2025-ci ildə redaktoru olduğum və ön söz yazdığım növbəti kitab.
Sevil Azadqızı (İsayeva). Şamil Ənvəroğlu yaradıcılığının fəlsəfi duyumu (Ədəbi təhlillər). Bakı, “Elm və təhsil”, 2025. -112 s.
Şamil Ənvəroğlu (Tağıyev) Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. Roman və şeirləri bir neçə kitabda işıq üzü görüb. Şeir və esseləri Amerikada, Almaniyada, Albaniyada, Türkiyədə müxtəlif ədəbi dərgilərdə dərc olunub. Sevil Azadqızının qələmə aldığı bu kitabda şair Şamil Ənvəroğlu yaradıcılığının fəlsəfi tərəfləri araşdırılır və ədəbi təhlillər aparılır. Bu araşdırma Sevil Azadqızının nəşr olunan ikinci kitabıdır.
=====
ƏDƏBİ TƏHLİLLƏR,
yoxsa təqdimat xarakterli araşdırmalar?
Qədim bir məsəl var: Dəyəri dəyərli insanlar verər. Şeirin ifadə etdiyi fikri şair təbli insanlar daha yaxşı anlayırlar. Klassik yaradıcılıq imkanlarından fərqli olaraq, çağdaş ədəbi hüdudlar texniki imkanlar hesabına daha böyük auditoriya qazanır. İnternet saytları, sosial şəbəkələr qəzet və jurnallara nisbətən yayım tezliyi ilə də üstünlük təşkil edir. İndi ədəbiyyatı yaradanları bir məsələ ciddi düşündürür: Kağız kitab, yoxsa elektron “kitab” sərfəlidir? Göründüyü kimi, şair və yazıçı üçün fikrini oxucuya çatdırmaq yolunda qəzet və jurnallara nisbətən daha operativ vasitələr elektron imkanlar sayılır. Sosial şəbəkələr və internet saytları həm də tanıtım mərkəzləridir.
Bir oxucu kimi, mən özüm bu kitabı yazan Sevil Azadqızını və haqqında kitab yazılan Şamil Ənvəroğlunu sosial şəbəkələrdən tanımışam. Şamil Ənvəroğlu gənc yaşlarından ədəbi yaradıcılıqla məşğuldur, onun şeirləri dövrü mətbuatda, ədəbi orqanlarda yer alıb. Şamilin yaradıcılığında publisistik fəaliyyəti də önəmli yer tutur. Şeirləri və nəsr əsərləri işıq üzü görüb. Əsərləri müxtəlif dillərə tərcümə olunaraq xarici ölkələrdə çap olunub. “Şamil Ənvəroğlu yaradıcılığının fəlsəfi duyumu” adlanan bu kitabda onun qələmə aldığı mövzuların mahiyyəti açıqlanır, həyat hadisələrinə fəlsəfi münasibəti tədqiqatçı gözü ilə təhlil olunur. Kitabda diqqət çəkən məqam təhlilə cəlb olunan nümunələrin sosial şəbəkələrdən götürüldüyü açıq-aydın hiss olunur və ədəbi təhlillər ilkin olaraq elə sosial şəbəkələr vasitəsilə yayımlanmış və oxucu rəğbətini qazanmışdır.
Şamil Ənvəroğlunun şeirləri “populyar” mövzularda olsa da, onun həmin mövzulara yanaşma tərzi fərqlidir. Ana haqqında onlarla şeir yazılıb, hər birinin özəlliyi var. Şamilin şeiri də oxucunu fərqli baxımdan düşündürür:
Daş asılır gecələr vaxtın ayaqlarından,
Nə sabahlar açılır, nə ağrılar səngiyir,
Göz yaşıyla etdiyim dualarım cavabsız,
Sanki Tanrıya çatmır, bəlkə yolda ləngiyir?
Sonra quyu dibindən gələn bir səsə bənzər,
yorğun bir səs duyuram: "Can bala, yat, ağlama..."
Çəkilirəm otağın bir qaranlıq küncünə,
Anam görməsin deyə bürünürəm yorğana...
Başqa bir məqam: Qadın obrazı ədəbiyyatın baş mövzusudur, poeziya yaranandan qadını vəsf edir. Şamilin qadın haqqındakı şeirində ümumiləşdirmə aparılır:
Biri üçün bir cansız mətbəx əşyası,
biri üçün alınan nəfəssən, QADIN.
Biri üçün hər şeydə "günahkar" olan,
biri üçün dopdolu ürəksən, QADIN.
Qadın obrazının ümumiləşdirilmiş təsvir vasitələri oxucunu düşündürür və narahat edir. Bu narahatlıq isə şeirin müəllifindən gəlir:
Biri üçün bir kölə, bir işlək alət,
biri üçün başının tacısan, QADIN.
Kitabın müəllifi Sevil Azadqızı (İsayeva) adi bir kənd müəllimidir, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayır və burada Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Yeniyetmə yaşlarından şeir yazır, lakin uzun müddət onların dövrü mətbuatda çapına maraq göstərməyib. Çağdaş ədəbi prosesi müntəzəm izləyən Sevil Azadqızı oxuduğu əsərlər haqqında fikrini yazılı şəkildə bildirməyi xoşlayır. Daha çox şeirlərin təhlilinə üstünlük verən Sevil xanımın yaradıcılıq nümunələrinin bir qismi “Sözə sığmayan yaşantılar” adıyla ayrıca kitab halında işıq üzü görüb. Şair, publisist, filoloq xanımın ilk kitabında müstəqillik dövr Azərbaycan ədəbiyyatının yaradıcılıq nümunələrindən söhbət açılır, onların şeirləri təhlil olunur. İlk kitabda yaradıcılıq nümunələri təhlilə cəlb olunan şairlərdən biri Faiq Balabəylidir. Sevil Azadqızı dəniz sevdalı şairi “Söz vurğunu” adlandırır. “Şirini də acı dadan düşüncələr” fəslində mənim şeirlərimə diqqət çəkən Sevil xanım bu nümunələrdə ifadə olunan fikirləri açıqlamağa çalışır, oxucu ilə müəllif arasında anlaşıqlı əlaqə qurmaq istəyir. “Bilal Alarlının təzadlı nəğmələri” adlanan fəsildə şeirlərimə verilən təhlillər mənim özümü də heyrətləndirdi.
Sosial şəbəkələrdə yayımlanan ədəbi nümunələrə üz tutan və onları oxuculara sevdirməyə çalışan Sevil Azadqızının Qəşəm Nəcəfzadə, Səlahəddin Xəlil, Şaiq Miskinli (Mustafayev), Arzu Tahirqızı, Sevinc Azadlı (Səbzəliyeva), Elxas Comərd, Əlövsət Tahirli, Vasif Süleyman, Elçin Mirzəbəyli, Sevil Gül Nur, Bəxtiyar Nemətli, Sahibə Mürsəliyeva, Əlizadə Nuri, Gün Ay Ümid, İlham Əhmədov haqqında yazdığı məqalələr və apardığı təhlillər üslub fərdiliyi ilə də fərqlənir.
Yekunda kitabın müəllifi haqqında önəmli bir məsələni də qabartmaq istəyirəm. Sevil Azadqızı özü şairdir, həyata, təbiətəı, insanlara baxışında gizli bir poetizm var. Sosial şəbəkələrdə yayımladığı şeirlərin ayrıca kitab halında çapına olan ehtiyacı müəllif özü də hiss edir, amma öz şeirlərini bir yana qoyub, həmkarlarının yaradıcılıq nümunələrini ədəbi təhlilə cəlb edən, onların haqqında məqalələr yazan, kitablar ərsəyə gətirən Sevil Azadqızı bu xeyirxah əməli ilə tənqidçiləri düşünməyə vadar edir. Layiq olana dəyər vaxtında verilməlidir. Oxucunun əlində tutduğu bu kitabda müstəqillik dövr ədəbiyyatı yaradıcılarından birinin – Şamil Ənvəroğlunun qələmə aldığı nümunələr filoloq baxışı ilə nəzərdən keçirilir və bəyənilən, təqdir edilən nümunələr mütaliə məqsədilə oxuculara tövsiyə olunur.
Kitabda Şamil Ənvəroğlu haqqında yazılmış məqalə isə “Əlavə” bölməsində verilir. Ədəbi təhlillərdə gedən bəzi mətnlərin “Şamil Ənvəroğlu şeirində fəlsəfi notlar” məqaləsində təkrar əksini tapmasına baxmayaraq, buradakı təqdimat təhlillərdən fərqlənir. Buna görə də təkrarlanan hissələrə toxunmadan “notlarla” bağlı mühakiməni oxucuların ixtiyarına buraxırıq.
Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü,
“Qızıl Qələm” və Beynəlxalq
Rəsul Rza mükafatları laureatı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin