Müasir incəsənətin Azərbaycanda inkişaf problemləri dedikdə nə başa düşürük?
Günümüzdə Azərbaycan incəsənətində müasir incəsənətin bir çox istiqamətlərinə münasibət birmənalı deyildir və əksər hallarda radikal yanaşma ilə üzləşirik. Belə ki, istər akademik ənənələrə üstünlük verən yaşlı nəsil incəsənət xadimləri, istərsə ümumi kütlə dünyada sürətlə yeni-yeni istiqamətləri formalaşan müasir incəsənəti qəbul etmir, hətta rədd edir. Təbii ki, belə bir mühitdə müasir incəsənətin inkişafından söhbət belə gedə bilməz. Bu vəziyyət mənə “Babam mənə kor deyib, hər yetənə vur deyib” xalq deyimini xatırladır. Həqiqətən də insanda elə təsəvvür yaranır ki, günümüzdə müasir incəsənətin məğzini öyrənməmiş, kor-koranə olaraq babalarımızda görməmişik deyə onların vəsiyyəti imiş kimi müasir incəsənətə müraciət edən rəssamların hansına yetdiksə, vururuq. Həm də necə, baltanı kökündən vururuq! Bu da ondan irəli gəlir ki, cəmiyyətimizdə, hətta incəsənət aləmində belə tam olaraq müasir incəsənətin mahiyyəti, istiqamətləri haqqında informasiya qıtlığı mövcuddur. Bu sahədə maariflənməyə böyük ehtiyac var. Bu istiqamətdə ölkədə keçirilən sərgi və tədbirlər isə əksərən kiçik auditoriyanı əhatə edir. Eyni zamanda, davamlı, ardıcıl və şəbəkə şəklində bir-biri ilə əlaqəli, mütəşəkkil təşkil edilmir. Bu baxımdan müasir Azərbaycan mədəniyyətində müasir incəsənətə radikal yanaşmanın köklü şəkildə dəyişdirilməsinə kömək olacaq, davamlı olaraq həyata keçiriləcək ictimai layihələrin icrasına ehtiyac duyulur.
Bunun üçün nə edə bilərik ? Bir sənətşünas kimi məni düşündürən sual məhz budur. Məncə ilk növbədə müasir incəsənətə radikal yanaşmanı aradan qaldırmaq üçün bu istiqamətdəki problemin qabardılaraq ictimaiyyətə çatdırılması və həlli istiqamətində tədbirlər icra etmək vacibdir. Bu çərçivədə növbəti addımları aşağıdakı kimi sistemləşdirmək olar.
- İctimaiyyəti, xüsusən incəsənət sahəsində təhsil alan tələbə-gəncləri müasir incəsənətlə bağlı maarifləndirmək;
- Azərbaycanda müasir incəsənətin təməlinin qurulmasında iştirak edən rəssamların fəaliyyətlərinin işıqlandırılması;
- Müasir incəsənət vasitəsi ilə Azərbaycan ənənələrinin yerli və xarici kütləyə çatdırılması yollarının tapılması və icrası;
- Azərbaycanda müasir incəsənətin mövcudluğuna dair əhatəli və əsaslı kitabın nəşr edilməsi. Bu, pərakəndə şəkildə olan bütün məlumatların sistemli şəkilə gətirilərək oxu vəsaiti kimi toplanması baxımından çox əhəmiyyətlidir.
Sadalanan tədbirlər müasir incəsənətə yanaşmada stereotipləri qıraraq müsbət dinamika əldə etmək üçün sözügedən incəsənət istiqaməti barəsində tələbə-gəncləri maarifləndirərək gələcək inkişafa təkan verə bilər. Azərbaycanda Contemporary art nümayəndələrinin öz ölkəmizdə də aktiv fəaliyyətinin işıqlandırılmasına və beləliklə də gələcək nəsillərin bu istiqamətdə fəaliyyətinə cığırın açılması baxımından əhəmiyyətli olacağını düşünürəm. Axı hələ ötən əsrin 80-ci illərindən Azərbaycan art məkanında müasir incəsənət yönümlü bədii qrup olan “Təsdiq” öz qabaqcıl düşüncə tərzinə sahib üzvləri ilə incəsənətin müasir yönünün ölkəmizdə də inkişaf edə biləcəyini təsdiq etmişdir. Daha sonra “Peykər”, konseptual incəsənətin əvəzsiz himayədarı Leyla Axundzadənin rəhbərliyi ilə isə “Zamanın qanadları” adlı qrupların fəaliyyəti Azərbaycan incəsənət arenasında əsl müasir incəsənət partlayışı etmişdir. Günümüzdə də Faiq Əhməd, Orxan Hüseynov, Teymur Daimi, Elşən İbrahimov, Rəşad Ələkbərov, Səbina Şıxlinskaya, Sitarə İbrahimova, Çingiz Babayev, Sənan Ələsgərov, Elnur Babayev, Yelena Haqverdiyeva, Əli Həsənov, Fərid Rəsulov, Nərgiz Əsgərova və s. maraqlı yaradıcılıq yolu keçən Azərbaycan Contemporary art rəssamlarının sənət fəaliyyətlərinə nəzər saldıqda insan gələcəyə ümidlə baxa bilir.
Düşünürəm ki, ictimaiyyətə “Açıq gözlə bax!” deyə səslənməyin vaxtı gəlib çatıb. İctimaiyyətə məhz “Açıq gözlə bax!” deyə səslənməyin böyük mənası vardır. Axı müasir incəsənət ilk öncə hər hansı bir problem və ya məsələ ilə bağlı insanı düşündürür. Beynimizi hərəkətə gətirərək bizi əhatə edən hadisələrə və ya obyektlərə açıq gözlə baxmağımıza təkan verir. Bu baxımdan da mən hər kəsə səslənirəm: “Dostum, müasir incəsənətə açıq gözlə bax!”. Günümüzdə sənət kainatın özü deməkdir. Sənət kainatın içindədir və müasir incəsənətin “Conseptual art”, “Aksiya”, “Art brut”, “İnstalyasiya”, “Environment”, “Public art”, “Body art”, “Video art”, “Plagi-art”, “Happening” və s. istiqamətləri də kainatın dinamikasında baş verənləri özündə ehtiva edir. Müasir incəsənət akademik incəsənəti məhv etmək demək deyil. Müasir incəsənət Azərbaycan ənənələrinin dünyaya çatdırılması istiqamətində “zamanla ayaqlaşmaq” naminə çox gözəl bir vasitədir. Artıq stereotipləri qırmaq zamanıdır!
Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin