
“Sənətşünas olmaq üçün üç əsas keyfiyyət lazımdır:şairlik, filosofluq və cəngavərlik”.
Ziyadxan Əliyev
Aprelin 4-də Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində sənətşünaslıq elminə töhfələr vermişAzərbaycan sənətşünası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Alxan oğlu Əliyevə həsr edilmiş dəyərli bir nəşrin – “Sənətşünas ömrü” kitabının təqdimat mərasimi keçirilib.
ARA-da bakalavriat və magistratura səviyyələri üzrə təhsil aldığım illərdə Ziyadxan Əliyevin dərin elmi biliklərindən faydalanmaq mənə də nəsib olub. Bu gün onun aramızda olmaması mənə dərin hüzn və kədər yaşadır. Dəyərli alimin tələbəsi kimi Ziyadxan müəllimin xatirəsi mənim üçün hər zaman əzizdir. Hesab edirəm ki, bu itki yalnız onu sevənlərin və ailəsinin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, incəsənətinin böyük itkisi kimi dəyərləndirilməlidir. Bu boşluq uzun müddət hiss olunacaq, bəlkə də yeri heç vaxt tam dolmayacaq. Ziyadxan müəllim haqqında danışmaq böyük məsuliyyət tələb edir. Bütün ömrünü Azərbaycan mədəniyyətinin araşdırılmasına həsr etmiş bir elm fədaisi haqqında söz demək mənim üçün həm qürurvericidir, həm də bir az çətin. Ondan mənimsədiyim biliklər və örnək götürdüyüm yanaşmalar fəaliyyətimə hər zaman öz müsbət təsirini göstərib. Bu səbəbdən də Ziyadxan müəllim haqqında səsləndirilən hər bir fikrə gənc sənətşünas kimi yanaşmamı, ürək sözlərimi əlavə etməyi özümə mənəvi borc hesab edirəm.
Sözügedən nəşrin müəllifləri dosent Aslan Xəlilov və gənc sənətşünas Səmayə Xəlilovadır. Kitabda görkəmli sənətşünas, dəyərli alim Ziyadxan Əliyevin elmi və yaradıcılıq fəaliyyəti əhatəli şəkildə təqdim edilib.Təqdimat Ziyadxan müəllimin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev açılış nitqi ilə çıxış edərək dəyərli alim haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Daha sonra Elm və yaradıcılıq işləri üzrə prorektor Xalq rəssamı, professor Fuad Salayev,Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı,professor Ağəli İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Milli İncəsənət Muzeyinin Elmi-Tədqiqat şöbəsinin müdiri və kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telmanİbrahimov, “İncəsənət tarixi” kafedrasının dosenti Rayihə Məmmədli, dosent Samir Sadıqov, Memarlıq kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru İlqar Mənsimzadə, Ziyadxan Əliyevin yaxın dostu rəssam İmran Nurəli və sənətşünas Əsəd Quliyev çıxış edərək kitab haqqında fikirlərini oxucular ilə bölüşdülər.
Çıxışlar zamanı Ziyadxan Əliyevin Azərbaycan sənətşünaslığının inkişafına verdiyi töhfələr, onun elmi axtarışları, pedaqoji fəaliyyəti, sənət tariximizə dair yazdığı fundamental əsərləri, dərslik və kataloqlarıhaqqında ətraflı bəhs edildi. Eyni zamanda, onun tələbələri və həmkarları arasında qazandığı hörmət, insani keyfiyyətləri və xatirələri ilə bağlı dəyərli fikirlər səsləndirildi. Tədbirin sonunda kitabın müəllifləri dosent Aslan Xəlilov və Səmayə Xəlilova çıxış edərək nəşrin ərsəyə gəlməsi prosesindən, Ziyadxan Əliyevin irsini araşdırarkən qarşılaşdıqları maraqlı məqamlardan, elmi əhəmiyyət daşıyan mətnlərdən söz açdılar.Həmmüəlliflərin çıxışlarından bəzi məqamları təqdim etmək istərdim.
Səmayə Xəlilovanın çıxışından:
“Hörmətli tədbir iştirakçıları və qonaqlar, hər birinizi səmimi qəlbdən salamlayıram. Bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Həmmüəllifi olduğum kitab ilk tədqiqat işimdir və bu tədqiqat işinin dəyərli incəsənət xadimi Ziyadxan Əliyevin həyat və yaradıcılığına həsr olunduğu üçün çox şadam. Bir daha fürsətdən istifadə edib Ziyadxan müəllimin ruhunu hörmətlə anır, ona Allahdan rəhmət diləyirəm. Tədbirin yüksək səviyyədə təşkilinə şərait yaratdığı üçün dəyərli rektor Xalq rəssamı, professor Natiq Əliyevə, kitabın ərsəyə gəlməsində həm elmi redaktor kimi, həm də elmiməlumatlarla zəngin materiallarla bizə dəstək olan Telman İbrahimova bir daha minnətdarlığımı bildirirəm. Bu tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.
Dosent Aslan Xəlilovun çıxışından:
“Bağışlayan və mehriban Allahın adı ilə.
Bu gün burada çıxış etmək mənim üçün çox çətindir. Çünki içimdəki duyğular yalnız itkinin yaratdığı böyük boşluq, hüzn deyil, həm də minnətdarlıq, sevgi hissidir. Ziyadxan müəllimin bu gün aramızda olmaması mənim üçün ikiqat ağırdır – həm bir insan kimi, həm də bir sənətşünas kimi.
Ziyadxan müəllim hər zaman sənətşünaslıqla bağlı düşüncələrimə, fikirlərimə istiqamət verən dəyərli, gözəl insan idi. İndi özümə sual verirəm: bu gündən sonra kimə müraciət edəcəyəm?
Ziyadxan Əliyev mənim yalnız müəllimim deyil,eyni zamanda mənəvi atam idi. Mənim sənətşünas kimi formalaşmağımda onun rolu əvəzsizdir. Bildiklərini bizlə bölüşməsi, hər bir tələbəsinə xüsusi yanaşması, onları sevgi ilə yetişdirməsi əsl müəllimlik nümunəsi idi. O hər zaman deyirdi ki: “Bizim dövrün sənətşünasları bildiklərini çox bölüşmək istəmirdilər. Amma siz xoşbəxtsiniz ki, bizə rast gəlmisiniz”. Xatırlayıram, mən ilk məqaləmi yazanda Ziyadxan müəllim ilk dörd səhifəni silmişdi. Amma elə bu tələbkarlığı sayəsində daha sonra onun kitablarının redaktoru ola bilmişdim. O, bizə yalnızbilik yox, həm də dürüstlük, dəqiqlik və məsuliyyət öyrədirdi. Tələbəsinə meydan verən müəllimlərdən idi.Bu gün təqdim etdiyimiz kitab onun irsinin yalnız bir hissəsidir. Ziyadxan müəllim haqqında yazmaq, onu anlatmaq asan deyil. Kitabın ərsəyə gəlməsində mənə elmi baxımdan dəstək olan Telman İbrahimova təşəkkürümü bildirirəm. Kitabın birinci paraqrafı Azərbaycanda sənətşünaslığın formalaşmasından bəhs edir və orada sənətşünalıq sahəsində bu günə kimi fəaliyyət götərən elm xadimlərinin fəaliyyəti haqqında bütün informasiyalar dəqiq və qərəzsiz yazılmışdır. Onu da qeyd edim ki, “Sənətşünas ömrü” kitabında öz əksini tapmış monoqrafiyalar, müəllimin məqalələri onun yaradıcılığını tam əks etdirmir. Düşünürəm ki, ömür vəfa etsəydi, Ziyadxan müəllimin özü ilə birgə daha mükəmməl bir kitab ərsəyə gətirmiş olardıq.
Bugünkü tədbirimizə Azərbaycan xalqına, Azərbaycan xalqının mədəniyyətinə töhfələr vermişZiyadxan müəllimi sevənlər, onun yaradıcılığına qiymət verənlər dəvət gözləmədən gəliblər. Bu məni xüsusilə sevindirdi. Sonda özümün də məzunu olduğum Azərbaycan Rəssamlıq Akademiyasının dəyərli rektoru Xalq rəssamı professor Natiq Əliyevə, Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayevə, Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı, professor, Ağəli İbrahimov, professor Ziyadxan Əliyevi son günlərinə kimi tək qoymayan yaxın dostu rəssam İmran müəllimə, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin xanım Məlikovaya, “ İncəsənət tarixi” kafedrasının müdiri, professor Rayihə xanıma, bu tədbirin ərsəyə gəlməsində xüsusi əməyi olan Nigar xanıma təşəkkürlərimi bildirirəm.
Sonda fikrimi Ziyadxan müəllimin hər zaman təkidlə dediyi bu ifadə ilə yekunlaşdırmaq istərdim:“Sənətşünas olmaq üçün üç əsas keyfiyyət lazımdır: şairlik, filosofluq və cəngavərlik”.
Bəli, bu keyfiyyətlərin hər üçünü də dəyərli alimimizözündə birləşdirirdi. Bizlər – onun tələbələri, dostları, həmkarları bu məktəbin davamçılarıyıq. Onun işığını gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”.


Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin