Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Milli musiqi sədaları, tamaşaçıların şən əhval-ruhiyyəsi, muzey əməkdaşlarının milli geyimdə ziyarətçiləri gülər üzlə qarşılaması, tavandan asılmış, səmənini andıran yaşıl yarpaqlar, əsl bayram ab-havası yaratmışdır. Etiraf edim ki, bu mənzərə bütövlükdə məndə coşqun bayram ruhiyyəsi yaratdı. Düşünürəm, bu tədbir Novruzu ən isti salamlama nümunəsi oldu.
Novruz bayramı ərəfəsində Azərbaycan Milli İncəsənət Muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, AMİM-in direktoru Şirin Məlikovanın kuratorluğu ilə “Salam Novruz” sərgisi tamaşaçıların ziyarəti üçün açılmışdır.
Məlumat üçün qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri olan Şirin Məlikova 2023-cü ildən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsini icra etməyə başlamış, daha öncə isə Azərbaycan Milli Xalça Muzeyində direktor vəzifəsində fəaliyyət göstərmişdi. Əməkdar mədəniyyət işçisi Şirin Məlikova öz fəaliyyəti ilə rəhbəri olduğu bütün incəsənət məkanlarını dünya muzeyləri ilə rəqabət apara biləcək beynəlxalq səviyyəyə yüksəltməyə nail olmuşdu.
Muzeyə direktor təyin edildiyi müddətdən bu günə kimi onun rəhbərliyi altında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan”, Xalq Rəssamı Tofiq Ağababayevin yaradıcılığının işıqlandırıldığı “Zamanla dialoq”, Litva Respublikasının müstəqilliyinin bərpası gününə həsr olunmuş Litva rəssamlarının “Xatirələrin yenidən təsəvvürü” adlı sərgiləri təşkil edilmiş, Uşaq İnkişaf Mərkəzi ilə birgə həyata keçirilən “İstedadın çalarları”, “Uşaqlar üçün incəsənət tarixi”, “Muzeydə kino”, “ Muzeydə musiqi”, görmə qabiliyyəti məhdud olan şəxslər üçün ilk inklüziv “Sərhədsiz incəsənət” adlı uğurlu layihələrlə yanaşı, həm də aktuallıq təşkil edən mövzularda bir sıra mühazirə və konfranslar keçirilmişdi.
“Salam Novruz” sərgisi ənənəvi və müasir incəsənətə xas amillərin təzahür etdiyi interaktiv hissələri ilə keçmiş və bugünün qarşılaşdırıldığı layihədir. Xalqımızın ən erkən çağlardan yaradıb bu günümüzə qədər yaşatdığı zəngin adət və ənənələrinin əks edildiyi xalq sənəti nümunələri, Azərbaycan rəssamlarının bahar əhvallı əsərləri ilə yanaşı, müxtəlif idraki və kommunikativ hissələrin nümayiş edilməsi maraqlı mənzərə yaradır. İlk olaraq ziyarətçini öz ürək sözlərini, arzularını qeyd edə biləcəyi, tavandan asılmış yaşıl kağız parçaları- səmənini imitasiya edən dilək yarpaqları qarşılayır. Səməniyə belə müasir yanaşma tamaşaçını da sərginin aktiv işrirakçısına çevirməklə bu aktın həppininq xarakteri daşıdığını desək yanılmarıq. Xoş diləklərin yazılması ta qədim zamanlardan Novruz bayramı ərəfəsində səməni cücərdilmə ənənəsinin mahiyyəti ilə eyni səsələşir. Axı ulu əcdadlarımız da səmənini gələcək ilin ruzili, bərəkətli olması niyyəti ilə təbiətin oyanması, xoşbəxtlik və səadət rəmzi kimi cücərdərdilər. Havaların isindiyi, yeni əkinçilik mövsümünün başladığı, təbiətin yenidən canlanaraq yaşıllaşdığı dövrdə səməni cücərdər, ona “Səməni”, “İldə göyərdərəm səni” kimi müxtəlif nəğmələr qoşar, oyun və “Səməni xonçası” adlı mərasimlər icra edərdilər. Milli İncəsənət Muzeyinin qonaqları da incəsənətin müasir dili ilə ifadə edilmiş “səməni oyunu”nun iştirakçısına çevrilərək bolluq və xoşbəxtlik içində keçəcək il arzulamış olurlar.
Sərginin ümumi konsepsiyası bayramın dörd çərşənbəsinə və Novruzun atributlarına həsr edilmişdir. Belə ki, hər çərşənbəyə uyğun olaraq muzeyin kolleksiyasından nümayiş edilən dekorativ sənət nümunələri və təsviri incəsənət əsərləri insan zehnində bayramın semantik mənasının açılmasına yardımçı olur. Sərginin yol xəritəsindəki növbəti məkan “Su çərçənbəsi”nə həsr edilmiş otaqdır. Tunc dövrünün insanlarının dünyanı simvolik şəkildə qavramalarının məhsulu olan keramik qablar üzərində suyun sokral təsviri bayramın ilk çərşənbəsinin niyə su olmasını işıqlandırır. Çünki su həyatdır. Yer üzündə ilk həyat da suda başlamışdır. Çaylar aşıb daşmasa, yağış yerə enməsə təbiət oyanaraq yeni həyat qazana bilməz. Su çərşənbəsində nənələrimiz tezdən oyanar evə, həyət-bacaya çaydan, bulaqdan gətirilmiş saf su çiləyər, ev-eşiyin təmizlənməsini niyyət edərdilər. Çilə çıxarmaq üçün gün doğmamışdan öncə insanlar axar suyun üzərindən hoppanar, nəğmələr oxuyaraq su çərşənbəsi ayinini icra edərdilər. Məişətdə istifadə edilən XIX əsrə aid səhəng, aftafa-ləyən, dolça və s. mis qabların sərgidə nümayişi də məhz əsrlərdən bəri suyun həyatımızdakı mühüm rolunun əyani göstəricisidir.
Od çərşənbəsi, əksərən atəşpərəstlik dininin qalığı kimi izah edilsə də, bu çərşənbənin kökləri bir sıra tədqiqatçıya görə, daha öncəyə aid astronomik inanclarla əlaqəli olaraq Günəşə pərəstişlə bağlıdır. Günəşə qurban ayini Novruz bayramı ilə bağlı ən qədim mərasimdir. Çərşənbə günü insanlar dəvə, qoyun, kəl kimi heyvanları uca dağın başında qalanmış tonqal ətrafında qurban kəsərək kasıblara paylamış, bununla da günəşin rəğbətini qazanacaqlarına ümid edərdilər. Yanan tonqalın közündən hər kəs evinə apararaq Günəşin böyüklüyünü və rəhmliyini tərif etmişdir.
Sərginin od çərşənbəsi otağında da məhz bu səbəbdən odun yer üzərində günəşin təcəssümü olduğunu hesab edən əcdadlarımızın bədii tikmələrdə, keramika, metal nümunələri üzərində günəşin müxtəlif təsvir və simvollarının olduğu sənət nümunələri nümayiş edilir. Üzərində günəşi xarakterizə edən şir təsviri olan orta əsrlərə aid şirəli qab fraqmenti, nəbati ornamentlər vasitəsi ilə günəşi canlandıran güləbətin tikməli yəhər, bilavasitə öz adında günəş sözünün ən qədim formasını daşıyan xoruz fiquru əcdadlarımızın günəşi müqəddəsləşdirməsi ilə əlaqəlidir. Xoruz fiqurunun kölgəsinin divarda canlandırılan alovun üzrərinə düşməsi, alovun isə öz növbəsində xoruzun üzərinə düşərək metal üzərində bərq vurması xüsusi estetika yaradaraq çox maraqlı kompozisiya şəklini alır. Rəmzi olaraq yaradılmış Rüstəm zalın öldürdüyü divə məxsus dəbilqə xüsusi şəkildə diqqətimi çəkdi. Çünki dəbilqənin bir-birinin üzərində olan buynuzlu div başları, iki ədəd iri buynuz və hər iki yan tərəfində günəşin təsviri ilə bəzədilməsi xeyir və şərin mübarizəsini təcəssüm etdirir. Divlər qaranlıq dünya, yəni şər əhli, günəş isə qarlı qışa və qaranlıq gecəyə qalib gələn xeyir rəmzidir. Novruz özü də ilin qıtlıq dönəminin bitərək bolluğun gəlişinin qarşılanması olaraq bir növ Xeyirin Şər üzərində qələbəsi bayramıdır.
Bəşər tarixində ən qədim musiqi alətlərindən biri hesab edilən ney (tütək) sərgidə yel çərşənbəsini təcəssüm etdirir. Növbəti otaqda neylər vasitəsi ilə daha bir həppininq ziyarətçiləri yenidən sərginin fəal iştirakçısı və tərkib hissəsi olmağa dəvət edir. Tavandan iplər vasitəsilə maraqlı kompozisiyada asılan neylərdə arzu edən hər kəsin ifa etməsi imkanı yaradılır. Müasir interaktiv hissə ilə paralel üzəri nəbati və zoomort fiqurlar ilə bəzədilmiş ney musiqi alətinin Cənubi Azərbaycana aid tarixi əhəmiyyətli nümunəsi də nümayiş etdirilir. Novruzun üçüncü çərşənbəsi olan yel çərşənbəsi zamanı “A yel baba, yel baba” kimi bir sıra nəğmələr oxunaraq evlərə təmiz bahar havasının daxil olması niyyəti ilə qapı-bacanı açardılar. Xalça-palaz yelə verilərək təmizlənərdi. Belə adətlərdə xalq gigiyenası kimi yüksək əxlaqi keyfiyyətlər əks olunmuşdur. Novruz bayramı bütün mahiyyəti ilə hərəkət deməkdir-su axır, od yanır, yel uçuşaraq öz növbəsində təbiətə hərəkət bəxş edir, nəhayət bütün bu həyat ünsürlərinin təsiri ilə torpaqdan toxumlar cücərir. Kainatın da hərəkət üzərində qurulduğunu nəzərə alsaq, əcdadlarımızın təbiətdə baş verən hadisələri dəqiq şəkildə müşahidə apararaq baharın gəlişi münasibəti ilə qeyd edilən bu milli bayramda əks etdirməsi bayramın əhəmiyyətini daha da artırmış olur.
Torpaq suvarılaraq canlandı, günəş onu isitdi, külək cana gəlmiş isti torpağa bitkilərin toxumunu səpdi, növbə torpağın oyanaraq bu toxumlara həyat bəxş etməsinə gəldi. Sərginin “İlaxır çərşənbə” də adlanan son çərşənbə-torpaq çərşənbəsi hissəsində insan passiv seyirici olmaqdan çıxaraq interaktiv lövhədə Qız Qalası və Atəşgah tarixi abidələrini pazl şəklində quraşdıraraq həm də intellektual zəkasını hərəkətə gətirmiş olur. Bu zalda üzərində nəbati ornamentlərin əks edildiyi nəfis keramik qab, bədii tikmə, xalça və xalça məmulatlarının nümayiş edilməsi xalqımızın təbiət və təbiət ünsürlərinə inamı ilə əlaqədar olaraq yaratmış olduqları sənət nümunələridir.
Sərgidə xüsusi otaqda bayram atributlarına həsr edilərək qurulmuş Novruz şirniyyatlarının, rəngli yumurtaların da olduğu xonçalar əsl bayram ziyafəti idi.
Sərginin sonuncu zalında S.Bəhlulzadə, Ə.Əzimzadə, K.Xanlarov, H.Haqverdiyev, O.Hüseynov kimi Azərbaycan rəssamlarının Novruz bayramına həsr etdikləri möhtəşəm tabloları nümayiş edilir.
Xalqımızın erkən çağlardan yaratmış olduğu adət-ənənə və marasimlərinin bir çoxu bugünümüzə qismən bütöv şəkildə gəlib çatmış, bir qismi müxtəlif dövrlərin keşməkeşlərində yaddaşlardan silinib getmiş, başqa bir qismini yaşatmaq isə bizə yasaq olunmuşdur. Elə tarixi məqamlar da olmuşdur ki, bir çox adətlərimizin yanından laqeydliklə ötüb keçmiş, ulu balalarımızdan öz soy kökümüzü yaşatmaq üçün bizə miras verilmiş bu mənəvi sərvətə etinasızlıq etmişik. Bir çox adətlərimizi isə kimlərinsə xoşuna gəlmək üçün təhrif edib eybəcərləşdirmişik. Bəzən düşünürəm ki, öz gözəl adət-ənələrimizdən uzaqlaşa-uzaqlaşa sanki özümüz də zamanla dəyişib başqalaşırıq.
Öz kökünü ilk əmək məşğuliyyətinin yaranmasından alaraq təbiətin oyanışının qarşılandığı bahar bayramı da zamanla özündə müxtəlif etiqad və adətlərə məxsus xüsusiyyətləri birləşdirərək özünün erkən adını da dəyişərək Novruz adlanmışdır. Baharın ilk gününün qarşılanmsının bayram edildiyi Yıl Başı bayramımızın tarixin müəyyən mərhələsində Novruz kimi adlanmağa başlanması dünyada bu bayramın farsdilli xalqlara məxsus olması düşüncəsini formalaşdırmışdır. Halbuki günümüzdə belə Sibirdə yaşayan türk xalqları Baharın gəlişini Yıl Başı və ya Çıl Başı adı ilə uca tonqallar qalayaraq Tenqriyə dualar oxumaqla qeyd etməkdədir. Keçmiş zamanlarda Yıl başı adlanaraq təbiətin yeni həyat qazanaraq oyanışının qeyd edildiyi Novruz bayramının genezisinin açıqlanması baxımından Azərbaycan Milli Muzeyində həyata keçirilən “Salam Novruz” sərgisi Azərbaycan xalqının əsrlər boyu yaratmış olduğu incəsənət nümunələrinin nümayiş edilməsi böyük əhəmiyyətə malikdir.
Sərgidə xalqımızın Novruz adətlərindəki ən müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş xarakteri, təbiətə sevgisi özünü ən parlaq şəkildə göstərir.
Beləliklə, konsepsiyasının orijinallığı, nümayiş edilən eksponatların tarixi, mədəni əhəmiyyəti baxımından günümüzün cəmiyyəti üçün həddən ziyadə faydalı olacağı düşüncəsi ilə sərgini tərk etdim.
Sənətşünas Əliyeva Sədaqət
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin