Pəri Qala
Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndi tarixi abidələrlə zəngindir. Kənddə XIII əsrə aid bürc, alban kilsəsinin qalıqları, XIX əsrdə tikilmiş məscid vardır. Ərazidə III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan Pəri qalası da maraqlı abidələrdəndir.Onu qeyd edək ki, Azərbaycan Respublikasının şimal-qərbində “Pəri qalası” adı ilə bir neçə abidə mövcuddur. “Qala” sözü sanki onların müdafiə xarakterini göstərir. Yerli əhali arasında abidə ilə bağlı “Qız qalası” əfsanəsinə oxşar rəvayətlər dolaşır. Lakin səcdə yerinin olması və zoroastrizm abidələri ilə yaxınlığı Pəri qalasının dini abidə olduğunu göstərir. Memarlıq həlli “çahartağ”lardan fərqli olmasına baxmayaraq, abidənin atəşpərəstliklə bağlı olduğu şübhə doğurmur. Bunu abidənin aşağısında yerləşən Yuxarı Çardaqlar kəndinin adı da təsdiq edir.
Məlum olduğu kimi, xristianlığın yayılmasına qədər albanlar bütpərəst idilər və onların inanclarında əsas yeri göy cisimlərinə sitayiş tuturdu. Qədim müəlliflərdən Strabon yazırdı ki, albanlar Helios, Zevs, Selena tanrılarına səcdə edir, özəlliklə Selenaya böyük ehtiram bəsləyirlər. Selena məbədi İberiya sərhədləri yaxınlığında yerləşirdi. Sonra qeyd olunur ki, bu məbəd vilayətində “çardan sonra ən hörmətli adam olan ər kahinlik edir. O, geniş və əhalisi sıx olan məbəd vilayətinin başında durur”.
Kiçik Asiyada iri məbədlərin ətrafında şəhər tipli məskənlər – məbəd şəhərləri yaranırdı. Ola bilsin ki, belə yerlər Qafqaz Albaniyasında da var idi, lakin arxeoloji qazıntılarla hələlik üzə çıxarılmayıb. Antik dövr Albaniyasında ata-baba kultu və totemik inanclar da varlığını davam etdirmiş və onların qalıqları uzun zaman adət və dini mərasimlərdə yaşamaqda idi.
Qafqaz Albaniyasında Günəşin rəmzi olaraq od kultu da geniş yayılmışdı. Bir çox qədim məbəd və ibadətgahlarda, onların interyerində mühüm yer tutan mərasim ocaqlarının izləri qalır. Kökləri uzaq əsrlərin dərinliyinə işləyən oda sitayiş, dini ideologiyaların bir-birini əvəzləməsinə baxmayaraq, minilliklər boyunca Azərbaycan əhalisinin inancında öz izlərini saxlayıb. Hətta Qafqaz Albaniyasında xristianlıq dövlət dini kimi qəbul edilsə də, oda sitayiş də geniş yayılmışdı.
Tədqiqatçılar ölkə əhəmiyyətli memarlıq abidəsi olan Pəri qalasının İran ərazisindəki Sasanilərin Tağı Bostan abidəsi ilə oxşarlığını qeyd edirlər. Lakin böyük tağın arxasında divarın içində səcdə yerinin olması Pəri qalasını bu abidədən fərqləndirir və onun dini təyinatından xəbər verir.
Sümela Manastırı
Hətta "Pəri Qala" onunla eyni dövürdə yəni 4-cü əsirdə tikilmiş Türkiyənin Trabzon şəhərinin Maçka qəsəbəsində yerləşən "Sümela Manastırı" ilədə bənzərlik göstərir, hər ikisi sıldırım qayalıqlar üzərində inşa edilib. Digər tərəfdən məlumdur ki, xristianlığın ilk illərində bu dinin təmsilçiləri təqiblərdən yayınmaq üçün əlçatmaz yerləri məskən seçirdilər. Gələcəkdə aparılacaq geniş tədqiqatlar bəlkə də bu iki tarixi abidə arasında daha yaxın əlaqələri ortaya çıxara bilər.
Məlumatlar irs.gov.azdan götürülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin