
Rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinin bir araya gəldiyi sərgi ekspozisiyası Novruz bayramının ruhi təravətini əks etdirir.
AMİM direktoru Şirin Məlikova
Təbiətin oyanışını, yenilənməni və baharın sevincini təcəssüm etdirən “Güllər Ruzigarı” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş, realistik, avanqard gül natürmortları, Şəki xan sarayının divar rəsmlərindən sürəti köçürülmüş qrafika əsərlərini və sərginin ideasını tamamlayan heykəltəraşlıq nümunələrini bir araya gətirdi.
Martın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Güllər ruzigarı” sərgisinin açılışında iştirak etdim. Sərgiyə daxil olan andan etibarən özümü real dünyadan qopmuş, tamam başqa bir aləmə düşmüş kimi hiss etdim. Sanki baharın ruhu tabloların fırça izlərinə hopmuşdu və mən o rəsmlərin arasında dolaşdıqca gül-çiçəklərin ətrini duyurdum. Rənglərin canlılığı, fırça zərbələrinin ahəngi və işıq oyunları ilə tablolar məni öz sehrinə salmışdı. Bu ekspozisiya sanki baharın rüzgarı ilə rənglənmişdi – hər bir tablo bu fəslin ən gözəl anlarını özündə əks etdirirdi. Tabloların arasında gəzərkən lalələrin, qızılgüllərinin, nərgizlərin, çobanyastığının ətrini, qoxusunu duymaq mümkün idi. Güllərin hər biri, sanki canlı idi, insanla danışırdı. Sərginin özəlliklərindən biri də bu idi ki, bəzi tablolar ilk dəfə nümayiş olunurdu. Sənət aləmində bunun böyük bir hadisə olduğu aydındır, çünki muzeyin fondunda saxlanılan əsərlərin xüsusən Yaz bayramı ərəfəsində sərgilənməsi həm sənətşünaslar, həm də sənətsevərlər üçün xüsusi diqqətçəkən məqamlardandır. Bu rəsmləri ilk dəfə canlı olaraq görmək isə mənə tamamilə yeni bir baxış bucağı qazandırdı – sanki yeni dostlarla görüşmüş kimi idim.
Sərgidə nümayiş edilən əsərlərin təhlilinə keçməzdən öncə, Azərbaycan Milli İncəsənət Muzeyinin təkcə sərgilərin keçirildiyi bir məkan deyil, həm də incəsənətin bütün sahələrinin qarşılaşdığı, mədəniyyətin daim inkişaf etdiyi bir mərkəz olduğunu xüsusi olaraq qeyd etmək istərdim. Burada mütəmadi olaraq həm yerli, həm də beynəlxalq əhəmiyyətli sərgilər təşkil olunur, incəsənətin müxtəlif istiqamətləri – rəngkarlıq, heykəltəraşlıq, qrafika, memarlıq, hətta teatr və ədəbiyyatla bağlı tədbirlər bir araya gətirilir. Bu proses Azərbaycan incəsənətinin dünya səviyyəsində tanınmasına, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və yaradıcılıq mühitinin daha da zənginləşməsinə böyük töhfə verir. Bu dinamikaya təkan verən əsas qüvvə isə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın yorulmaz fəaliyyəti və incəsənətə olan dərin bağlılığıdır. Onun rəhbərliyi altında muzey sadəcə sərgilər təşkil edən bir institutdan çıxaraq əsl yaradıcı platformaya çevrilib. “Güllər ruzigarı” sərgisi də məhz bu yanaşmanın nəticəsidir – burada sənət sadəcə nümayiş etdirilmir, eyni zamanda, hiss olunur, yaşanır və tamaşaçını öz sehrinə salır.
Sərgidə nümayiş olunan əsərlərin hər biri öz bədii xüsusiyyətlərinə görə Azərbaycan rəngkarlığındakınatürmort və heykəllər arasında şah nümunələrdəndir. Salam Salamzadə, Tağı Tağıyev, Əbdülxalıq, Davud Kazımov, Tofiq Cavadov, Xalidə Səfərova, Nazim Babayev, Əbdülxalıq Rzaquliyev, Mahmud Tağıyev, Səttar Bəhlulzadə, Nazim Babayev, Məmməd Şirinov, Elmira Şahtaxtinskaya, İrina Koqnivitskaya kimi məşhur rəssamların əsərləri insanı real dünyadan ayırıb təbiətdə mövcud olan güllərdən ibarət dünyaya aparır. Tağı Tağıyevin 1950-ci ildə təsvir etdiyi “Natürmort” əsərinin romantik aurası, Salam Salamzadənin “Hacıleylək ilə güllər” tablosunun simvolik dərinliyi və Əbdülxalıq Rzaquliyevin “Lalələr” rəsminin saf, təbii ifadəliliyi bir-birini tamamlayaraq sərgiyə möhtəşəm atmosfer bəxş edirdi.
Yaradıcılığı 1950-1960-cı illərdə formalaşan, modernist cərəyanlarla sıx bağlı olan və Azərbaycan rəngkarlığında yeni üslub axtarışlarının başlanğıcı kimi qiymətləndirilən Tofiq Cavadovun “Güllər ruzigarı” sərgisində “Güllər və dibçəklər” və 1957-ci ildə təsvir etdiyi natürmortlar nümayiş olunur. Hər iki natürmortu rəssamın unikal kolorit duyumu və ifadəli fırça texnikası canlı və dinamik edir. “Güllər və dibçəklər” əsərində yazın gəlişini simvolizə edən çiçəklər, süfrə üzərindəki kiçik detallar və gündəlik həyatın tərkib hissəsi olan su qabı, suvarma qabı kimi əşyalar təsvir olunub. Əsərdə sarı, qırmızı və narıncı çiçəklər dominantlıq təşkil edir, bu da isti və şən bir ab-hava yaradır. Çiçəklərin arxa planda sıx şəkildə düzülməsi və ön plandakı vazalar, masa üzərinə dağılmış ləçəklər və əşyalar dinamiklik hissini artırır. Tünd mavi və yaşıl fon rəng kontrastı yaradaraq çiçəklərin parlaqlığını daha da vurğulayır. Qırmızı və narıncı tonlar isə işığın təsirini hiss etdirməklə yanaşı, baharın coşğusunu əks etdirir. Bu əsər sadəcə çiçəklərin təsviri deyil, həm də həyatın keçiciliyi və təbiətin enerjisini özündə daşıyan simvolik bir lövhədir. Ləçəklərin yerə tökülməsi, bəzi çiçəklərin solmağa başlaması vaxtın axıcılığını və fəsillərin dəyişkənliyini ifadə edir. Bununla yanaşı, suvarma qabı və şüşə qab həyatın və çiçəklərin qayğıya ehtiyacı olduğunu xatırladır. Tofiq Cavadovun bu əsərində ekspressionist və post-impressionist təsirlər hiss olunur. Qalın və sərbəst fırça vurğuları, teksturalı boya qatları və kontrastlı rəng harmoniyası onun ekspressiv yanaşmasını vurğulayır. Rəssamın fırça texnikası və rənglərin sərbəst istifadəsi əsərə ritmik axıcılıq gətirir.
Tofiq Cavadovun bu əsəri təkcə vizual gözəllik yaratmaqla kifayətlənmir, həm də baharın keçiciliyi, həyatın dövri xarakteri və təbiətin enerjisi barədə dərin düşüncələr oyadır. “Güllər ruzigarı” sərgisində nümayiş olunan bu iş, tamaşaçıya duyğusal və estetik bir təcrübə təqdim edir.
Sərgi salonunda gəzərkən diqqətimi cəlb edən bir məqam da o oldu ki, ziyarətçilərin əksəriyyəti böyük həvəslə Xalidə Səfərovanın “Süsənlər” adlı tablosu önündə foto çəkdirirdilər. Düşünürəm əsərin kompozisiyası və koloriti onu hər kəs üçün diqqətçəkən etmişdir. Tablo şübhəsiz ki, impressionistlərə xas üslubda işlənmiş parlaq və dinamik bir rəngkarlıq nümunəsidir. Süsən çiçəkləri yaşıl, mavi və bənövşəyi çalarların harmoniyası ilə canlandırılıb. Rənglərin qabarıq şəkildə tətbiqi və enerjili fırça hərəkətləri tabloda ritm və hərəkət hissi yaradır. Əsər təbiətin yenilənmə və həyat doluluğunu simvolizə edir. Rəssamın istifadə etdiyi qalın və sərbəst fırça toxunuşları impressionist texnikanı xatırladır və təbiətə duyulan sevginin ifadəsinə çevrilir. Süsən çiçəkləri simvolik olaraq zəriflik, məsumluq və eyni zamanda incə güc rəmzi kimi qəbul edilir. Xalidə Səfərova bu çiçəkləri təbii gözəllikləri ilə yanaşı, metaforik mənada da təqdim edir. Bu əsər təbiətə duyulan dərin sevgi və onun ötəri, lakin eyni zamanda əbədi gözəlliyini ifadə edir. “Güllər ruzigarı” sərgisi kontekstində bu əsər çiçəklərin füsunkarlığını, təbiətin rəng çalarlarının zənginliyini və insan duyğularına təsirini əks etdirən güclü bir vizual element rolunu oynayır.
Elmira Şahtaxtinskayanın əsəri isə realist və ekspressiv üslubun vəhdətini əks etdirir. Əsərin diqqətçəkən elementi qarla örtülü ağac budaqları və onların fonunda yerləşən mavi saxsı güldanda sarı nərgiz çiçəkləridir. Soyuq və isti rənglərin kontrastı əsərə vizual dərinlik və poetik təsir qatır. Ağacın qarlı budaqları təbiətin sərt, lakin eyni zamanda ecazkar tərəfini göstərir. Ön plandakı çiçəklər isə bu soyuq fonun əksinə həyat və ümidi təcəssüm etdirir. Əsər “Güllər ruzigarı” sərgisində təbiətin müxtəlif mövsümi hallarını və çiçəklərin simvolik mənalarını vurğulamaq baxımından əhəmiyyətli yer tutur.
Səttar Bəhlulzadənin “Lalələr” əsəri ekspressionist üslubda işlənmişdir. Rəssam burada lalələri parlaq qırmızı rəngdə, canlı və hərəkətli kompozisiya ilə təsvir etmişdir. Sarı fonun üzərində qırmızı çiçəklər tamaşaçıya güclü emosional təsir bağışlayır. Əsərdə lalələr mərkəzdə yerləşdirilib və dalğalı şəkildə sıralanıb. Bu, əsərə müəyyən bir ritm və musiqililik gətirir. Rəssamın istifadə etdiyi fırça texnikası və rənglərin qabarıq şəkildə tətbiqi çiçəklərin enerjisini artırır. Hər bir ləçəyin forması fərqlidir və bu, onların təbiətini daha realistik göstərir. Bəhlulzadənin digər əsərləri ilə müqayisə etdikdə, məsələn, onun “Bahar” və “Göyçay bağları” tablolarında da təbiətə xüsusi vurğu olduğu görünür. Lakin “Lalələr”də daha çox rənglərin kəskin və ekspressiv şəkildə təqdim olunması müşahidə olunur. Əsər Azərbaycan rəngkarlığında çiçək mövzusunun xüsusi yerini vurğulayır və təbiətin gözəlliyinə olan ehtiramı ifadə edir.
Əbdülxalıq Rzaquliyevin əsərində qırmızı lalələr və ağ çobanyastığı gülləri təsvir edilib. O, lalələri yaşıl fonun içində yerləşdirərək təbiət mənzərəsini canlandırıb. Fırça texnikası impressionist üsluba yaxındır, detallar sərbəst və emosional şəkildə işlənib. Səttar Bəhlulzadənin lalələri ilə müqayisədə, Rzaquliyevin lalələri daha sərbəst və teksturalıdır. Bəhlulzadə isə adətən lalələri dekorativ və simvolik üslubda təsvir edirdi, onun işlərində rəng harmoniyası və romantik atmosfer üstünlük təşkil edirdi. Rzaquliyev isə daha çox realizm və spontan ifadəliliyə önəm verir.
Məncə, sərginin ən unikal hissələrindən biri isə Şəki Xan Sarayının çiçək təsvirli kompozisiyalarının surətlərinin nümayişidir. Bu sənət nümunələri, Usta Qəmbər Qarabağinin şah əsərləri kimi tanınan rəsmlərin surətləri olaraq XX əsrin 30-40-cı illərində Azərbaycan təsviri sənətinə dəyərli töhfələr vermiş Vera Kvitko və Zinaida Boqoslovskaya-Kosiçkina tərəfindən köçürülmüşdür. Şəki Xan Sarayının divarlarını bəzəyən klassik Azərbaycan monumental-dekorativ rəngkarlıq nümunəsinin kağız üzərində təzahür nümunəsidir. Əsas kompozisiya təbiət, quşlar və çiçəklərlə zənginləşdirilib. Sərgilənən bu silsilədən olan əsərlərdən birinin kompozisiyası diqqətçəkən idi. Belə ki, əsərin mərkəzində qanadlarını açmış tovuzquşu yerləşir. Quşun ətrafı isə bənövşəyi, qırmızı, mavi və yaşıl çiçəklərlə əhatə olunub. Bu kompozisiya Şərq ornamentlərinin ənənəvi xüsusiyyətlərini özündə daşıyır. Tovuzquşu Şərq mədəniyyətində bolluq, əzəmət və ilahi gözəlliyin rəmzidir. Rənglərin ahəngi və detallara verilən incəlik əsəri vizual cəhətdən zənginləşdirir. Orijinal divar rəsminin kağız üzərinə köçürülməsi Azərbaycan milli irsinin gələcək nəsillərə ötürülməsi üçün mühüm addımdır. Bu əsər “Güllər ruzigarı” sərgisində Azərbaycan təsviri sənətinin klassik və çağdaş üslubları arasındakı bağları nümayiş etdirməklə, mədəni irsin müasir dövrə inteqrasiyasını vurğulayır.
Sərgidə həmçinin tanınmış heykəltəraşlar, Sahib Quliyev və Teymur Rüstəmovun baharı və yenilənməni tərənnüm edən əsərləri də nümayiş edilir. Teymur Rüstəmovun təqdim etdiyi “Qəlbin aynası” əsəri tunc və mərmər kimi materialları birləşdirərək, gözoxşayan vizual effekt yaradır. Əsərin əsas diqqətçəkən elementi kəpənək təsviridir. Kəpənək simvolik olaraq dəyişiklik, yenidən doğulma və azadlığı ifadə edir. Metal səthin köhnə, yaşılımtıl patinası əsərə antik və mistik bir atmosfer bəxş edir. Güzgü hissəsinin parıltısı isə reallıq və illüziya arasındakı sərhədi vurğulayır. Yaşıl və oksidləşmiş metal tonları əsərdə zamanın axıcılığını simvollaşdırır. Bu, “Güllər ruzigarı” sərgisinin ümumi fəlsəfəsinə – keçmiş və gələcəyin bir-birinə bağlanmasına uyğun gəlir.
Sahib Quliyevin “Bahar” və “Çimən qadın” əsəri qadın və təbiət əlaqəsini heykəl formasında poetik bir dillə ifadə edir. “Bahar” - heykəldə qadın forması baharın oyanışı ilə əlaqələndirilir. Bahar həyatın yeni başlanğıcını, məhsuldarlığı və gəncliyi simvollaşdırır. Qadının qollarını başının üzərinə qaldırması sanki günəşin ilıq şüalarını qarşıladığını xatırladır. “Çimən qadın” – qadın fiqurunun hamar və axıcı xətləri onu çəmən və təbiətlə bir bütün halına gətirir. Bu, insan və təbiət arasındakı harmoniyanı ifadə edir.
Heykəllər sərgiyə plastikanın zərifliyini və formanın dinamikasını gətirir. Qadın fiqurunun təbiətlə əlaqəsi insanın daxili dünyasının xarici mühitlə vəhdətini vurğulayır.
“Güllər ruzigarı” sərgisi çiçəklərin rəngarəngliyini, onların təbiət və insan duyğularına təsirini sənət vasitəsilə ifadə edir. Hər bir rəssam çiçəkləri fərqli rakurslardan təsvir etməklə yanaşı, onların simvolik məzmununu da ön plana çəkmişdir. Sərgidə nümayiş olunan əsərlər Azərbaycan rəngkarlığında çiçək motivlərinin və yaz əhvalının estetik- fəlsəfi çalarlarını açıq şəkildə nümayiş etdirir.
Sərgini tərk edəndə içimdə qəribə bir duyğu yarandı. Bu gözəllikdən ayrılmaq istəmirdim, sanki o bahar rüzgarı ilə dolu aurada bir az daha qalmaq istəyirdim. Qəlbim coşqun duyğularla dolmuşdu – bu həm dərin sevinc, həm nostalji, həm də sənətin gücünə heyranlıq idi. Bir anlıq düşündüm: Yaz fəsli özü də müvəqqəti olduğu kimi, bu sərginin də bir sonu var. Amma qəlbimdə sərgi məkanını tərk etdikdən sonra da həmin rənglərin, duyğuların uzun müddət mənim içimdə yaşayacağı hissi var idi…Buna görə də, “Güllər ruzigarı” sərgisi təkcə incəsənət nümayişi deyil, bir hiss, bir auradır – o rüzgarı bir dəfə hiss edən insan onu bir daha unuda bilməz. Sərgi mənə sözün əsl mənasında unudulmaz təsir bağışladı…
“Güllər ruzigarı” sərgisi Azərbaycan təsviri sənətinin zənginliyini və rəssamlarımızın ustalığını nümayiş etdirməklə yanaşı, Novruz bayramının ab-havasını da əks etdirərək ziyarətçilərə yazın ruhunu 30 aprel tarixinə kimi yaşatmağa davam edəcək.
Sənətşünas Sədaqət Əliyeva





Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin