Müasir muzeylərin məqsədi xalqın öyrənilməsi və maarifləndirilməsi üçün bədii, mədəni və ya elmi əhəmiyyət kəsb edən əşyaları toplamaq, qorumaq, şərh etmək və nümayiş etdirməkdir. Bu məqsəd həm də insanın baxış bucağından asılı olaraq fərqli yanaşma şəklində də ola bilər. Muzeylərə ziyarətçilərin cəlb edilməsi üçün maraqlı və maarifləndirici yollar seçilə bilər. Muzeylərin aktiv fəaliyyəti gənclərin mədəni və intellketual sağlamlığının təmin edilməsi istiqamətində əhəmiyyətli addımlardandır. Muzeylərdə saxlanılan, qorunub mühafizə edilən və gələcək nəsillərə ötürülən qiymətli əşyaları, eksponatları bu və ya digər mənada “bilik anbarı” hesab etmək olar. Bu mənada muzeylərin mövzü baxımından təsnifləşdirilməsi də təsadüfi deyildir. Bu halda hər bir muzeyin məqsədi və fəaliyyət istiqamətləri də orada mühafizə edilən eksponatlara görə fərqlənir. Onu da qeyd edim ki, hər nə qədər fəaliyyət istiqamətləri fərqli olsa da sonda bütün muzeylərin əsas məqsədi ictimai rifah, kolleksiyalara qayğı, onların qorunmasıdır.
İlk muzeylər varlı şəxslərin, ailələrin və ya incəsənət müəssisələrinin, nadir və ya maraqlı təbii əşyaların şəxsi kolleksiyaları kimi formalaşmağa başlamışdır. İncəsənət aləmində bunlar tez-tez "möcüzə otaqları" və ya “maraq şkafları” kimi səsləndirilirdi. Bu şəkildə ilkin muzeylər əvvəlcə Qərbi Avropada yaranıb, sonra dünyanın digər yerlərində yayılıb.
Muzeylərin düzgün və aktiv şəkikdə fəaliyyəti onların necə idarə olunmasından da asılıdır. İlk öncə fəaliyyət standartları hazırlanır və bunun həyata keçirilməsi üçün sistemli işlər görülür. İdarəolunma standartlarına muzeylərin nizamnamələri, iş planları, strateji planlar və s. idarəetmə sənədləri daxildir. Muzeylərin idarə olunmasında bu siyasət (idrəetmə standartları) dünyanın demək olar əksər ölkələrində tətbiq olunur. Bundan irəli gələrək də bütün işçilər də muzeyin institusional məqsədləri istiqamətlərində birlikdə çalışmalıdırlar.
Bu gün 18 may tarixi bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir.
Beynəlxalq səviyyədə təsis edilmiş bu gün Azərbaycanda da hər il muzeylərdə “Açıq qapı” günü kimi qeyd edilir. Azərbaycanda fəaliyyət göstərən bir sıra muzeylər var ki, istər fəaliyyət baxımdan, istər ölkəmizi beynəlxalq müstəvidə təmsil etmələri baxımdan fəqlənirlər.
Beynəlxalq səviyyədə muzeylərdən biri olan Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyəti yalnız ölkə miqyasında deyil, beynəlxalq aləmdə də həyata keçirilir. Xarici və yerli rəssamlarla görüşlər, onların yardacılıq gecələrinin təşkili, ustad dərsləri, konfranslar, seminarlar və s. muzeyin əsas fəaliyyət istiqamətlərindəndir. Yalnız ölkəmizdə deyil, eyni zamanda beynəlxalq konfranslarda da Azərbaycan incəsənəti, mədəniyyəti təbliğ edilir. Muzeyin fəaliyyətində təqdirəlayiq məqamlardan biri də yaş qruplarının nəzərə alınmasıdır. Azyaşlı uşaqlar, məktəblilər üçün muzeyin nəzdində Uşaq Muzeyi də fəaliyyət göstərir. Bu da uşaqların maraqlarının daim diqqətdə saxlanılması üçün çox gözəl bir addımdır. Bundan əlavə gənclərə dəstək üçün muzeydə gənc rəssamların, sənətşünasların sərgiləri, seminarları, mühazirələri də təşkil edilir.
Bugünki gündə gənclərimizin muzeyləri ziyarət etməsi mütəmadi hal olaraq davam etməsə də, lakin vəziyyət elə də bədbin deyil. Daha çox yaradıcılıqla məşğul olan gənclər, tələbələr maraq göstərsə də, zaman-zaman sıravi vətəndaşların da mənəvi istirahət üçün məhz muzeylərə müraciət etdiklərinin şahidi oluruq. Cəmiyyətin aktiv şəkildə muzeylərə cəlb edilməsi istiqamətində atılan müəyyən addımlar ənənəvi hal alarsa bu istiqamətdə müsbət nəticə əldə etmək olar. Beləki, incəsənət yönümlü məktəb, orta və ali təhsil müəssisələri ilə birgə əməkdaşlıq edilərək bir sıra layihələrin təşkilinin davamlılıq prinsipinə əsaslandırılması muzeylərin fəaliyyətinə də öz müsbət töhfəsini vermiş olar.
Hər bir muzeyin əsas vəzifələrindən biri eksponatların düzgün şəkildə saxlanılmasıdır. Ekspozisiya şöbəsində nümayiş olunan əsərlər bütün ziyarətçilər üçün əlçatan olur, lakin saxlancda olanlar isə ehtiyat üçün, növbəti nümayişlər üçün təhlükəsiz şəkildə saxlanılan ekponatlardır. Hər iki şöbədə saxlanılan ekspozisiyaların qorunmasına xüsusi diqqət yetirilməlidir. Otaq temperaturunun normalara uyğun olması, belə ki, həddindən artıq rütubətli və ya quru olmaması, yağlı boyalı əsərlərə işığın hardan düşməsi, metal əşyalarının düzgün saxlanılması vacib məqamlardandır. Saxlancda saxlanılan eksponatların qorunması xüsusilə əhəmiyyətlidir. Muzeylərdə saxlanılan eksponatların özlərində Azərbaycan tarixini və incəsənətini ehtiva etdikləri üçün həm muzey işçiləri həm də ziyarətçilər onların qorunması istiqamətində həssas olmalıdırlar. Əgər biz bir tamaşaçı kimi muzeylərə gediriksə o zaman eksponatla düzgün münasibətimizi bilməliyik. Əsərlərə əl əli toxunmaq qəti olmaz. Məsələyə sənətşünas kimi yanaşmaq istəyərdim. Muzeydə saxlanılan və nümayiş etdirilən eksponatların hər hansı birinin zədə görməsi biz incəsənət adamları üçün yaxınının, doğmasının xəstələnməsi kimi hesab olunur. Zədə almış əsərlər bildiyimiz kimi bərpa olunur ki, bu da həmin əsərlərin orijinallığının bu və ya digər formada az da olsa itməsinə səbəb olur. Bərpa əsasən iki formada aparılır. Hər hansı bir əsərin zədələnmiş hissəsinin eynilə bərpa edilməsi və konservasiya üsulu. Konservasiya zamanı tarixi olan əsər qorunub saxlanılır, məhv olunmasının qarşısı alınır və zədələnmiş hissə saxlanılır.
Canlılığın təmin edilməsi üçün muzeyləri bir gün deyil, mütəmadi ziyarət edək.
Sədaqət Əliyeva-Muzeyşünas
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin