
Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Bəhruz Əhmədov 27 iyun 1997-ci ildə Sabirabad rayonun Balakənd kəndində anadan olmuşdur. 2003-cü ildə Sabirabad rayonu H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş, orta məktəbi bitirdikdən sonra Sabirabad rayon Peşə Liseyinə daxil oluşdur. Bəhruz Əhmədov 2015- ci ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. Bəhruz, Tovuz rayonu “N”saylı hərbi hissəsində xidmət keçir. Özünün yüksək peşə hazırlığı, şəxsi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi ilə seçilib, komandanlığın dərin hörmətini qazanıb. Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi vardı. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdı. Bəhruz böyük arenalarda özünü sınadı, həmişə də qələbə ilə evə döndü.
Əsgəri xidmətini Tovuz bölgəsində başa vurub, 2017-ci ildə ordu sıralarından tərxis olunub. Bundan sonra öz üzərində ciddi çalışmaqla bir sıra uğurlara imza atıb. O,müxtəlif çəki dərəcələri üzrə Respublika Çempionatı və və Birinciliyində iştirak edib, diplomlarla mükafatlandırılıb. Tanınmış idmançı idmana həvəsi olan uşaqlara və gənclərə bu qədim döyüş növünün sirlərini öyrətməyə başlayıb. Bəhruz müəllimliklə yanaşı, öz üzərində ciddi çalışmaqda davam edib və 2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutub, ”qara kəmər”ustası adına layiq görülüb. 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində iştirak etmək üçün sentyabrın 28-də Sabirabad rayon Hərbi Komissarlığına gələrək könüllü olaraq ordu sıralarına yazılıb.
Əhmədov Bəhruz oktyabrın 20-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərində ağır yaralanıb və şəhidlik məqamına yüksəlib. Doğulduğu Balakənd kəndində torpağa tapşırılan Əhmədov Bəhruz Səttar oğlu ölümündən sonar ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ”Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən layihəsinin jurnalisti olaraq səhərin ilk işıqlarıyla birlikdə yol aldım şəhid çempion Bəhruz Əhmədovun evinə. Qarşıda səssiz, amma çox şey danışan bir yol uzanırdı. Hər daşında, hər ağacında sanki bir iz vardı-Bəhruzun ayaq səsləri, bir çemionun döyüş yolu, qazandığı qələbələrin izi...Havada da qəribə bir sükut hiss edirəm. Bu sükut-yalnız şəhid ailələrinin evində duyulan dərin və müqəddəs bir sükutdur...Qapıya çatanda, bir neçə anlıq dayanıram. Düşünürəm ki, buradan bir qəhrəman oğul çıxıb-əlində bayraq, ürəyində vətən sevgisi, arxasında isə ana-ata duası ilə... Qapını döyürəm. Üzü yorğun, baxışlarında izahı çətin lakin qürurlu bir ana qapını açır. Gözlərində həm fəxarət, həm də itkinin yanğısı... Evə daxil olanda şəhid atası ilə salamlaşıram. Onun gözlərində həm Bəhruzun gülüşü, həm də şəhadət anı yaşayırdı. Elə ağır an idi ki... Artıq evin içindəydim. Bəhruzun şəkilləri divarlarda deyil, bu evin nəfəsində idi. Hər küncdə onun izi var: bir yastıqda qoxusu, bir masada medalları, digər bir masada isə xəyalları...Biz danışmaq üçün gəlmişdik, amma indi anlayıram ki, bu ev özü danışır. Divarlar danışır, şəkillər danışır, ana-ata da susaraq danışır. Əminəm ki, bu sadəcə bir müsahibə olmayacaq. Bu, bir çempionun ruhu ilə görüş olacaq. Bir qəhrəmanın yoxluğunda onun varlığını duyduğumuz bir yolçuluq olacaq.
Şəhidimizin atası Səttar bəy oğlu Bəhruzla bağlı xatirələrini bizimlə bölüşür:
– Bəhruzun hər xüsusiyyəti, hər davranışı sanki bir məktəb idi. İnsan sağlığında sevdiklərinin dəyərini tam görə bilmir. Elə bil ki, onların yoxluğu ilə bir pərdə qalxır gözlərimizdən və hər şey bir anda aydınlaşır. Bəhruz şəhid olduqdan sonra onun nə qədər dərin dünyagörüşünə, güclü xarakterə, zəngin biliyə sahib olduğunu daha aydın gördüm. Sağlığında bunu tam anlayıb dərk edə bilmirdim.
Uşaqlıqdan onu idmana yönləndirdik. Ardınca özü üzərində dayanmadan işləməyə başladı. Cəld idi, çevik idi, zəhmətkeş və hər kəslə mehriban münasibət qurmağı bacarırdı. Hər bir uğurunu addım-addım, əzmlə əldə etmişdi. Qarşısına çıxan çətinlikləri ağlı və təmkinilə aşırdı. Zəkası ilə yaşıdlarından seçilirdi.
Hərbi xidmətdən qayıdandan sonra sanki bir başqa Bəhruz idi – daha kamil, daha müdrik. Elə kəlamlar söyləyirdi ki, bəzən deyirdim: “Bala, bu sözləri ancaq bir alim başa düşər.” Mən ona deyirdim ki, “Oğul, mən sadə fəhlə adamam, bu dərin fikirləri tam anlaya bilmirəm.” O isə böyüyürdü – təkcə yaşda deyil, ruhda, düşüncədə böyüyürdü. Kamil bir insan olma yolunda idi. Onun sözlərində dərin məna vardı. Bəzən düşünürdüm ki, onu anlayacaq qədər bilik, dərinlik hər kəsdə olmur.
Kamil insanlar, bəlkə də, bizim kimi insanların gözündəki pərdəni qaldırmaq üçün yaşayırlar. Bəhruz şəhid olandan sonra onu bir neçə dəfə yuxumda gördüm və sanki o yuxular vasitəsilə onun fikirlərini, mənə ötürdüyü mesajları daha aydın anlaya bildim.
-Səttar bəy Bəhruzu şəhidliyindən sonra yuxuda belə görür:
– Bəhruz şəhid olandan sonra yuxumda gördüm – uca bir binanın həyətində idim. Orada su arxı axırdı, ətrafda meyvə ağacları vardı. Həyətin içində taybatay açıq qapılar görünürdü. Balaca qapılardan keçəndən sonra çox böyük, möhtəşəm bir qapı ilə qarşılaşdım. Elə bildim ki, Bəhruz həmin evdədir, oranı qoruyur.
Uzaqdan onu gördüm – mənə baxır və gülümsəyirdi. Soruşdum: “Oğul, nəyə gülümsəyirsən?” Cavab verdi: “Ata, heç çətin deyil…” Bu söz məni dərin-dərin düşündürdü. Şəhidlər ölmürlər. Onların hər birinin cənnətdə öz məqamı, öz vəzifəsi var. Biz belə şəhidlərə “İmam Hüseyn şəhidləri” deyirik. Çünki onlar da haqq yolunda, imanla, sədaqətlə şəhadətə yüksəliblər. Biz şəhid ataları buna inanırıq. Çünki şəhidlər ölümün üstünə gülə-gülə gedənlərdir. Azərbaycan oğulları da elə idilər – döyüşə gülümsəyərək yollanırdılar. Onların qarşısında heç bir düşmən tab gətirə bilməzdi. O güc, o ruh, o vətən sevgisi onlara Allah tərəfindən bəxş edilmişdi.
Bəhruzun şəhadətindən 40 gün sonra onu yenidən yuxumda gördüm. Qapıdan keçib yuxarı qalxdı. Anası və mənimlə görüşdü. Bu görüş mənim üçün çox önəmli idi. Çünki döyüşə getdiyi vaxt mənə heç nə deməmişdi. Pandemiya dönəmi idi, evdən çıxanda “bir az şəhəri gəzib gələcəyəm” demişdi. Sonradan öyrəndim ki, könüllü olaraq müharibəyə yollanıb. O vaxt bizimlə vidalaşa bilməmişdi. Bəlkə də ona görə şəhadətinin 40-cı günü yuxumda bizimlə görüşdü. Yuxuda ona bərk-bərk sarıldım, birlikdə oturduq. O sarılmada bir ata ilə oğulun ayrılıqdan sonra tapdığı əbədi birliyin, təsəllinin istiliyi vardı…
Şəhidimizin anası, Gülnar xanım oğlunun həyat, döyüş və qəhrəmanlıq yolundan danışdı:
- Bəhruzun həyata gəlişi belə çox çətinliklərlə olub. O həqiqətən çox ağıllı bir oğul idi. Mən anası olaraq ona heyran qalırdım. Öz-özümə deyirdim ki, ilahi bu uşaq, necə də gələcəyi düşünən, irəli getmək üçün çalışan, zəhmətdən qorxmayandır. Bəhruz uşaqlıqdan böyük kimi davranırdı. O qarşısına məqsəd qoyurdu və öz zəhməti ilə ona çatırdı. Uşaqlıqdan idmana böyük həvəsi vardı. Bəhruz idmana başlayanda da qarşısına bir hədəf qoymuşdu. Çox az yaşında böyük nailiyyətlər əldə etdi. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynayıb. Bəhruz qayıdasız döyüş növü üzrə müxtəlif yarışlarda iştirak edərək birincilik əldə edib. Tanınmış idmançı müəllim kimi gənclərə də bu döyüş növünün sirlərini öyrədirdi. Bəhruz müəllimliklə yanaşı, öz üzərində də ciddi çalışmağa davam edib. 2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutaraq “Qara kəmər ustası” adına layiq görülüb. Bəhruz “Qara kəmər”i götürməyi özünə bir hədəf kimi qoymuşdu. Aylarla, illərlə bunun üçün çalışdı və onu əldə etdi. Həmişə deyirdi ki, “onu qazanan oğlan məndən artıq deyil”. Hazırda onun tələbələri yolunu davam etdirirlər.
Şəhid anası, oğlunun qeyri-adi, çox seçilən bir insan olduğunu qeyd etdi:
-Bəhruz mənim təkcə oğlum deyildi, o həm də mənim fəxrim idi. Uşaqlıqdan mərd, köməksevər və qorxmaz idi. Bilirdim ki, böyüyəndə elə bir yol seçəcək ki, hər kəs onunla fəxr edəcək. O Vətən deyəndə gözləri işıq saçırdı. Yarışlarda da, döyüş meydanında da həmişə öndə idi. Bəzən elə bilirəm, qapı açılsa, Bəhruz içəri girəcək. Gülümsəyəcək, deyəcək ki, “Ana, narahat olma, mən yaxşıyam”. Amma sonra başa düşürəm... O, artıq şəhid çempiondur-həm idmanda, həm də vətən yolunda qalib gəldi.
Gülnar xanım, oğlunun unudulmaz xüsusiyyətlərindən, Vətən sevgisindən bəhs etdi:
-Bəhruz 4-cü sinifdə oxuyanda qərar verdik ki, Bakıya köçək. Həmin günü çox gözəl xatırlayıram. Bakıya gəlmək üçün yükümüzü daşımağa maşın laızm idi. Bir çox yerlərə zəng etsək də olmadı. Bəhruz çox cəsur uşaq idi. Dedi ki, “ana mən maşın tapıb gətirərəm”. Heç yarım saat keçmişdi ki, o mənim istədiyim həmin maşını düz qapımıza gətirdi. Həqiqətən onun qeyri-adi fitri istedadı vardı. Hamının cəldliyinə, qorxmazlığına heyran idi. Sadə, iradəli, məqsədli uşaq idi. Ən çox mənimlə dərdləşir və məsləhətləşirdi. Əlbəttə ki, mənim fikrimi soruşandan sonra özü qərar verirdi. Bəhruz Tovuzda N saylı hərbi hissədə xidmətdə olanda, komandiri ondan yerlə-göy qədər razı idi. Hər zaman çətin işin dalınca gedərdi ki, oradan nəsə öyrənsin. İdarəçiliyi sevirdi. Hara getsə orada nizam qururdu. Hamının da hörmətini qazanırdı. Bəhruzda bacarmıram, bilmirəm söhbəti olmazdı. Hətta hazırda oturduğumuz evin 70%-ni o tikib. Heç vaxt dayanmırdı. Daim hərəkətdə, daim qazanc dalınca olurdu. O heç vaxt bizdən pul istəməyib. Hər zaman özünün qazancı, ruzisi olub. Əksinə Bəhruz həmişə evə dəstək olub. Nə yarışlarından, nə məşqindən, nə də işindən qalırdı. Çalışırdı ki, hamısı yerində olsun. Onun istirahət etdiyini mən görməmişəm.
Bəhruz çox mehriban, mərhəmətli, qayğıkeş bir oğul idi. Onda olan vicdan, dürüstlük, ədalətlilik inanın sözlə ifadə oluna bilməz. Döyüş zalını açanda ilk işi divara Azərbaycanın üç rəngli bayrağını, gerbini vururdu. Daha sonra başqa işlərini görməyə başlayırdı. Deyirdi ki, “qoy burda məşq edən uşaqlar bilsinlər ki, bayrağımızı ucalara qaldırmaq üçün daim əzmlə çalışmaq lazımdır”. Vətən sevgisi onun damarlarında idi. Müharibə vaxtı mənə dedi ki, “ana, mən getməyim, o getməsin bəs kim getsin Vətənin müdafiəsinə?”. Söyləyirdi ki, “mən özümə sığışdıra bilmərəm ki, hamı döyüşdə olsun mən evdə oturum. Onsuz da bir canımız var, gec-tez hamı o canı Allaha təslim edir. Amma mən getməliyəm”.
Gülnar xanım oğlunun döyüşə getməsini belə xatırlayır:
– Rayonda idim. Həmin vaxt döyüşə gedən maşınlara kənd sakinləri əllərindən gələn qədər kömək edirdi. Hətta arxasınca baxıb ağlayırdıq. Heç ağlıma da gəlməzdi ki, sabah bu maşınların birində mənim oğlum da olacaq. Bəhruz rayona gəldi və bir gecə bizimlə qaldı. Səhər açılandan sonra, sentyabrın 29-da, artıq hərbi komissarlıqdan müharibəyə yola düşdü. Onun döyüş yoldaşları Bəhruzun göstərdiyi şücaətdən ürəkdolusu danışırlar. Bildirirlər ki, o, döyüş yoldaşlarını qorxusuz bir cəngavər kimi motivasiya edirdi. Yüzlərlə yaralı döyüşçü yoldaşlarını xilas edən bir igid olub. Cəldliyi, iti zəkası və döyüş taktikasını dərindən bilməsi onu daim qoruyurdu. Onu bir yerdə tutmaq mümkün deyildi. Bir gün Lənkərandan olan döyüş yoldaşının gözləri önündə şəhid olduğunu görür. Dərhal onun əlindəki PK pulemyotunu götürərək təkbaşına həmin ərazidə onlarla düşməni məhv edir. Sanki qartal kimi düşmənin üstünə şığıyırdı. Əsla qorxmazdı. Onun qəhrəmanlığını görmək, gözlə şahid olmaq lazım idi. Bəhruz Cəbrayıl, Füzuli, Zəngilan və daha sonra Qubadlı istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Onun Vətən sevgisi o qədər güclü idi ki, bütün arzularından, gələcək karyerasından və ailəsindən keçərək canı və qanı ilə Vətəni seçdi. Bizim oğullar bütün dünyaya sübut etdilər ki, Azərbaycan güclü və qüdrətli dövlətdir, igid və qəhrəman oğulları var. Silah hər iki tərəfdə vardı, amma onu istifadə edən şir ürəkli oğullar yalnız Azərbaycan oğulları idi. Bu Zəfər dünyada misli görünməmiş bir qələbə idi. Qeyd edim ki, 1992-1993-cü illərdə Bəhruzun atası da Ağdərə döyüşlərində iştirak etmişdi.
Səttar dayı, 1992-1993-cü illərdə Ağdərə döyüşlərindən və Bəhruzla sonuncu telefon danışığından danışır:
-Həmin dövrdə bizim də Əliyar Əliyev kimi milli qəhrəman, igid oğullarımız vardı. Xatırlayıram, Əliyar Əliyev həm də peşəkar idmançı idi. O, öz yetirmələri ilə birgə döyüşürdü. Yüzlərlə erməni muzdlusunu məhv edən "Pəhləvanlar taboru"nun komandiri idi. O qədər güclü idi ki, torpaqla dolu kisələri təkbaşına düzə bilərdi. O, pulemyotla düşməni ot kimi biçərdi. Ölümün gözünün içinə dik baxardı. Onun şücaəti bizə güc, qorxmazlığı motivasiya verərdi. İndi Bəhruzun döyüş yoldaşları onun haqqında danışanda, gözümün önündə Ağdərədə gördüyüm igidlərin şücaəti canlanır. Bəhruzla sonuncu dəfə oktyabrın 19-da danışdıq. O döyüşə gedəndə ürəyimə dammışdı ki, bu son danışığımız ola bilər. Belə düşüncələri ağlıma gətirmək istəmirdim, amma nədənsə beynimdən də çıxmırdı. Hətta bununla bağlı bir yuxu da görmüşdüm. İşdə idim, səhər saat 11 olardı. Telefonuma zəng gəldi. Açdım, Bəhruz idi. Dedi: "Ata, mənəm. Əgər məndən incimisənsə, məni bağışla." Döyüşə getməmişdən əvvəl mənə demişdi ki, "ata, şəhərə gedirəm, qayıdacağam." Amma o gediş, bir daha dönüş olmadı. Düşünmüşdü ki, mən ondan incimişəm. Amma insan öz balasından inciyərmi heç? Həmin anda anladım ki, Bəhruz halallıq alır. Demək istəyirdi ki, biz hər şeyə hazır olaq. Mənə çatdırmaq istəyirdi ki, ata, mən şəhid olacağam. Elə bil Allah ona bunu əvvəlcədən hiss etdirmişdi. Deyəndə ki, “ata, məndən incimisənsə, halallıq ver,” cavab verdim: “Ay bala, nə danışırsan? İnşallah, sağ-salamat qayıdarsan, toyunu edərik. Ağlına belə şeylər gətirmə.” Dedi: “Ata, yox… mən gedirəm. Az sonra hamımız döyüşə atılacağıq. Ata, mənimlə bir az çox danış.” Dedim, anana və qardaşına da zəng et. Amma hiss edirdim ki, Bəhruz məni şəhid olacağına hazırlayır. O, torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərmişdi. Neçə-neçə yaralı döyüş yoldaşını döyüş meydanından çıxarmışdı. Onun son fədakarlığı — yaralı yoldaşının silahını götürərək irəli atılması oldu. Son damla qanına qədər döyüşdü, düşmən qüvvələrini təkbaşına irəliləyərək məhv etdi. Amma düşmənin snayper gülləsinə tuş gəldi və şəhidlik zirvəsinə ucaldı. Bəhruz az yaşasa da, sanki altmış yaşlı bir insan qədər bilik və hikmətə sahib idi. Onun əllərində bayraq, gözlərində iman vardı. O şəhidlik zirvəsinə yürüyərkən, mən səssizcə dua edirdim. Amma bilirəm ki, artıq Uca Yaradana qovuşub. Bəlkə də orada da Vətəni qoruyur, mələklərlə bir sıradadır. Oğlumu Vətənə əmanət etdiyim gün, mən də özümün bir parçasını onunla birgə orada qoydum…
Şəhid çempion Bəhruz Əhmədovun ata ocağında keçirdiyim bu müsahibə qəlbimin ən dərin guşəsinə toxundu. Onun valideynlərinin sadə, amma bir o qədər də məğrur baxışlarında bir övladın deyil, bütöv bir Vətənin taleyini daşıyan hekayə vardı. Hər kəlmələri ilə təkcə qəhrəman deyil, həm də bir insanı-mərd, mərhəmətli, vətənpərvər bir oğulu tanıtdılar. Söhbət boyu həm kövrəldik, həm də Bəhruzun cəsarətindən qürurlandıq. Çünki bu ev təkcə bir şəhidin deyil, həm də onun əbədiyaşar ruhunun məkanıdır. İndi bu ocağı tərk edərkən qəlbimdə onun işıqlı xatirəsini, gözümdə isə yaş dolu minnətdarlığımı aparıram. Allah Bəhruzun simasında cəmi şəhidlərimizin ruhunu şad eləsin. Biz siz sizi heç vaxt unutmadıq və unutdurmayacağıq!
Fəridə Ağazadə
Jurnalist






















Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin