
Qədim tarixə malik olan Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların birgə yaşadığı ölkə olaraq, öz multikultural dəyərləri ilə dünyada tanınmışdır. Yüzillər boyu ölkəmizdə yaşayan ləzgilər, gürcülər, avarlar, talışlar, yəhudilər, almanlar, udinlər, saxurlar, lahıclar, tatlar, kürdlər və digər xalqlar öz dinlərini, dillərini və mədəniyyətlərini yaşatmaqla Azərbaycan xalqına qaynayıb-qarışmış, ölkənin sosial və mədəni həyatında mühüm rol oynamışdırlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”. Bu çoxmilli sərvətimizin, multikultural dəyərlərimizin qorunması və inkişafı sahəsində Ulu öndər böyük işlər görmüşdür. Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının bir hissəsi kimi təqdim etməklə, ölkəmiz-də multikulturalizm siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi olmuşdur. O, multikulturalizmi ölkənin demokratik inkişafının vacib tərkib hissəsi kimi yüksək qiymətləndirmişdir.
Heydər Əliyev Azərbaycanın multikultural ənənələrinin dövlət səviyyəsində qorunmasını təmin edərək, bu sahədəki siyasətin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilməsinə rəhbərlik etmişdir. Ulu öndər qeyd etmişdir: "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da– bütünlükdə hamısı azərbaycanlıdır." Onun rəhbərliyi altında Azərbaycan mədəni müxtəlifliyi qoruyub saxlamağa və bütün etnik və dini icmaların birgə yaşadığı cəmiyyətin əsasını qoymağa müvəffəq olmuşdur. Heydər Əliyev Azərbaycanın dini müxtəlifliyini və tolerantlığını qorumağın vacibliyini daim vurğulamış, ölkənin bütün dini icmalarına öz dini inanclarını sərbəst şəkildə yerinə yetirməyə imkan yaratmışdır. Dini icmaların öz ibadətlərini sərbəst icra etmələri üçün şərait yaradılmış, ölkədəki məscidlər, kilsələr və sinaqoqlar həm qorunmuş, həm də inkişaf etmişdir. Ulu öndər müxtəlif din xadimlərilə görüşərək, Azərbaycanın dini mühitinin daha da zənginləşməsinə töhfə vermişdir. Azərbaycan İslamın müxtəlif təriqətlərinə, həmçinin xristian, yəhudi və digər dini inanc qruplarına qarşı dözümlü və hörmətlə yanaşaraq, özünün multikulturalizm və dini dözümlülük prinsiplərini dünyaya nümayiş etdirmişdir. Bu yanaşma Azərbaycanı dünyada dini dözümlülük və multikulturalizmin bir nümunəsi kimi tanıtmışdır.
Ulu Öndər Heydər Əliyev multikulturalizm siyasətinin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa xüsusi önəm vermişdir. Onun rəhbərliyi altında Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulmuş və bu istiqamətdə əhəmiyyətli addımlar atılmışdır. Bu konvensiyalardan biri Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası"dır. Azərbaycan bu konvensiyanı 1995-ci il fevralın 1-də imzalayaraq, 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya etmişdir. Heydər Əliyev Azərbaycan multikulturalizmini yalnız nəzəri cəhətdən deyil, həm də praktik şəkildə həyata keçirərək, ölkəni müxtəlif mədəniyyətlərin, dinlərin və xalqların harmonik şəkildə bir arada yaşadığı müasir bir cəmiyyətə çevirmişdir. Onun multikulturalizmə verdiyi önəm, Azərbaycanın sosial və mədəni inkişafına mühüm təsir göstərmiş, ölkənin beynəlxalq aləmdə həmrəylik və dözümlülük prinsiplərinə əsaslanan mövqeyini gücləndirmişdir.
Ulu Öndərin multikulturalizm sahəsində həyata keçirdiyi böyük işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Azərbaycan multikulturalizmi, ölkənin sosial, mədəni və dini müxtəlifliyini qəbul etməklə bərabər, bu müxtəlifliyi harmonik şəkildə bir arada yaşamağı təşviq edir. Bu mədəni müxtəliflik, ölkəmizin gücünü, sabitliyini və inkişafını təmin etməklə yanaşı, dünyada barış və anlaşma üçün vacib bir model kimi nümunə göstərilir.
İstifadə olunmuş mənbə:
1. Mir-Bağırzadə S.A. Multikulturalizmə giriş. Dərslik. Bakı, 2021, 124 səh;
2. Multikulturalizmə giriş: Ali Məktəblər üçün dərslik. Bakı: Şərq Qərb, 2019, 431 səh.;
3. Nəcəfov E. Heydər Əliyev və Azərbaycanda etnik-mədəni müxtəlifliyin tənzimlənməsi. Xalq qəz., 9 may 2018, səh.6.;
4. Azərbaycan multikulturalizmi. Ali Məktəblər üçün dərslik. Bakı: BBMM, 2017, 422 səh.;
5. Quliyeva X. Azərbaycançılıq ideologiyasından multikulturalizmə kimi milli mədəniyyətlərarası
dialoq fəlsəfəmiz. https://science.gov.az/az/news/open/17194
6.Xudiyev N. Heydər Əliyev və Multikulturalizmin Azərbaycan modeli. https://www.yeniazerbaycan.com/
Aynurə Əsgərova
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin