Qısa arayış:
Şikarov Nəcəf Şikar oğlu 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam orta məktəbində, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində ali hərbi təhsil alıb.Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib..
Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan doğma torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. N.Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən layihəsi komandası olaraq Şəhid Nəcəf Şikarovun ailəsi ilə həmsöhbət olmaq üçün onlara yollandıq. Şəhidimizin həyat yoldaşı Xurşud xanım və gözəl qızları Zinyət və Zəhra bizi böyük sevgi ilə qarşıladılar. Xurşud xanım bizi söhbət edəcəyimiz otağa dəvət etdi və müsahibəyə də burada başladıq…
Şəhidimizin həyat yoldaşı Xurşud xanım qeyd edir ki, Nəcəf müharibəyə zəfər qazanacağımız inamı, böyük ruh yüksəkliyi ilə yollanıb:
-Nəcəf ilk dəfə idi ki, uşaqları mənə tapşırırdı. Ona sual verdim ki, axı niyə belə ciddi-ciddi uşaqları mənə tapşırırsan? Həmin vaxt ağladım. Nəcəf dedi ki, “axı sən məni yola salanda heç ağlamırdın”. Amma Nəcəf müharibəyə gedərkən çox üzügülər idi və qələbə qazanacağımıza çox inanırdı. Həmişə deyirdi ki, torpaqlarımızı mütləq düşmən əsirliyindən azad edəcəyik. O getdiyi gün qəlbimə həyəcan, təlaş, qorxu çökdü. Hiss edirdim ki, bu gedişin dönüşü olmaya bilər. Hər ağlıma gəldikcə hönkür-hönkür ağlayırdım. Çünki qızlarımız Zinyət və Zəhra ona çox bağlı idilər. Çalışırdım ki, qızlara görə daha mətin dayanım. Cəbhədə olanda arabir zəng edir, çox qısa danışırdı. Bizi arxayınlaşdırırdı ki, hər şey yaxşı olacaq. Bircə noyabrın 1-də, Zəhranın ad günü bir neçə dəfə zəng etdi. Çoxlu suallar verirdi. Ad gününü necə keçirirsiniz? Kimlər gəlib? Hansı yeməkləri bişirmisiniz? Zəhra indi neyləyir?... Nəcəf ilə sonuncu telefon yazışmam noyabrın 7-də oldu. Ən son cümləsi bu oldu ki, “mənim üçün dua et”. Həmişə mənə tapşırırdı ağlama, bir də uşaqlara yaxşı bax, çalış yaxşı təhsil alsınlar. Şəhadətindən bir neçə gün qabaq telefonda anası ilə danışıb. Ona noyabrın 11-nə ad günü hədiyyəsi söz verib, “səni gör necə təbrik edəcəm, ana...”, - deyib Nəcəf.
-Xurşud xanım deyir ki, hərbçi həyat yoldaşı olmaq çətin idisə də, amma çox qürurlu idi. Çünki mən onu hərbi geyimdə sevmişdim:
-Hərbçi həyat yoldaşı olmaq çox qürurlu bir hisdir. Nəcəfi hərbi geyimdə sevmişəm və onu hər dəfə o geyimdə görəndə böyük fəxr hissi duyurdum. Əlbəttə ki, hərbçi həyat yoldaşı olmaq böyük fədakarlıq tələb edir. Lazım gələrsə, övladını atasız böyüdəcək qədər.Mən Azərbaycan Texniki Universitetinin tələbəsiydim. Qohum olsaq da, Nəcəfi çox az görmüşdüm. Mən Şamaxıda, o isə Bakıda böyümüşdü.
İkinci kursda oxuyanda biz nişanlandıq. Universiteti bitirdim və daha sonra toyumuz oldu. O, 12 il cəbhə bölgələrində xidmət etdi. Bu illər ərzində ailəmiz böyüdü, qızlarımız dünyaya gəldi. Nəcəf çox ailəcanlı idi. Ancaq daha çox hərbi hissədə, səngərlərdə olur, günlərlə onu görə bilmirdik. Vətənə, torpağa, əsgərlərinə çox bağlı idi. Ən böyük arzusu həmişə o olub ki, işğalda olan torpaqlarımızı azad olunsun. Bəzən təəssüflənirəm ki, bir yerdə çox az bir zaman keçirmişik. Nəcəf qısa olan evlilik taleyimizdə çox gözəl izlər qoyub. Hər dəfə ana-atasına, mənə, uşaqlara göstərdiyi sevgini, qayğını xatırladıqca çox kövrəlirəm. Qızlarına qeyri-adi, böyük məhəbbəti var idi. Hər evə gələndə çox balaca olsalar da, həmişə onlarla oynayar, danışar və onları dinləyərdi. Oyuncaqları yerə töküb, uşaqlarla birlikdə oynayırdı. Sevgisi də, qayğısı da sözlərlə ifadə edilə bilməz. Çətinliyə düşəndə Nəcəfin ruhunu yanımda hiss edirəm. Tez-tez yuxularıma da gəlir.
Cəsur, igid kapitanın övladları Zinyət və Zəhranın yaşı az olsa da, atalarının necə bir qəhrəman olduğunu yaxşı bilir, onunla qürur duyurlar. Şəhidimizin böyük qızı Zinyət Şikarova atasını belə xatırlayır:
-Atam çox mərhəmətli, hamı ilə mehriban ünsiyyətdə olan bir insan idi. Atamla çox xatirələrimiz olmasa da, onunla keçirdiyim hər dəqiqə mənim üçün unudulmazdır. İşdən yorğun gəlsə belə, mütləq bizimlə vaxt keçirərdi. O yorğunluğunu heç vaxt dilinə gətirməzdi və bizə həmişə sevgi, qayğı ilə davranardı. Müharibəyə gedən gün səhər tezdən atam məni qucağına aldı və bərk-bərk bağrına basdı. Həmin vaxt atamın boynuna sarılıb, sonuncu dəfə qoxusunu içimə çəkdim. Çünki mən başa düşürdüm ki, o, müharibəyə gedir. Düzdür bacım lap kiçik yaşlarda olduğu üçün bunu anlamırdı. O elə bilirdi ki, atamız yenə işə gedir və geri dönəcək. Əslində mən başa düşürdüm ki, bu, müharibədi. Hər gecə not dəftərimə yazırdım ki, atam müharibəyə getməsin. Atam müharibəyə gedəndən sonra bir gecə dəftərə yazdım ki, ata, sən niyə bizim zənglərimizi açmırsan, axı səndən ötrü çox darıxmışıq. Elə həmin gün, yəni 9 noyabrda atamın şəhidlik zirvəsinə ucaldığı xəbərini aldıq. Bu gün onun qızı olduğum üçün böyük qürur hissi duyuruam. Hər bir qız atasını özünün əsil qəhrəmanı kimi görür. Çünki atalar hər zaman qızlarının qoruyucu mələyi kimidir. Ona görə də mən bu gün də atamın ruhunun bizi qoruduğunu hiss edirəm. Çox istərdim atamı yuxularımda tez-tez görüm.
-Zinyət deyir ki, atası onun həkim olması arzusunu çox sevinclə qarşılamışdı:
-Bir gün atama söylədim ki, ata, mən kardioloq həkim cərrah olmaq istəyirəm. Atam bu arzumu çox böyük sevinclə qarşıladı və sevindi. O, bizim skripkada ifa etməyimizi də arzulayırdı. Skripkada ifa olunan musiqiləri çox sevirdi. İnşallah bu arzusunu da yerinə yetirəcəm. Atamla bərabər ölkələrə səyahətlər etmək, onunla daha çox zaman keçirmək istərdim. Amma bilirəm ki, harada olmağımızdan asılı olmayaraq atamın ruhu həmişə bizimlə olacaq. Həkim olduğum zaman məzarının başına gedəcəm və onun qızı olduğum üçün təşəkkür edəcəm. Atamın adını hər zaman zirvələrdə yaşadacam. Atam sağ olanda da onunla fəxr edirdim, şəhid olandan sonra da fəxr edirəm.
- Şəhidimizin 11 yaşındakı Zəhra qızı, atası ilə çox az zaman keçirməsinə baxmayaraq, onun da özünəməxsus xatirəsi var:
-Bu gün qəhrəman bir atanın qızı olmaq qürurverici hisdir. Amma atam yanımda olsaydı daha yaxşı olardı. Çünki gecələr hər kəs yuxuya gedəndə biz atamla oyunlar oynayırdıq. O çox mehriban ata idi. Gələcəkdə pilot olmaq istəyirəm. Bu arzumdur. Bilirəm ki, atam da məni pilot kimi görmək istəyərdi. Təyyarələrə isə sevgim və marağım çoxdur. Baxdım ki, həkim, müəllim və başqa peşə sahibləri çoxdur. İstədim ki, mənim peşəm hamıdan fərqlənsin. Ona görə qərar verdim ki, həm pilot olum, həm də atamın adını səmalarda yaşadım. Bu, arzumun həyata keçməsi üçün gecə-gündüz çalışacam. Həmçinin atam çox istəyirdi ki, gələcəkdə boks idman növü üzrə çempion olum. İnanıram ki, atamın bu arzusunu da gerçək edəcəm. Çünki atamın arzuları ilə mənim arzularım demək olar ki, eyni idi. Hazırda boksa da gedirəm. Boks müəllimim də mənə çox bu idmanı çox yaxşı öyrədir. Atamın müharibəyə getdiyini başa düşmürdüm. Anama tez-tez atamla bağlı suallar verirdim. Anamı ağlayan görəndə çox darıxırdım. Şəhid olduğunu eşidəndə isə çox ağlamışdım. Bildim ki, atam daha gəlməyəcək. İndi başa düşürəm ki, atamın ruhu bizi həmişə qoruyur. O, əsil qəhrəmanımdır.
Vətən müharibəsində tarixi qəhrəmanlıqlara imza atan, ölümün gözünə dik baxan, tarixə şərəfli imzasını atan, şəhadəti ilə gələcək nəsillərə əsil qəhrənmanlıq nümunəsi olan igid oğullarımızdan biri də şəhid kapitan Nəcəf Şikar oğlu Şikarov idi. Bu gün şəhidimizin 13 yaşındakı Zinyət və 11 yaşındakı Zəhra qızları onun necə böyük qəhrəman olduğunu bilirlər. Biz də deyirik ki, qoy bütün şəhid övladları başını uca tutsunlar. Çünki onların ataları heç vaxt ölməyəcək, əbədi Azərbaycan xalqının qəlbində yaşayacaqdır.
Fəridə Ağazadə
Jurnalist
Fəridə Ağazadə
Jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin