Hər il dekabrın 12-də Azərbaycan xalqı müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Bu gün, yalnız böyük bir liderin həyatdan ayrılmasını deyil, həm də onun milli dövlətçiliyin möhkəmləndirilməsindəki misilsiz xidmətlərini dərin minnətdarlıqla xatırlamaq üçün bir fürsətdir. Heydər Əliyev Azərbaycanın taleyüklü anlarında xalqın yanında olmuş, müdrikliyi və uzaqgörənliyi ilə ölkəni ən çətin sınaqlardan çıxarmışdır.
1923-cü ildə Naxçıvanda dünyaya gələn Heydər Əliyev, öz zəhməti və istedadı sayəsində Azərbaycan SSR-in rəhbərliyinə qədər yüksəldi. Onun rəhbərliyi dövründə ölkənin sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində mühüm inkişaf müşahidə olundu. Lakin onun əsl liderlik keyfiyyətləri Azərbaycanın müstəqillik dövründə daha parlaq şəkildə ortaya çıxdı.
Böyük siyasətçinin obrazına təsviri incəsənət və xalq sənətində bir çox istedadlı rəssam, heykəltəraş və xalçaçı rəssamlar tərəfindən dəfələr ilə müraciət edilmişdir. Əməkdar Rəssam Taryer Bəşirovun da yaradıcılığında Xalq Rəssamı Tahir Salahovun “Heydər Əliyevin portreti” əsəri əsasında çeşnisini hazırlamış olduğu xalça xüsusi yer tutur.
Belə ki, o, “Heydər Əliyevin portreti”nin əks edildiyi xalçanı 2012-ci ildə ərsəyə gətirmişdir. Taryer Bəşirovun müəllifi olduğu xalçanın haşiyə qurşağını Azərbaycanın bütün bölgələrinə aid xalçaların milli ornamentləri bəzəyir. Bu ornamentlər ana haşiyə boyu təkrarlanır və bütöv Azərbaycanı təcəssüm edir. Künclərdəki şəbəkə şəkilli səkkiz guşəli ulduzun üzərində gerbin alovu var. Heydər Əliyevin başı üzərində isə Azərbaycan bayrağının verilməsi dövlət müstəqilliyimizi yenidən bərpa edən liderin obrazına Vətənin qoruyucusu anlamını verir. Xalçanın ana haşiyəsi kətəbədir. Böyük ölçülü kətəbələrin üzərində Quba-Şirvan qurupunda istifadə edilən bir neçə xalça elementini görə bilərik. Burada qarmağı elementlər qoza adlanır. Vərni xalçalarında istifadə edilən kiçik ölçülü əjdaha ementləri digər kətəbələrin içərisində oxbaşı adlanan qarmaqlı ementlər, yuxarı kətəbələrdə isə zeyvə kaşı və zeyvə gülü elementləri, kətəbənin üzərində isə heyvagülü elementləri vardır. Aşağı kətəbənin üzərində burmahörük, haşiyə qurşağı zolağından istifadə edilmişdir. Aşağı sağ tərəfdə isə Mərəzə xalçasına xas olan “yallı” adlanan insan fiqurları vardır. Bu elementə xalçaçılar bəzən “əl-ələ” də deyirlər. Aşağıson kətəbə isə müəllif tərəfindən üfüqi istiqamətdə sıra ilə düzülən kətəbələr şaquli zolaqlar ilə əlaqələndirilmişdir. Sağ yan kətəbənin içində böyük ölçülü alma adlanan elementlərin arasında ətrafı qarmaqlı kiçik ölçülü kətəbələrin daxilində oxbaşı elementi təkrarlanır. Kətəbələrin arasında müxtəlif ölçülü kətəbələrin içində stilizə edilmiş Şirvan buta adlı elementlər göstərilmişdir. Digər kətəbədə ətrafı qarmaqlı elementlər sol tərəfdəki kimi təkrarlanır. Ana haşiyənin yuxarı hissəsindəki kətəbələrdə kaşılar var. Burada kaşıların iki növü təsvir edilmişdir: nəbati formalı “Bəşirqızı” və həndəsi formalı kaşılar. Bəşirqızı elementi Quba-Şirvan qurupunun Xilə-Əfşan xalçasında və Qarabağın Qoca xalçasında istifadə edilən sacayağı elementinin stilizə olunmuş formasıdır. Taryer Bəşirovun xalçasında haşiyə qurşağı semantik məna yükü baxımından da ifadəlidir. Xalça hazırda Azərbaycan Milli Xalça Muzeyində saxlanılmaqdadır.
Sonda isə qeyd edim ki, bu gün də Azərbaycan dövlətçiliyinin əsas dayağı olan Heydər Əliyev irsionun obrazı əsasında yaradılmış olan incəsənət əsərləri vasitəsi ilə xalqın birliyi, vətənpərvərliyi və milli qürüru kimi dəyərlərin daçıyıcısı olaraq təsvir edilmişdir. Onun müəyyən etdiyi strateji yol isəböyük siyasətçinin layiqli davamçısı olan cənabPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bütün türk dünyasında müasir liderlik nümunəsi kimi yaddaşlarda yaşayır. Heydər Əliyev təkcə keçmişin deyil, həm də gələcəyin lideridir. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq.
Sənətşünas Sədaqət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin