“Tahir Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir”
İlham Əliyev
Ötən əsrin 30-40-cı illərində yaşayan uşaqların həyatı heç də ürəkaçan deyildir. Repressiya, II Dünya Müharibəsi və daha sonra isə müharibədən sonrakı böhran hər bir uşağın taleyində dərin izlər qoymuşdur. Buna görə də, çətinliklər onların təkcə həyat tərzində deyil, mənəvi psixoloji durumlarında da hiss edilirdi. Lakin təqiblər, sürgünlər, maddi məhrumiyyət bu dövrün uşaqlarında qorxu, təşviş, həyəcan deyil, iradə, dözüm, bir sözlə, yaşama eşqini artırmışdır. Bir də həmin uşaqlarda güclü əzmkarlıq var idi. Bu əzmkarlıq onları həyatın çətinliklərinə qarşı daha mübariz və məsuliyyətli olmağa sövq edirdi. Məşəqqətli illərdə yaşam uğrunda mubarizə edən uşaqların böyük həyat amalları var idi. Bütün çətinliklərə baxmayaraq, onlar kiçik ürəklərində alışan arzuların ardınca usanmadan, əmək sərf edərək addımlayırdılar.
Gələcəkdə Azərbaycan təsviri sənətində yaradıcılığı və ictimai fəaliyyəti ilə böyük və unikal cığır açaraq adını böyük hərflər ilə dünya incəsənət tarixinə yazdıracaq Tahir Teymur oğlu Salahov da bu uşaqlardan biri idi. Tahir Salahovu gələcəkdə yaradıcılığın çətin, riskli yolunu keçmək gözləyirdi. Azad düşüncəyə sahib rəssam bir tərəfdən öz təxəyyülünün ucsuz-bucaqsız məhsullarını kətan üzərində əks etdirməyə çalışacaq, digər tərəfdən isə zamanın siyasi tələbləri gərəyi ilə çətindən də çətin olan Sovet realizmini optimist ruhda əks etdirmək məcburiyyəti arasındakı balansı qura bilməyə səy göstərəcəkdir. Buna baxmayaraq o hər zaman öz fırçasına sadiq qalaraq yaşayıb yaratmağa nail olmaq uğrunda usanmadan, dayanmadan, böyük həvəslə çalışacaq.
1930-40-cı illərdə Azərbaycan təsviri sənətində artıq öz sözlərini demiş Salam Salamzadə, Ələkbər Rzaquliyev, Qəzənfər Xalıqov, Kazım Kazımzadə, Əmir Hacıyev, Sadıq Şərifzadə, Kamil Xanlarov kimi böyük və güclü fırçaya sahib rəssamlar var idi. Azərbaycanda müasir dəzgah rəngkarlığının inkişafına adı çəkilən rəssamların yaradıcılığı böyük təkan olmuşdur. 30-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkilatçılığı ilə bir sıra uğurlu sərgilər həyata keçirilmişdir. Azərbaycan Rəssamlarının Təşkilat Komitəsinin yaradılması boyakarlıq və ümumən təsviri incəsənət sahəsində inkişafı tətiklədi. Sadıq Şərifzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə kimi istedadlı rəssamlar dəstəsi formalaşmağa başlayır. Sözsüz ki, zamanın bu cür istedadlı rəngkarları arasında seçilə bilmək üçün çox böyük bacarıq və qabiliyyət tələb olunurdu.
Doğma Azərbaycanın mədəniyyətinə və Azərbaycan xalqının milli adət ənə-nələrinin inkişafına qiymətli töhfələr verməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərmiş Tahir Salahov 1928-ci il 29 noyabrda Bakı şəhərində çoxuşaqlı ailədə dünyaya göz açmış, ilk təhsilini 6 saylı orta məktəbdə almışdır. Məktəb illərində 1942-ci ildə Mərkəzi pionerlər evində rəsm dərnəyində ilk rəssamlıq təhsilini Əməkdar Rəssam Kamil Xanlarovdan alır. Kamil Xanlarov daha sonra Əzim Əzimzadə adına Rəssamlıq məktəbində təhsil alarkən də Tahir Salahova rəsm, boyakarlıq və kompozisiya haqqında tədris edirdi. Beləliklə, hələ kiçik yaşlarından rəsm çəkməyə xüsusi marağı olan Tahir Salahov 1945-ci ildə Ə.Əzimzadə adına peşə məktəbinə daxil olur, burada ona tanınmış rəssam Baba Əliyev dərs deyir. Rəssam öz müəllimini illər sonrası belə xatırlayır: “Ə.Əzimzadə adına Rəssamlıq məktəbində tanınmış pedaqoq–rəngkar Baba Əliyevin sinfində oxumuşam və bu müəllimimi həmişə hörmət və ehtiram ilə xatırlayıram. Çətin həyat tərzinə baxmayaraq, o heç vaxt məndən diqqət və qayğısını əsirgəmirdi”. Tez-tez də deyərdi: “Bir az da səbirli ol, məktəbi bitirən kimi Moskva və ya Leninqradda ali təhsil almağı unutma. İnanıram ki.. səni xoş gələcək gözləyir. Hərgah məsləhətimə əməl etməsən, çox şey itirəcəksən”. Beləliklə, Tahir Salahov 1950-ci illərdə Ə.Əzimzadə adına peşə məktəbini başa vuraraq müəllimi Baba Əliyevin tövsiyəsi ilə Leninqrada gedir və İ.Repin adına İnstituta daxil olmaq üçün imtahan verir. Lakin ixtisas imtahanını müvəffəqiyyət ilə verməsinə rəğmən, tərcümeyi-halındakı atasının xalq düşməni ittihamı ilə (müstəqillik dönəmində Stalin rejiminin günahsız qurbanları repressiya qurbanları kimi adlandırılırlar.) kimi güllələnməsi məlumatı ona mane olur. Həmin il V.İ.Muxin adına Leninqrad rəssamlıq peşə məktəbinə imtahan verir, məktəbin rektoru böyük qorxmazlıq göstərərək onu məktəbə qəbul edir. Lakin burada hərbi kafedra ilə problemə görə Tahir Salahov təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Tahir Salahov qarşısına peşəkar rəssam olmağı məqsəd qoyduğu üçün bu uğursuzluqdan qətiyyən məyus olmur və 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Tahir Salahov burada P.D.Pokorjevskinin sinfində təhsil alır. 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasını başa vuraraq rəssamlıq sənətinin sirlərinə yiyələnmişdir.
Tahir Salahov pedaqoji fəaliyyətinə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda başlayır. Elə həmin ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilir. Daha sonra rəssam Azərbaycan Rəssamlar İttifaqında məsul katib vəzifəsini icra edir (1960-1961). 1966-cı ildə ilk dəfə SSRİ-nin Ali Məclisinə deputat seçilir. Beləliklə, artıq yaradıclığı ilə çağdaş Sovet rəngkarlığında öz sözünü demiş rəssam 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilir. Bunun ardıca 1963-cü ildə Tahir Salahov SSRİ Xalq Rəssamı adına layiq görülür. 70-90-cı illərdə rəssam pedaqoji fəaliyyətini V.İ.Surikov adına Rəssamlıq Akademiyasında davam edir. O, ilk öncə dəzgah rəngkarlığı emalatxanasına rəhbərlik edir, daha sonra isə Rəngkarlıq və Kompozisiya kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1997-ci ildən ömrünün sonuna kimi isə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti vəzifəsində çalışmışdır. Həmçinin o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr və magistrların buraxılış üzrə dövlət komissiyasına da sədrlik etmişdir. O, Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mukafatı komissiyasının üzvü olmuşdur.
Rəssamın həyat yoluna nəzər saldıqda insan böyük bir təzad ilə üzləşir. “Xalq düşməni”nin oğlu xalqın fəxri zirvəsinə ucalır. 1937-ci ildə Laçın rayonunun partiya sədri olan Teymur Salahov həbs edilir. Bir il sonra ailəsinin xəbəri olmadan xalq düşməni iddiası ilə güllələnir. İllər sonra rəssam öyrənir ki, ağır hökmü çıxaran həmin məhkəmə iclası cəmi on beş dəqiqiə davam edibmiş. Atası güllələndikdə Tahir Salahovun doqquz yaşı olur. Bir qədər sonra isə II Dünya müharibəsi başlayır. Müharibə illərində atasız böyümək təbii ki, olduqca çətin idi. Lakin bu çətin günlərdə belə Tahir Salahov rəsmə olan marağı ilə təsəlli tapır. Tahir Salahovun anası Sona xanım “Qobustan” jurnalına verdiyi müsahibədə qeyd edir ki, müharibənin ən çətin illərində Bakı fəhləsi zavodunda çalışıb beş uşağı böyütməyə çalışdığı günlərdə evdə uşaqları tək qoymaq məcburiyyətində qalırdı. O, evə gəldikdə görürdü ki, Tahir Salahov bacı və qardaşlarına rəhbərlik edir və rəsmlər çəkirdi. Tahir Salahov rəssam olacağı məhz bu günlərdən artıq məlum idi. 15 yaşı olduqda Tahir Salahov müharibə və atasızlığın gətirdiyi çətinlik ilə əlaqədar məktəbi yarımçıq qoyaraq Bakı Su İdarəsində işləməli olur. Bir qədər sonra Tahir Salahov Dağüstü parkda ağ əhəng ilə gecə lampalarının zəif işıqları altında hərbi patrulun müşayiəti ilə elanlar yazmağa başlayır. Bütün bu çətinliklər gələcək rəssamın yaradıcılığında öz əksini tapacaqdır və bəlkə də o, elə bu günlərdan artıq rəssam kimi işarmağa başlamışdır.
Tahir Salahovun iştirak etdiyi ilk rəsm sərgisi də uşaqlıq illəri ilə bağlıdır. Belə ki, Belinski adına Bakıdakı şəhər kitanbxanasından “Moydadır” kitabını oxumaq üçün alır. Kitabxanaçı qadın ona kitabın mövzusuna uyğun rəsmlər çəkməsini söyləyir. Kitab oxumağı çox sevən balaca Tahir bu gündən sonra hər oxuduğu kitaba illüstrasiya çəkməyə başlayır. Beləliklə, toplanan rəsmlər ilə gələcədə peşəkar rəssam olacaq Salahovun ilk sərgisində iştirak edir.
Elə bu sərgidə Tahir Salahov özünün ən yaxşı iki dostu ilə tanış olur- Sankt-Peterburq Rəssamlıq İnstitutunun məzunu və avanqard üslubda tablolar yaradan Viktor Qalakin və həyatın çətinliklərinə rəğmən dövrünün əvəzolunmaz rəssamlarından olan Toğrul Nərmanbəyov. Tahir Salahovun bütün uşaqlıq və yeniyetməlik dövrü bu iki rəssam dostu ilə keçib desək yanılmarıq. Dostlar birgə dərnəyə gedir, kitabxanalarda saatlarla rəssamların yaradıcılığı ilə tanış olur və birgə də dəcəllik edirlər. Bir gün uşaqlıq dəlisovluğu ilə gecə şəhərin küçələrini rəngarəng palitra ilə bəzəyirlər və altında Sezan və Van Qoq yazırlar.
Tələbəlik illərində o bir sıra möhtəşəm əsərlərini yaradır. Onlardan “Estakada ”( 1956), “Neftçi”( 1956), “ Neft daşlarında”( 1955), “Dalğalar”( 1950), “Şəhər mənzərəsi” ( 1950), “Gəncin portreti”(1952), “Axşam”(1952),
“Xəzərdə” (1956), “Yeddi gəmi adası” (1956) və s. adını sadalamaq olar. Gələcəkdə “Sərt üslub” adlanacaq cərəyanın aparıcı nümayəndələrindən olacaq gənc rəssamın artıq tələbəlik illərindən bəzi əsərlərində bu üslubun erkən işartıları duyulurdu. Ötən əsrin 50-ci illərinin ilk yarısına aid olan “Neft çənləri” (1953), “Neft işçisi” ( 1956), “Damba ilə mənzərə”, Neft daşlarında” ( 1956) kimi təsvirlər məhz bu qəbildən hesab edilə bilər.
Tahir Salahov uzun bir yaradıcılıq yolu keçmiş və bu məhsuldar yolda çoxsaylı axtarışlara baş vurmuşdur. Rəssamın peşəkar rəssamlıq təhsili illərində ən erkən işlərdə yumşaq yaxma və cizgiləri müşahidə edirik. Bu işlər öz ab-havası ilə rəssamın gənclik illərindəki romantik duyğuları ilə səsləşir. Təsvir edilən obrazlar çox zaman öz dünyasına dalmış və yaxud da Tahir Salahovun qəhrəmanları gündəlik məişət işləri ilə məşğuldur. Karton üzərində yağlı boya ilə canlandırılmış “Oğlan”(1956) təsvirində 11-12 yaşlarında olan tütək çalan oğlan uşağı, “Bildirçin ilə özbək”(1954) işində ağac dibində bardaş quraraq əlində bildirçin quşunu saxlayan özbək kişi , “İbadət edən özbək”( 1955) təsvirində isə məsciddə namaz qılan kişi obrazları məişət həyatının fərqli epizodlarında verilməsi ilə yanaşı, xarakterləri baxımından da müxtəlifliyə malikdirlər. Bu insanlar öz xarakterlərinə görə bir-birinə bənzəməməklə yanaşı, həm də gələcəkdə Tahir Salahovun öz adından dəfələrlə söz açdıracaq olan qəhrəman, qorxmaz, cəsarətli obrazlardan çox uzaqdırlar. Eyni zamanada qeyd etmək lazımdır ki, əsərlərin kompozisiyasında ekspressiya və kəskin kontrast da müşayiət edilmir, obrazlarda monumentallıq duyulmur. Halbuki, 60-cı illərdən başlayaraq Tahir Salahov frçasından çıxan kompozisiyalar sadalanan xüsusiyyətlər ilə zəngindir.
Tahir Salahov təbiətin gözəlliyinə vurğun sənətkar olmuşdur. Onun uzun fəaliyyəti boyunca yaratmış olduğu çoxsaylı mənzərələr bu sevginin bədii təzahürüdür. Rəssamın 50-ci illərə aid mənzərələri günəş işığı ilə dolu olan təbiətin əlvan rənglərindədir. Bu mənzərələrdə təbiətin gözəlliyi öz gözoxşayan rəngləri ilə insanın ruhunu qidalandırır. Rəssamın erkən mənzərə təsvirlərində xırda təfərrüatlara yer ayrılmamışdır və nikbin, bir qədər də şairanə əhval duyulur. Təsvir üslubuna görə də Tahir Salahovun bu zamana aid əsərləri akademik ənənələri özündə əks etdirirdi. Bəzən isə bu əsərlər arasında elə işlər də ərsəyə gəlirdi ki, onlar müəyyən mənada, sanki təəssürat hissini qabartmaq istəyən rəssamın öz rəng yaxmaları ilə impressionizmə xas anın təsvirini xatırladırdı. Bu da təəccüblü deyildir. Hələ yeniyetmə çağlarından Tahir Salahov saatlarla kitabxanalarda vaxt keçirib impressionistlərin yaradıcılığı ilə bağlı kitablarla tanış olaraq onlara heyranlıq və rəğbət hissi bəsləyirdi. Onun Qafqaz dağ silsiləsində yerləşən Razvalka dağının təsvir edildiyi “Razvalka dağı. Axşam”(1952) mənzərəsində yayın isti havası işıqlı koloriti ilə duyulur. “Şərq bazarı”(1953) əsərində isə şəhərin əlvan və ritmik bazarı canlandırılmışdır. Sadalanan bu əsərlərdə gənc Salahovun yaradıcılıq axtarışları duyulur. Tələbə Tahir Salahov onu əhatə edən mühitə bizə məlum olan monumental tabloların müəllifi Salahovdan tamamən fərqli baxır. Lakin 50-ci illərin birinci yarısına aid mənzərə təsvirləri cərgəsində biz yalnız romantik ab-havalı təsirləri görmürük. Əsərlər arasında sənaye mənzərələri də ara-sıra az da olsa peyda olurdu. Məsələn: “Axşam”(1952), “Mingəçevir su elektirik stansiyasının tikintisi” (1953). Lakin bu əsərlərdə də mövzunun sənaye olmasına baxmayaraq, izləyici gələcək Salahov tablolarındakı tutqun koloriti görmür. Əksinə, işıqlı və açıq rəng çalarları insanda nikbin gələcəyə inam yaradır. Əslində Sovet dönəminin təsviri sənətinin əsas ideası da məhz bu idi. Yeri gəlmişkən qeyd edək ki, artıq zamanla Tahir Salahov əsərlərində dövrün sərt siyasi-ictimai mühitinə qarşı tənqidi yanaşma öz əksini tapmağa başlayacaqdır. Hələ ki, Salahov tabloları nikbinlik ilə doludur.
Tələbəlik illərində Tahir Salahov hərbi mövzuya da müraciət edib. Rəssamın kurs işi olan “İnqilabçı Petraqrad. Başlanğıc”(1955) əsərinin mövzusu bolşeviklərin inqilabi hərəkatına həsr edilmişdir. Ağ qarın üzərində tünd rəngli cansız insan bədənləri tragik ab-hava yaradır. Tahir Salahov dörd il sonra “Taqanroqun 416-cı Azərbaycan diviziyası tərəfindən azad edilməsi”(1958) tablosu ilə müharibə mövzusuna yenidən müraciət edir. Birincidən fərqli olaraq bu tabloda hərəkət, dinamika və mübarizə əzmi vardır.
Tahir Salahovun haqqında danışdığımız erkən yaradıcılıq nümunələrinin əksəriyyəti tələbəlik illərində təcrübə gəzintilərindən toplanmışdır. Bu əsərlərdə gənclik şaqraqlığı, ilk sevginin bəxş etdiyi sevinc və xoşbəxtlik hissi, bir sözlə, həyat eşqi vardır. Rəssam İ.V.Surikov adına Rəssamlıq Akademiyasının ikinci kursunda oxuyarkən teatr fakültəsinin tələbələrindən birinə aşiq olur və ailə qurur, bu nikahdan iki qızı dünyaya gəlir. Bəlkə də sevgi ilə əhatələnmiş ailə fonunda yarandığı üçün bu əsərlər bu qədər xoş əhvallıdır. Bu dövr ən parlaq və əhəmiyyətli əsərləri arasında tam hüquq ilə Tahir Salahovun adları sadalanan işlərini qeyd etmək olar. Onun yaratdığı əsərlər isti hərarətə malik idi. Lakin bu dövrki əsərlərin əsasında müəyyən məna deyil, daha çox axtarış və təəssürat durur. Tabloların ümumi koloriti haqqında danışsaq deməliyik ki, rənglər müəyyən təmkinlə əks edilmişdir. Bu da kompozisiya aydınlığına gətirib çıxarır. Erkən çağlardan müəyyənləşmiş bu keyfiyyətlər gələcək yaradıcılığı boyu ustad rəssamı müşayiət edir.
Azərbaycan təsviri sənətində saysız-hesabsız rəngkarlıq əsərlərinin müəllifi olan Tahir Salahov yardıcılıq məhsulları arasında qarafik işləri xüsusi çəkiyə malikdir. Onun erkən qrafik işləri sırasında həm akvarel, həm qara karandaş ilə yaradılmış eskiz və etüdlər öz mövzusu baxımından daha sonrakı işlərdən fərqlənirlər. “Bazar”(1945), “Buxara”(1956), M.Loskutovun “On üçüncü karvan” kitabı üçün illüstrativ təsvirlər(1958), neftçilərin müxtəlif pozalardakı qrafik təsvirləri 50-ci illərə aid qrafik işlərin lakonikliyini ifadə edir. Lakin bu illərə dair qrafik işləri arasında rəssamın avtoportreti daha çox diqqət çəkirdi. Tahir Salahov bütün yaradıcılığı boyu cəmi iki dəfə avtopartretini çəkmişdir. Birincisi 1951-ci ildə kağız üzərində karandaşla çəkmiş olduğu yalnız büst hissədən ibarət olan portretdir, digəri isə İtalya səfəri ərəfəsində yaratmış olduğu “Roma. Kafe Qreko” (2002) əsərində güzgüdən görünən rəssamın əksidir. Gənclik dövründə çəkmiş olduğu bu qrafik avtoportreti Tahir Salahov dostluq etdiyi Toğrul Nərmanbəyov və Viktor Qalyakin ilə aralarında yarış keçirdərək təsvir etmişdir. Toğrul Nərimanbəyov başında Rembrandtın şlyapasına bənzər papaqda təsvir edir. Viktor Qalyakinin isə portretini abstrakt canlandırır. Tahir Salahov isə özünü ağ köynəkdə təsvir edir. Rəssam avtoportreti ilə bağlı həmin anı belə xatırlayır. “Mən özümü ağ köynəkdə, özümü həmin an necə hiss edirəmsə heç bir əlavə etmədən təsvir etdim”
Tahir Salahovun yaradıcılığında 50-ci illərdən başlayaraq neft mövzusu xüsusi yer tutmağa başlayıb. O, diplom işi olan “Növbədən qayıdanlar”(1957) əsəri üzərində işləyərkən müxtəlif hazırlıq xarakterli etüdlər ərsəyə gətirir. İş prosesi fonunda təsvir etdiyi bir sıra neftçi obrazları xüsusilə diqqət çəkir. “Neft işçisi” (1956) tablosu ilk baxışda natamam təəssürat bağışlasa da, ümumilikdə Salahov dəst-xəttinin tamlığını təcəssüm etdirir. Məhz bu erkən tablolarda 60-80-ci illərdə yaradılacaq və böyük səs-səda gətirəcək əsərlərin üslub xüsusiyyətləri artıq hiss olunur.
Tahir Salahovun tələbəlik illərindən istedadı göz qabağında olur. Qabiliyyətli tələbənin ərsəyə gətirdiyi əsərlər ali məktəbin müəllim heyəti və rəhbərliyi tərəfindən zamanında da yüksək qiymətləndirilir. 1956-cı ildə Moskvada səfərdə olan türk yazıçısı Nazim Hikmət İ.V.Surikov adına Rəssamlıq Akademiyasının tələbələrinin işləri ilə tanış olmaq üçün bura gəlir. Yazıçı ilə görüş zamanı akademiya bütün tələbələr arasından məhz Tahir Salahovun əsərini yazıçıya dostluq əlaməti kimi xatirə olaraq hədiyyə edir.
Tahir Salahovun erkən yaradıcılıq axtarışlarının yekun nəticəsi kimi, diplom işini qeyd etsək, yanılmarıq. Rəssamın yaradıcılığında təsvir baxımından yeni üsluba keçid hesab olunan “Növbədən qayıdanlar” tablosunun yaranma tarixçəsi də maraqlı məqamlarla yadda qalıb. Belə ki, akademiyanın bütün tələbələri diplom praktikasına Hindistana səfər edərkən, Salahovun bu praktikaya qoşulmasına qadağa qoyulur. Buna səbəb isə yenə də atasının xalq düşməni ittihamı ilə həbs edilməsi olur. Bu zaman rəssam doğma Bakıya, Neft Daşlarına üz tutur. Həyatın istehzası burada da rəssamı tərk etmir və onu yenidən sınağa çəkir. 1956-cı ildə Teymur Salahova ölümündən çox illər sonra bəraət verilir. Lakin Salahov artıq Bakıda Neft Daşlarında öz diplom mövzusunun axtarışına başlamışdır. O, diplom işinin mövzusunu Abşeronun boz, rəngsiz torpaqlarında, narahat Xəzərin dalğalarında axtarır. Çoxsaylı etüdlər yaradaraq, iki aydan sonra Moskvaya geri qayıdan rəssam diplom işini yaratmaq üçün akademiyada boş emalatxana tapa bilmir və müdafiəyə bir aydan az qaldıqda emalatxanalardan biri boşalır. İmtahan komissiyasının üzvləri ilkin baxışda tablonu boş gördükdə çox təəccüblənirlər. Xüsusən də, müəllimi Pokarjevski bu vəziyyətdən çox narazı olur. Lakin müdafiəyə bir həftə qalmış Tahir Salahov öz nəhəng tablosunu tamamlayaraq müəllimlərini heyrətləndirir. Xəzərin duzlu, köpüklü ləpələri təsvir olunan tabloda Neft Daşlarının enerji dolu, cavan neftçiləri, küləyə müqavimət göstərərək, əzm və qəhrəmanlıqla növbədən qayıdırlar. Tabloda insanın təbiətdə mövcud olan çətinliklərə qarşı müqaviməti, əzmi öz əksini tapır.
Diplom işinin yaradılmasındakı digər maraqlı fakt isə rəssamın otaq yoldaşı İqor Aqapov ilə diplom işini işləyərkən kim daha az ağ rəngdən istifadə edəcək deyə mərc gəlmələri olur. İ.Aqapovun işi asan idi, çünki onun diplom işi tünd rənglərdən ibarət hərbi mövzu olduğu üçün ağ rəngə çox da ehtiyac duymurdu. Lakin Salahovun işi çətin idi, çünki o, tablosunda həm açıq rəngli səmanı, həm ağ rəngli qağayıları, həm də Xəzərin ağ köpüklü ləpələrini canlandırmalı idi. İllər sonrası hər iki rəssam kimin qalib gəldiyini xatırlamayacaq, lakin bu danılmaz həqiqətdir ki, Salahovun diplom işi gözləniləndən daha çox uğur qazandı.
Tahir Salahov 1958-ci ildə ilk dəfə böyük miqyaslı sərgilərdə iştirak etməyə başlayır və məhz diplom işi olan “Növbədən qayıdanlar” tablosu ilə Moskva Monejində Ümumittifaq sərgisində iştirak edir. Əsər sərginin ən çox diqqətçəkən tablosu olur. Bu əsər geniş tamaşaçı kütləsi tərəfindən rəğbətlə qarşılanır. Sözügedən tablo Tahir Salahovun adını zamanın nəhəng sovet rəssamları arasına yazdırdı. Baxmayaraq ki, dövrün bir çox sənət tənqidçiləri əsəri Deynekanın “Petroqradın müdafiəsi” əsəri ilə kompozisiya baxımından uyğunluq olduğunu qeyd etmişdilər, tablo öz layiqli dəyərini qazana bilmişdir. Həqiqətən də əsər Deynekanın 30-40-cı illərə aid əsərləri ilə səsləşə bilər. Salahov əsərdə yetişən gənc neftçi nəslini izləyicilərə qəhrəman və enerji dolu təqdim edir.
Bu məqamda Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev “Növbədən qayıdanlar” əsəri haqqındakı fikirlərini belə şərh edir: “Moskvada təhsil alarkən Tahir Salahov diplom işinə material toplamaq məqsədi ilə doğma Neft Daşlarına səfəri ona uğurlu yekun əsəri yaratmağa imkan verdi. Eni zamanda müəllif əsərin özünəməxsus bədii forma-biçim şərhi ilə dünya və sovet rəssamlığında “Sərt üslub deyilən bir sənət yönümünün yaradıcısı oldu. Əgər bu meylin mahiyyətini açıqlasaq və Tahir Salahovun öz fikirləri ilə ifadə etsək, belə deyə bilərik: “Sərt üslub əslində sənətdə həqiqəti ifadə etmək naminə naturanı kor-koranə təqlitçilikdən imtina etmək, obrazın bütövlüyü naminə xırdaçılıqdan uzaqlaşmaq idi”. Əlavə edək ki, Tahir Salahovun yaratdığı üfüqi kompozisiyalı “Növbədən qayıdanlar” əsəri yüksək bədii ifadəliyinə görə neftçilərin həyatından bəhs edən ən yaxşı tablo kimi sənət tariximizə daxil olmuşdur”. Bunu da qeyd edək ki, sənətşünas Ziyadxan Əliyev yaradıcılığında 60 ilə yaxın müddətdə Tahir Salahovun “sərt üslub”a sadiqliyini rəssamın bədii “silahı” kimi dəyərləndirir. Rəngkarlıq Ensklopediyasında “sərt üslub”un baniləri kimi Tahir Salahov, Viktor İvanov və Pavel Nikanovun qeyd edilməsi də rəssamın bu yöndə öz imzasını təsdiqləməsinin göstəricisidir.
Tahir Salahovun məhsuldar yaradıcılıq yolu hər dövrdə yüksək qiymətləndirilərək çoxsaylı mükafatlara layiq görülmüşdür. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev görkəmli rəssamın yaradıcılığını zamanında belə qiymətləndirmişdi: “Dünyanın bir çox yerlərində nümayiş edilmiş fərdi sərgiləriniz, məşhur muzeylərdə qorunub saxlanılan əsərləriniz, dünya təsviri sənətinin inkişafına xidmət etməklə sizə, eləcə də Azərbaycan rəssamlıq məktəbinə böyük şöhrət gətirmişdir”.
Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə də layiq görülmüşdür. Onlardan Sosialist Əməyi Qəhrəmanı(1989), Azərbaycan SSR (1963) və SSRİ Xalq Rəssamı, 1971-ci il “Qırmızı əmək bayrağı” ordeni(1973), “Oktyabr İnqilabı” ordeni(1976), “Qızıl ulduz’’ və “Lenin” ordeninin (1989) adını sadalamaq olar. Elə həmin ildə “Oraq və çəkic” medalı ilə təltif edilir. Azərbaycan Respublikasının ən ali mükafatları “İstiqlal”(1998) və “Heydər Əliyev”(2008) ordenlərinə layiq görülmüşdür.
Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar təkcə Azərbaycanda deyil, onun hüdüdlarından kənarda da yüksək titul və mükafatlara layiq görülmüşdür. Rusiya Federasiyasının Xalq Rəssamı (1996), Rusiya Federasiyasının “Vətən qarşısında xidmətlərə görə” (1998- 2003) 2–ci və 3–cü dərəcələri ordenləri, Fransanın “Mədəniyyət və incəsənətə verdiyi töhfəyə görə”, “Fəxri Legion Zabiti ordenləri”, 2010-cu ildə Rus Pravoslav kilsəsinin “Şərəf və Şöhrət” ordeni, 2005-ci ildə Beynəlxalq humanitar fondun “MDB ulduz bürcləri” mükafatı, YUNESKO-nun Beynəlxalq “Pikasso qızıl medalı” və nəhayət, dünya şöhrətli rəssam 90 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Əmək” ordeni ilə təltif edilmişdir(2018). Dahi rəssamın ölümündən sonra 2021-ci ilə Rusiya Rəssamlıq Akademiyasında “Tahir Salahov medalı” təsis edilmişdir. Təbii ki, sənət xoşbəxtliyi üçün bunlar da şərtdir. Yaradıcı şəxsin müvəffəqiyyətinin öz zamanında yüksək dəyər qazanması bir sənətkar üçün böyük uğurdur. Tahir Salahov müvəffəqiyyəti zamanında dəyərləndirilən belə xoşbəxt şəxslərdəndir.
Bu məqamda Azərbaycan Respublikasının Prezidenti, müzəffər ordunun Ali baş komandanı cənab İlham Əliyevin Tahir Salahov yaradıcılığı haqqında fikirlərini xatırlama yerinə düşər. “Tahir Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir”.
Tahir Salahov məşğul olmasına baxmayaraq, onlarla müasir zamanın rəssamlarını yetişdirib. Tələbələrindən biri Sergey Prisekin müəllimini belə xatırlayır: “Hələ rəssamlıq məktəbində oxuyan zamanlardan yalnız Salahovun emalatxanasına düşmək istəyirdim. Zaman göstərdi ki, mən öz seçimimdə yanılmadım. Xatırlayıram, o həmişə deyərdi ki, biz gərək hər təsvir etdiyimiz təhsil işini elə işləyək ki, sanki sabah bu dünyada olmayacağıq. Ola bilər ki, siz bir daha əlinizə fırça ala bilməyəcəksiniz və sizi son işlərinizə görə zəif biləcəklər. Odur ki, hər rəsmi çəkəndə bu sonmuş kimi düşünün”.
Tahir Salahov müvəffəqiyyətli yaradıcılıq yolunda çoxsaylı sərgilərdə iştirak etmişdir. Rəəssamın sərgiləri sərhədləri aşaraq dünyanın bir çox ölkələrində təşkil edilmişdir. 1979-cu ildə Tokioda Qekkosa qalereyasında rəssamın fərdi sərgisinin açılışı olmuşdur. 1987-ci ildə isə Milanda sovet rəssamlarının “Markoni” qalereyasında təşkil edilmiş sərgisindədə iştirak etmişdir. 1994-cü ildə Taybeydə Tahir Salahovun fərdi sərgisi açılmışdır. Çində 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Əsrlərin qovşağında” adlı sərgi təşkil edilmişdir. Bu sərgidə rəssamın 100-dən çox əsəri ziyarətçilərə təqdim edilmişdir. 2016-cı ildə Tretyakov qalereyasında rəssamın ilk fərdi sərgisi keçirilmişdir. 2018-ci ildə Tahir Salahovun 90 illik yubileyi çərçivəsində Bakı Ekspo Mərkəzində sərgi açılmışdır. 2021-ci il oktyabrın 14-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “ Azərbaycan” pavilyonunda Xalq Rəssamının xatirə gecəsi və əsərlərinin sərgisi keçirilibdir. Xatirə gecəsində Raya Abbasovanın müəllifi olduğu “Dialoq” adlı kitabı da ictimaiyyətə təqdim edilmişdir. Bu kitabda görkəmli şəxsiyyətin həyat və fəaliyyəti ətraflı şəkildə işıqlandırılmışdır. Qeyd edim ki, rəssamın Moskvadakı ilk fərdi sərgisi 2009-cu ildə qızı Aydan Salahovun təşəbbüsü ilə Aydan qalereyasında təşkil edilmişdir. Sərgi sonrası Rəssamın uzun illər boyu təsvir etmiş olduğu çoxsaylı rəngkarlıq,qrafika əsərlərindən o cümlədən həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət 3 cilddə kotaloq nəşr edilmişdir.
Tahir Salahovun ictimai fəaliyyəti
Şərqdən Qərbə kimi uzanaraq öz dövründə mədəniyyətlər arasında əlaqənin qurulmasına böyük töhfələr vermişdir. Onun fəaliyyəti həm də bir başa Azərbaycan rəssamlıq məktəbinin dünya səviyyəsində təbliğinə qulluq etmişdir. Bu istiqamətdə rəssam hələ Sovet dönəmində və daha sonralar bir çox mədəni prosesdə iştirak etmişdir. O 1994-cü ildə Tayvanda Rus İncəsənəti Muzeyinin yaradılmasında fəal rolu olmuş. Elə həmin ildə Tayvanın mədəniyyət naziri ilə rəsmi görüşlər etmişdir. Rəssam həmçinin bir çox siyasi xadimlər ilə də görüşmüşdür. Onlardan 1989-cu ildə İsrail prezidenti Xaim Qerçoqla görüş, Hindistanın vitse prezidenti İndira Qandi və İran şəhzadəsi ilə görüşləri qeyd etmək olar. Tahir Salahov, həmçinin Ankarada Mustafa Kamal Atatürkün mavzoleyinin bərpasında da iştirak etmişdir.
Təsviri incəsənət tarixində yeni üslubun banilərindən və ən güclü nümayəndəsi hesab edilən Tahir Salahov rəngkarlıq ensiklopediyasında “Sərt üslub” yaradıcılarından biri kimi qeyd edilmişdir. İncəsənətdə akademik ənənələrə sadiq qalan sovet rejiminin bütün təqib və tənqidlərinə baxmayaraq, Salahov yaradıcılığında öz fikirlərini daha dolğun ifadə etmək üçün yeni üsluba yelkən açır. Xüsusən də Tahir Salahov incəsənət uğrunda gərgin mübarizənin başlandığı bir dövrdə belə cəsarətli addımı reallaşdırması əsl inqilabi hadisə hesab edilə bilər. 50-ci illərdən başlayaraq tənqidçilər gənc rəssamları əsərlərin həddən artıq sxematik olmasında ittiham edirdilər. Belə tənqidlər Tahir Salahovdan da yan keçmədi. Rəssamın “Neftçi” və “Rezervuar parkı” Moskvada bəzi partiya üzvlərinin xoşuna gəlməmişdir. Həmin zaman onu yalnız SSRİ Rəssamlar İttifaqının sədri Sergey Gerasimov müdafiə edir. “Sizi nə üçün tənqid edirlər, mən burada tənqidə layiq heç nə görmədim”. Bu kəlmələr rəssam üçün böyük dəstək olur.
Bir çox tədqiqatçıların qənaətinə görə, Tahir Salahovun yaradıcılığı ötən əsrin 50-60-cı illərində artıq püxtələşərək formalaşır. Tədqiqatçılar rəssamı Sovet incəsənətinə yeni-plastik obrazlar gətirən yeni nəsil rəssamlar sırasına aid edirlər. Bu sırada Andronovun, Jilinskinin, Q.Korjovun, P.Nikonovun, V.İvanovun, V.Popkovun adlarını çəkmək olar. Tahir Salahovun 50-60-cı illərə aid yaradıcılığının formalaşmasında iki böyük rəssamın rolu duyulur. Salahov tamaşaçı ilə zamanın dilində danışmağı Deynekdən, obrazların mənəvi dünysının açılmasını isə Pavel Korindən bəhrələnmişdir. Bu da Tahir Salahov üçün zamanın reallığının nəbzini əks etdirməkdə impuls olur.
Sonda V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasında ali rəssamlıq təhsilini almasına baxmayaraq, öz yaradıcılıq təhsili haqqında danışarkən “Mən doğma Azərbaycan rəssamlıq məktəbinin yetirməsiyəm” deyən böyük fırça ustasının xalqına məhəbbətinin əks edildiyi bu cumləni xatırlamaq istədim...
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin