Tədris və tərbiyə müəssisəsi olan məktəblərdə müəllimlərin rolu əvəzsizdir. Müəllim uşaqlara, elm, bilik, savad verməklə yanaşı, onların vətənə layiqli övlad kimi yetişməsində də böyük əmək sahibidir. Lakin hər hansı şagirdin psixoloji probleminin həllində ona dərindən kömək edə bilməz. Belə olan halda köməyə məktəb psixoloqları gəlir. Bu da o deməkdir ki, məktəblərdə psixoloqların üzərinə çox çətin və məsuliyyətli iş düşür. Bəs görəsən orta məktəblərdə çalışan psixoloqlar öz vəzifələrini necə yerinə yetirirlər? Şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirlərmi?
Məsələ ilə bağlı Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin psixoloqu Tamella Məmmədova ilə həmsöhbət olduq.
Anmedia.az müsahibəni təqdim edir:
-Psixologiya dərsləri məktəblərdə hansı səviyyədə tədris olunur?
-Ümumtəhsil məktəblərində çalışan praktik psixoloqlar işlərini illik fəaliyyət planına əsasən qururlar. Məktəb psixoloqlarından tələblər, gözləntilər çox olsa da, nəzərə almaq lazımdır ki, onlar üçün təyin edilmiş dərs saatları və Təhsil nazirliyi tərəfindən təsdiq olunan hər hansı vahid proqram mövcud deyil. Dərslər hazırda əyani şəkildə, istər fərdi, istərsə də qrup halında aparılır. Mütəmadi olaraq şagirdlərlə diaqnostik işlər, profilaktik və konsultativ söhbətlər, eləcə də inkişafetdirici oyunlar təşkil edilir. Məktəb psixoloqları şagird rifahının müdafiəçisi, onların qayğılarını mühakimə etmədən dinləyən, məktəbdə və gələcəkdə uğur qazanmalarına, akademik, şəxsi və sosial inkişafını dəstəkləmək üçün müsbət qərarlar qəbul etmələrinə köməklik göstərirlər.
-Bölgə məktəblərində psixoloq sahəsi üzrə kadr çatışmazlığı problemi yaşanır?
-Bütün fənnlərin tədrisi vacib olduğu qədər məktəblərdə psixoloji xidmət də zəruridir. Necə ki, 300-500 nəfər şagirdi olan məktəblərdə hər hansı fənni 2 (iki) müəllim tədris edir, eləcə də şagirdlərin təlim-tərbiyəsi, psixoloji sağlamlığı üçün bütün ölkə məktəblərində psixoloqların sayının artırılmasına ciddi ehtiyac var.
-Sizin yanaşmanız necədir? Dərs prosesini hansı metodla keçirsiniz?
-Yaş və sinif səviyyələrinə görə dəyişir. Kiçik məktəblilərlə daha çox əyləncəli, öyrədici və inkişafetdirici oyunlar təşkil edirəm. Diaqnostik sorğuları motivasiya edici sözlü şəkillərlə xüsusi dizaynla hazırlayıram. Profilaktik tədbirlər zamanı isə incəsənətə və bədii qiraətə yönəlirik.
- Sizcə, məktəb psixoloqlarının bugünkü fəaliyyəti qaneedicidirmi?
- Psixoloji xidmət, demək olar ki, o qədər də yüksək səviyyədə aparılmır. Buna kadr çatışmazlığı, bir çox məktəblərdə psixoloji xidmət göstərilməsi üçün kabinetlərin olmaması, lazımi vəsaitlərlə təmin edilməməsi kimi amilləri bildirmək olar.
- Koronavirus pandemiyası səbəbindən dərslərin bəzən onlayn, bəzən də ənənəvi üsulla təşkili şagirdlərin psixologiyasına nə kimi təsirlər göstərib?
- Hər kəs çətin dövrlərdən keçir, lakin onları tək başına həll etmək çox çətindir. Yeniyetmə və gənclər arasında son zamanlarda intihar halları çoxluq təşkil edir.
- Bəs yaranan intihar hallarının qarşısını necə almaq olar?
- Buna səbəb aqressiya, depressiya, zərərli vərdişlərə aludəçilik, zorakılıq, ailə münasibətlərinin düzgün qurulmaması, yeniyetməlik dövründə böhran hallarını və s. aid etmək olar. Məsləhət görərdim ki, valideynlər övladlarını olduğu kimi qəbul etsinlər. Öz istəklərinə deyil, onları maraq və bacarıqlarına uyğun şəkildə inkişaf etdirsinlər. Başqaları ilə müqayisə etmədən sevib və hər dərdində yanında olsunlar. Fikirlərini ifadə edilməsi üçün dinləsinlər və psixoloqa müraciət etsinlər.
Minirə Qubatova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin