Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondu 2004-cü il mayın 10-da fəaliyyətə başlamışdır. Heydər Əliyev Fondu fəaliyyətə başladığı vaxtdan bugünədək milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin qorunub saxlanılması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunması və ölkəmizin beynəlxalq nüfuzunun artması ilə bağlı müstəsna xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə qayğısı və böyük dəstəyi ilə Heydər Əliyev Fondu mədəniyyət və müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmış, möhtəşəm beynəlxalq tədbirlər, konfranslar, festivallar, mədəniyyət günləri və sərgilər həyata keçirmişdir. Milli-mədəni irsimizin dünyada geniş təbliğində Heydər Əliyev Fondunun təşkilatçılığı, təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə keçirilən sərgilərin böyük rolu vardır.
2007-ci ilin oktyabr ayında Moskvada təşkil edilmiş “BibliObraz-2007” Beynəlxalq Festivalı çərçivəsində dünyanın 22 ölkəsindən olan iştirakçılar Heydər Əliyev Fondu tərəfindən yaradılmış “Azərbaycan” stendinin ekspozisiyasında Azərbaycan ədəbiyyatının klassiklərinin rus və digər dillərdə nəşr edilmiş əsərləri, Azərbaycan mədəniyyətinə həsr olunmuş nəşr və multimedia diskləri, əl işləri olan gəlinciklər, miniatürlər, mini-xalçalar, musiqi alətləri, mis qablar və Azərbaycan kulinariyası ilə yaxından tanış olmuşdurlar [5].
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa Parlamentinin mənzil-qərargahında ilk dəfə olaraq 2009-cu ilin noyabr ayında Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan incəsənət ustalarının konserti təşkil olunmuş, rəsm əsərləri, bədii miniatürlər, Azərbaycanın qədim tətbiqi və xalçaçılıq sənətlərini əks etdirən eksponatlar, mis və əntiq əşyalar nümayiş etdirilmişdir.
2010-cu il 15-21 noyabr tarixlərində Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda “Azərbaycan:uçan xalçalar ilə nağıllar aləminə” adlı sərgi keçirilmişdir. Sərgidə coğrafi mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunmuşdur. Sərgi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən ingilis dilində hazırlamış “Azərbaycan” kitabının təqdimatı keçirilmişdir [3].
2011-ci il fevralın 17-də Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin təşəbbüs və dəstəyi ilə Parisdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin yenidən bərpa edilməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının fransız dilində təqdimatına həsr olunmuş mərasim keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişdirlər. Misgərlik əşyalarından və Qarabağ xalçaçılıq məktəbinin gözəl nümunələrindən ibarət sərgi ilə yanaşı, qonaqlara Azərbaycan milli mətbəxinin yeməkləri təqdim olunmuşdur.
2011-ci il aprelin 18-də Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” adlı sərginin açılışı olmuşdur. Ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu sərgi Azərbaycan insanının xarakterini Qərb tamaşaçısına çatdırmaq baxımından əvəzsiz fürsət olmuşdur [1].
2011-ci il 16-20 iyul tarixlərində Fransanın San-Trope şəhərində II Ramatüel Klassik Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə “Azərbaycanın mədəni zənginlikləri” adlı sərgi keçirilmişdir. Sərgidə xalçaçılıq nümunələri, qədim mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər nümayiş etdirilmişdir. Azərbaycan musiqiçiləri iyulun 17-də Fransanın Ramatüel şəhərində keçirilən II Ramatüel Klassik Musiqi Festivalında iştirak etmişdirlər.
2011-ci il sentyabrın 15-də Parisin 7-ci rayonunun meriyasının binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunmuş sərgi açılmışdır. Azərbaycanın rəmzlərindən biri olan Qız qalasına həsr edilmiş sərginin ekspozisiyasında 2010-2011-ci illərdə Bakıda keçirilən “Qız qalası” Beynəlxalq İncəsənət Festivallarında nümayiş etdirilən əsərlər yer almışdır. Sərgidə 18 rəssamın əsəri təqdim olunmuşdur.
Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə 2012-ci il yanvarın 17-də Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olmuşdur. Sərgidə 21 müəllifin boyakarlıq, qrafika, heykəltəraşlıq, foto, video janrlarında bir-birindən maraqlı əsərləri təqdim edilmişdir. “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi 2012-ci ilin aprel ayında Parisdə, noyabr ayında Berlində, 2013-cü ilin fevral ayında Moskvada, mart ayında Romada, may ayında Vyanada, bağlanış mərasimi isə 2013-cü ilin dekabr ayında Bakıda keçirilmişdir.
Heydər Əliyev Fondunun, ölkəmizin İtaliyadakı və Fransadakı Səfirliklərinin dəstəyi ilə 2012-ci ilin 16-21 aprel tarixlərində İtaliyada Azərbaycan mədəniyyəti günləri, 29 may-5 iyul tarixlərində isə Fransanın Ron-Alp regionunun Qayar, Tonon və Eviar şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.
2012-ci ilin oktyabr ayından 2013-cü ilin iyul ayınadək Fransanın müxtəlif regionlarında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsertlər keçirilmişdir. Sərgilərdə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar- xalça və xalça məmulatları, misgərlik nümunələri, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr olunmuş ədəbiyyat toplusu nümayiş etdirilmişdir. Analoji tədbir, həmçinin 28 may 2014-cü il tarixində Strasburqda, Avropa Şurasının mənzil iqaməgahında da təşkil olunmuşdur [2].
Azərbaycanla Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il 14 noyabr-5 dekabr tarixlərində Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi keçirilmişdir. Sərgidə Azərbaycan ərazisində tapılan arxeoloji materiallar, xalqımızın mədəniyyətini və həyat tərzini əks etdirən eksponatlar, müxtəlif sənətkarlıq nümunələri- silahlar, zinət əşyaları və qədim misgərlk məmulatları, musiqi alətləri, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, qədim əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar nümayiş olunmuşdur.
Heydər Əliyev Fondu “YARAT!” Müasir incəsənət məkanı ilə birgə 2013-cü il aprelin 18-də Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunmuş “Ev, doğma ev” mövzusunda sərgi təşkil etmişdir. Sərgidə “ev” mövzusu ilə əlaqədar olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltəraşlıq işləri nümayiş etdirilmişdir.
Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2013-cü ildə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Parisdə YUNESKO-nun mənzil-qərargahında və Azərbaycan Mədəniyyət Mərkəzində, 2014-cü ildə Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində, 2015-ci ildə Parisin 1-ci rayonunun meriyasında “Azərbaycan-tolerantlıq məkanı” adlı fotosərgi keçirilmişdir. Sərgidə “Tolerantlıq ünvanı-Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə səfərlər etmiş fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənmişdir.
2013-cü ilin noyabr və dekabr aylarında Fransanın Reyms və Mülüz şəhərlərində Azərbaycan görkəmli şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsertlər təşkil olunmuşdur. Sərgilərdə Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairənin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar nümayiş etdirilmisdir. 2014-cü ilin iyun ayında Mülüz şəhərindəki Yuxarı Alzas Universitetində Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə universitetin filologiya fakültəsinin konfrans zalı yenidən qurulmuş və zala görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin adı verilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Almaniyadakı Səfirliyinin dəstəyi ilə 2013-cü ildə "Azərbaycanı tanıdım" layihəsi çərçivəsində Almaniyada Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Münhendə başlamış ilk tədbirdə "Azərbaycan" fotosərgisi nümayiş etdirilmiş, qonaqlara Heydər Əliyev Fondunun Azərbaycana aid alman dilində nəşr etdiyi kitablar və Azərbaycan musiqisindən ibarət kompakt disklər təqdim olunmuşdur. Tədbirlər silsiləsi 2013-cü ilin noyabr-dekabr aylarında Almaniyanın Ştutqart, Köln və Hamburq şəhərlərində, 2014-cü ilin oktyabr-dekabr aylarında Hannover, Düsseldorf, Drezden şəhərlərində, 2015-ci ildə isə Frankfurt şəhərində davam etmişdir. Burada Almaniyada hec vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdiyi əsərlərdən ibarət "Almaniya bir rəssamın gözü ilə" rəsm sərgisi və Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotosərgi təşkil edilmiş, Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunmuşdur.
YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhər ərazisində yerləşən və paytaxtın rəmzi olan Qız qalasını dünyada tanıtmaq məqsədilə Fransanın Kann və Paris şəhərlərində 2013 və 2016-cı illərdə “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilmişdir.
Ölkəmizi, mədəniyyətimizi, milli-mədəni dəyərlərimizi və musiqimizi Fransada təbliğ etmək, müxtəlif mədəniyyətə və həyat tərzinə malik xalqları bir-birinə daha yaxından tanıtmaq və iki ölkə arasında mədəni əlaqələri möhkəmləndirmək məqsədi ilə 2014-cü ilin iyul ayında Fransanın Jura dağlarında yerləşən qədim Syam qəsrində Syam festivalı keçirilmiş, 2014-cü ildə Parisin San Sülpis meydanında, 2015-ci ildə Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında, 2016-cı ildə Eyfel qülləsinin yanındakı Jofr meydanında “Azərbaycan şəhərciyi” təşkil olunmuşdur. Şəhərcikdə Azərbaycanın tarixi və mədəniyyəti, milli mətbəxi, xalq sənətkarlıq nümunələri, turizm imkanları, Azərbaycanın milli musiqisi və rəqsləri təqdim olunmuşdur.
2015-ci ilin iyul-oktyabr aylarında ölkəmiz “Milan Ekspo 2015” Ümumdünya sərgisində “Azərbaycan. Biomüxtəliflik xəzinəsi” adlı milli pavilyonu ilə təmsil olunmuşdur. Milli pavilyonda qurulmuş “Mədəniyyətlərin kəsişməsi”, “Biomüxtəliflik” və “İnnovasiya və ənənə” adlı üç biosfer ətraf mühitini və qədim mədəniyyətini daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirirdi. 2015-ci il iyulun 9-da Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu tərəfindən “Milli gün” təşkil olunmuşdur. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilmişdir. Sərgi müddətində 3 milyon 250 mindən çox ziyarətçisi olan milli pavilyonumuz “Milan Ekspo 2015” təşkilat Komitəsi tərəfindən “Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunmuşdur.
2013, 2015, 2017 və 2019-cu illərdə keçirilmiş 55, 56, 57 və 58-ci Ümumdünya təsviri incəsənət sərgisi- Venesiya Biennalesində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan pavilyonu təşkil olunmuşdur. 2013-cü ildə “Ornamentlər” devizi atında təqdim olunan pavilyonda Azərbaycanı 6 rəssam təmsil etmişdir. 2015-ci ildə keçirilən Biennaledə Azərbaycan pavilyonunda “Hüdudları aşaraq” və ekoloji problemlərlə mübarizə aparan müxtəlif ökələrin rəssamlarını bir araya gətirən “VitaVitale” sərgiləri təşkil olunmuşdur. 2017-ci ildə keçirilən Venesiya Biennalesindəki “Bir günəş alında.Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultural ənənələri, etno-mədəni müxtəlifliyi və tolerantlığı öz əksini tapmışdır. 2019-cu ildə 58-ci Venesiya Biennalesində Azərbaycan “Virtual reallıq” adlanan milli pavilyonda heykəltəraşlıq əsərləri, videoinstalyasiyalar, süni intellektlə idarə olunan videoinstalyasiyalar təqdim olunmuşdur [2].
2016-cı ilin noyabr ayından 2017-ci ilin fevral ayınadək Heydər Əliyev Fondunun, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin və “Mərcan” Fondunun dəstəyi ilə Rusiya Dövlət Tretyakov Qaleriyasında “Abşeron ulduzları.1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi keçirilmişdir. Sərgidə 12 Azərbaycan rəssamının 50-dən çox əsəri, 11 heykəltəraşlıq əsəri nümayiş etdirilmişdir. Layihənin davamı olaraq 2017-ci ilin may-sentyabr aylarında Sankt-Peterburqda “Erarta” Müasir İncəsənət Muzeyində “Abşeron küləyində doğulanlar.1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi təşkil edilmişdir.
2017-2019-cu illərdə İsveçrənin Sankt Mortiz şəhərində keçirilən qar polosu üzrə dünya çempionatı çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış “Azərbaycan guşəsi”ndə heykəltəraşlıq və rəsm əsərləri, milli xalça növləri, çövkən oyununa, müxtəlif mövzulara dair kitablar nümayiş etdirilmiş, ziyarətçilərə Azərbaycan şirniyyatı, milli çay süfrəsi, yerli şərab növləri, milli mətbəximizin ləziz nümunələri təqdim olunmuşdur.
2018-ci ilin may ayında Şanxay əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Tədbirdə Çin dövlət qurumlarının rəsmiləri, 30-a yaxın ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan Azərbaycanlılar iştirak etmişdirlər. Mədəniyyət günü Azərbaycanın Şanxay əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi ilk tədbir olmuşdur.
Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı Səfirliyinin və Moskva hökumətinin təşkilatçılığı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 2018-ci ilin oktyabr ayında Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik təşkil olunmuşdur. Şəhərcikdə Azərbaycan mədəniyyəti və tarixi, milli mətbəx nümunələri təqdim edilmiş, misgərlik, xalçaçılıq, müxtəlif sənətkarlıq növləri üzrə məhsullar nümayiş olunmuşdur.
2018-ci ilin noyabr ayında Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı Səfirliyinin dəstəyi ilə Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi təşkil olunmuşdur. Sərginin ekspozisiyasının konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulmuşdur. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunmuşdur.
2019-cu il 14 iyul-18 avqust tarixlərində Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı Səfirliyinin və Kann şəhər meriyasının təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisində xalq rəssamı Eldar Mikayılzadənin Azərbaycan xalçalarının Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunmuşdur.
Heydər Əliyev Fondu, Azərbaycannın Fransadakı Səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2020-ci il 30 yanvar-4 fevral tarixlərində Parisdə YUNESKO-nun baş qərargahında Fondun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi keçirilmişdir.
2021-ci il oktyabrın 11-də Çinin “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan mədəniyyətinə pəncərə” adlı milli pavilyonu yaradılmışdır. Pavilyonda Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, bəzək əşyaları, milli geyimlər, musiqi alətləri, habelə Fondun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müasir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunmuşdur. Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qaya rəsmlərinin imitasiyası nümayiş etdirilmişdir [8].
2022-ci il yanvarın 26-da Sankt-Peterburqda Mərmər Sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılmışdır. Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarət olmuşdur. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirlyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş və mayın 9-dək davam edən “Yeddi gözəl” sərgisinin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxil edilmişdir.
2022-ci il fevralın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində keçirilən “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunan “Dostluq” xalçasının təqdimatı olmuşdur. Ənənəvi Azərbaycan xalçaları və yeni müasir dizayn əsasında hazırlanan xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elemetləri əksini tapmışdır. “Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə əməkdar rəssam Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində 7 ay ərzində ərsəyə gəlmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2022-ci il 22 fevral-1 mart tarixlərində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunan “Moskvada Azərbaycan günləri” keçirilmişdir. Azərbaycan günləri çərçivəsində fevralın 22-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçaları:yeni baxış” adlı sərginin açılışı olmuşdur. Sərgidə “Qarabağ” qrupuna aid xalçalar nümayiş etdirilmişdir.
2022-ci il fevralın 22-də Moskvadakı Yeni Tretyakov Qalereyasında Xalq rəssamı Tahir Salahovun “Tretyakov Qalereyasının kolleksiyasından olan əsərlər” adlı sərgisi açılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Moskvada Azərbaycan günləri” çərçivəsində təşkil olunan ekspozisiyada rəssamın natürmort, peyzaj, portret janrlarında əsərləri ziyarətçilərə nümayiş olunmuşdur. Ekspozisiyada Tahir Salahovun məşhur “Qladioluslar”, “Qara Qarayevin portreti”, “Aydan” əsərləri, həmçinin müxtəlif dövrləri əhatə edən əsərləri, “Səhər ovu” əsəri ziyarətçilərə nümayiş etdirilmişdir.
2022-ci il iyunun 10-da Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33 ölkədən 500-dən çox iştiakçını bir araya gətirən incəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində ilk dəfə təmsil olunmuşdur. Azərbaycan stendində heykəltəraş Elvin Nəbizadənin fenomenal “Gündüz və gecə” əsəri nümayiş etdirilmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2022-ci ilin aprel-noyabr aylarında Azərbaycan 59-cu Venesiya Biennallesində- Beynəlxalq İncəsənət Sərgisində təmsil olunmuşdur. Biennalledə ölkəmiz “Sevmək üçün doğulanlar” mövzusunda milli pavilyonla iştirak etmişdir. Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında Azərbaycan pavilyonunda Azərbaycanlı rəssamlar müasir incəsənət üzrə müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda, ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini sərgi iştiakçılarına çatdırmışdır.
2023-cü il aprelin 3-də Azərbaycan Parisdə Luvr muzeyinin Karusel qaleriyasında “Art Shopping” beynəlxalq müasir incəsənət festivalında təmsil olunmuşdur. Azərbaycan pavilyonunda ziyarətçilər heykəltəraş Elvin Nəbizadənin “Bir günəş altında” adlı müasir instalyasiyasını, rəssam Anar Hüseynzadənin tablolarını seyr etmişdirlər. Göy qurşağı formasında 44 sazdan ibarət Bir günəş altında” instalyasiyası Azərbaycanda multikulturalizmin və tolerantlığın simvoludur. Anar Hüseynzadənin əsərləri vasitəsi ilə qədim İçərişəhər, onun özünəməxsus dar küçələri, Abşeronla ziyarətçilər tanış olmuşdurlar. Rəssamın “Kosmos” seriyasından olan əsərləri ilk dəfə bu festivalda tamaşaçılara təqdim edilmişdir [4].
2024-cü il aprelin 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə Venesiya Biennallesində Azərbaycan pavilyonunun açılışı olmuşdur. “Əcnəbilər hər yerdədir” şüarı altında keçirilən 60-cı Venesiya Biennalesində Azərbaycanın “Xəzərdən Çəhrayı Planetə.Mən burdayam” mövzusunda milli pavilyonu təşkil olunmuşdur. Venesiyada 16-cı əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşən Azərbaycan pavilyonunda Azərbaycanlı rəssamların əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq edilərək, həmin mövzunun Azərbaycan üçün aktuallığı diqqətə çatdırılır [6].
Heydər Əliyev Fondunun Azərbaycanın milli-mədəni irsinin dünyada tandılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət hər bir Azərbaycan vətəndaşı tərəfindən təqdir olunur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizə qayğısı və dəstəyi sayəsində bu gün Azərbaycan mədəniyyəti dünya mədəniyyətini zənginləşdirərək öz layiqli yerini tutmuşdur.
İstifadə olunmuş mənbə:
1. Əliyev Ə. Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi Fransa ictimaiyyətində böyük maraq doğurmuşdur. Azərbaycan, 22 aprel 2011, s.4;
2. Heydər Əliyev Fondu. Kitab-albom. Bakı, 2018, 468 səh.;
3. Orucov E. Heydər Əliyev Fondu Azərbaycan milli mədəniyyətinin himayədarıdır. Xalq qəzeti, 29 avqust 2019, s.8;
4. Ağalarova Ş. Azərbaycan Luvr karusel “Art Shopping” beynəlxalq müasir incəsənət festivalında təmsil olunur. “AzərTac”, 02 aprel 2023;
5. Фонд Гейдара Алиева будет представлен на предстоящем в Москве с участием 22 стран Международном фестивале «БиблиОбраз-2007» // Бакинский рабочий. 2007. 5 октября. с.4;
6.https://heydar-aliyev-foundation.org/az/content/blog/119/Az%C9%99rbaycan%C4%B1n-t%C9%99bli%C4%9Fi
7. https://mehribanaliyeva.preslib.az/media-f52c3a85a7.html
8.https://medeniyyet.az/page/news/59362/Cindeki-Qedim-meskenlerde-Azerbaycan-medeniyyetine-pencere.html
Aynurə Əsgərova,
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin