Mən öz məqaləmdə Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Səfəvi dövlətində mövcud olan miniatür ənənələrinin təsiri nəticəsində digər bir türk dövləti Moğol imperiyasında təşəkkül tapmış təsviri sənət nümunələri haqqında ətraflı söz açmaq istəyirəm. Səfəvi imperiyasının əsas şəhəri olan Təbriz təkcə siyasi paytaxt deyil, o, həm də sənətin inkişaf edərək qonşu dövlətlərə təsir göstərdiyi əlahəddə mədəniyyət mərkəzi idi. Belə ki, Təbriz miniatür məktəbi öz inkişafı ilə həm Osmanlı həm də Moğol miniatürlərinin formalaşmasına təsir göstərmişdir.
XVI əsrin birinci yarısında tarix səhnəsində böyük türk fatehi olan Teymurləngin xələfləri tərəfindən gəlmiş keçmiş ən güclü yeni müsəlman imperiyası yarandıldı. Muasir Hindistan, Pakistan, Əfqanıstan, Banqladeş kimi ölkələrin ərazilərini əhatə etmiş olan bu imperiya Babur dövləti idi. Moğol dövlətinin orjinal adı Dövləti Qurakanidir. Banisi Zahirəddin Məhəmməd Babur elmə, incəsənətə böyük maraq göstərmiş və yaratmış olduğu dövlətin təməlini məhz mədəni tərəqqi üzərində qurmuşdur. Onun sələfləri də bu ənənəni davam etdirərək Şərq dünyasındamövcud olduğu 332 il ərzində böyük bir mədəniyyət yaradaraq gələcək nəsillərə qiymətli miras qoymuşdur.Zamanında dünya əhalisinin dörddə birinin yaşadığı Moğolların yaratmış olduqları mədəniyyət sırasında miniatür rəngkarlığı xüsusi yer tutur. Moğol rəngkarlığı Hindistan mədəniyyətində əlvan xarakterə sahib yeni bir istiqamət idi. Bu yeni təsviri sənət nümunələri təxminən 200 ildən çox müddətdə müxtəlif mərhələlərdə formalaşaraq yüksək inkişaf yolu keçmişdir. Miniatür sənəti müsəlman hökmdarlar olan Moğol imperatorlarının himayəsi altında formalaşarkən özündə həm islam, həm türk, həm də hind mədəniyyətini və dünya görüşünü birləşdirərək özünəməxsus formalara sahib olmaqla yanaşı, həm də bu fərqli mədəniyyətlərin harmoniyası nəticəsində unikal məzmuna malik olmuşdur.
Çox təəssüf olsun ki, bizim zamana böyük miniatür silsilələrindən çox az bir qismi gəlib çıxmışdır. Bu miniatürlər müxtəlif əlyazmalara çəkilmiş illüstrasiyalardan ibarətdir, hansı ki dövründə müxtəlif Moğol hökmdarları tərəfindən “Şah kitabxanaları”nda toplanmışdır. Miniatürlərin kütləvi şəkildə məhvinə səbəb isə XVIII və XIX əslərdə imperiyanın Böyük Britaniya qoşunlarının dağıdıcı yürüşlərinə məruz qalması ilə əlaqədar mədəniyyət mərkəzlərinin dağıdılaraq qarət olunması idi. Bəzi əlyazmalar isə imperiyanın çöküşündən sonra naməlum şəxslərin əlinə keçərək tarixin qatlarında izini itirmişdir. Müdhiş tarixə və mədəniyyətə sahib olan bu əzəmətli türk imperiyasına İngiltərə bir bəhanə ilə müdaxilələr edərək varlığına son qoymuş, sonuncu hökümdar II Bahadur şahın ailəsini öldürərək özünü də sürgünə göndərmişdir.
Zamanında Moğol miniatürləri dünyanın bir çox ölkələrinə, hətta uzaq Avropa qitəsinə belə səs salmışdır.Moğol rəngkarlığına Rembrant kimi dahi intibah dövrü rəssamı heyranlıq duyaraq pərəstiş edirdi. Öz yaxın diyarlarında isə Moğol miniatürləri racput və dekan kimi hind miniatür məktəblərinin formalaşmasına güclü təsir göstərmişdir. Moğol imperiyasının miniatürlərinin formalaşmasına Səfəvi miniatür rəssamlarının böyük təsiri olmuşdur. Hətta qətiyyətlə demək olar ki, Moğol miniatür məktəbini məhz Səfəvi rəngkarlıq ustaları formalaşdırmışdır. Vaxtı ikən Səfəvi miniatür məktəbinə Çin üslubunun böyük təsiri olmuşdur. Məhz bu səbəbdən də Moğol miniatürlərində Sultan Cunait yaradıcılığına xas bəzi xüsusiyyətlər müşayiət olunur. Təsvir texnologiyasını Səfəvilərdən öyrənən Moğol miniatür ustaları istifadə etdikləri rənglərin tərkibini də büsbütün onlardan mənimsəmişdilər. Lakin bəzi rəngləri yerli texnologiyalar ilə ərsəyə gətirirdilər, məsələn, sarı rəng. Bundan başqa Moğol ustaları miniatürləri yaradarkən 3 ton qızıldan məharətlə istifadə edirdilər. Yerli və xarici kağız məmulatlarından istifadə olunurdu, bundan əlavə parça məmulatlarından da təsvir yaratmaq üçün ipək tərkibli parçalardan istifadə olunurdu. Rənglərin kağız üzərinə bərk hopması üçün müxtəlif bitkilərin yağlarından və təbii yapışqandan istifadə olunurdu.
Səfəvilərdə olduğu kimi Moğol Hindistanında da kitab mədəniyyəti prestij və zənginlik simvolu idi. Buna görə də,Moğol imperatorları ölkənin çiçəklənmə dövründə müxtəlif yerlərdən öz kitabxanalarına cürbəcür əlyazmalar toplamışdılar. Məsələn, Teymuri şahzadələri üçün tərtib olunmuş “Şahnamə”, “Zəfərnamə” əlyazmalarında Moğol imperatorlarının möhürü vardır. Hökmdar emalatxanalarında tərtib olunmuş kitablar iki fərqli kateqoriyaya ayrılırdı: klassik ədəbiyyat nümunələri vəhökmdarın mənəvi tərbiyəsinə həsr olunmuş kitablar. Klassik ədəbiyyat nümunələrinə ən çox Xosrov Dəhləvinin və Nizami Gəncəvinin “Xəmsə”lərinə aid nümunələr iləyanaşı Hind mifologiyasını əhatə edən poemalar aiddir. İkinci qrup kitablara isə “Teymurnamə”,
“Baburnamə”, “Əkbərnamə” , “Padşahnamə” daxildir. İkinci qrup kitablar idarə edən hakim sülalənin nəcibliyinin, böyüklüyünün və ləyaqətliliyinin taxta çıxmaq haqqını idealizə edirdi. Ərəb miniatürlərindən fərqli olaraq Moğol orta əsr əlyazmaları sadə əhali üçün nəzərdə tutulmurdu və geniş kütlə bu imkanlardan istifadə etmə haqqına sahib deyildi. Moğol əlyazmaları hökmdar ailəsi və elit təbəqə üçün nəzərdə tutulmuşdur. Buna görə də əlyazmalar siyasi mahiyyət kəsb edirdi. İmperiyanın banisi olan Babur şah ömrünü çoxsaylı döyüşlərdə keçirmiş, sabit hakimiyyəti bərqərar etdikdə isə ömür vəfa etməmiş, əcəl qapısını döymüşdür. Buna görə də onun dövründə mədəniyyətdə inkişaf, xüsusi ilə rəngkarlığın inkişafı böyük vüsət almamışdır. Rəngkarlığın formalaşması imperiyanın ikinci şahı və Babur şahın sevimli oğlu Humayun şahın zamanında başlamışdır. Qeyd etmək lazımdır ki, Humayun şah incəsənətin inkişafını Aqrada inkişaf etdirirdisə, şahzadə Kamuran isə Kabul və Lahorda böyük emalatxanalar yaratmış, dövrün istedadlı miniatür ustalarını orada himayə edərək miniatür sənətinin inkişafına təkan vermişdir. Humayun oğlu Əkbər şahın zamanında əlyazmalar ilə yanaşı, Murakka albomları tərtib olunurdu. Murakka sözü sufilərin rəngli geyimlərindən götürülmüşdür. Bu albomlar müxtəlif əlyazmalar, illüstrasiyalar və xəttatlıq nümunələrindən ibarət olduğu üçün murakka adlanırdı. İlk dəfə murakka albomları on altıncı əsrdə Səfəvilər tərəfindən yaradılmışdır. Belə albomlar ən çox Moğol və Osmanlı imperiyalarında geniş vüsət almışdır.
Lakin belə albomlar dövrümüzə butöv halda çox az gəlib çatmışdır. Çünki, imperiyaların çöküşündən sonra bazarlarda albom vərəqlərini tək-tək satmaq daha gəlirli olduğu üçün murakkalar parçalanmağa məruz qalmışdır. Bu səbəbdən dövrümüzdə bir murakka alboma aid illüstrasiyalar dünyanın bir neçə müxtəlif muzeyində saxlanılır və həmin illüstrasiyalar çox vaxt albomun həqiqi adı ilə deyil saxlanıldığı muzeyin adına uyğun olaraq adlandırılır. Əkbər şahın dövründə beləalbomların geniş vüsət alma səbəbi hökmdarın disleksiya adlanan xəstəliyə sahib olaması idi. Oxuma çətinliyi çəkən gənc hökmdar qısa məzmunlu yazıya malik mövzunu açan illüstrasiyalı albomlara böyük maraq göstərirdi. Bu dövrdəaristokratlar da belə mövzular oxumağa maraq göstərir.Cahangir və Cahan şahın bu dövrdə çoxsaylı əlyazmalar hazırlanan hökmdar emalatxanaları fəaliyyət göstərirdi. Bu dövrdə Avropa rəngkarlığının təsiri duyulurdu. Sonrakı Moğol hokmdarlarının dövründə də rəngkarlıq geniş vüsət almışdır. Böyük Britaniyanın Hindistanı işğala başlamasıyla 300 əsrə yaxın bu böyük imperiyanın Hindistan yarımadasında hökmranlığına son qoyulur. Qeyd etmək lazımdır ki, Moğol miniatürləri bilavasitə imperiyanın tarixini əks etdirərək inkişaf etmişdir. Buna görə də, dövlətin süqut etməsinə baxmayaraq, türk müsəlman hökmdarlarının idarə etdiyi böyük bir tarix yazmış, mədəniyyət yaratmış olan bu güclü imperiyanın tarixi izləri miniatür təsvirlərində əks edilərək qorunub gələcək nəsillərə ötürülmüşdür.
Moğol miniatürlərinin yaranması və inkişafı bilavasitə imperatorların şəxsi xüsusiyyətlərindən asılı idi. Belə ki, hökmdarın incəsənətə münasibəti, xasiyyətinin necə olması və hansı şəxsiyyətə malik olmaları rəssamların talehi və rəngkarlıq emalatxanalarının ona lazım olubolmaması miniatürlərin taleyini müəyyənləşdirirdi. Bu, miniatürlərin müəlliflərindən çox padşahların buna münasibətindən aslı idi. Buna görə də moğol miniatürlərinin inkişafı haqqında danışarkən paralel olaraq bu illüstrasiyaların yaradılmış olduğu dövrdə hakimiyyətdə olan hökmdarın həyatına və siyasi fəaliyətinə nəzər salmaq mühümdür. Moğol miniatürləri şərti olaraq iki dövrə ayrılır.
1) XVI əsrdə yaradılmış miniatür topluları
2) XVIII əsr və daha sonrakı dövrlərdə təsvir edilən miniatür nümunələri
Dövlətin yaranması ilə Moğol incəsənətinin formalaşması başlayır. Lakin bir çox tədqiqatçıların fikrinə görə imperiyanın banisi Babur şah daima döyüşlərdə zaman keçirdiyi üçün onun şəxsi kitabxanasında hazırlanan illüstrasiyalı əlyazmaların tərtibinə diqqət etməyə zamanı olmamışdır. Lakin nəzəra alsaq ki, Babur şah kitab toplamağı sevmiş və hətta özü də hazırda “Baburnamə” adlanan memorial xarakterli əsər yazmışdır. Sözsüz ki, bu dövrdə də miniatür nümunələrinin yaradılmış olması şübhəsizdir. Lakin zamanımıza həmin təsvirlər küllü şəkildə qorunub çatmamışdır. Hətta şah öz memuarında rəngkarlığa maraq göstərdiyini dövrün məşhur heratlı miniatür ustası Kamal əd-Din Behzadın yaradıcılığını xatırladaraq yazır ki, Behzadın fırçasında saqqalsız simalar o qədər də yaxşı alınmırdı. Babur şad zamanına aid “Ağacın altında iki musiqiçi” miniatürü uzun illər ABŞ-da şəxsi kolleksiyada saxlanılmış 2011-ci iləSotbis auksionunda satılmışdır.
Təsvir üslubuna görə Babur şahın oğlu Kamran Mirzənin emalatxanasında yaradılmış “Yusif və Züleyxa ” əlyazmasının illüstrasiyaları ilə oxşarlıq təşkil etdiyi üçün güman edilir ki, musiqiçilər də məhz şahzadənin himayədarlığı altında yaradılmışdır.
Moğol miniatür sənəti əsl formalaşma dövrünü məhz Humayun şahın zamanında yaşamışdır. İmperator Humayun təbiət etibarı ilə həssas, mərhəmətli və sentimental xasiyyətə malik idi . Buna görə də, o incəsənətə böyük maraq göstərərək paytaxt və böyük şəhərlərdə kitabxana və bu kitabxanaların nəzdində fəaliyyət göstərən emalatxanaların yaradılmasına diqqət ayırmışdır. Fəlsəfə, astronomiya və poeziya ilə maraqlanan şah Humayunun siyasi həyatı üsyanları yatırmaq və təcavüzkar xarici yürüşləri dəf etmək ilə keçmişdir. 1544-cü ildə Humayun əfqan hakimi Şirxanla döyüşdə məğlub olaraq arvadı və yaxın adamları ilə birlikdə Səfəvi şahı Təhmasibin yanına qaçır. Təhmasib onu Təbrizin girəcəyində təntənə ilə qarşılayır. Humayun Təhmasibə bahalı hədiyyələr, o cümlədən elə bir almaz verir ki, “ruzigarın gözü belə şeyi görməmiş və qulağı da eşitməmişdir”. Öz növbəsində Təhmasib də Humayunun şərəfinə dəbdəbəli bir ziyafət verir.
Humayun hakimiyyət uğrunda mübarizədə Təhmasibdən dəstək istəyir. Bir neçə ildən sonra Şah Təhmasib Budaq Xan Qacarın sərkərdəliyi altında 12 minlik qızılbaş ordusunu ona qoşur və Şirxanı məğlub edən Humayun Kabulu geri alır və müvəqqəti olaraq ölkənin mərkəzi şəhəri elan edir. Şirxanın ölümündən sonra Humayun yenidən Hindistanı geri qaytararaq öz əvvəlki qüdrətini geri qaytarır. Humayun həyat yoldaşı Həmidə banu Begüm ilə Təbrizdə olarkən Azərbaycan miniatür sənəti ustalarının, xəttat və memarlarının əsərləri ilə tanış olur və Azərbaycan incəsənətinə heyran kəsilir. Yenidən hakimiyyəti ələ keçirdikdən sonra o, bir sıra Azərbaycan sənətkarlarını Dehliyə öz sarayına dəvət edir.
Mir Seyid Əli və Abd əs-Səməd kimi məşhur miniatür ustalarını Təbrizdən öz sarayına dəvət edən Humayun Şah onlara və yaradıcılıqlarına xüsusi qayğı göstərir. Həqiqətən də o Təhmasib şahın kitabxanasına heyranlıq duymuşdur. Lakin Mir Seyid Əli və Abd əs-Səmədin Moğol imperiyasına gəlişinə qədər artıq onun və məşhur iki miniatür ustasının fəaliyyət göstərdiyi kiçik kitabxanası var idi. Molla Yusif və Dost Məhəmməd hələ Humayunun qardaşı Kamran Mirzənin zamanında Kabulda fəaliyyət göstərmiş qocaman miniatür ustaları idilər. Dost Məhəmməd məşhur miniatür ustası Behzadın tələbəsi olmuşdur. Qasım Şadişahdan isə xəttatlıq sənətini öyrənən usta miniatürist müəllimi Behzad ilə birgə 1520-ci ildə Heratdan Şah İsmayılın sarayına gəlmiş, daha sonra Təhmasibin kitabxanasında fəaliyyət göstərmişdir. Lakin müəlliminin vəfatından sonra yenidən Herata qayıdaraq Kamran Mirzənin, daha sonra Humayun şahın himayəsində fəaliyyət göstərmiş Səfəvi əsilli rəssam Moğol miniatürlərinin formalaşmasında bilavəsitə iştirak etmişdir. 1550-ci ildə hökmdarın sifarişi ilə ayrıca bir vərəqdə təsvir olunmuş “İmperator Humayun qardaşları ilə mənzərə fonunda” miniatürü türkmən stilində yaradılmışdır. Dost məhəmməd miniatürdə fil və başqa heyvan formalarını xatırladan çoxlu qayalar və nazik budaqlı zərif görüntülü ağac təsvirlərini yaratmışdır. Bu tip mənzərə təsvirlərini xüsusi ilə Şah Təhmasib sevirdi. Mərkəzdə daşdan taxt üzərində oturmuş Şah Humayun, ondan arxada ağacın altında üç oğlan uşağının oynaması - onlardan biri gələcəkdə hökmdar olacaq Əkbər idi – təsvir olunmuşdur. Miniatürün təsvir xüsusiyyətləri təmamən Səfəvi dəst-xəttindədir. Koloriti isə Moğol məktəbinə xas olan zərif, işıqlı, aydın tonlardadır. Miniatür Sultan Cünayidin mənzərə təsvirlərini çox xatırladır. Təsvirdə Əkbər şahın sünnət toyu canlandırılmışdır. Əkbər şahın zamanında isə usta Moğol İmperiyasını tərk edərək yenidən Səfəvi dövlətinə geri qayıdır və ömrünün songünlərini Qəzvində Qurani Kərimin üzünü köçürtmək ilə məşğul olur. O Səfəvi sarayında “Şah xəttatdı” titulu ilə şərəflənmiş və şahzadə Bəhram Mirzənin və Təhmasibin zamanında saray kitabxanasının rəhbəri olmuşdur. Moğol miniatürləri üçün isə onun yaradıcılığı təməl daşı hesab edilir. Moğol dövrünə aid dövrümüzə gəlib çatan digər miniatür isə Cenevrədə Ağa Xan Muzeyində saxlanılanŞah Abul Malinin portretidir. Şah Abul Mali Humayunun sevimlisi olmuşdur, lakin Əkbər şahın zamanında xəyanət etdidyi üçün edam edilir. Obrazın başında “Tac və izzət” adlanan xüsusi bir baş geyimi var. Belə baş geyimini yalnız Humayun şaha yaxın adamlar geyinirdi.
Güman edilir ki, Humayun bu baş geyimini Təhmasib sarayxadimlərinin başına qoyduğu “tac və Heydər”əbənzədərək yaratmışdır. Əkbər şah taxta çıxdıqda bu baş geyiminin taxılması ləğv edildi və buna görə də sonrakı miniatürlərdə insan obrazlarının başında belə baş geyiminə rast gəlinmir. Məhz buna görə də, haqqında danışılan miniatürün Humayun şahın zamanında yaradılması qeyri-şərtsizdir. Dost Məhəmmədin yaratmışolduğu miniatürlər və murakka-albomlar Sankt Peterburqdakı Milli Kitabxanada, “Bəhram Mirzə” murakkası isə Topqapı Sarayında saxlanılır. Dost Məhəmməd rəssam olmaqla yanaşı, həm də musiqiçi, şair idi. O həmçinin dövrünün və daha əvvəlki zamanlarınminiatürist ustaları, “Təliq” və “Nəstəliq” xəttinin mahirxəttatları haqqında məlumatlardan ibarət traktatın müəllifidir. Humayun Dost Məhəmmədi “Dövrümüzün Manisi” adlandırır. Mani III əsrdə Sasani İmperiyasında maniçilik təliminin əsasını qoymuş, eyni zamanda rəssam olmuşdur.
Mir Seyid Əli və Abd əs-Səmədin Humayunun sarayına gəlişi ilə Səfəvilərin Təbriz, Qəzvin və Buxara miniatür məktəblərindəki ən son yenilikləri də Moğol rəngkarlığına gətirilmiş oldu. Hər iki minatür ustası Təbrizdə böyük yaradıcılıq yolu keçmişdir. Lakin çox təəssüf olsun ki, Moğol miniatürlərinin təsvir uslubunu formalaşdırmış olan hər iki rəssamın bu dövrə aid yaradıcılığına dair bir o qədər də təsvirlər zamanımıza gəlib çatmamışdır.
Səfəvi miniatür ustaları sırasında Moğol rəngkarlığına ən böyük təsiri Şirazda anadan olmuş Usta Abd əs-Səməd olmuşdur. Onun yaradıcılığının ilk mərhələsi Səfəvi dövlətində keçmiş, ikinci mərhələsi isə Moğol sarayının kitabxanasında davam etmişdir. Səfəvi sarayındakıfəaliyyət dövründə yaradıcılığı təkmilləşməmiş olan rəssamın zamanımıza bu mərhələ ilə bağlı az miniatür gəlib çatmışdır. Təhmasibin sifarişi ilə o “Şəhnamə” poemasına miniatürlər təsvir etmiş, bu əlyazmaya aid miniatürlərdən “Xosrov Pərvizin öldürülməsi” səhnəsi təsvir edilmiş nümunə zamanımıza kimi qorunmuşdur. Abd əs-Səməd miniatür rəssamı olmaqla yanaşı, həm də mahir xəttat idi. Onun Moğol kitabxanasındakı yaradıcılığı ətraflı şəkildə həmin dövrün sənədlərində qeyd edilmişdir.Miniatür ustası 1545-1595-ci illərdə Humayun və Əkbər şahın zamanında fəaliyyət göstərmişdir. Məhz Şirazlı rəssamın başçılığı altında Moğol rəngkarlığı üslub baxımından kamilliyə çatdı. Böyük Əkbərin tarixçisi Əbul Fəzil “Əkbərnamə”də rəssam ilə ilk görüşü belə təsvir edir: “Heyrətamiz isedada malik Xoca Abd əs-Səmədə incəsənətə rəğbət göstərən Humayun sultan böyük məhəbbətlə yanaşırdı”. Humayun şah Təbrizdən Kabula gedərkən Təhmasib şahdan Mir seyid Əli və Abd əs-Səmədin özü ilə Kabula getmələrinə icazə istəyir. Beləliklə Abd əs-Səməd Kabulda yaradılmış kitabxanada fəaliyyət göstərməyə başlayır. Humayun şahın Kabuldakı müvəqqəti hökmranlığı dövründə o mütəmadi olaraq miniatürlər təsvir edərək şaha təqdim edir. Bu təsvirlərin əksəriyyətinin mövzusu Novruz bayramı ilə bağlı süjetlərdən ibarət idi. Kabuldakı fəaliyyəti zamanı rəssamın yaratdığı “Bağda iki gənc” miniatürü hazırda Tehrandakı Gülüstan kitabxanasında saxlanılır. Bu miniatür Cahangir şahın zamanında “Murakka və Gülşən” albomuna daxil edilmişdir. Bu albomda Kabul miniatür ustalarının hansılar ki, Səfəvi dövlətindən buraya gəlmişdilər, miniatürləri toplanmışdır.
Buna görə də“Murakka və Gülşən” albomu tamamən Səfəvi təsvir üslubunda yaradılmışdır. Bu albomun miniatürləriformalaşmış Moğol rəngarlığına xas fərdi xüsusiyyətləri özündə qəti əks etdirmir. Rəssamın Kabul dövrü yaradıcılığına aid dövrümüzə gəlib çatan ölçü baxımından böyük olan “Teymurun sarayının əyanları” kətan üzərində təsvir edilmiş miniatürdür. Miniatür Londonda Britaniya Muzeyində saxlanılır. Humayun şahın nəvəsi Cahangir şahın zamanında bu əsərin bir çox obrazlarının surəti köçürülmüşdür. Məsələn, Bostonda Gözəl Sənətlər Muzeyində saxlanılan Kamran Mirzənin portreti. Bu miniatür bəzən “Teymurun evi” kimi də adlandırılır.Kabulda təsvir etdiyi digər miniatür isə Tehranda Gülüstan kitabxanasında qorunan “At və naxırçı” adlanan təsvirdir.Humayun şah Hindistanda Moğolların hakimiyyətini yenidən bərpa etdikdən sonra Abd əs-Səməd də digər rəssamlar ilə birlikdə Dehliyə gedir. Məhz bu zamandan başlayaraq onun üslubu dəyişir və Moğol rəngkarlığının fərdi xüsusiyyətlərini də özündə əks etdirməyə başlayır. Dehlidə yaratmış olduğu ilk miniatürlər arasında “Əkbər öz çəkdiyi şəkli atası Humayuna göstərir” illüstrasiyasıdır.Əsər hazırda Tehranda Gülüstan kitabxanasında saxlanılır. Humayun şahın qəfil ölümündən sonra taxta çıxan Əkbər şahın müəllimi Abd əs-Səməd olmuşdur. Miniatürdə gənc şahzadə Əkbərin yanındakı obraz güman edilir ki, Abd əs-Səmədin avtoportretidir. Abd əs-Səməd həddən artıq yaradıcı fantaziyaya sahib idi. Onun miniatürlərində xırda detallara qədər diqqət ayrılmışdır. Geyimlərin naxışları, ağacların fərqliliyini göstərən detallar incə zövq ilə işlənmişdir. O bütün bu kiçik detalları zərgər dəqiqliyi ilə işləyirdi. Müasirləri onun yaradıcılığındakı bu xırda detallı təsvir üsulunu “gözəl səhnəni bir düyü dənəsi üzərində təsvir etmək” kimi səciyyələndirirlər. Belə təsvir üslubunu şah Humayun çox sevirdi, lakin oğlu Əkbər isə əksinə təsvirin dəqiq təsvirinə deyil daha çox mövzunu əhatə etməsinə üstünlük verirdi. Beləliklə yuxarıda da qeyd etdiyim kimi Moğol miniatürləri hökmdarların istək və zövqundən asılı olaraq formalaşırdı.
Humayun şahın dövründə yaradılmış digər vacib əlyazma isə Nizami Gəncəvinin “Xəmsə”si idi. Əlyazmaya aid 34 miniatür təsvirlərinin ikisinin müəllifi Mir Müsavirdir.Digərlər təsvirlərin müəllifləri isə naməlumdur. Miniatürlərbir-birindən fərqli üslublarda Səfəvi-Moğol, Buxara və hind miniatür məktəblərinin təsiri altında tərtib edilmiş bu miniatürlər Əhmədabadda şəxsi kolleksiyada saxlanılr. Mir Müsavirin digər bir Təbriz miniatür ustası Mir Seyid Əli tərəfindən 1565-1570-ci illər arası yaradılmış olduğuportreti bizə onun şəxsiyyəti haqqında məlumat verir. Hazırda Parisin Gime Muzeyində saxlanılan miniatürdəMir Müsavir ahıl çağlarında canlandırılmışdır. Qeyd etmək istəyirəm ki, həm Səfəvi dövlətində, həm də Moğol İmperiyasında sənətinin gücü ilə məşhur olan miniatür ustası Mir Seyid Əli Mir Müsavirin doğma oğludur. Dost Məhəmməd öz traktatında Mir Müsaviri belə öyür: “Mani onun yaratdığı miniatürləri görsə idi fırçanı bir dəfəlik əlindən atardı”. Qazi Əhməd öz “Rəssam və xəttatlar haqqında traktat” əsərində isə Mir Seyid Əlinin atasından da mahir rəssam olduğunu yazır:
“Onun oğlu istedad baxımından atasından güclü olan Mir Seyid Əli Hindistana tələsdi”. Mir Seyid Əli Humayunun sarayına gedən digər rəssamlar kimi əvvəl Kabul emalatxanasında fəaliyyət göstərmişdir. Bu zamana aid “Gənc yazıçının portreti” miniatürü məlumdur. Miniatür Los-Anceles İncəsənət Muzeyində saxlanılır. Mir Seyid Əli portret janrının mahir ifaçısı idi. Lakin bu zamanın portretləri sonrakı dövr Moğol miniatürlərindəki portretlərdən fərqli olaraq daha çox idealizə olunmuş şərti cizgilərə sahib olurdu. Bəzi mütəxəssislər güman edirlər ki, miniatürdəki obraz Mir Seyid Əlinin avtoportretidir. Hindistanda isə o, Humayun şahın sifarişi ilə “Həmzənamə” əlyazmasının miniatürləri üzərində işləmişdir. Mir Seyid Əli istedadına görə Humayun şah tərəfindən “Nadir əl mülk” adlandırılmışdır. “Əmir Həmzə” əlyazmasının miniatürləri Humayun şah zamanında yaradılmış təsvirlərin şahı sayılır. Dastan 12 cilddən ibarət 200 miniatürə sahib idi. Toplu üzərində Mir Seyid Əlinin rəhbərliyi ilə 30 miniatür ustası işləmişdir.Kitabın üzərində incə nəstəliq xətti ilə “Şah həzrətinin qulamı Seyid Əli Seyid Məhəmmədin portreti” ( burada portret sözü ərsəyə gətirdiyi iş mənasını verir) yazılmışdır.Təzkirəçi Sadiq bəy Əfşar Mir Seyid Əli haqqında yazır : “O, işinin ustası idi. Mir Seyid Əli incə nəqqaş və gözəl müsəvvir idi. Xırda bir mübahisə üzündən o, Səfəvi dövlətini tərk edib Hindistana getmiş, Cəlaləddin Əkbərin zamanında böyük şərəfə və şöhrətə laiq görülmüşdür”. Mir Seyid Əli Məkkə ziyarətinə gedərkən vəfat etmişdir.
Memar Mirək Mirzə Qiyasinin portret təsviri Moğol miniatürlərinin ən erkən portret janrında yaradılmış nümunələrindəndir. Sözsuz ki, bu zamanın portretləri şərti və ümumi xüsusiyyətlərə malik idi. Memar kitab oxuyaraq istirahət zamanında təsvir edilmişdir. Qeyd etmək lazımdır ki, Ağa Mirək memar olmaqla yanaşı, həm də Təbriz məktəbinə mənsub miniatür ustası olmuşdur. Lakin o tarixə Hindistanda bu gün də öz möhtəşəmliyini qoruyub saxlayan Humayun şahın Dehlidəki məqbərəsini inşa etməklə həkk edilir.
Humayun şah Moğol imperiyasında ilk kitabxana qurmuş hökmdar olmuşdur. Lakin taleyin ironiyasıdır ki,1565-cı il yanvarın 24-də Humayun şah zaman keçirməyi sevdiyi kitabxananın damına çıxaraq üfüqdə Venera planetinin görünməsini gözləyir, qaranlıq düşəndən sonra şah aşağı enmək istəyir, ikinci pilləyə ayaq qoyarkən müəzzinin azan səsini eşidir və əyilmək istəyəndə paltarının ətəyi nəyəsə ilişir. Humayun pilləkəndən üzü üstə yıxılır və başı partlayır, iki gün sonra isə vəfat edir.
Deyildiyi kimi, Humayun Azərbaycandan qayıtdıqdan sonra Səfəvi miniatür sənətindən başqa, həm də memarlığının böyük pərəstişkarına çevrilmişdir. Bunu nəzərə alan sevimli həyat yoldaşı Həmidə Banu bəyim Humayun şahın dəfnindən bir müddət sonra Məkkə ziyarətindən qayıdarkən Səfəvi dövlətindən keçəndə memar Ağa Mirək Mirzə Qiyası özü ilə sevimli ərinin məqbərəsini tikdirmək üçün Dehliyə gətirir.
Məqbərə 1573-cü ildə səkkiz ilə tikilib başa çatır. Ağa Mirək sübut edir ki, bu qədər yolu boş yerə qət etməyib. Hind sənətşünaslarının fikrincə, həmin məqbərə Hindistanda bu cür xatirə komplekslərinin tikilişində dönüş nöqtəsinə çevrilir. Həmin abidə Böyük Moğollar dövründə ucaldılmış bu tipli məqbərələrin birincisi olur. Ağa Mirək öz əsərində Səfəvi, Orta Asiya və türk memarlığına xas monumental səth strukturunu qoruyub saxlamaqla birgə onun simasına Hindistan üslubuna məxsus cizgilər də əlavə etmişdir. Ağa Mirək xanın adı Hindistan xalqına yaxşı tanışdır, onun tikdiyi məqbərə isə indiyə qədər ölkədəki memarlıq abidələri içində ən gözəgəlimlilərdən sayılır. İmperator Humayunun şərəfinə məqbərənin yaradıcısı görkəmli memar Ağa Mirək Mirzə Qiyasın adı Hindistan mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılmışdır.
Səfəvi-Moğol münasibətləri hər nə qədər siyasi məqsədlər üzərində qurulmuş olsa da, iki böyük imperiya arasındakı bu əlaqə qarşılıqlı şəkildə mədəniyyətdə öz əksini tapmışdır. Səfəvi saray rəngkarlığının Moğol təsviri sənətində əsas təsiredici amil olması artıq öz təsdiqini tapmış bir faktdır. Eyni zamanda Humayunun da adı altı əsas muğamdan birinin adında Azərbaycan xalqının mədəniyyətinə əbədi həkk olunmuşdur. Deyilənə görə,“Humayun” muğamı imperator Humayunun Təbrizdə Şah Təhmasibin sarayında qaldığı zaman yaranmış, sonradan cilalanıb, indiki halına düşmüşdür. Azərbaycan muğamlarındakı “Humayun” muğamı isə Moğolların xalqımızın tarixində qoymuş olduğu izdir.
XVI əsr Moğol miniatürlərində detallardakı incəlik və xətlərin mükəmməlliyi Səfəvilərə xas təsviri üslub xüsusiyyətləri idi. Humayun şah daxili çəkişmələrin fonunda gərgin bir siyasi mühitdə dövləti idarə etməsinə baxmayaraq, incəsənətə, elmə, mədəniyyətə böyük qayğı və diqqət ayıra bilmişdir. Məhz onun incəsənətə olan marağı Hindistana Səfəvi sarayının çoxsaylı mahir miniatür ustalarının gəlməsinə səbəb olmuşdur. Mir Müsavir, Dost Məhəmməd, Fərrux bəy, Mir Seyid Əli və Abd əs-Səməd kimi əsərləri zamanımızda şöhrətli dünya muzeylərinin və böyük kitabxanaların nadir inciləri sayılan bu görkəmli rəngkarlar Moğol miniatürlərini sözün həqiqi mənasında canlandırandıraraq formalaşdıran Moğol təsviri sənət tarixinin Azərbaycanlı sənət şahlarıdır. Humayun şah Təhmasibin sarayında olarkən Səfəvi incəsənətinə aşiq olur və öz hakimiyyətini Dehlidə yenidən bərqərar etdikdən sonra öz saray kitabxanasında da məhz Səfəvi üslubunda illüstrasiyalara sahib əlyazmaları görmək istəyir. Səfəvi miniatür ustalarının gətirdikləri Təbriz məktəbi tərzi zərgər dəqiqliyi ilə yaradılmış təbiət təsvirlərinə, Çin üslubunun duyulduğu quş uçuşu yüksəkliyindən təsvirə baxışa sahib idi. Səfəvi rəssamlarına aid bu zamanın miniatürləri həddən artıq xırda detalların dəqiq işlənməsi ilə səciyyələnir. Məsələn, “Humayun şah qardaşları ilə” miniatüründə hər bir ağacın yarpaqları fərqli işlənmiş, dağların üzəri naxışvari xətlər ilə tərtib edimiş, geyimlərin xırda detalları dəqiqliklə çəkilmişdir. Obrazların simaları isə fərdi cəhətlərdən uzaqdır.
Azərbaycan miniatür ustalarının öz əsərləri iləformalaşdırdıqları Moğol miniatürləri orta əsrlərdə Hindistan yarımadasında və Mərkəzi Asiyada yaşayan xalqların, qurulan dövlətlərin mədəniyyətindən, tarixindən danışan üslubların sintezini özündə birləşdirən əsrarəngiz bədiiliyə malik təsviri sənət nümunələridir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
magistrantı Əliyeva Sədaqət
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin