
Böyük alimlərimizin hər anı qiymətlidir, dəyərlidir.
Onların illər boyu əldə etdikləri biliklər, apardıqları tədqiqatlar və yazdıqları əsərlər nəinki bir dövrü, bəzən bütöv bir xalqın mədəni irsini yaşadır. Kübra xanım Əliyeva da ömrünü Azərbaycan mədəniyyətinə həsr etmiş, yorulmadan araşdırmalar aparmış, yazmış və bu gün də yazmağa davam edən bir el insanıdır, dəyərli ziyalımızdır. Onun hazırda bir neçə kitab üzərində işlədiyini bilirdim, buna görə də müsahibəyə vaxt ayırması mənim üçün böyük bir lütf, elmi səxavət nümunəsi idi.
Görüş yeri olaraq Kübra xanım öz evinin qapılarınıüzümüzə açdı. Onun qonaqpərvərliyi, səmimiyyəti, Azərbaycan xanımına xas nəzakəti məni heyran etdi. Müsahibəyə rəfiqəmlə birlikdə getmişdik. Bizə sevgi dolu çay süfrəsi təqdim etdi, israrla nahar etməyimizi rica etdi və bu israrın arxasında yalnız qonağa olan hörmət və diqqətivar idi. Belə məqamlarda anlayırsan ki, qonaqpərvərlik bizim xalqımızın ruhuna o qədər hopub ki, bu sadəcə bir ənənə deyil, zamanla bir yaşayış tərzinə çevrilib.
Öncədən hazırladığım sualların yalnız birini verə bildimmüsahibimə. Kübra xanımla söhbətimiz zamanı yeni mövzular açılır, hər cümləsi məni yeni bir sual üzərində düşündürürdü. Beləliklə, planlaşdırılmış suallar yerini ani yaranan suallara verdi və bu, müsahibəni daha canlı və səmimi etdi. Müsahibə öncədən düşünülmüş suallarüzərində qurulanda bəzən söhbət bir qədər rəsmi bir formata keçir. Ancaq bizim ünsiyyətimiz doğmalıq üzərində qurulmuşdu – suallar və cavablar süfrə arxasında, isti çayların buxarı altında, mehriban bir atmosferdə səslənirdi.Bu görüş mənim üçün təkcə bir müsahibə deyildi. Bu, Azərbayca elminin canlı tarixi ilə ünsiyyət idi. Kübra xanımın danışdıqları, keçdiyi yollar, elmi araşdırmalarına olan sevgisi və bu sevgini paylaşmaq istəyi onu daha da yüsək bir zirvəyə, eyni zamanda, doğma bir obraz halına gətirirdi. Mənim üçün bu müsahibə təkcə yazıya köçürüləcək bir məqalə deyil, yaddaşıma həkk olunacaq unudulmaz bir gün idi.
Müsahibəni olduğu kimi sizə təqdim edirəm.
– İlk olaraq zaman ayırıb bizi qonaqpərvərliklə qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm, dəyərli Kübra xanım. Sizin araşdırmalarınız təkcə Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrini deyil, eyni zamanda, xalqımızın ümumi mədəniyyətini, tarixini və burada yaşayan etnik qrupların mədəni irsini də əhatə edir. Bu geniş mənzərəni tədqiq edərkən Azərbaycan mədəniyyətinin vahidliyini və eyni zamanda çoxçalarlılığını necə izah edərdiniz?
– Mənə də sizin kimi elm ilə maraqlanan gəncləri qonaq qismində qəbul etmək çox xoşdur, gözəl qızlarım. Sualın cavabına gəldikdə isə bütün ömrüm boyu, demək olar ki, özümü dərk etdiyim gündən Azərbaycan mədəniyyətinin zəngin kolaritini hiss etmişəm. Ömrümü xalqımın mədəniyyətini araşdırmağa həsr etmişəm. Universiteti bitirdikdən sonra bu sahədə fəaliyyətim daha da dərinləşdi. İlk diplom işimdən, dissertasiya müdafiəmdən başlayaraq Azərbaycan mədəniyyətini bütün aspektləri ilə tədqiq etməyə başladım. Bu yolda Lətif Kərimov kimi görkəmli alimdən dərs almaq, onun rəhbərliyi altında Azərbaycan xalçalarının nadir nümunələrini araşdırmaq mənim üçün böyük bir şans idi. Bunun böyük məsuliyyət olduğunu anlayaraq, əlimə düşən fürsətdən həm yararlanmağa, həm də xalqıma töhfə verməyə çalışdım. Düşünürəm ki, illər boyu yetişdirdiyim tələbələr, yazdığım kitablar, apardığım tədqiqatlar bu məqsədə nail olduğumu sübut edib. Həyatım çox rəngarəng keçib. Hazırda öz həyatım və elmi fəaliyyətim haqqında kitab üzərində işləyirəm. Bu kitabda Azərbaycanda yaşayan etnik qrupların mədəniyyətini öyrənmək məqsədi ilə onlarla birgə yaşayıb həyat tərzlərinin içində keçirdiyim günlərə xüsusi yer ayırmışam. Araşdırmalarımın əsas hissəsi məhz Azərbaycan ərazisində yaşayan müxtəlif xalqların mədəni irsinə yönəlib.
Mən təkcə bu xalqların tarixini öyrənməklə kifayətlənməmişəm, onların gündəlik həyat tərzi ilə yaxından tanış olmuşam. Qeyd etdiyim kimi bəzən onlarla bir ərazidə yaşamışam, onların məişətini, adət-ənənələrini müşahidə etmişəm. Xüsusilə, köçəri həyat tərzi sürən tərəkəmələr üzərində araşdırmalar aparmışam. Tərəkəmələr, əslində, qədim qıpçaqların nəslindəndirlər. Onlar bu gün də öz dədə-baba köklərinə, ənənələrinə sadiq qalaraq maldarlıqla məşğul olur, köçəri həyat tərzini davam etdirirlər. Eyni zamanda, Azərbaycanda qədim zamanlardan məskunlaşmış qeyri-türk xalqlarından biri olan talışlarla bağlı da geniş araşdırmalar aparmışam. Xüsusən, onların həsir toxuma sənəti mənim diqqətimi çəkib. Bu sənəti daha dərindən öyrənmək üçün dəfələrlə Milli Elmlər Akademiyası tərəfindən Talış bölgələrinə ezam olunmuşam, bu xalqın ustaları ilə birlikdə yaşamışam, onların sənət sirlərini öyrənmişəm. Bu araşdırmaların nəticəsi olaraq “Azərbaycan ərazisindəki talışların həsir toxuma sənəti” adlı kitabça yazdım. Burada talışların tarixi kökləri, həsir toxuma ənənələrinin formalaşması və onların məişət həyatında bu sənətin rolu geniş şəkildə öz əksini tapıb. Talışların oturaq həyat tərzi sürməsi, əsasən, əkinçiliklə məşğul olmaları, onların xalça toxuma ənənəsinə də təsir göstərib. Onlar üçün həsir xalçalar, yundan toxunan ənənəvi xalçalardan daha aktual idi. Bütün bu tədqiqatlar mənə göstərdi ki, Azərbaycan ərazisində yaşayan hər bir xalq, hər bir etnik qrup bu mədəniyyətin ayrılmaz hissəsidir. Onların hamısı Azərbaycan xalçasının rəngli naxışları kimi bir-birindən fərqlənir, amma bir yerdə vahid bir əsər yaradırlar. Mədəniyyətimizin zənginliyini də məhz bu müxtəliflik təmin edir. Onların birlikdə yaşaması, bir-birinə hörmətlə yanaşması, mədəni irslərinin bir-birinə təsir etməsi Azərbaycanı təkcə coğrafi baxımdan deyil, mədəniyyət və tarix baxımından da unikal bir məkan edir. Bu gün dünyada baş verən münaqişələr fonunda Azərbaycanın multikulturalizm siyasəti xüsusi əhəmiyyət kəsb edir. Tarix boyu bu torpaqlarda müxtəlif xalqların sülh içində yaşaması, qarşılıqlı hörmət və humanizm prinsiplərinə əsaslanan münasibətlər qurması, bizim ən böyük dəyərlərimizdən biridir. Bu gün də Azərbaycan dövləti bu multikultural ənənəni yaşadır və dünyaya nümunə göstərir. Mədəniyyətimizin əsas gücü, onun bu zəngin mozaikasında gizlənir.

– Bu kədərli xatirəni dinlədikcə məndə belə suallaryarandı: Azərbaycan xalqı göz-nəzərdən qorunmaq üçün qədimdən bəri hansı maddi nümunələrə və inanclara sahib olub? “Nəzər (göz dəymə)” anlayışı Azərbaycan incəsənətində və məişətində hansı yeri tutur? Və ən əsası nəzərdən qorunmaq üçün hansı vasitələrdən istifadə olunur?
– Qədim zamanlardan azərbaycanlılar göz dəyməsinə inanmış və ondan qorunmaq üçün müxtəlif üsullardan istifadə etmişlər. Bu qoruyucu vasitələr arasında ən geniş yayılmışı müxtəlif muncuqlar, xüsusilə “kauri” adlanan balıqqulağı tipli muncuqlardır. Kaurilər elmi ədəbiyyatda “qarnıyarıqlar” kimi tanınır və Hind okeanında əmələ gəlir. Onlar təkcə Azərbaycanda deyil, həm də İranda və Gürcüstanda yayılıb. Bu muncuqlar Azərbaycanda nəzərəqarşı qoruyucu əşya kimi istifadə edilmiş və arxeoloji qazıntılar zamanı müxtəlif bölgələrdə tapılmışdır. Məsələn, Qazax rayonundakı Sarıtəpə arxeoloji qazıntı sahəsində eramızdan əvvəl I minilliyə aid ondan artıq kauri muncuğu aşkarlanıb. Nəzər haqqında məlumatlar Azərbaycanın ən qədim mənbələrindən biri olan “Avesta”nın “Vəndidat” bölməsində də öz əksini tapır. Burada 10 fərqli divin adı çəkilir və onların arasında Aqaş adlı div insanları gözə gətirib məhv edən varlıq kimi təsvir edilir.
Kübra xanımın fikrincə, nəzər insanın gözündən çıxan yüksək enerjidir və ildırımın vurduğu təsirə bənzəyir. O, bu nəzəriyyəni orta əsr alimlərindən olan Bekonun fikirləri ilə əlaqələndirir. Bundan əlavə, Gürcüstanda iki təpə arasından keçən insanların qəfil halının pisləşməsi ilə bağlı bir məqaləni xatırlayır. Daha sonra Sibir alimləri həmin ərazidə güclü maqnit sahəsinin olduğunu müəyyən etmişdilər. Kübra xanım göz dəymənin insan bədəninə təsirini bu maqnit təsiri ilə müqayisə edir. Daha sonra dəyərli alimimiz əlavə etdi ki, Azərbaycan xalqı göz dəymədən qorunmaq üçün müxtəlif muncuqlarda və daşlardan – kaurilər, göz muncuqları, nəzər daşları, sapa düzülmüş iydə dənələri, xüsusən uşaqların donlarına tikilən dəvə yunu, qoç buyunuzu kimi vasitələrdən istifadə etmişdir. Həmçinin gözə dəyən insana kömür suyu içirtmək, nəzərə gələnin başına duz dolandırmaq da ənənə halını almışdır. Azərbaycan dilində göz dəymə ilə bağlı xalq arasında yayılmış bir çox bəddualar, ifadələr də var:
• Səni görüm gözünə tikan batsın!
• Səni görüm gözün işığa həsrət qalsın!
• Səni görüm gözün nur görməsin!
Azərbaycan sənətində bədnəzərə qarşı və ya bədnəzərlə əlaqədar xalça, keramika və metal sənətində qədim dövrlərdən bu günə qədər qoruyucu simvollar toxunub və işlənib. Məsələn, Azərbaycan maldar tərəkəmələri alaçıqlarda üzərində stilizə olunmuş əjdaha elementi olan verni adlı xovsuz xalçaları göz və bəd ruhlara qarşı qoruyucu xüsusiyyətə malik bir əşya kimi saxlayırlar. Bundan başqa Azərbaycan xalçalarında yüzlərlə qoruyucu element var. Bunlara qoç buynuzu, nal təsvirləri, göz rəsminin üzərində işlənən “mijə” (kirpik) adlı xırda haşiyələr, üçbucaq formalı “bitik” adlanan elementlər daxildir. Bunlar xalq inanclarında qoruyucu rəmzlər kimi qəbul edilib.
Kübra xanımla müsahibə zamanı divarda asılmış çox gözəl bir qadın fotosu mənim diqqətimi çəkdi. Kübra xanım bildirdi ki, bu, onun anası Zəhra Əliyevanın fotosudur. Zəhra xanım Əliyeva Qarabağın məşhur bəy nəsli olan Orucovların nümayəndəsidir. Orucov qardaşlarına məxsus olan bu nəslin Bakıda mətbuat sahəsində də fəaliyyəti olub.Bu məlumat məndə yeni bir sual doğurdu.
– Kübra xanım, Orucov qardaşlarının fəaliyyəti Azərbaycan mətbəəsinin inkişafında hansı rolu oynayıb? Bu haqda da məlumat verə bilərsinizmi?
– Azərbaycan mətbuat tarixində mühüm yer tutan Orucov qardaşları – Oruc, Abuzər və Qəmbər Orucov XX əsrin əvvəllərində Bakıda “İşıq” mətbəəsini təsis edərək, Azərbaycan ziyalılarının əsərlərinin çapını təşkil edən, maarifçiliyin yayılmasına və savadsızlığın aradan qaldırılmasına böyük töhfə verən görkəmli şəxsiyyətlər idi. Onlar Qarabağın nüfuzlu Orucov bəy nəslinə mənsub olmuş, eyni zamanda, Bərdə şəhərinin Alpout kəndində geniş torpaq sahələrinə, malikanələrə və kənd təsərrüfatına sahib idilər. Orucov qardaşları Bakıda fəaliyyət göstərmək üçün öz kəndlərindəki əkin sahələrini sataraq, indiki İstiqlaliyyət küçəsində Sabir bağının yerində böyük bir mətbəə binası inşa etdilər. Böyük qardaş Oruc Orucov, Tiflis və Sankt-Peterburqda təhsil almış, mətbəənin xarici əlaqələrini qurmaqla məşğul olmuşdu. Ana babam olan Abuzər Orucov Tiflisdə seminariyanı bitirmiş və mətbəənin əsas işlərini idarə edirdi. Qəmbər Orucov isə kitab satışını və bölgələrdəki yayım işlərini təşkil edirdi. 1905–1918-ci illər arasında aktiv fəaliyyət göstərən “İşıq” mətbəəsi, 1920-ci ildə sovet hakimiyyətinin qurulması ilə məcburən dövlətə təhvil verildi və qardaşların milli ruhda gördükləri işlər dayandırıldı. “İşıq” mətbəəsi Azərbaycan ziyalılarının və dövrün mütərəqqi yazarlarının əsərlərinin çap edildiyi əsas nəşriyyatlardan biri idi. Babam və qardaşları Azərbaycan maarifinə və ədəbiyyatına böyük xidmətlər göstərmişdilər. Burada Üzeyir Hacıbəylinin bütün partituraları, həmçinin A.Səhhət, A.Şaiq, H.Vəzirov, N. Nərimanov, Q.Qənizadə, A.Haqqverdiyev, M.S.Ordubadi və digər klassiklərin əsərləri çap olunurdu. Dünya ədəbiyyatından L.Tolstoy, M.Tven, D.Defo, J.Molyer, Ç.Zeydan, Ş.Perro, D.Amiçis, A.Henri və digər yazıçıların əsərləri Azərbaycan dilinə tərcümə edilərək geniş oxucu kütləsinə təqdim olunurdu. Bundan başqa, mətbəə Azərbaycan məktəbləri üçün dərsliklərin nəşri ilə də məşğul olurdu. Ana dili, tarix, ədəbiyyat, hesab və digər fənlər üzrə dərsliklər hazırlanaraq ölkənin müxtəlif məktəblərinə paylanırdı.
Abdulla Şaiq xatirələrində bu haqda yazırdı: “Yuxarı sinifdə oxumaq üçün dərsliklər yox idi, hər gün keçirilən dərsləri başqa müəllimlər kimi mən də tələbələrin dəftərinəyazdırdım. Bu çətin vəziyyətdən çıxmaq üçün 1909-cu ildə “Qülzar” adlı dərslik tərtib edib Orucov qardaşlarının mətbəəsində çap etdirdim”. Rəsulzadə də Orucov qardaşlarının fəaliyyətini yüksək qiymətləndirmişdi. O yazırdı ki, “Bütün rəsmi və qeyri-rəsmi məktəblərdə lisan dərsindən sonra ikinci yeri tutan hesab dərsinə böyük ehtiyac var idi. Üzeyir Hacıbəylinin 1907-ci ildə Orucov qardaşlarının mətbəəsində çap etdirdiyi dərs vəsaiti Azərbaycan maarifinin inkişafında mühüm rol oynadı”.Orucov qardaşları nəşriyyatı təkcə kitab çapı ilə yox, həm də xeyriyyəçilik fəaliyyəti ilə tanınırdı. Mətbəə Üzeyir Hacıbəyovun Sankt-Peterburqda təhsil alması üçün maddi yardım göstərmiş, Mirzə Ələkbər Sabirin bütün kitablarını pulsuz çap etdirmiş və hər gün yazdığı tənqidi şeirləri üçün ona 10 manat maaş ayırmışdılar. Nəriman Nərimanov da bu mətbəənin fəal dəstəkçilərindən idi. Bir haşiyəyə çıxaraq qeyd edim ki, N.Nərimanov Orucov qardaşlarının həm də ailə həkimi olmuşdur. O, repressiya illərində qardaşları qorumağa çalışmış, lakin bu mümkün olmamışdı. Sovet hakimiyyəti dövründə mətbəə milliləşdirilmiş, qardaşlar isə repressiya qurbanı olmuşdu. Orucov qardaşlarının Azərbaycan mətbuatı və maarifçiliyinə verdiyi töhfələr bu gün də dəyərini qoruyub saxlayır. Onların təsis etdiyi “İşıq” mətbəəsi milli mətbuat tariximizdə maarifçiliyin, təhsilin və milli şüurun formalaşmasında mühüm rol oynamış ilk özəl nəşriyyatlardan biri idi.
Söhbətimiz getdikcə tarixi məsələlərə yönəldi. Kübra xanım bildirdi ki, istənilən xalqın mədəniyyətini, ümumiyyətlə, dünya mədəniyyətini və incəsənətini öyrənmək üçün ilk növbədə tarixi, siyasi vəziyyəti və həmin siyasi quruluş çərçivəsində baş verən sosial hadisələri dərindən bilmək vacibdir. Mən də bu fikirlə tamamilə razıyam, çünki mədəniyyəti tarixdən ayrı araşdırmaq düzgün yanaşma deyil. Mədəniyyəti formalaşdıran əsas amillər siyasi mühit və cəmiyyətdə baş verən hadisələrdir. Eyni zamanda, mədəniyyətin özü də tarixin ayrılmaz hissəsidir, hətta tarixin formalaşmasında, siyasi dövlətlərin yaranmasında əsas rol oynayan amillərdən biridir. Kübra xanım da öz araşdırmalarını məhz tarixi faktlara və siyasi hadisələrin gedişatına əsaslanaraq aparır. Hazırda isə alban tarixi ilə bağlı tədqiqatlar üzərində işləyir və bu mövzuda kitab yazır.
Azərbaycan tarixində yaranan dövlətlərin adlandırılması və onların əhatə etdiyi coğrafi məkan daim müzakirə mövzusu olmuşdur. Xüsusilə də Urmiya ətrafında formalaşan qədim dövlətlər – Albaniya, Atropatena və daha sonra yaranan dövlətlər haqqında müxtəlif suallar yaranır. Tarixi qaynaqlara müraciət etdikdə görürük ki, Azərbaycanda formalaşan dövlətlərin və etnosların kökü çox qədimdir. Əsas məsələ isə bu ərazilərdə yaşayanların kimliyi, onların mənşəyi ilə bağlıdır. Bəzən belə bir sual ortaya çıxır: Biz – azərbaycanlılar, xüsusən də türk mənşəli xalq olaraq buranın yerli əhalisiyikmi, yoxsa sonradan gəlmişik? Bu suala cavab olaraq Kübra xanım bildirdi ki, tarixi mənbələr, maddi mədəniyyət nümunələri açıq şəkildə göstərir ki, türklər bu ərazilərə gəlmə deyil, əksinə, bura onların ana yurdudur. Manna da bizik, Albaniya da bizik, yəni bu torpaqlarda yaşayan eyni xalqdır. Tarixin müəyyən dövrlərində proto türklərin bir hissəsi müxtəlif səbəblərlə əlaqəli digər ərazilərə köç etsə də, sonradan yenidən öz dədə-baba yurduna qayıtmışlar.
Bu münval ilə söhbətimiz bu günlərdə yenidən aktuallaşan bir məsələyə – milli bayramlarımızın tarixi ilə bağlı məqamlara gəlib çıxdı. Bu inkaredilməz bir haldır ki,hər bir xalqın tarixini təsdiqləyən mühüm faktorlardan biriməhz onun milli bayramlarıdır. Bu baxımdan, bizlər üçün Novruz bayramı mədəniyyətimizdə xüsusi yer tutur. Dünyanın müxtəlif xalqları Novruzun mənşəyi ilə bağlı iddialar irəli sürürlər. Bu mövzuda Kübra xanıma sual etdim.
– Sizcə, Novruz bayramının tarixi hansı zamanadayanır? Bu sahədə hər hansı araşdırmalar aparmısınızmı? Onun yaranması və inkişaf tarixi barədə bizimlə hansı əsas məlumatları bölüşə bilərsiniz?
– Əziz qızım, toxunduğun məsələ çox vacibdir və ona geniş şəkildə aydınlıq gətirmək istəyirəm. İlk növbədə qeyd edim ki, Novruz bayramı bizim – qədim türk xalqlarının yaratdığı və əsrlər boyu yaşatdığı bir bayramdır. O, ilkin olaraq əkinçilik və maldarlıqla məşğul olan insanların fəsil dəyişməsi ilə bağlı keçirdiyi mərasimlərdən formalaşıb. Bu bayramın kökü çox qədimlərə gedib çıxır, çünki insanın əsas qayğısı sağ qalmaq, məhsul bolluğuna nail olmaq və nail olduqda isə bunu bayram kimi qeyd etmək olub. Bu mərasimlər isə təkcə 21 mart tarixi ilə məhdudlaşmırdı. İlin müxtəlif dövrlərində onun üçün hazırlıqlar görülür, müxtəlif mərasimlər təşkil edilirdi. Şübhəsiz ki, xalqlar bir-biri ilə mədəni və siyasi əlaqədə olur, bir-birindən müxtəlif adət və ənənələr götürürlər. Tarixə diqqətlə baxanda görürük ki, bu bayramın kökləri türk xalqlarının qədim inanclarına gedib çıxır. Bu mövzuda mənim iki elmi məqaləm var. Birincisi “Azərbaycanda bahar bayramının tarixi kökləri və onun rəmzləri” adlanır və burada yazın gəlişinin necə qeyd edildiyi, hansı qədim ənənələrlə bağlı olduğu araşdırılır. İkincisi isə “Zərdüştilik və Azərbaycanda Novruz bayramının tarixi kökləri” adlanır və burada Novruzun zərdüştlüklə hansı əlaqəsinin olduğu və necə olub ki, bu bayramın adı “Yaz bayramı” ifadəsindən çıxaraq fars mənşəli “Novruz” adı ilə tanınmağa başlanması izah edilir. Elə təkcə şifahi xalq yaradıcılığımıza baxsaq, kifayətdir. Məsələn aşağıdakı nəğməyə diqqət edək:
“Üçü bizə yağıdır,(qış)
Üçü cənnət bağıdır, (yay)
Üçü vurub gətirər, (yaz)
Üçü vurub aparar. ( güz-payız)”
Burada ilin fəsillərinin dəyişimi və xalq tərəfindən necə qəbul edildiyi əks olunub. XIX əsrdə türklərin atalar sözlərini araşdıran alman mütəxəssis H.F.Dies qeyd edir ki, qədim Oğuz miflərində də ilin quruluşu ilə bağlı fikirlər mövcuddur. Məsələn, bir mifdə deyilir ki, Oğuzdan 366 alp koptu, 24 has bəy, 32 səkçək. Burada 366 günlü il, 24 saatlı gün, 32 isə qəməri və günəş təqvimləri ilə bağlı rəqəmlər nəzərdə tutulur. Tapmacalarımızda da bu öz əksini tapır:
“Babamın bir çuxası var, 12 cibi.
Cibin hər küncündə 30 düymə.
Hər düymənin bir üzü ağ, bir üzü qara.”
Burada ilin 12 ayı, hər ayda 30 günün, gecə və gündüzün təsviri verilir. Şifahi xalq yaradıcılığında təqvim anlayışının yer alması heç təəcüblü deyil çünki qədim bizlər astronamik biliklərə malik olmuşuq. Elə ilk astronomik müşahidələr də məhz maldar türklər arasında yaranmışdır. Onlar öz alaçıqlarının üstündə dairəvi bir boşluq saxlayaraq, ulduzları və onların hərəkətini izləyirdilər. Məsələn, Naxçıvanın bəzi kəndlərində Ülkər ulduzlar topasının görünməsi mal-qaranın yaylağa aparılmasının vaxtı kimi qəbul edilirdi. Bu, baharın gəlişinin və maldar tayfalar arasında xüsusi mərasimlərin keçirilməsinin işarəsi idi.Həmin mərasimlərdən biri “Dölbaşı” adlanırdı. Mart ayında qoyun-quzuların doğulması ilə əlaqədar olaraq qurbanlar kəsilir, yumurta boyanır qorğa qovrulur və bolluq üçün ayinlər keçirilirdi. Bundan əvvəl, yəni oktyabr ayında isə sürüyə qoç buraxılır, doğulan quzuların ağız südü toplanır və çobanlar üçün “döl burnu” adlanan şirniyyat hazırlanırdı.Novruzun qədim mərasimlərinə həmçinin “Çilingağacı”, “Kaftar-Kosa”, “Maral oyunu”, “Qala qurma”, “Qoz-qoz”, “Keçə topu” kimi xalq oyunları daxildir. Bunlar maldar tayfalarının yaz şənliklərinin bir hissəsi idi. Zərdüştlüklə bağlı yanaşsaq, qeyd etməliyəm ki, “zərdüşt” sözünün mənası “ulduz sayan” deməkdir. Bu, qədim türk kahinlərinin – maqların ulduzları izləməsi ilə bağlıdır. Tarixçi Meri Boysyazır ki, Zərdüşt öz peyğəmbərliyini məhz Yaz bayramı ərəfəsində alıb. Bu da təsadüfi deyil, çünki qədim türklər yazın gəlişini Günəşin bir bürcdən digərinə keçməsi ilə əlaqələndirirdilər. Bütün bu məlumatlar bizə sübut edir ki, Novruz bayramı sırf türklərin astronomik və əkinçilik təqvimi ilə bağlıdır və onun kökü minilliklər boyu türk tayfalarının inancları ilə formalaşıb. Daha sonralar isə farslar bu bayramı özlərinə uyğunlaşdıraraq, ona “Novruz” adını veriblər. Bu baxımdan, Novruz bayramını sadəcə olaraq “fars bayramı” kimi təqdim etmək yanlışdır. Onun tarixi köklərini araşdıranda görürük ki, bu bayramın əsas mahiyyəti qədim türk inanc sisteminə əsaslanır.
Sözsüz ki, ömrünün böyük bir hissəsini Azərbaycan dekorativ-tətbiqi sənətinə, xüsusən də xalçaçılığa həsr edən böyük alimimizlə görüşdə xalça ilə bağlı heç bir sual verməmək böyük bir qəbahət olardı. Əvvəlcədən hazırladığım suallar arasında xalçalarla bağlı bir neçə sual olsa da, yuxarıda qeyd etdiyim kimi ilk sualdan sonra artıq söhbətin axarı məni başqa istiqamətə yönəltdi və əvvəlcədən düşünülmüş sualları vermədim. Kübra xanım “göz” və “nəzər” anlayışlarından danışarkən xovsuz xalça növü olan Vərni xalçası üzərində təsvir olunan əjdaha elementinin qoruyucu xüsusiyyətindən danışarkən məndə əjdaha simvolunun Azərbaycan incəsənətindəki tarixi kökləri barədə sual yarandı və müsahibimə həmin sualı ünvanladım.
– Kübra xanım, icazənizlə, sizə son bir sual da vermək istəyirəm. Azərbaycan xalçalarında təsvir olunan əjdaha simvolunun tarixi kökləri haralara gedib çıxır? Busimvol Azərbaycan xalçalarına, başqa mədəniyyətlərin təsiri ilə meydana gəlib, yoxsa, öz incəsənətimizin daha qədim mərhələlərinə dayanır?
– Əjdaha obrazı qədim dünyanın demək olar ki, bütün xalqlarının incəsənətində, mifologiyasında mühüm yer tutur və Azərbaycanın da mədəni irsində özünəməxsus yeri var. Əslində, əjdaha obrazı Azərbaycanda ilk zamanlarda totem xarakteri daşıyıb. Qayaüstü rəsmlərdə, eləcə də eramızdan əvvəl II minilliyin sonlarına aid Mingəçevir, Qazax və digər bölgələrdən tapılmış qadın bəzək əşyalarında ilan təsviri qoruyucu tilsim kimi istifadə olunub. Eramızdan əvvəl I minilliyin sonlarına doğru isə Güney Azərbaycanın Həsənli Təpəsində tapılan cam üzərində üçbaşlı, ağzından odpüskürən, bədəni pitona bənzəyən əjdaha təsvirinə rast gəlinir. Bu, həmin dövrdə əjdaha obrazının artıq mifoloji və dini dünyagörüşlərdə mühüm rol oynadığını göstərir.Azərbaycanın qədim dünyagörüşlərindən biri olan Zərdüştlükdəki xeyir və şər qüvvələrinin motivi olaraq əjdaha şərin, simurq quşu isə xeyirin simvolu hesab olunurdu. Bu motiv daha çox XVI-XVIII əsrlərə aid Qarabağ xalçalarında öz əksini tapıb. Bu xalılarda əjdaha simurqla döyüşən varlıq kimi təsvir edilir. Bundan əlavə, əjdaha və nəhənglərin məzmunu ilə bağlı olaraq qaranlıq dünyanın simvolu olan əjdaha təsvirlərinə Təbriz süjetli xalçalarda da rast gəlinir. Məsələn XIX əsrdə Təbrizdə toxunmuş Xovlu xalçası üzərində müqəddəs həyat ağacının sağ və solunda maral, keçi, it, at və insan təsvirləri bizim dünyanı, ağaca dolanan ilan qaranlıq dünyanı, ağacın başındakı quşlar isə ruhlar dünyasını simvolizə edir. Bu xalçada ilan ölülər dünyasının rəmzi kimi verilib. Hazırda bu xalça Bakıdakı Nizami adına Ədəbiyyat Muzeyinin kolleksiyasında saxlanılır. Azərbaycan xalçalarındakı əjdaha təsvirləri türk xalqları ilə, xüsusilə, uyğurlarla da müəyyən mədəni əlaqələri ortaya qoyur. Çinin şərqində yerləşən Türküstan bölgəsi ilə Azərbaycanın əjdaha simvolikasında ortaq cəhətləri araşdırmaq vacibdir. Bu baxımdan, Azərbaycan incəsənətində əjdaha motivinin rolu sadəcə mifoloji deyil, həm də mədəni əlaqələrin, tarixi irsin mühüm göstəricisidir.
Zamanın necə gəlib keçdiyini hiss etmədik. Elm və biliklə dolu, dərin məzmunlu bu söhbətin axarında saatların necə ötüb getdiyini düşünməyə belə fürsətimiz olmadı.Sonda Kübra xanım bizə müəllifi olduğu dörd kitabını hədiyyə etdi. Təbii ki, elm fədaisindən alınacaq ən dəyərli hədiyyə də elə bundan başqa nə ola bilərdi ki? Qonaqpərvərliyi, səxavəti, biliyə verdiyi dəyər və ən əsası, biliklərini böyük səmimiyyət və sevgi ilə bizimlə bölüşməsi ilə Kübra xanım əsl alicənablıq, nəciblik nümayiş etdi.
Müsahibənin sonunda isə oxucularla birlikdə dəyərli alimimiz Kübra xanımın həyat və yaradıcılığına qısa şəkildə nəzər salmaq istərdim. Onun elmi və bədii irsi, düşüncələri və fəaliyyəti haqqında qısa bir xülasə təqdim edərək, zəngin dünyasını daha da yaxından tanıtmaq yerinə düşər.

Kübra Əliyeva Azərbaycan incəsənətinin elmi tədqiqi və təbliğində müstəsna xidmətləri olan böyük alimdir. Onun araşdırmaları təkcə xalça sənətini deyil, eyni zamanda,Azərbaycan və Yaxın Şərq dekorativ-tətbiqi sənətinin inkişaf tarixi və nəzəri əsaslarını öyrənmək baxımından əhəmiyyətlidir.
Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin