o, təqdirəlayiqdir. Çünki bu, xırda bir iş deyil, böyük bir prosesdir. Kitabın da oxunaqlığı, yararlılığı və sair meyarları da var. Nəşrlərini və gördükləri işləri nəzərdən keçirəndə bəyəndiyim çox nəşriyyat var. Ad çəkib xüsusi danışmaq istəmirəm, çünki hər bir nəşriyyatın işinə hörmət edirəm. Aralarında əməkdaşlıq etdiklərimiz də kifayət qədərdir. Hər birinə uğurlar arzu edirəm!
- MİMTA bu yaxınlarda hansı işi ilə fərqlənəcək?
- Artıq iki yeni kitabımız nəşr olunmaq ərəfəsindədir. Demək olar ki, biz əsas işləri əslində keçən il görmüşdük. Onlardan biri kitab albomdur. Bu kitab Əli bəy Hüseynzadənin "İstiqlal" muzeyində olan əşyalarının fotolarından ibarətdir. Digəri isə "İşıq" qəzetinin varisi olan "İşıq" qadın jurnalının transleterasiyasını etdirmişik. Tərcümə mərkəzindəki əməkdaşlarımız onu tərcümə edib. İndi isə çap olunma ərəfəsindədir. Bu yaxınlarda hər iki kitabın təqdimatını da keçirməyi planlaşdırırıq. Bilirsiniz ki, Əli bəy Hüseynzadə Azərbaycan mətbuatı və ictimai fikir tarixində də öz sözünü demiş insan kimi yaddaşlarda qalıb. Ümid edirik ki, bu kitab da marağa səbəb olacaq.
- Ölkə xaricindən kənarda edəcəyini planlaşdırdığınız layihəniz varmı?
- Yox, hazırda elə bir layihəmiz yoxdur. Bölgələrimizlə bağlı layihələrimiz var və bu il əsasən bu işlərə köklənmişik. Bakıdan başqa, digər şəhərlərimizdə də bir neçə tədbir keçirməyi planlayırıq.
- Məktəblilərlə bağlı layihələriniz var idi. Nə üçün bu ənənə davam etmədi?
- Əvvəllər məktəblərdə bir neçə dəfə tədbirlər və müsabiqələr təşkil etmişik. Daha sonra ölkədə mövcud pandemiya şəraiti ilə bağlı bu işləri dayandırdıq. Amma gələcəkdə bir neçə layihəni yenidən keçirməyi nəzərdə tuturuq. Hansı ki, əvvəllər də vardı, sadəcə onu davam etdirmək istəyirik. Çünki müsabiqələrdə qoyulan mövzuları işlədikdə sanki şagirdlərdə o mövzuya dair bir maraq yaranırdı, bir canlanmaları olur. Bu da onların dünyagörüşünə müsbət təsir edir. Gələcəkdə yəqin ki, daha böyük layihələrimiz də olacaq.
- Yəqin ki, fəaliyyətiniz barədə bir dəfəyə bu qədər çox danışmamışdınız.
- Bəli, ümumiyyətlə, çox danışan deyiləm, ancaq ümid edirəm, danışdıqlarım qəzetin və MİMTA-nın daimi oxucuları üçün maraqlı olacaq. Hər birinə təşəkkür edirəm!
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin