Azərbaycan-Türkmənistan əlaqələrinin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır
Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq əlaqələri zəngin çoxəsrlik tarixə malikdir. Xalqlarımızın dilinin, dinin, adət-ənənələrinin ümumiliyi ümumi köklərimizə əsaslanır. Oğuz, Dədə Qorqud xalqlarımızı ümumi köklərimizə bağlayan və nəsillərdən-nəsillərə ötürülən mənəviyyat mənbəyimizdir. Azərbaycan və türkmən xalqları tarixin bir çox çətinliklərdən keçmiş, sınaqlardan uğurla çıxmışdır. Sovetlər Birliyi dövründə müttəfiq respublikalar olan Azərbaycan və Türkmənistan XX əsrin sonlarında müstəqillik əldə edərək, əsrlərdən gələn dostluq, qardaşlıq ənənələrinə sadiq qalıb yeni inkişaf yoluna qədəm qoydular. 1992-ci ildə Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr quruldu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalqlarımız və iki ölkə arasında əlaqələr yeni müstəvidə, beynəlxalq hüquq normaları əsasında inkişaf etməyə başladı. 1996-cı il martın 18-də “Azərbaycan Respublikası və Türkmənistan arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalandı. 1999-cu ildə Türkmənis¬ta¬nın¬ Azərbaycan Respublikasındakı Səfirliyi, 2002-ci ildə isə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başladı.
Ümummilli Liderin Türkmənistana rəsmi və işgüzar səfərləri iki ölkə arasında əlaqələrin genişlənməsinə səbəb oldu. Heydər Əliyev Türkmənistanda keçirilən tədbirlərdə- 1993-cü il 23-24 dekabr tarixlərində MDB-yə üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısında, 1994-cü il 26-27 oktyabr tarixlərində Türkmənistanın Müstəqillik günü münasibətilə keçirilən tədbirlərdə, 1996-cı il 13-14 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının IV Zirvə toplantısında, 2002-ci il 23-25 aprel tarixlərində Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə toplantısında iştirak etmişdir. İki ölkənin prezidentlərinin və hökumət rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı bir çox sahələrə dair mühüm sənədlər imzalanmışdır.
Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkələrimiz arasında əlaqələr daha da inkişaf etdi. İlham Əliyevin 2008-ci il 28-29 noyabr tarixlərində Türkmənistana rəsmi səfəri çərçivəsində Azərbaycan, Türkmənistan və Türkiyə Prezidentləri arasında görüş keçirildi. Həmin səfər ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm mərhələ oldu. Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyyannamə” imzalandı.
İlham Əliyevin Türkmənistana 2018-ci il 21-22 noyabr tarixlərində rəsmi səfəri, 2019-cu il 11 oktyabr tarixndə MDB Dövlət Başçıları Sammitində, 2021-ci il 28 noyabr tarixində İslam əməkdaşlıq Təşkilatının 15-ci Sammitində, 2022-ci il 29 iyun tarixində Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Toplantısında, 2022-ci il 14 dekabr tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakı ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyəyə çatmasına səbəb oldu. Üçtərəfli Zirvə Görüşü çərçivəsində bir sıra sənədlərlə yanaşı Azərbaycan, Türkmənistan və Türkiyə arasında “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı” imzalandı.
Bütün sahələrdə olduğu kimi ölkələrimiz arasında mədəni əlaqələr genişləndi. 2009-cu ilin noyabrın 3-dən 6-dək Türkmənistanda Azərbaycan mədəniyyəti günləri, 2010-cu ilin noyabrın 3-dən 7-ə qədər Azərbaycanda Türkmənistan mədəniyyəti günləri keçirildi. 2010-cu il mayın 21-də Bakı Dövlət universitetində görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirildi. 2010-cu il mayın 10-da Aşqabad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabının türkmən dilində nəşrinin təqdimatı keçirildi. 2011-ci il mayın 18-də Bakıda Türkmənistanın dövlət bayramlarından biri “Dirçəliş, Birlik və Məhtimqulu poeziyası günü” qeyd olundu.
2014-cü ildə Məhtimqulu Fəraqinin anadan olmasının 290 illik yubileyi Türkmənistanla yanaşı Azərbaycanda yüksək səviyyədə qeyd olundu. “Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında”, “Azərbaycanda Məhtimqulu Fəraqi-nin¬ ədəbi irsinin nəşri və tədqiqi. Biblioqrafiya”, “Məhtimqulu Fəraqi şeirinin poetikası”, “Məhtimqulu Fəraqi və Azərbaycan” monoqrafiyaları nəşr edildi. Molla Nəpəsin “Mən bu diyara gəldim” və Nurməhəmməd Əndəlibin “Şeirlər, poemalar və dastanlar” kitabları Azərbaycan dilinə tərcümə olundu. Bütün bunlar Azərbaycan-Türkmənistan ədəbi-mədəni əlaqələrinin inkişafına töhfə verdi. Keçirilən konfranslar, mədəniyyət günləri, festivallar mədəni əlaqələrin inkişafında əhəmiyyətli rol oynadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqram”ı ölkələrimiz arasında mədəni əlaqələri daha da möhkəmləndirdi.
Bu gün Azərbaycan Respublikası və Türkmənistan Respublikası beynəlxalq və regional təşkilatlar, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı və TÜRKSOY çərçivəsində bir-birinə qarşılıqlı əməkdaşlıq və dəstək göstərirlər. Prezident İlham Əliyevin çıxışlarının birində dediyi kimi: “Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub”.
İstifadə olunmuş mənbə:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin