
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi Nurlan Cəbrayılzadənin “150 ildir bar verən “Əkinçi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi hərəkatın meydana gəlməsində, milli mənlik şüurunun oyanmasında ziyalılarımız aparıcı rol oynayıblar. Onlardan Həsən bəy Zərdabi bir maarifçi kimi Azərbaycanın sosial-iqtisadi və mədəni geriliyinin əsas səbəbini elm və mədəniyyətin, dünyəvi təhsil ocaqlarının azlığı, despotizmin və dini fanatizmin geniş şəkildə yayılmasında görürdü. O, buna görə xalqın maariflənməsi üçün milli mətbuatın yaranmasını ən vacib amillərdən sayırdı.
Həsən bəy ana dilində qəzet çap etmək üçün hökumətə müraciət etmişdi. İstanbuldan mətbuat üçün avadanlıqlar, hürufat gətirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra “Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü görmüşdü. Bakıda qubernator mətbəəsində Azərbaycan dilində nəşr olunan bu qəzet bütün Qafqazda geniş əks-səda doğurdu.
Bu əks-səda tarixin bütün dövrlərində öz qüvvəsində qalırdı. 1995-ci ildə jurnalistlərə müraciətində Ümummilli Lider Heydər Əliyev deyirdi: “Əsası 120 il bundan öncə böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımız Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazmış, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanılmasında misilsiz rol oynamışdır. Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”.
Böyük maarifçi, demokrat Həsən bəy Zərdabi min bir əziyyətdən sonra nəşrinə icazə aldığı qəzetin adını “Əkinçi” qoysa da, o, senzura və dini xurafatın təqiblərindən yayınıb cəmiyyətin problemlərindən də bəhs edirdi. Həsən bəy “Əkinçi”nin səhifələrində ilk növbədə dünyəvi təhsilin təbliği sahəsində fəal iş aparırdı. Bu müddət ərzində o, doğma xalqının sosial və mənəvi dirçəlişi üçün yorulmadan çalışırdı.
Mirzə Fətəli Axundzadənin maarifçi ideyalarını daha da inkişaf etdirən Zərdabi xalqa demokratik azadlıqlar verilməsini tələb edir, əsrin əvvəllərində intişar etməkdə olan sosial-demokratiya ideyalarını mətbuat vasitəsilə dəstəkləyirdi.
Həsən bəy Zərdabi özünün sosial-iqtisadi və mədəni maarif mövzularında yazdığı bir sıra məqalələrində Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngidən feodal qaydalarına qarşı çıxış edir, çarizmin müstəmləkəçilik siyasətini kəskin tənqid edirdi. O, qəzetin təkcə naşiri və redaktoru deyil, həm də korrektoru və mürəttibi kimi çalışırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri və parlamentin ilk sədri olmuş Əlimərdan bəy Topçubaşov “Əkinçi” qəzetinin ilk nömrəsinin 50 illiyi münasibətilə yazdığı “Azərbaycanın mayakı” məqaləsində belə qeyd edirdi: “Həsən bəy təkcə naşir və redaktor deyildi, həm də qəzetin yeganə əməkdaşı idi – xronika yazırdı, müxbirlik edirdi, qəzetin bütün “deşik”lərini doldururdu. Eyni zamanda, vaxtının çoxunu mətbəədə keçirirdi, qəzeti korrektə edirdi, yazışma aparırdı və s. Yerdə qalan inzibati və texniki işlər Hənifə xanımın (Həsən bəy Zərdabinin həyat yoldaşı) payına düşürdü – qəzetin yayılmasına rəhbərlik edirdi, ayrı-ayrı nüsxələri bir yerdə cəmləyib bağlama şəklinə salırdı, üstünə ünvan yapışdırıb poçta təhvil verirdi. Beləliklə də, bütün işlər Həsən bəylə Hənifə xanımın çiyinlərində keçirdi. Bütün nəşriyyat xərcləri isə həmişə “açıq” olan yeganə kassadan – Həsən bəyin müəllimlik məvacibindən çıxırdı”. Tobçubaşov bu yazısında Zərdabinin keçdiyi məşəqqətli yola elə işıq salır ki, əlavə şərhə ehtiyac belə qalmır.
“Əkinçi” qəzetinin 56 nömrəsi çapdan çıxıb. Zərdabi ilk dövrlərdə geniş kütlələrin “Əkinçi”yə marağının artması üçün hətta qəzetin pulsuz yayılmasına da cəhd edib. Yetər ki, qəzet oxunsun, insanlar dünyada baş verənlərdən xəbərdar olsunlar. Müsəlmanlar arasında ilk Avropa təhsili alan azərbaycanlı olan Həsən bəy Zərdabi nəşr etdiyi “Əkinçi” qəzeti ilə ana dilinin saflığı uğrunda yorulmadan mübarizə aparırdı. Yandırdığı maarif məşəlini ömrünün sonunadək əlindən yerə qoymayan böyük naşir qəlbinin hərarətini, gözünün nurunu bu müqəddəs amalın gerçəkləşməsinə həsr etdi.
Həsən bəy Zərdabi “Əkinçi”nin ətrafında tədricən ziyalılar və təhsil alan gənclərdən ibarət kifayət qədər böyük bir fəallıq qrupunu birləşdirdi. Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundzadə, Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfat Akademiyasında təhsil almış Əsgərağa Gorani, Hacı Məmmədsadıq və başqaları qəzetlə fəal əməkdaşlıq edirdilər.
Cənubi Qafqaz və Dağıstan şəhərlərində, İranda qəzetin müxbirləri var idi. Həsən bəy Zərdabi o zaman Peterburq, Moskva, Tiflis, İrəvan və Gəncədə, habelə digər yerlərdə işləyən azərbaycanlı, gürcü, rus dostları ilə sıx əlaqə saxlayırdı. Qəzetin nəşri bütün müsəlman Şərqi üçün böyük əhəmiyyət daşıyırdı. “Əkinçi” beynəlxalq əks-səda doğurdu. Bu qəzet bütün Şərq dünyasının Avropa üsulunda nəşr olunmuş birinci mətbu orqanı idi. Qəzetin nəşri xalqımızın mədəni tərəqqisində irəliyə doğru atılan mühüm bir addım idi. Həsən bəy Zərdabi qəzetin vəzifələrindən bəhs edərək onun ilk nömrəsində yazırdı: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun, yəni, o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün”.
“Əkinçi” mütərəqqi-maarifçi, demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə qarşı çıxır, Azərbaycan gerçəkliyinin zəruri problemlərini qaldırırdı. Qəzet sosial-iqtisadi qayğıları aradan qaldırmaq və azadlığa çıxmaq üçün xalq kütlələrinin maariflənməsi ideyasını müdafiə edirdi. O, təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. “Əkinçi” Azərbaycanda təhsilin zəruriliyini irəli sürən ilk Azərbaycan qəzeti idi. Həsən bəy Zərdabi həyatının 40 ilindən çoxunu yorulmadan-usanmadan doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş və dünyəvi təhsil ocaqlarının yaradılması, milli ziyalıların yetişdirilməsi işinə həsr etdi. “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” – deyən bu böyük ziyalı inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görmək arzusu ilə ürəyini məşəl edib, xalqının elm, maarif, təhsil yolunu işıqlandırdı.
Tanınmış mətbuat tarixi tədqiqatçısı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında bildirir ki, “Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı: “Bakıya gələn bir fransız müxbiri isə Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və demişdi: “Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz”. Fransız müxbirin dedikləri boş yerə deyildi – Zərdabini hərəkətə gətirən əsas güc onun xalqına bağlılığı və vətənpərvərlik hissi idi. “Əkinçi” erməni ideoloqlarının yerli əhaliyə qarşı açıq ideoloji savaş apardığı bir vaxtda xalqın səsi və müdafiə qalası rolunu oynayırdı. Həsən bəy isə bu faciələrin səbəbini xalqın savadsızlığında, dini fanatizmdə və gerilikdə görür, maarif yolu ilə bunların qarşısını almağa çalışırdı.
XIX əsrin sonlarında Azərbaycan məktəbinin proqramı, maddi bazasının yaradılması üsulları, müəllim kadrların hazırlanması, ana dilində dərsliklərin tərtib edilməsi məsələləri “Əkinçi” qəzetinin səhifələrində öz əksini tapırdı. Bu aktual məsələlərin müzakirəsində Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi ilə yanaşı, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri də yaxından iştirak edirdilər.
“Əkinçi” Cənubi Qafqaz xalqları arasında çoxəsrlik əlaqələrin möhkəmləndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çıxış edir və bu xalqların daha da yaxınlaşmasına səy göstərirdi. İlk mətbu orqan kimi “Əkinçi” təsərrüfat həyatı, əkinçilik məsələləri ilə yanaşı, cəmiyyətin inkişafı üçün yeni demokratik tələblər də irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı.
Müasirləri böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuatımızı banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirərək onu “Qafqaz müsəlmanlarının atası”, “Zaqafqaziya müsəlmanları ziyalılarının müəllimi” adlandırırdılar.
“Əkinçi”nin demokratik ideyaları bəzi mürtəce ruhanilər və çar məmurları tərəfindən narahatlıqla qarşılanırdı. Qaragüruhçular ona qarşı mübarizəyə qalxdılar. Nəticədə 1877-ci ilin əvvəllərində qəzetin abunəçilərinin sayı 300 nəfərə endi. Bunlardan da 150-si kənd yerlərində yaşayırdı. 1877-1878-ci illər Rus-Osmanlı müharibəsinin başlanması ilə çar senzurası qəzetdə siyasi xarakterli məsələlərə toxunmağı qadağan etdi. Daha sonra hökumət 1877-ci ilin sentyabrında qəzetin nəşrinin dayandırılması ilə bağlı fərman verdi. Sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu.
Milli mətbuatımızın “ilk qaranquşu” adlandırılan “Əkinçi” az yaşasa da, xalqın milli ruhda tərbiyə olunmasında böyük rol oynadı, Azərbaycanda mütərəqqi ictimai fikrin, mədəniyyətimizin inkişafında mühüm mərhələ oldu. O, qısa müddət ərzində ən qabaqcıl ziyalıları öz ətrafında birləşdirdi və Azərbaycan xalqının həyatına müsbət təsir göstərərək geniş kütlələri davamlı dəyişikliklər uğrunda mübarizəyə səslədi.
Həsən bəyin dəfni zamanı əlini onun nəşinə uzadan görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu Zərdabiyə “Ey müqəddəs ruh” – deyə müraciət edir. Bu gün qalib Azərbaycanın milli mətbuatının nümayəndələri əllərindəki qələm ilə Həsən bəy Zərdabinin ruhuna səslənərək deyir: “Ey müqəddəs ruh, sən ki, getmisən o dünyaya, gözün arxada qalmasın. Əsasını qoyduğun milli mətbuatımız “Əkinçi”ni beynəlxalq informasiya savaşında təmsil edir. Xalqı maarifləndirir, ideyalarını və ideallarını yaşadır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin