
Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu davam edir.
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Söz. Çap. Forma – birləşən dünyalar” devizi altında keçirilən simpozium çərçivəsində misirli rəssam və sənət tədqiqatçısı Məhəmməd Abouelnaqa ilə görüş keçirilib. Ənənəvi materialları və vizual dili müasir bədii ifadə ilə birləşdirən sənətkar çap texnologiyalarının simvolik dəyəri, yaddaş və özünüdərk anlayışına təsiri barədə fikir və təcrübələrini bölüşüb. Həmin görüş sənətsevərlər üçün nadir ilham mənbəyi olub.
AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan misirli rəssam, Qahirə Universitetinin professoru Məhəmməd Abouelnaqa deyib: “Mən vizual üslubda çalışan rəssamam. Burada nümayiş etdirdiyim əsər alüminiumdan hazırlanmış peyk formalı qablardır. Bunlar müharibələrin dünyaya necə böyük zərər vurduğunu əks etdirir. Hazırda dünyanın bir çox yerlərində müharibələr baş verir. Hər bir müharibə, xüsusilə böyük və güclü bir ölkə balaca və sülhsevər bir ölkəyə qarşı müharibə aparanda bəşəriyyət üçün olduqca zərərlidir. Mən hər cür müharibəyə və silahlı münaqişəyə qarşıyam”.
Simpoziumda iştirakdan məmnunluğunu ifadə edən Azərbaycan Rəssamlar İttifaqının üzvü, azərbaycanlı rəssam Rəna Tağıyeva simpoziuma abstrakt əsərlərlə qatılıb.
“İndiyədək çoxsaylı sərgi və simpoziumlarda iştirak etmişəm. Çox şadam ki, bu simpoziuma da dəvət olundum. Düşünürəm ki, abstrakt əsərlərlə fikri daha gözəl çatdırmaq olur. Əsas mövzumuz Azərbaycan mətbuatının 150 illiyinə həsr olunub. Təqdim etdiyim əsərlərdən birində milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin təsvirinin əks olunması təsadüfi deyil. Məlumdur ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan milli mətbuatının bünövrəsi qoyulub. Simpoziumda nümayiş etdirəcəyim həmin əsərdə 150 yaşlı ölkə mətbuatının keçdiyi zaman kəsiyini, xüsusilə də son bir neçə ildə aktiv fəaliyyətini canlandırmağa çalışmışam.
Digər əsərimə isə H.Zərdabinin tez-tez istinad etdiyi bir kəlamı həkk etdirməyi düşünürəm. Həmin kəlam yunan filosofu Platona aiddir: “Bütün şərlərin kökü cahillikdədir”.
Simpoziuma təqdim etdiyim növbəti əsər “Open mind” yəni “Açıq düşüncə” adlanır. Zənnimcə, insan beyni, düşüncəsi nə qədər açıq və yüklənməmiş olsa, əldə etdiyi məlumatları, ətrafında baş verən hadisələri bir o qədər yaxşı qavrayar, analiz edər və nəticə çıxarar”, - deyə R.Tağıyeva fikirlərinə yekun vurub.
Qeyd edək ki, simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir. Belə ki, tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.
Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltaraş iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tailand və Türkiyəni təmsil edən sənət ustaları yer alır. Fərqli üslublarda çalışan, incəsənətə və ətraf aləmə özünəməxsus baxışı olan sənətkarlar “Azərbaycan” nəşriyyatının təklif etdiyi ümumi konsepsiyadan ilhamlanaraq mövzuya şəxsi yanaşmalarını və bədii təxəyyüllərini əks etdirən əsərlər yaradırlar.
İncəsənət və mətbuatın kəsişdiyi bu yaradıcı platforma iyulun 22-dək davam edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin