Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
-Pənəhov Əkbər Bəylər oğlu 1990-cı ilin avqustun 12-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Babakişilər kəndində hərbçi ailəsində dünyaya göz açıb. Atası hərbçi olduğuna görə Bakı şəhərinə təyinat alıb. Bu səbəbdən Əkbər biryaşından ailəsi ilə Bakı şəhərində yaşayıblar. 6 yaşında 269 saylı orta məktəbin birinci sinfinə qədəm qoyub. 2002-ci ildə həmin məktəbin məzunu olub. Orta məktəbi bitirəndən sonra Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olub. Hərbi Akademiyanı müvəffəqiyyətlə bitirib və bir il TTM-da oxuyub sonra təyinatını Lənkəran şəhərinə veriblər. Orada 5 il qulluq etdikdən sonra təyinatla Füzuli, Ağcabədi rayonuna göndərilib. Bir müddət sonra Murovdağ zirvəsində xidmət edib. Aradan bir az keçəndən sonra Şəmkirdə yerləşən N saylı hərbi hissəyə təyinat alıb.
Azərbaycan Ordusunun kapitanı olan Əkbər Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə döyüşüb. Əkbər Pənahov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Uzun müddət davam edən axtarış əməliyyatlarından sonra 10 iyul 2021-ci tarixində nəşi tapılıb. Şəhid 12 iyul tarixində II Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamı ilə Əkbər Pənahov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əkbər Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarınaqatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əkbər Pənahov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Vətən layihəsi komandası olaraq Şəhid Əkbər Pənahovun anası Mayiqa Alməmmədova iləhəmsöhbət olmaq üçün onlara yollandım. Şəhid anası məni Əkbərdən geri qalan xatirələrin toplandığı otağa apardı. Elə söhbətimizə də burada başladıq...
-Mayiqa ana oğlunun həyat yolundan danışarkən, bildirdi ki, Əkbər hərbiçi ailəsində dünyaya göz açıb:
-Əkbərin atası Pənahov Bəylər hərbiçi olub. O 1993-cü ildə Birinci Qarabağ savaşında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək vuruşub. Müaharibə veterandır. İki övladımız var, onlar Həsənəli və Əkbərdir. Onlarhərbçi ailəsində böyüyüb, boya-başa çatıblar.Əkbərin bir yaşı tamam olanda biz Gürcüstandan Bakı şəhərinə köçdük. O, 269 nömrəli tam orta məktəbdə ibtidai təhsilinə başlayıb. Əkbər qardaşından bir yaş kiçik olsa da, iki qardaş eyni sinifdə oxuyublar. Əkbər özünü sevdirə bilən, çox hörmətli, dost-tanış arasında daim sevilən- seçilən bir oğul olub. İki qardaş həmişə əllərini bir-birinin boynuna salaraq məktəbdən gəliblər. Əkbər çox diqqətcil, böyüyə hörmət, vətənpərvər ruhda tərbiyə alıb. Əkbərin yaşadığı yerdə onun adına balaları üçün gül mağazası açılıb. Hər dəfə ora baxanda deyirəm ki, güllü-çiçəkli balam. Zaman-zamanoradan güllər alıb, Əkbərimi və İkinci Fəxri xiyabanda olan bütün şəhidləri ziyarətə gedirəm.
-Atası, əmisi hərbiçi olduğuna görə Əkbərin də hərbiyə böyük marağı və sevgisi olub:
-O, uşaqlıqdan hərbçi olmaq istəyib. Əkbər orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün sənədlərini birinci qrupa verib. İmtahanda topladığı bal Hərbi Akademiyada ali təhsil alması üçün yol açıb. Atası deyirdi ki, hərb yol çətin olsa da, qürurludur. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Akademiyanı bitirəndən sonra bir il Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu oxuyub. Daha sonra təyinatı üzrə 5 il Lənkəran rayonunda çalışıb. Oğlum, 28 yaşında kapitan rütbəsinə layiq görülüb. Bundan sonra isə Əkbər işini Qarabağda davam etdirib. Oğlum düz bir il Murovdağının zirvəsində xidməti vəzifəsini layiqincə yerinə yetirib. İki oğlumun ikisi də vətənpərvər, el-obaya, adət-ənənəyə bağlı ruhda böyüyüb. Əkbər uşaq yaşlarından hərbiyə maraq göstərib. Öz arzusu ilə də zabit olub. Oğlum şərəfli hərbçi həyatı yaşayıb.
- Mayiqa ana bildirir ki, Əkbərin çox gözəl ailəsi və iki oğul yadigarı var:
-Həmişə arzulayırdım ki, qaragöz, əsmər üzlü gözəl bir gəlinim olsun. Allah arzumu çin etdi və 24 yaşında Əkbəri Vüsalə xanımla evləndirdik. Gəlinin atası da hərbçi olub. Ona görə ailələr də xeyir işə razılıq verdi. İndi Əkbərin iki oğul yadigarı, Rəsul və Cavidanı var. İlk oğluna Rəsul adını özü qoyub. Bu adın mənasının nə qədər yüksək oluğunu bilirdi. İndi hər dəfə dua edəndə “Allahu Əkbər, Ya Rəsul Allah” deyirəm. Əlbəttə, bir ana kimi ürəyim qan ağlayır, lakin torpaqlarımızın düşməndən azad olunması, oğlumun şəhadətə qovuşmağının necə uca məqam olduğunu bilirəm. Əkbər nəinki bizim ailənin, bütün xalqımızın qürur yeridir.
-Şəhid anası oğlunun böyük arzuları olduğunu qeyd etdi:
- Bəlkə hərbçi olduğuna görə idi, Əkbər nə çox gülən, nə də çox danışan olub. Onun ən böyük arzularından biri Vətəni bütöv görmək idi. O,həmişə təmkinli davranan, hirsini cilovlaya bilən, mərhəmətli bir oğul olub. Mayor rütbəsi almağına iki il qalmışdı. Əkbər bu məqamı çox gözləyirdi. Yeganə təsəllim odur ki, Əkbər kimi şəhid oğullar ölməyiblər, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə ucalıblar. Vətənə, dövlətə, xidmət yoldaşlarına, döyüşçü dostlarına bağlı idi. Təsadüfi deyil ki, öz qolundan yaralı olduğu halda, Ömər aşırımında döyüşçü dostunu, silahdaşı şəhid kapitan Niyyət Şirəliyevin nəşini neytraldan çıxartmaq üçün son döyüşə girib. Əkbərimin cəsarəti, qeyrətli zabit olması ürəyimi fəxarət və qürur hissi ilə doldurur. Şəhid balalarımızın Allah yanında məqamları ucadır.
- Mayiqa ana Əkbər ilə sonuncu görüşünü belə xatırlayır:
- Avqustun 8-də oğlu Cavidanın, 10-da qardaşı Həsənəlinin, 12-də Əkbərin və 13-də isə həyat yoldaşı Vüsalə xanımın doğum günləri idi. Biz Əkbərin körpəsi Cavidanın doğum gününə yığışdıq. Oğlum ilə sonuncu görüşümünolduğuna heç inanmazdım. Avqustun 10-da biz oradan ayrılanda Əkbər qəribə formada bir ah çəkdi. Boynunu qucaqlayıb, üzündən öpdüm. Dedim ki, bala özündən muğayat ol. Avqustun 12-də isə Əkbərin doğum günündə sonuncu dəfə səsini eşitmişəm. Ən son isə sentyabrın əvvəlində atası və qardaşı ilə danışıb.Qardaşına deyib ki, müharibə başlayır və döyüşə gedirik. Həmin vaxt qardaşı Həsənəli də könüllü müharibəyə yazılıb. Lakin Əkbər qardaşına deyib ki, “Ordumuz kifayət qədər güclüdür qardaş, gəlmə”. Ancaq şəhid olduğu vaxt qardaşı Həsənəli Gəncəyə qədər gedir və eşidir ki, Əkbər neytral zonada qalıb.
- Mayiqa ana oğlu Əkbərin şəhidlik zirvəsinə ucalmasından danışır:
-Oğlum öncə sağ qolundan yaralanır. Həmin vaxt döyüş yoldaşlarına deyir ki, siz dayanmayın döyüşü davam etdirin. Müharibənin başladığı gündən ürəyimə bir ağrı çökmüşdü və məni vahimə bürümüşdü. Çünki Əkbərin müharibədə olduğunu bilirdim. Bir ana kimi dua və ümid edirdim ki, ona heç nə olmaz. Lakin heç iki gün keçmədən, yəni sentyabrın 29-da xəbər gəlib ki, Əkbər şəhid olub. Amma bu, xəbəri yoldaşım, bütün qonum-qonşu məndən gizlədiblər. O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Əkbər 30 yaşına kimi mənim balam idi, 30 yaşından sonra isə Ana Vətən deyib düşmənlə döyüşə girib. Ona görə də indi həm mənim, həm də Vətənin övladıdır. Balam itkin düşdüyü vaxt tez-tez onu yuxuda görərdim. Bir dəfə toyunda geyindiyi kostyumla gördüm. Dedi ki, “Ana mən ölməmişəm, mənim üçün niyə ağlayırsız? Mən gələcəm”. Əkbərin nəşi düz 9 aydan sonra tapılaraq bizə təhvil verilib. Əkbər iyulun 12-də İkinci Fəxri Xiyabanda dəfn olunub. O, bəlkə də bilirdi vətən, torpaq uğrunda savaşacaq, amma açıqlamırdı. Çox sirli idi, heç nəyi biruzə vermirdi. İndi bildik ki, oğlum vətəni seçdi, vətəni sevdi. Müzəffər Ali Baş Komandanımıza, xalqımıza minnətdarıq ki, ağrılı, üzüntülü günlərimizdə bizi yalqız qoymadılar. Şəhidlərin hərəsi bir ocaqdan çıxsa da, bu gün bütöv Azərbaycanın, xalqımızın şəhidləri oldular. Biz övladlarımızla fəxr edirik. Qoy Azərbaycan Bayrağı həmişə yüksəklərdə dalğalansın!”.
- Keçilməz dağlardan, qanlı döyüşlərdən keçib bizi bu əzəli torpaqlara qovuşduranlar qəlbimizdə daim yaşayacaqlar. Onlardan biri də şəhid kapitan Əkbər Pənahovdur. Elə müsahibə zamanı da qəhər, göz yaşları Mayiqa anaya danışmağa mane olurdu. Biz də Şəhid Anasına səbr diləyib, onu çox yormaq istəmədik... Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Qeyd edək ki, Bakı şəhəri Xətai rayonunda şəhid Əkbər Pənahovun adına küçə təsis edilib və yaşadığı evin qarşısında isə abidəsi qoyulub.
Fəridə Ağazadə
Jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin