
Azərbaycan musiqili komediya janrının təşəkkülü milli teatr tariximizin mühüm hadisələrindən biridir. Bu janrın əsasını yaradıcılığında Şərq musiqisinin zəngin ənənələri ilə Qərb musiqisinin elementlərini sintez edəngörkəmli bəstəkar və dramaturq Üzeyir Hacıbəyli qoymuşdur. O, teatr sənətinin ən mürəkkəb növlərindən biri olan opera, solistlər, xor və orkestr üçün vokal və instrumental əsər olan kontanta, milli marş ilə yanaşı, xalqın gündəlik həyatını, məişətini əks etdirən yaddaqalan əsərlər də yaratmışdır. Onun “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları Azərbaycan musiqili teatrının inkişafına güclü təsir göstərmiş, bu janrın ən parlaq nümunələrinə çevrilmişdir. Bu məqalədə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin satira yolu ilə cəmiyyətin tənqidindəki rolu və bir əsrdən çox zaman kəsiyində nələrin dəyişdiyi araşdırılacaqdır.
Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının yaranmasından 115 il ötür. 1910-cu ildə qələmə alınmış bu əsər zamanında Azərbaycan musiqili teatrının incilərindən biri olmaqla yanaşı, həm də cəmiyyətin sosial problemlərini incə yumorla tənqid edən güzgü rolunu oynamışdır. Əsərdə cahillik, rüşvət, məcburi evlilik, yalançı millətçilik və sərvətə pərəstiş kimi mövzular ön plandadır. Lakin maraqlıdır: 115 il sonra bu mövzular yenə də öz aktuallığını qoruyub saxlayırmı?
Əsərin əsas fiqurlarından biri Məşədi İbaddır — pullu, amma cahil bir tacir. O, savad və mənəvi dəyərlərdən yox, maddi sərvətdən güc alan bir tipajdır.Məşədi İbad, adətən xəsis, var-dövlətinə düşkün və yaşına uyğun olmayan bir izdivaca can atan obraz kimi xarakterizə olunur. Ancaq əsərə və filmə daha dərin yanaşdıqda, onun yalnız mənfi deyil, eyni zamanda müsbət xüsusiyyətlərə də sahib olduğunu görmək mümkündür. Məşədi İbadın ən çox vurğulanan xüsusiyyətlərindən biri onun xəsis olmasıdır. Əsər əsasında çəkilmiş filmin əvvəlində belə, onun adı çəkiləndə “xəsis Məşədi İbad” ifadəsi işlədilir. Lakin əsər boyu biz onun mütəmadi olaraq ətrafındakı insanlara pul verdiyini, hətta bir çox hallarda bu işdə səxavətli davrandığını görürük. Beləliklə, onun xəsisliyi tamamilə nisbi bir anlayışdır. Məşədi İbadın pula olan münasibəti daha çox onun ticarətçi təbiəti və sərvətini israf etməməyə çalışması ilə bağlıdır. O, hər xərclədiyi pulu ölçüb-biçir, boşuna sərf etməməyə çalışır. Bu isə onun həyatı düzgün planlaşdırmaq qabiliyyətinə, iqtisadi cəhətdən uzaqgörən olmasına dəlalət edir. Əslində, bu keyfiyyət hər bir iş adamı üçün vacibdir və bir insanın puluna qənaət etməsi onu mütləq şəkildə mənfi obraz kimi təqdim etmir.
Digər bir məqam isə Məşədi İbadın dürüstlüyüdür. O, heç kimi aldatmır, heç kimin haqqına girmir. Onun Gülnazla evlənmək istəyi də öz məqsədinə uyğun bir qərardır. Burada məsuliyyət təkcə Məşədi İbadın üzərinə düşmür. Çünki evlilik məsələsində ən böyük günahkar ata – Rüstəm bəydir. Əgər Rüstəm bəy öz qızını ona verməsəydi, Məşədi İbad onu zorla almaq, ya da qaçırmaq niyyətində deyildi. O, cəmiyyətdə qəbul olunmuş qaydalar çərçivəsində evlənmək istəyirdi və buna uyğun hərəkət edirdi. Deməli, cəmiyyətin o dövrdə mövcud olan problemləri Məşədi İbadın fərdi xüsusiyyətlərindən daha çox ön planda dayanırdı.
Məşədi İbadın müsbət tərəflərindən biri də onun fərasətli tacir olmasıdır. O, işini yaxşı bilir, düzgün ticarət aparır və sərvətini məhz zəhməti ilə qazanır. Bütün bu cəhətlər ona hörmət də qazandırır. Özünə qarşı yüksək düşüncədə olması – özünü ən yaxşısına layiq bilməsi bir tərəfdən eqoizm sayıla bilər, lakin digər tərəfdən baxsaq, bu, özünü sevən, dəyərləndirən bir insanın xüsusiyyəti kimi də yozula bilər.
Əsərin sonunda Məşədi İbadın ən böyük müsbət cəhəti üzə çıxır: o, aldadıldığını, başına oyun gətirildiyini bilsə də, ən doğru qərarı verir. Gülnaz ilə ailə qurmaqdan imtina edir və öz yaşına, daha uyğun olan Sənəmlə evlənməyə qərar verir. O, cəmiyyətin yanlış qəbul etdiyi, lakin reallıqda həqiqət olan bir şeyi anlayır: sevgi və ailə münasibətlərində yaş və uyğunluq mühüm rol oynayır. Bu baxımdan, Məşədi İbadın sonda verdiyi qərar onun düşüncə tərzindəki dəyişimi və böyüklüyünü göstərir. Əsərdə Məşədi İbadın mənfi xüsusiyyətləri nə qədər güclü vurğulansa da, onun insani keyfiyyətlərini də inkar etmək olmaz. O, zorakılıq göstərmir, haqqı olmayan bir şeyə iddia etmir, sadəcə, cəmiyyətin o dövrdə qəbul etdiyi qaydalara uyğun davranır. Eyni zamanda, sonda öz səhvini anlayıb doğru qərara gəlməyi bacarır. Bütün bunlar onu tamamilə mənfi obraz olmaqdan çıxarır və tamaşaçıya düşündürücü bir xarakter kimi təqdim edir.
Bugünkü reallıqda Məşədi İbad obrazı dəyişibmi? Əslində, yox. Məşədi, pul və nüfuza güvənən, hər şeyi satın alacağına inanan insan tipi olaraq qalır. O, bu gün də fərqli formalarda yaşayır — var-dövlətə sahib olub, sosial statusuna güvənərək hər şeyi satın almağa çalışan insan tipi hələ də aktualdır. Sadəcə, müasir dövrdə bu obraz biznesmen və ya oliqarx kimi qarşımıza çıxır. Bu Məşədilərin müsbət tərəfləri isə pərdə arxasında dumanlı qalır.
Məsumluq simvolu olan Gülnaz azad seçimin, yeni nəslin mübariz ruhunun təmsilçisidir. O, Məşədi İbadla zorla evlənmək istəmir, sevgi uğrunda səsiz də olsamübarizə aparır. Qadın azadlığını təmsil edən obraz kimi o, ailəsinin məcburi seçimlərinə boyun əymək istəmir və öz həyatını qurmaq istəyir. Müasir dövrdə bu, şəxsi seçimlərini müdafiə edən, sevgi və karyerası arasında balans yaratmağa çalışan güclü qadın obrazı ola bilər. Günümüzdə Gülnazın simasında müasir qadınları görmək mümkündür — öz həyatını sərbəst seçən, şəxsi xoşbəxtliyi uğrunda mübarizə aparan qadınlar. Ancaq hələ də cəmiyyətin bəzi təbəqələrində məcburi evlilik, valideynlərin seçimləri üzərindən qurulan ailə münasibətləri, qadınların hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi hallar mövcuddur.
Sərvər isə klassik “dəli-dolu gənc” obrazıdır – gəncliyin və yeniliyin təmsilçisidir. O, dəyişən cəmiyyətin nümayəndəsi kimi görünür, lakin eyni zamanda, bəzi hallarda fürsətcil, bəzi hallarda isə romantikdir. Bu gün Sərvər obrazını sosial şəbəkələrdə aktiv, özünü fərqli rollarda sınayan, bəzən prinsipial, bəzən isə sadəcə “zamanın axınına uyğunlaşan” gənclərdə görmək mümkündür. O, müasir dövrdə azad düşüncəli bir aktivist, bəzən də öz mənfəətini hesaba alan bir şəxs ola bilər.
“O olmasın, bu olsun” operettasında tənqidin əsas hədəflərindən biri də məhz Rüstəm bəydir. O, ailənin başçısıdır, lakin ənənəvi mənada qoruyucu bir ata və ya məsuliyyətli ailə başçısı obrazından çox uzaqdır. Bütün pullarını qumarda uduzaraq çətin vəziyyətə düşən Rüstəm bəy çarəni əməkdə və ya ağıllı qərarlarda deyil, daha asan yollarda – borc almaqda və qızını varlı tacir Məşədi İbada verməkdə görürdü. Rüstəm bəyin timsalında Üzeyir Hacıbəyli dövrünün bəylərini tənqid edirdi. Çünki bəy titulu artıq əvvəlki kimi güc və nüfuz ifadə etmirdi. Artıq bəylər çətinliklər qarşısında asan çıxış yollarına meyilli idilər. Rüstəm bəyin bir bəy olaraq çalışmaq, yeni dövrün tələblərinə uyğunlaşmaq və məsuliyyət daşımaq əvəzinə, qumara girməsi, borca düşməsi və nəticədə qızını satması cəmiyyətin çürümüş aristokratiyasına açıq bir ironiyadır. Əsərdə Rüstəm bəy nə müasir mənada bir ata, nə də ailəsini qoruyan güclü bir fiqurdur. O, məsuliyyətsizliyi ilə özünü və ailəsini uçuruma aparan bir obrazdır. Mənə görə Rüstəm bəy obrazı Məşədi İbad obrazından daha mənfi xarakterə sahibdir. Əsərin əvvəlində Rüstəm bəy düşdüyü çətinlikdən çıxmaq üçün gözəl göyçək, tər bənövşə qızını qurban verməyə razı olur sonunda isə məcburən hadisələrin axarına tabe olur və Sərvərin qələbəsi ilə barışır. Bugünkü dövrdə onun kimi insanları harada görə bilərik? Hələ də asan yolla pul qazanmaq istəyən, riskli oyunlara girən, iqtisadi çətinlikləri ağıllı strategiyalarla deyil, borcla, güzəştlə, hətta mənəvi dəyərləri qurban verməklə həll etməyə çalışan insanları təəssüf ki, hər yerdə görmək mümkündür.
“O olmasın, bu olsun” komediyasında Rza bəy obrazı ilə Üzeyir Hacıbəyli cəmiyyətdə öz dilinə yuxarıdan aşağı baxan, türkçülüyü yanlış anlayan və öz millətindən uzaq düşən tipik “ziyalı” insanları hədəf alır. Rza bəy özünü türkçü hesab edir və Anadolu türkcəsində danışmağı üstün tutur. Halbuki, əsərdəki az-çox təhsil almış “ziyalılar” da daxil olmaqla, ətrafındakı insanlar onu başa düşə bilmirlər. Çünki o, milli kimliyini başa düşmədən, onun mahiyyətinə varmadan, sadəcə dildə bir başqası olmağa çalışır. Bu obrazda Üzeyir Hacıbəyli öz dövrünün yanlış türkçülük anlayışını tənqid edirdi. Türk xalqları bir ağacın müxtəlif budaqlarıdır və bunu dərk etmək lazımdır. Türkçülük o demək deyil ki, bir xalq digərini öz içində əridib yox etsin, əksinə, hər xalq öz kimliyi, dili və mədəniyyəti ilə bu böyük ailənin bir parçası olmalıdır.
Biz Azər türkləriyik və öz kimliyimizi, tariximizi, dilimizi qorumalıyıq. Lakin bu problem əsərdəki digər problemlər kimi sadəcə Rıza bəyin dövründə qalmadı.Sovet hakimiyyəti dövründə rus dili elə bir mərtəbəyə yüksəldi ki, artıq öz ana dilində danışmayanlara üstünlük verilməyə başlandı. Hətta elə bir vəziyyət yaranmışdır ki, rusca bilməyən insanlara sanki ikinci dərəcəli vətəndaş kimi baxıldı. Bu tendensiya elə indi də davam edir. İş yerlərində xarici dil bilməyən insanlara qapılar çox vaxt bağlı olur. Halbuki, bir vətəndaşa öz vətənində işləmək üçün ana dilini bilmək kifayət etməlidir. Əlbəttə, xarici dil bilmək faydalıdır, bu insanın inkişafı üçün vacibdir. Amma öz ana dilini xor görərək, onu ikinci plana ataraq, kimliyini unutmaq çox təhlükəlidir. İnsan xarici dillərdə nə qədər gözəl danışsa da, öz ana dilində sərbəst və səlis danışa bilmirsə, bu, onun üçün böyük bir utancdır. Bəs bugünkü Rza bəylər kimlərdir? Bu gün Rza bəylər öz ana dilini bilə-bilə ondan imtina edənlərdir. Xarici dillərdə düşünməyə çalışıb, öz ana dilində fikrini düzgün ifadə edə bilməyənlərdir. Öz vətənində, öz millətinin içində olmasına baxmayaraq, yalnız xarici dillərdə danışmağı bir üstünlük hesab edənlərdir. Halbuki, intellektual insan öz kimliyini, öz ana dilini sevən, onu qoruyub inkişaf etdirən insandır. Biz kimik? Dilimizə, mədəniyyətimizə sahib çıxa bilmişikmi? Yoxsa Rza bəylər hələ də üstünlük təşkil edir? Bu sualların cavabı bu gün bizim dilimizə, mədəniyyətimizə necə yanaşmağımızdan asılıdır. Rza bəylərin cəmiyyətdə yerinin daralması üçün təhsildə, iş həyatında, gündəlik məişətdə ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin borcudur.
“O olmasın, bu olsun” əsərində Üzeyir Hacıbəyli təkcə məişət problemlərini deyil, həm də cəmiyyətin sosial və milli kimlik məsələlərini tənqid edirdi. Əsərdəki Həsənqulu bəy obrazı buna bariz nümunədir. O, özünü milliyyətçi adlandırır, böyük ideallardan danışır, lakin iş əmələ gələndə yalnız öz maraqlarını güdür. Milli ruh onun üçün sadəcə bir maskadır, mahiyyət etibarilə isə o, millətin dərdindən uzaqdır.
Təəssüf ki, bu gün də cəmiyyətimizdə Həsənqulu bəylər yetərincədir. Dırnaqarası milliyyətçilik nümayiş etdirən, ancaq əsl milli dəyərləri anlamayan, onları yaşatmağı lazım bilməyən, hətta bu mövzuları önəmsiz görən insanlar az deyil. Bunu yaxın zamanda Üzeyir Hacıbəylinin 140 illik yubileyi ərəfəsində sözügedən operettanın 115 illiyi münasibətilə keçirilən tədbirdə də gördük. Hacıbəyovun ev-muzeyində təşkil olunan tədbirdə milli geyimlər haqqında söhbət açıldı. Müzakirə mövzusu, təbii ki, Üzeyir Hacıbəylinin əsərlərinin milli ruhu ilə sıx bağlı idi. Çünki onun yaratdığı obrazların əynində gördüyümüz geyimlər həmin dövrün kimliyini, estetik dünyasını, milli mədəniyyətini əks etdirirdi.
Lakin təəccüblü (və bəlkə də təəssüf doğuran) məqamlardan biri o oldu ki, bəzi dinləyicilər bu əlaqəni dərk edə bilmədilər. “Milli geyimlərin Üzeyir Hacıbəyliyə nə dəxli var?” deyə sual edənlər tapıldı. Bu isə bir daha sübut edir ki, üzərindən bir əsrdən çox vaxt keçsə də, biz hələ də öz milli kimliyimizi tam dərk edə bilməmişik.Milli geyimlər təkcə parçadan, ipəkdən və tikmələrdən ibarət deyil. Onlar bir xalqın tarixini, düşüncəsini, estetikasını yaşadan maddi-mənəvi abidələrdir. Xüsusilə vurğulamaq istəyirəm ki, əsər əsasında çəkilmiş filimdə hadisələrin Bakıda cərəyan etməsinə baxmayaraq,rejissor Hüseyn Seyidzadə məqsədli şəkildə milli geyim geyinmiş obrazların geyimlərini Qarabağ bölgəsinə xas vermişdir. Buna səbəb isə bəstəkarın Qarabağda doğulub boya -başa çatması idi. Yəni, Qarabağda dünyaya göz açmış dahi bəstəkar Üzeyir Hacıbəyli ilə haqqında danışılan milli geyimlər arasındakı əlaqəni necə görməmək mümkündür axı? Zamanında da milli geyimlərimiz geriliyin simvolu hesab edildiyindən müasir dünya ilə əlaqəsini görə bilməyənlər tərəfindən rədd edilmişdir. Halbuki, onları günümüzün modasına uyğunlaşdıraraq geyinmək mümkündür. Bizim milli geyimlərimiz öz unikallığı və gözəlliyi ilə seçilir və bu estetik xəzinə unudulmamalıdır.
Milli dəyərləri qorumaq təkcə tarixi və ya muzey eksponatlarını sevmək deyil, eyni zamanda bu dəyərləri həyatımıza qaytarmaqdır. Gerçək bir milliyyətçi üçün bu, vacib məsələdir. Amma əgər biz hələ də millilik və onun mahiyyətini dərk etməkdən uzağıqsa, deməli, 115 il öncə Üzeyir Hacıbəylinin tənqid etdiyi Həsənqulu bəylər hələ də aramızdadır.
Zaman keçir, amma bəzi suallar hələ də açıq qalır:Biz doğrudanmı dəyişmişik? Milli dəyərlərimizi qoruya bilmişikmi? Yoxsa hələ də kimliyimizin mahiyyətini anlamayanlar cəmiyyətdə çoxluq təşkil edir? Bu sualların cavabını tapmaq üçün sadəcə tarixə nəzər salmaq kifayətdir. Amma əsas məsələ keçmişi bilmək deyil, ondan dərs almaq və milli dəyərləri gələcək nəsillərə ötürməkdir. Əks halda, biz 115 il sonra da hələ eyni problemləri müzakirə edəcəyik.
Sonda bir məqamı da qeyd etmək istəyirdim. Üzeyir Hacıbəylinin ev- muzeyində “O olmasın, bu olsun” operettasının 115 illik yubileyinə həsr olunan tədbirə hazırlaşarkən tədbir üçün ən uyğun adı düşündükdə ağlıma gələn ilk suallardan biri bu oldu: “115 ildə nə dəyişdi?” Əslində, məhz bu suala cavab tapmaq üçün həmin dövrün obrazlarını analiz edib bugünkü cəmiyyətlə müqayisə etmək qərarına gəldim.Və tədbirdən sonra bu qənaətə gəldim ki, çox şey dəyişməyib. Düzdür, artıq müstəqil dövlətimiz var, suverenik, ərazi bütövlüyümüz tam bərpa olunub, tarixi keçmişimizə qovuşmuşuq, dünyada tanınırıq. İnkişaf etmişik, iqtisadi gücümüz var, beynəlxalq səviyyədə sözümüz keçir. Amma milli ruh, düşüncə tərzi, intellektual inkişaf baxımından hələ də geridə qalmışıq.Təəssüf ki, bu gün də ciddi mövzulardan qaçırıq. Üzeyir bəyin gülüşü düşündürən gülüşdür axı. Amma bu gün biz yalnız gülməyə üstünlük veririk, düşünmək isə artıq ikinci plana keçib. Komediya janrında tamaşaları izləyirik, amma oradakı tənqidi, cəmiyyətə yönəlmiş mesajları görmürük. Sadəcə gülmək istəyirik, çünki ciddi düşünmək bizə ağır gəlir. Bütün bunlar isə intellektual səviyyənin zəifləməsi ilə bağlıdır. Təhsil müəssisələri kifayət qədərdir, insanlar kütləvi şəkildə təhsil alır, amma çox təəssüf ki, günümüzdə təhsilli olmaq, savadlı və düşünən insan olmaq üçün kifayət etmir. Çünki düşünmək istəmirik, milli məsələləri müzakirə etmək bizə darıxdırıcı gəlir, hətta milli geyimlərimizə belə yalnız tarix kimi baxırıq, onları gündəlik həyatımıza qaytarmaq haqqında düşünmürük. Bu isə milli kimliyimizin unutqanlığa məhkum olması deməkdir.
Vizual olaraq çox şey dəyişib, amma mahiyyət olaraq dəyişən elə də çox şey yoxdur. 115 il ərzində texnologiyalar dəyişib, geyimlər, dəyərlər modernləşib, amma müəyyən ictimai problemlər hələ də cəmiyyətin gündəmindədir. Əsərdə tənqid edilən rüşvət, məcburi evlilik, sosial status fərqləri və cahillik hələ də müxtəlif formalarda qarşımıza çıxır. Bu gün “O olmasın, bu olsun” əsəri tamaşa kimi səhnəyə qoyulanda, biz sadəcə tarixi bir komediya izlədiyimizi düşünməməliyik. Bu, əslində, bizi düşündürən, güldürə-güldürə reallığımızla üzləşdirən bir güzgüdür. Bəlkə də, 115 ildən sonra bir tamaşaçı bu əsəri izləyib hələ də eyni sualı verəcək: “Doğrudan da, nəsə dəyişibmi?” Lakin çox istərdim ki, bu sual verilməsin. Biz həqiqətən dəyişmək istəyiriksə, ilk olaraq özümüzdən başlamalıyıq. Cəmiyyət olaraq sadəcə dəyişmiş kimi görünmək yox, həqiqətən dəyişmək üçün çalışmalıyıq. O zaman, bəlkə, 115 il sonra eyni sualı yenidən vermək məcburiyyətində qalmayacağıq.
Əsərdəki məşhur ifadə — “O olmasın, bu olsun” — təkcə zahiri dəyişikliklərin deyil, eyni zamanda,mahiyyətin eyni qalmasının simvoludur. “O dövür olmasın, bu dövür olsun”. Heç fərq etməz, biz necə idiksə, elə də qalmaqda israrlıyıq!
Beləliklə, tərəddüd etmədən deyə bilərəm ki, əsərin obrazları hələ də bizim aramızdadır. Onlar sadəcə paltarlarını dəyişib, müasir görünüş alıblar. Amma düşüncələri, yanaşmaları, problemləri eyni qalıb.
115 il sonra dəyişməyən reallıqlar...
Sənətşünas Sədaqət Əliyeva





Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin