QEYD: Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində üçüncü kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Layihə çərçivəsində növbəti ziyarətim İkinci Qarabağ müharibəsinin qəhrəmanı şəhid Sərxan Eldar oğlu Hacıyevin ailəsi oldu. Sərxan 1990-cı ildə Rusiya Federasiyasının Saratov vilayətinə anadan olub. 1991-ci ildə onun ailəsi Azərbaycana qayıdır və Qobustan rayonunda məskulaşırlar.
Həmsöhbətimiz şəhidimiz anası oldu. O bildirir ki, Sərxan bağçaya da, məktəbə də öz ölkəmizdə gedib:
“Bizim dörd övladımız var, iki qız, iki oğul. Sərxan A.O.Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbdə 11 il təhsil alıb. Sonra hərbi xidmətə gedib, Ağdamda xidmət edib, kəşfiyyatçı olub. Xidməti bitirdikdən bir müddət sonra getdi 3 il MAXE kimi hərbidə çalışdı. Müharibədən əvvəlki aylarda balam radio kəşfiyyatda rabitəçi idi. Müqaviləsi bitdi deyə evə gəldi. Mən özüm də hərbidə işləyirdim, orada təlimatçı aşpaz idim. İşdə bizə bütün təlimatları keçir, izah edirdilər ki, mhüaribə başlayır, nəyi, necə etmək lazımdır, harada necə davranmaq lazımdır. O vaxt pandemiyaya görə on günlük növbə ilə çalışırdıq. Mən növbəm çatıb işə çıxanda dedilər ki, müharibə başlayıb. Həyətdə görüşdük, dedim, Sərxan, müharibə başladı.
Dedi, ana, lap yaxşı, mən arzularıma çatacağam. Soruşdum necə? Axı sən işdən çıxmısan. Cavabı o oldu ki, mən qəsdən işdən çıxmışam, indi lap yaxşı gedəcəyəm müharibəyə. Balam 4 dil bilirdi, erməni dilini də bilirdi. İşə getdim, o biri oğlum Orxan zəng elədi ki, ana, Sərxan getdi. Dedim, hara? Dedi müharibəyə, könüllü yazılmışdı. Özümü itirdim, müharibənin adın eşitmişdik, ana ürəyidir istər-istəməz pis oldum.
Orxan narahat olma səni bu saat qardaşımla danışdıraram. Zəng elədi, bir səs-küy var, sanki toya gedirlər. Yəni əhvalları çox yaxşı idi. Həmin gün Qobustandan neçə nəfər könüllülər, çağırışçılar vardı. Dedim, Sərxan hardasan, hara gedirsən, bala? Dedi Ağsudayam yolda, mən müharibəyə gedirəm, Ağladım ki, bala niyə gedirsən? Cavabladı ki, ana, Vətən dardadır mən getməliyəm. Axı sənə demişdim müharibə başlasa, birinci gedəcəyəm. Bəs heç kim uşağını qoymasa, erməninin qabağında kim dayanacaq? Dedim Allah işini avand etsin, get, bala. Məni ağlamaq tutdu danışa bilmədim.
İş yoldaşlarım dedi nə olub? Dedim Sərxan müharibəyə getdi. Tanıyırdılar hamısı dedi, mərd oğuldu Sərxan gedər. Bir az keçdi özü yığdı ki, ana, ağlayırsan? Dedim yox, bala. Mənə dedi, ana, səni heç vaxt ağlayan görməyim. Şəhid anası olarsan, amma ağlama. Getdi, ondan sonra xəbər gəlmədi. Telefonlarını da qardaşına verib getmişdi.
Deyirdim bu elə aciz uşaq deyil axı, dünyagörüşlü, ağllı,çevikdir, xəbər yoxdur balamdan. Orxanın üstünə düşürdüm ki, bala, Sərxandan xəbər bil. Orxan gedib, komissarlıqdan soruşub ki, qardaşımdan xəbər yoxdur. Onlar da deyib, müharibənin çox çətin vaxtıdır.
Sərxan oktyabırn 10-u vurulub, bir həftə neytralda qalıb götürə bilməyiblər. Sonra mərd oğullarımız, döyüş yoldaşları bizə danışırdı ki, “Ohanyan xətti” qırılanda orada olublar. Bütün polk vurulub, 3 nəfər qalıb. Sərxan ondan əvvəl boynundan yaralanıbmış, komandiri deyib, Hacıyev, get müalicə al. Deyib ki, yox getmək vaxtı deyil. Döyüş yoldaşı deyir ki, o başda Sərxan idi, bu başda mən, gördük ortadakı yoldaşımız şəhid oldu. Sonra gördüm Sərxan da vuruldu, qışqırdım ki, vuruldun? Dedi, hə, fikir vermə at. Sağ əlindən vurulmuşdu, silahı keçirtdi sola dayanmadı. Gördüm silahının səsi kəsildi, ermənilər üstümüzə gəlirlər. Düşdüm dərəyə, vurulanlar neytralda qaldı. Sonrada arxadan növbəti komanda gəldi köməyə, erməniləri əsir götürdülər. 17 oktyabrda atəşkəs elan edilmişdi. Onda Sərxangilin nəşini neytraldan götürüblər.
Bizə xəbər gəldi ki, bir nəfər var yaxasında qan qrupu, soyadı Hacıyevdir, gilizin içində Sərxan yazılıb. Qardaşı bizə deməyib heç, iki nəfər dostun götürüb gedib Füzuliyə. Deyir Horadizə çatıdq, göydən güllə yağırdı, bir nəfər insan yox idi ki, soruşaq biz hara gedək? Deyir bir dayı çıxdı, dedi, bala, göydən güllə yağır nə gəzirsiniz burada? Geri qayıdıblar. Sonra yığdı ki, ana, bir nəfər tapıblar, ancaq sanki Sərxan deyil. Dedi çox iridi, tanıya bilmirəm, əlamətlərindən de. Nənəsi ağladı ki, bala, qara qaşlı, qara gözlü Sərxanı tanıya bilmədin? Dedi, nənə, yox. Orda tanınması üçün test verib, qayıdıb atasını da apardı. 23-ü təsdiqləndi ki, Sərxandır, gətirib Qobustanda dəfn etdik. Qardaşı deyir, gedəndə cibinə pul qoymuşdum, bir qəpiyinə də dəyməyib, aman olmayıb işlədə.
Həyatda heç bir arzusu yox idi, ancaq şəhid olmağı arzulayırdı. 30 yaşı vardı, subay idi. Onunla təsəlli tapıram ki, öz arzusuna çatdı. Özü deyirdi ki, mənim arzum üçrəngli bayrağa bükülməkdir. Məktəbdə oxuduğu sinif Sərxanın adınadır, İcra başçısı sağ olsun, məhəllədə Sərxanın adına bulaq var, Qobustanda ən yaxşı küçə Sərxanın adını daşıyır. Sağ olsun Prezidentimiz, Bakıda 3 otaqlı ev verdilər. Hər şey var, özündən başqa. Şəhidlərimiz ruhu şad olsun, qzilərimizin canı sağ olsun. Allah bütün şəhid ailələrinə səbr versin!”
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzulinin azad edilməsində savaşıb. Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Sərxan Hacıyev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Ruhun şad olsun, qəhrəman qardaşım!
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin