Hər kəsə məlumdur ki, Misirdə çoxsaylı sfinks heykəlləri mövcuddur. Bir sfinks heykəli isə 94 il bundan əvvəl yaradılmışdır. Qədim sfinkslərdən fərqli olaraq bu sfinksin müəllifi misir əhalisinə və sənətsevən kütləyə məlumdur. Bu müəllif “sfinksi oyadan ” heykəltəraş Mahmud Muxtardır.
Azadlıq uğrunda mübarizə gedən zamanda Misirdə milli mədəniyyətin inkişafı keçmiş müstəmləkə həyatından irəli gələrək zəifləmişdir. Müstəmləkəçilər ilə aparılan mübarizə misir xalqının incəsənətində keçmiş köklərə qayıdış ilə müşahidə edilirdi. Beləliklə, misir incəsənət tarixində bu dövür məhz ən-nəxt (İntibah) prosesi kimi qeyd edilir. Təsviri incəsənətdə ən-nəxt prosesi qədim rəngkarlıq və plastika nümunələrinə yeni müraciət yaradırdı. Bununla da qədim zamanlara məxsus forma və sujetlərə maraq oyanma baş verirdi. XX əsrin I yarısında Misirin paytaxt şəhəri olan Qahirədə incəsənət məktəbi açılır. Bu hadisə nəinki Misirin mədəni həyatında, hətta digər ərəb ölkələrinin də mədəni mühiti və bədii həyatı üçün vacib yenilik olur.Artıq misirli tələbələr rəssamlıq təhsili üçün xarici ölkələrə getmək məcburiyyətində qalmayacaqdılar. Lakin milli incəsənət məktəbinin açılmasından sonra da ilk bədii təhsilini Qahirədə alan istedadlı tələbələr sənətin sirlərinə daha dərindən yiyələnmək istədikləri üçün Avropaya üz tuturdular. Avropada təhsil alan rəssam və heykəltəraşlar Fransa, İtalya kimi sənət mərkəzlərində əsrlər boyu mövcud olan peşəkar rəssamlıq ənənələrinə yiyələnmişdilər. Belə peşəkar təhsil daha sonra yaradıcı təcrübə ilə də birləşərək əsl sənət əsərlərinin yaradılmasına səbəb olmuşdur. XX əsr Misir rəssamlarına favistlərin və impresionistlərin təsiri güclü idi. Avropada təhsil alan Misir heykəltəraşlarınınyaradıcılığına isə İtaliya heykəltəraşlığı öz güclü dəst-xətti ilə təsir göstərmişdir. Beləliklə, XX əsrin I yarısında təhsil alıb yaradıcı fəaliyyətə başlayan heykəltəraşlar öz əsərlərində həm qədim Misir heykəltəraşlığının ənənələrinə arxalanırdılar həm də Avropa təcrübəsindən faydalanırdılar. Bu cür maraqlı qarşılaşdırma əsasında heykəltəraşlar onları əhatə edən ətraf mühiti təsvir edirdilər.
XX əsrin I yarısındakı yeni istiqamətli plastikanın inkişafı məşhur heykəltəraş Mahmud Muxtarın adı ilə bağlı idi. Mahmud Muxtar yaradıcılığı müasir Misir incəsənət tarixində əvəz olunmaz dəyərə malikdir. Mən istərdim dahi heykəltəraşın yaradıcılığı haqqında danışmazdan öncə sənətkarın
bioqrafiyasına nəzər salım.
Mahmud Muxtar 1891-ci il 10 mayda Mənsurəyaxınlığında Nilin deltasında yerləşən kiçik kənd olan Neşədə anadan olmuşdur. Onun uşaqlıq illəri də doğma kənddə keçir. Çayın sahilində oturan balaca uşaq Mahmud gildən müxtəlif fiqurlar düzəldirdi. Artıq bu zamandan o gələcək yolunu seçmişdir. Lakin ilk təhsilini kənd məktəbində tamamlayan gələcəyin dahi heykəltaraşı təhsilini davam etdirməkdən ötrü 1908-ci ildəQahirəyə gedir. Burada o yeni açılmış olan Qahirə İncəsənət məktəbinə daxil olur. Ailəsi onun Əl-Əzhərdə təhsil almasını arzu edirdi. Lakin Mahmud öz arzusuna əsasən incəsənət təhsilini seçir. Bu hadisə ailədə narazıçılıq ilə qarşılanır. Hətta ailə onu öz soy adından məhrum edir. Beləliklə o, Mahmud Muxtar İbrahim Əl-Esavy deyil yalnız Mahmud Muxtar adlanmağa başlayır. Misirdəki təhsili zamanı öz istedadı ilə fərqlənən heykəltəraş Qahirədəki İncəsənət məktəbində ayrı emalatxana ilə təmin olunur. Paris İncəsənət məktəbi. Qahirədəki təhsilini tamamladıqdan sonra müəllimiitalyan heykəltəraşın tövsiyyə məktubu ilə istedadlı tələbə təhsilini davam etdirməsi üçün Fransaya göndərilir. Bu Muxtar üçün sənətdə cihad səfəri idi. Fransada o, Paris İncəsənət məktəbində oxumağa başlayır. Burada o əvvəlcə Kottonun daha sonra isə fransız heykəltəraş Antonin Mercierin tələbəsi olmuşdur. İlk zamanlar heykəltəraş dil baryerinin yaratdığı çətinliyini yaşayır. Lakin o, tezliklə “Min bir gecə” kitabını fransızca oxuma yolu ilə dil çətinliyindən canı qurtarır. O, artıq II Ramzes yox Mahmud Muxtar olmağa nail olur. Ona 1001 gecədə Fransız dilini öyrədən kitab da İmad Əbu Qazi arxivində saxlanılır. Mahmud Muxtarın Parisdəkitəhsili də çox uğurlu və parlaq keçir. Çox keçmir ki, gənc heykəltəraş 1911-ci ildə Paris İncəsənt məktəbinin təqaüdünə layiq görülərək seçilmiş tələbə kimi təltif edilir. Mahmud Muxtar həmçinin Oqust Rodendən kimi məşhur heykəltəraşdan bu sənətin peşə sirlərini öyrənir. Parisdə yaşayarkən Muxtar Misirin azadlığı uğrunda çalişan “Vəft” siyasi partiyasının üzvləri ilə yaxından tanış olur xüsusən də partiyanın lideri Saad Zaqlul ilə münasibətlər onun düşüncələrində milli oyanış prosesində iştirak etmək fikirlərini yaradır. Bu tanışlıq onun yaradıcılığında da öz əksini tapır. Ölkəsinin taleyinə biganə olmayan M. Muxtar xaricdə yaşamasına rəğmən Vətəndə baş verən bütün siyasi hadisələrin ən yaxın izləyicisi idi. Bütün bu hadisələr heykəltəraşın yaradıcılığında aydın və qabarıq şəkildə öz əksini tapır. Doğma Misirə həsr etdiyi monumental heykəlləri ilə Mahmud Muxtar bir növ həmin zamanda azadlıq uğrundakı mübarizəyə öz töhfələrini vermişdir. Çünki incəsənət hər zaman dövrün siyasi, sosial mühitini əks etdirərək dövrün güzgüsünə çevrilmişdir. Bu baxımdan Muxtar yaradıcılığı da zamanının həm siyasi həm incəsənət baxımından oyanışını özündə təcəssüm etdirir. 1914-cü ildə Mahmud Muxtar Parisdəki təhsilini başa vurur.
Fransız sevgilisi Marsel Debre və Parisdəki emalatxanasını əks edən fotolar.
Misir Milli oyanış prosesində iştirak edən ilk incəsənət xadimlərindən olan Mahmud Muxtar Avropada olarkən müəyyən dövürdəİtaliyaya da gedir. Burada heykəltəraşın yaradıcılığına intibah dövrü incəsənətinin təsiri olur. Qahirəyə qayıtdıqdan sonra Mahmud Muxtar öz şəxsi emalatxanasını açaraq öz aktiv yaradıcı fəaliyyətinə başlayır.Qısa ömrə rəğmən Parisdə və Qahirədə çoxsaylı mükafatlara layiq görülən heykəltəraş saysız- hesabsız sənət əsərləri yaradaraq Misir heykəltəraşlığının müasir inkişafına təkan verir. Həmçinin, Mahmud Muxtar müasir Misir incəsənət tarixində ilk müəllif idi ki, heykəlləri geniş meydanlarda qoyulmuşdur. Vətənə döndükdən sonra Mahmud Muxtar yaradıcılığının ən şah əsərlərini bir-birinin ardınca yaratmağa başlayır. Yuxarıda da qeyd etdiyim kimi Avropadakı təhsil onun əsərlərinin yaradılma üslubunda öz əksini tapır. Heykəltəraş yaradıcılığı ilə Misir heykəltəraşlığında mövcud olan uzun əsrlik siestanı (yuxu) oyatmış olur. Onun heykəlləri riyazi dəqiqliklə ifadə edilmiş bədiiliyə sahibdir. Mahmud Muxtar yaradıcılığının əsas orjinal xüsusiyyəti onda idi ki, o ənənəvi təsvir formalarını yeni tərzdə həll edirdi. Eyni zamanda yeni tərzdə işləyərkən də xalqının incəsənət köklərində duran ənənlərdən ayrılmırdı. Onun ən məşhur və bəlkə də ən çox diqqət görən əsərlərindən biri “Misirin oyanışı” adlı monumental heykəlidir. Heykəli yaratmaq ideyası o hələ parisdə təhsil alarkən yaranmışdır. Amma o, heykəl üzərində işə 1919-cu ildə başlayır. Monumental heykəltəraşlıq nümunəsi olan bu şah əsəri heykəltəraş 9 ildən sonra tamamlayır. “Misirin oyanışı” əsəri 1928-ci ildə tam olaraq hazır olur. Heykəl qrupunun yaranmasına səbəb Mahmud Muxtarın “Vəft” partiyasının nümayəndələri ilə tanışlığı olur. Bu heykəl qırmızı qranit daşından yonulmuşdur. Heykəl qrupu sfinks və kəndli qadın ( fellaxa) obrazlarından ibarətdir. Bu əkinçi obrazı Misirin anası kimi ifadə edilib. Qadın çadrasını açaraq uzaqlara boylanan şəkildə təsvir edilmişdir. Sanki bu sadə kəndli qadın əsrlər boyu müstəmləkəsi olduğu bütün qadağalardan azad olmağa can ataraq azad və xoşbəxt Misirin gələcəyinə boylanır. Heykəl qrupunun digər obrazı olan sfinks isə heykəltəraş tərəfindən çətinlik və səylə ayağa qalxmağa çalışan vəziyyətdə canlandırılmışdır. Beləliklə,heykəltəraş bu obrazlarda mübarizə edən xalqın simvolunu yaratmışdır. Haqqında danışdığımız heykəl bütün xırda detal və cizgilərdən azad olunmuş şəkildədir. Əsərdə həm monumentallıq həm də dinamika mövcuddur. Heykəl özündə həm siyasi həm də mədəni öyanışı təcəssüm edir. Əsər ilk olaraq elə tamamlandığı ildə yəni 1928-ci ildə Misirin ən gözəl və məşhur Ramzes meydanına qoyulur. Lakin daha sonra heykəlin məkanı dəyişdirilir. Hazırda “ Misirin oyanışı” monumental heykəli Qahirə universtetinə əks istiqamətdə yerləşir. Heykəl misir xalqı üçün çox mühim dəyərə malikdir. “O, fironun sonuncu heykəltəraşının əlindən düşən ülgücü əlinə alaraq, bizim incəsənətimizi minillik yuxudan oyatdı.” Misir xalqı vətənpərvər heykəltəraş Mahmud Muxtar haqqında belə deyirlər.
Mahmud Muxtarın monumental heykəltəraşlıq nümunələrindən danışarkən hünsiyasi həyatında mühim yer tutan Saad Zaqlulun yaratmış olduğu iki heykəli haqqında xüsusi ilə danışmaq lazımdır. Heykəltəraş bu mübariz şəxsin iki dəfə monumental heykəlini yaratmışdır. O həmçinin siyasi xadimin büstünün də müəllifidir. Bu haqda bir qədər sonra danışılacaq. Saad Zaqlula aid monumental heykəllərdən biri Qahirədə digəri isə İsgəndəriyyə şəhərində yerləşir. Hər iki heykəl kürsülük üzərində yerləşdirilmişdir. Qahirədəki heykəlin kürsülüyü xüsusi ilə maraqlıdır. Burada heykəlin kürsüsünün aşağı hissəsi üzərində relyeflər olan brünc lövhə ilə örtülmüşdür. Bu relyeflərin əksəriyyəti simvolik və alleqorik xarakter daşıyan fiqurlardır. Məsələn, “Nil”, “ Ədalət”, “ Misir”,“Konstitusiya” və s. Bir qədər yuxarı hissədə isə kürsünün dörd tərəfində yenə də brüncdən kəsilmiş monumental fiqurlar vardır. Müqayisə üçün müəllifi heykəltəraş Fuad Əbdürrəhmanov olan Bakıdakı Nizami Gəncəvinin heykəlini xatırlasaq biz dahi ədibin postamentində də səkkiz ədəd tunc barelyefi görə bilərik. Bu barelyeflərdə ədibin poemalarından səhnələr canlandırılmışdır. Heykəltəraşlar belə təsvir metodlarından istifadə edərək yaratmış obrazın kimliyini tamaşaçıya açır. Saad Zaqlulun heykəlinin Postamentinin həlli də çox maraqlıdır. Deməli, kürsünun əsas hissəsi qədim Misir memarlığında tez-tez rast gəlinən palma sütünlarından ibarətdir. Burada dörd ədəd palmavari sütün bir-birinə birləşərək pramidal şəkildə kiçilən üst-üstə yerləşən iki dördbucaq hissə ilə tamamlanmışdır. Postamentin bu cür həlli qədim Misir memarlığı xatırladır. Beləliklə biz bu monumental heykəlin ümumi tərtibatında Misir incəsənət tarixində yeni tipli plastikanın yaradıcısı kimi qeyd edilən heykəltəraş Mahmud Muxtarın qədim köklərə müraciətini görürük. Belə müraciət təkcə kürsülüyun həllində deyil aşağı hissədəki relyeflərdəki fiqurların qədim Misir təsvir kanonları şəklində təsvir olunmasında də müşahidə edilir. Saad Zaqlulun monumental heykəli sağ əli irəli uzadılaraq sanki nəhayət ki, uzun əsrlik istiladan can qurtarmış azad nəfəs alan xalqını salamlayırmış kimi düzəldilmişdir. Bu heykəl 1933-cü ildə düzəldilmişdir. İsgəndəriyyədəSaad Zaqlul meydanında yerləşən heykəlin kürsüsü daha sadə və ciddi xətləra malikdir. Saad Zaqlulun obrazında maraqlı məqam ondan ibarətdir ki heykəlin sol ayağı önə addım atmış canlandırılmışdır. Bu xüsusiyyət də yenə bizə qədim misir fironlarının ayaq üstdə olan heykəllərinin hər zaman sol ayağının bir qədər öndə təsvir edilməsini xatırladır. Misirdə Böyük Britaniya ağalığı ləğv edildikdən sonra baş nazir olan Saad Zaqlul sözsüz ki, ona çox hörmət edən Mahmud Muxtar tərəfindən adi halda təsvir edilə bilməzdir.
Axı Saad Zaqlulun Vətən qarşısında xidmətləri əvəz olunmaz olub. Saad Zaqlulun azadlıq uğurundakı mubarizə tarixi hələ Osmanlıların Xədivlik dövründən başlamışdır. Misirdə konstitusiyalı parlament idarə üslubuna malik demokratik respublikanın yaradılması arzusunda olan siyasi lider Britaniya protektarantlığı zamanında da öz aktiv mübarizəsini davam etdirərək nəhayət qismən də olsa arzusuna nail ola bilmişdir. Misir xalqının Milli Azadlıq Hərəkatının qəhrəmanlarından olan Saad Zaqlulu Mahmud Muxtar yaratmış olduğu monumental heykəlləri ilə əbədiləşdirməyə nail olmuşdur. Kürsünün aşağı hissəsində iki tərəfdən relyefli lövhələr mövcuddur, digər iki tərəfdə isə Misir ilahələrinin heykəlləri postamenta arxalanaraq əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Kürsülüyün arxa hissəsində əlində əbədiliyi və ölümsüzlüyü təcəssüm etdirən ankh tutmuş misir iladəsinin obrazı yerləşir. Bununla heykəltəraş Saad Zaqlulun xalqının qəlbindəki ölümsüzlüyünə işarə edir. Bürüncdən olan heykəl “ Yuxarı Misir” adlanır. Qadın obrazı nubyalılara xas hörüklü saçda təsvir edilmişdir. Obraz Yuxarı Misirin simvolu olaraq sol əlini sinəsinə qoymuş sağ əlində isə ölümsüzlüyün rəmzi ankh təsvir edilmişdir.
Postamentin dəniz üzündə əks edilən “Aşağı Misir” bürünc heykəli. Qədim Misirin birliyini əks edən iki xurma yarpaqlarından ibarət çələng ilə əhatələnmiş qadın obrazı. Fironların zamanındakı təsvir ənənələrini və sinvollarını müasir heykəltəraşlıq xüsusiyyətləri ilə qarşılaşdıraraq heykəltəraş keçmişlə öz dövrünü bir nöqtədə birləşdirmişdir. Yenə də heykəltəraş Misirin azadlığına işarə edir. Monumental heykəl ümumilikdə bütün xüsusiyyətlərinə görə qədim firon heykəllərində olduğukimi güc, əzəmət və ölməzliyi ifadə edir.
İsgəndəriyyədəki, Saad Zaqlul monumental heykəlinin postamentindəki sağ və sol barelyeflər. Hər iki relyefdə siyasi xadimin müstəqillik
mübarizəsində iştirak etdiyi hadisələr əks edilib.
Heykəltəraşın digər monumental əsəri isə 1929-cu ildə düzəltdiyi “Nilin gəlini” əsəridir. Heykəl öz mövzusunu xalq folklorundan götürür. Əfsanəyə görə Misirdə məhsuldarlığın az olduğu quraq keçən mövsum zamanı gözəl və bakirə qızın nil çayı ilə nigahı kəsilirdi. Belə mərasim Misirdə çox Allahlılıq zamanına aid ənənə idi. 1837-1898-ci illərdə yaşamış alman yazıçısı Georq Eberst bir neçə dəfə Misirə səyahət etdikdən sonra özünün “Nilin gəlini” romanını yazmışdır. Bu romanın məzmununun əsasında məhz qədim əfsadə durur. Mahmud Muxtar da bu heykəl vasitəsiylə bir daha qədim köklərə müraciət etmiş olur.Monumental heykəlin kompazisiyası həddən artıq maraqlıdır. Kompazisiyada şaquli istiqamətdə uzanan formalar o zamankı Avropa müasirliyini xatırladır. Gözəl və məsum qız obrazı isə moderin üslubda həll edilmiş öküz obrazının ağuşunda canlandırılmışdır. Öküzün yalnız başı realistikdir. Heykəltəraş həm qızın həm də öküzün obrazında emosianllığı əks etdirməyə nail ola bilmişdir. Mahmud Muxtarın məşhur “ Xamasin” heykəli öz forma həllinə görə orjinallıq kəsb edir. Xamasi səhra qumu deməkdir. Əsərin orjinal forması çadırasına bürünüb səhrada üzü küləyə hərəkət edən qadın obrazının simasında təcəssüm edir. Heykəltəraş qadının çadrasını çox maraqlı tərzdə məharətlə səhradakı küləyi xatırladacaq şəkildə düzəltmişdir. Heykəlin materialının boz qranitdən olması da səhradakı qumu xatırladır. Bu da fırtına zamanı ərşə qalxan səhra qumunu daha yaxşı ifadə etməsinə kömək edir. Mahmud Muxtar heykəltəraşlıq nümunəsini üzü küləyə hərəkət edən qadın obrazında yaratmaqla əslində əsrlər boyu qadınların cəmiyyətdə apardıqları mübarizəni əks etdirmişdir desək yanılmarıq. Əslində qədim Misir cəmiyyətində qadınlar böyük hüquqlara malik olmuş lakin zamanla müxtəlif istilalar nəticəsində bu hüquqdan məhrum qalmışdır. Yalnız Milli azadlıq mübarizəsi zamanı qadınlar küçələrə çıxaraq mübarizəyə qoşulmaları onların yenidən öz hüquqlarının bərpası uğrunda böyük hadisə olur. Biz “Xamasin” heykəlinin timsalında da mübariz, güclü qadını görürük. Heykəl lakonik ifadəliyi ilə fərqləndirmişdir. Onun formasındakı plastik axıcılıq harmoniya yaradır. “ Xamasin” heykəlindəki Misir qadını obrazına toxunmuşkən qeyd etmək istərdim ki, ümumiyyətlə Mahmud Muxtarın yaradıcılığında misirli qadınlara həsr edilmiş heykəllər çoxluq təşkil edir. Hətta bu mövzuya aid silsilə heykəl nümunələri mövcutdur. “Qəm”, “Çaya gedərkən”, yuxarıda haqqında ətraflı danışdığımız “Nilin gəlini”, “Nil suyunun dalıyca gedən qadın”, “Elbələd Şeyxin həyat yoldaşı”. “Qədim Misir ilahəsi İsida”, “Sirlərin qoruyucusu” və s. kimi əsərlər buna baris nümunədir. O, həmçinin digər məzmunlu bir çox kiçik plastika və dəzgah heykəllərinin də müəllifidir. Onlardan : “Kəndli”, “Çoban ”, “Sevgiliyə doğru”, “ İradə” və s. Mahmud Muxtarın uşaqvə gənclik həyatı Misir kənd həyatının əhatəsində keçdiyi üçün o sadə insanların həyatına dair heykəlləri yaradarkən onların daxili aləmlərini asanlıqla ifadə edə bilmişdir.
Məsələn 1930-cu ildə hazırladığı müəllifin “Çoban” heykəlinə diqqət etsək görərik ki, qallabiya adlanan ənənəvi Misir kəndli geyimi geyinmiş obrazın mənsubiyyəti və sosial vəziyyəti əks edilmişdir.Çobanın boynunun arxasına keçirdib iki əli ilə tutduğu çomaq isə obrazın ifadəli olmasında mühim yer tutur.Çobanın ayağının yanında oturmuş gözətçi iti isə bədii ifadə baxımından obrazı tamamlayır. Bununla heykəltəraş kəndlinin öz torpaqlarını müstəmləkəçilərdən qorumaq əzmini nümayiş etdirir. Mahmud Muxtarın zamanında Misir yalnız kənd təsərrüfatı ölkəsi idi. Buna görə də kəndlinin torpağını qoruması ümumən Misirin müdafiəsinə işarə idi.
“Nilin sahilində” və ya “ Su dolçası daşıyan” adlanan bürünc heykəl. Mahmud Muxtarın ən məşhur dəzgah heykəltəraşlığı nümunəsidir. Heykəldə ailənin təməli kimi ana obrazı və əmək səhnəsi vəhdət təşkil edərək həyat mənbəyini təcəssüm edir. Bu heykəl M.Muxtarın siyasi mövzudan uzaq ən gözəl əsəridir. Gördüyümüz qadın obrazı kəniz deyil. Bu qadın yetkinliyi və gözəlliyi ilə fəxr edən qürurlu obrazdır. Heykələ baxan şəxsin gözəlliyi duymaması qeyri mümkündür. Heykəl statiq olmasına rəğmən canlıdır.
“Rahatlıq ” bürünc heykəl.Heykəldə əllərini dizinin üstünə qoyub başını ovuclarına qoymuş qadın təsvir edilmişdir. İlk baxışda heykəl kubu andırır. Buradakı qadın əmək və vicdan simvoludur. O öz qadınlığının hər hansı bir təntənəsindən məhrumdur. Muxtarın zamanında ailənin gündəlik rifahına dair bütün yük qadının üzərinə düşürdü. Şəhər və kəndlər hələ elektirik işıqlandırma və su kəmərləri ilə təchiz edilməmiş təkmilləşdirilmiş məişət və əmək alətləri yox idi. Buna görə hə qadın çox məşəqqətli güzaran keçirirdi. Heykəldəki obrazda nəhayət ki, işlərdən macal tapmış qadının duyduğu rahatlıq əks edilib. Obraz tamaşaçının yaddaşını aktivləşdirərək onu uzaq olmayan keçmişə aparır.
“Pendir satıcısı” əhəng daşından heykəl. Həykəldə sabit bir dik duruş mövtutdur. Qadının əynində yalnız ayaq barmaqlarının açıq qaldığı uzun ənənəvi qallabiya geyimi var. O iki əli ilə pendir ləyəni bərk-bərk tutur. Heykəlin statikliyi Misir incəsində qətiyyən yad görünmür. Bu da heykəltəraşlığın tarixi köklərində də məhz belə donmuş obrazların mövcutluğunda irəli gəlir. Bir sözlə daimə mübarizə əzmi duyulan avropa heykəltəraşlığından fərqli olaraq Misir heykəltəraşlığının təməlində məhz hərəkətsizlik, statikliklik durur. Buna görə də misirli tamaşaçı belə hali
təbii qəbul edir.
“Kanalın sahilində” mərmər heykəl. Paltarının ətəyi palçığa batmasın deyə sol əlini qarnına qoyaraq sağ əlində səhəngi suya doğru əyən qadın obrazı ümumilikdə Misir qadınlarının əmək həyatını əks etdirir. Sözsüz ki, Nilin deltası ətrafında yerləşən kənddə böyüyən müəllif uşaqlığında belə məişət səhnələrini tez-tez müşahidə etmişdir. Heykəltəraş xüsusi bacarıq istəyən tək fiqurla sujet yaratmağa nail olmuşdur.
“Bazardan qayıdan” mərmər heykəl.Heykəltəraş bu heykəldə bütün gününü bazarda tarlasının məhsulunu satmaqla keçirən kəndli qadının qazandığı pul ilə evinə lazım olan ərzaqları alıb geri qayıdarkən təsvir edib. Heykəlin ümumi görnüşündə mütənasibliyi pozmamaq üçün heykəltəraş qadının geyimini qol hissədə aşağı sallanmış təsvir etmişdir. Bu xüsusiyyət onu “ Pendir satıcısı” heykəlindən fərqləndirməklə yanaşı həm də Orta
şahlığa aid rəngli taxta heykəllərdən də uzaqlaşdırır.
“Qəm” bazalt daşından heykəl. H-35 sm. Bu heykəl Muxtarın qədimmisirlilərin dəfinlə əlaqəli heykəltəraşlıqda əks edilən kədəri əks etdirir. Ümumiyyətlə qədim misirlinin həyatında axirət dünyasına inam və onunla bağlı qayğölar mühim yer tuturdu. Hətta bayramların iki gününü onlar məzarları ziyarətlə keçirdirdilər. Bir sözlə, heykəlin təcəssüm etdirdiyi kədər misir əhalisinin təməlli ruhuna siraət etmiş bir duyğudur. Heykəltəraş da müasiri olan qadının simasında bu hissin ən bəlağətli ifadəsinə nail olmuşdur. Həmçinin öz pozasına görə obraz qədim mirzə heykəllərini xatırladır.
“Çaydan qayıdış” əhəngdaşından heykəl qrupu. H-47 sm. Mahmud Muxtar yaradıcılığının ən gözəl heykəl qrupu hesab edilir. O, su dolu səhəngləri başlarına qoyaraq çaydan qayıdan üç qadını təsvir etmişdir. Bu heykəllər Muxtar yaradıcılığında tez-tez rast gəldiyimiz Nildən su gətirən qadın obrazlarının qrup halıdır sanki. Burada heykəltəraş qolların hərəkətindən və geymlərdəki qatlardan istifadə edərək fərqlilik etmişdir. Heykəl qrupundakı firon dövründəki heykəllərə xas xüsusiyyətlər Fransız heykəltəraşlığındakı dinamikanı və zərifliyi üstələyir.
“Yuxu” əhəngdaşından heykəl. H-36 sm. Bu heykəldə Mahmud Muxtar öz dövründəki misirli ananın keçirdiyi yorğunluğun dərəcəsini ifadə edir. O siestada ( günorta ) yatmaq üçün yataq otağına gedə bilmədiyi üçün elə oturduğu yerdə yuxulayır. Ana hər zaman ərinin və uşaqlarının istəyini yerinə yetirə bilməkdən ötrü öz istirahətinə zamanı yetmir. Heykəl insani duyğuların əks edilməsi baxımından xüsusi dəyərə sahibdir. Heykəltəraş bu obrazda öz dərin müşahidələrini təcəssüm etmişdir. Bir sənət əsəri kimi heykəl tamaşaçısına güclü təsir edən uğurlu nümunədir.
“Doğma” bürünc heykəl. H-59 sm. Mahmud Muxtar bu heykəli yaradarkən Misir incəsənət Məktəbinin tələbəsi idi. Heykəl 1911-ci ildə tələbələrin ilk sərgisində nümayiş edilmişdir. Heykəl tamaşaçılar tərəfindən böyük diqqət görərək sərginin ulduzuna çevrilmişdir. Heykəltəraş bu uğurlu heykəlinin 8 ədəd gips nüsxəsini hər birini iki funta satmışdır. Heykəl Mahmud Muxtar yaradıcılığının ilk mərhələsinə aid olduğu üçün burada heykəltəraşın axtarışda olduğu duyulur.
“Üç dilənçi” heykəli. Mahmud Muxtar bu heykəl qrupunu 1930-cu ildə müəllimi Jül-Feliks Kottana hədiyyə etmişdir. Heykəl qrupunda müxtəlif yaş qruplarından olan insanlar bir arada həmrəyliyi əks edirlər. Heykəllər bir-birinə toxunaraq sanki ünsiyyət edirlər təsirini yaradırlar. Fiqurlardan öndə əlində çomaq tutan qoca kişi digər gənc olan iki nəfərin lideridir. Heykəlin fakturası Muxtarın digər heykəllərindən fərqlənir. Fiqurların səthi hamar
deyil. Bu da Roden təsirinin biruzəsidir.
Möhtəşəm yaradıcılıq yolu keçən heykəltəraş ömrünün və yaradıcılığının ən şah dövründə faciəvi xəstəliyə tutulur. Mahmud Muxtar əzələlərin atrafiyasından 1934-cü ildə dünyasını dəyişir. Qeyd edim ki, Mahmud Muxtarın vəfatından sonra ailəsi heykəltəraşın əsərlərini dövlətə onun adını daşıyacaq muzeyin yaradılması şərti ilə bağışlamışdır. Beləliklə, 1962-ci ildə Qezer adasından memar Ramzes Osyu Vasif tərəfindən Mahmud Muxtar muzeyi inşa edilir. Muzeydə heykəltəraşın movzaleyi və yaradıcılığının müxtəlif zamanlarını əks etdirən heykəltəraşlıq nümunələri var. Lakin
çox üzücü haldır ki, muzeyin ziyarətçisi az olur.
Mahmud Muxtar yaradıcılığı həm sağlığında həm də daha sonra bir sıra yerli yə beynəlxalq sərgilərdə əks edilmişdir. Heykəltəraş 1920-ci ildə fransız rəssamlarının da iştirak etdiyi Misir İntibah heykəllərinin nümaiş edildiyi sərgidə, Nildən iki müqəddəs Məscidə adlı sərgidə və 1930-cu ildə Parisdə keçirilən sərgidə iştirak edir. O, Fransada sərgisi keçirilən, Avropada tanınan ilk Misir heykəltəraşı və ümummiyyətlə ulk incəsənət xadimi idi. Misirin qüruru olan heykəltəraşın əsərləri vəfatından sonra da bir çox sərgilərdə nümaiş edilir. 2008-ci ildəMüasir Misir İncəsənət muzeyinin Əl-Bab salonunda, 2010-cu ildə Şəhzadə Əmir İbrahim sarayının əsas foyesində “Yaradıcılıq açarları” adlı 2013-cü ildə İncəsənət Sarayının Qahirə salonunda, 2015-ci ildə Səudiyyə Ərəbistanın Ciddə İncəsənət Atelyesində və s. məkanlarda sərgiləri keçirilmişdir. Günümüzdə heykəltəraşın əsərləri bir sıra məşhur muzeylərin ekspozisiyasını bəzəməkdədir. Bu əsərlər Qahirədə misir İncəsənət Muzeyində, Mahmud Muxtar Muzeyində və İsgəndəriyyədə Müasir Misir İncəsənəti Muzeyində qorunur. Mahmud Muxtar- bu qabaqcıl incəsənət xadimi təkcə yaradıcı fəaliyyəti ilə deyil, həm də bir sıra ictimai fəaliyyətləri ilə də xalqına xidmət etmişdir. Belə ki, o Qahirə meydanında Misirin intibahını əks etdirən heykəlin qoyulması üçün çağırış edib və heykəlin ucaldılması üçün Xalq Abunəsi təsis etmişdir. Hökümət onun bu təşəbbüsünü yüksək qiymətləndirmiş və bilavasitə prosesə müsbət rəy vermişdir. Bundan başqa o, “Xəyal qrupu” yaradıcı birliyin və 1930-32-ci illərdə Ali İncəsənət məktəbinin açılmasında yaxından iştirak etmişdir. Sonda isə qeyd etmək istəyirəm ki Mahmud Muxtara dair ən böyük arxiv məlumatları Misirin keçmiş mədəniyyət naziri professor İmad Əbu Qaziyə məxsusdur. Arxivdə Bir sıra yarımçıq layihə, onun bədii və şəxsi həyatını, ailəsini əks etdirən fotoşəkillər, itirilmiş əsərlərə dair məlumat və fotolar, dostları və ailəsi ilə yazışmaları, gündəliklərieyni zamanda təsis etdiyi “ Xəyal qrupu”na dair sənədlər qorunur. Mən də öz sərbəst işimdə bir sıra məlumatları məhz bu arxivə əsaslanaraq təqdim etmişəm.1984-cü ildə Mahmud Muxtarın təsviri Misirin 5 funtu üzərində əks edilmişdir. Daşkəntdə dahi sənətkarın heykəli ucaldılmışdır. Mahmud Muxtar Misir heykəltəraşlıq sənətini yenidən oyadaraq axirət və dini görüşlərin əks edildiyi obyektdən siyasi-ictimai mövzulu dünyəvi xarakter daşıyan əsil sənət növünə yüksəltdi.
Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin