Qısa arayış:
Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin sentyabr ayının 21-də Nurəhmədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılıb. 2020-ci ilin sentyabr ayının 27-si tarixdən erməni separatçılarının milli və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində hücumunun qarşısının alınması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılıb və ön cəbhədə vuruşub. Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda mərdlik və mətinlik nümayiş etdirərək 2020-ci ilin oktyabr ayının 7-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabr ayının 9-u Ulubəyov Nurəhməd Hacıbəy oğlu II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Nurəhməd Ulubəyov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətən layihəsi komandası olaraq Şəhid Nurəhməd Ulubəyovun anası Tahirə ana ilə həmsöhbət olmaq üçün onlara yollandım. Şəhid anası məni Nurəhməddən geri qalan xatirələrin toplandığı otağa apardı. Elə söhbətimizə də burada başladıq...
- Tahirə ana Nurəhmədlə bağlı xatirələrindən danışaraq, oğlunun çox mərd, igid, qəhrəman kimi böyüdüyünü qeyd etdi:
- Nurəhməd, uşaqlıqdan çox ağıllı, tərbiyəli, ədəbli və savadlı oğul olub. Heç bir hazırlığa getmədən, təkbaşına hazırlaşaraq M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olub. Oranı bitirəndən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurandan sonra sonuncu iş yeri olan "Azeurotel" də işləməyə başlayıb. 2016-cı ildə “Aprel döyüşləri”ndə iştirak etmək üçün hazırlaşırdı. Bir gün qapı açıldı, o, çiynində bayraqla içəri girdi. Dedim ki, bayrağımız çiyninə gözəl yaraşır. O söylədi ki, "ata, bu harasıdır hələ. Qarabağı alacağıq, onda bu, bayrağı özümlə Qarabağa aparacam". İndi həmin bayraq evdədi, saxlayıram. Nurəhməd şəhid olandan sonra həmin bayraq onun evdəki paltarlarının arasından çıxdı.Çox vətənpərvər, canı-qanı ilə Vətənə bağlı idi. Hər dəfə Xocalı faciəsi ilə bağlı televiziyada videolara baxıb deyirdi ki, ermənilərdən mütləq qisasımızı almalıyıq. Onlar bizim ana-bacılarımıza çox işgəncə veriblər. Ətrafındakı bütün dostları onun haqqında danışarkən, mərd, cəsur, hünərli və qayğıkeş olduğunu qeyd edirlər. Uşaq ilə uşaq, böyük ilə böyük kimi davranardı. Əsla səs tonunun yüksəldiyini eşitmədim. Ailəyə bağlı, ana-ataya nəvaziş göstərən, mərhəmətli övlad olub. Müharibəyə getməzdən əvvəl nişanını etmişdik. Atası ilə iki dost kimi idilər. Nurəhməd Şəhid olandan sonra atasının ürəyi buna dözmədi. Günlərlə Nurəhmədin adını səsləyib, şəklini bağrına basırdı. Sanki o da Nurəhmədə qovuşmağa tələsirdi. 7 dekabr 2023-cü ildə atası Hacıbəy Ulubəyov da bu dünyaya gözlərini əbədi yumdu. Bilirəm ki, onlar indi ata-bala cənnətdə qovuşublar.
- Nurəhmədin həyata keçirmək istədiyi çox böyük arzuları olub:
- Nurəhmədin aşıb-daşan gözəl arzuları var idi. Ən böyük arzusu bizə həyət eve almaq olub. Təbiəti, bağ-bağçanı çox sevirdi. Digər bir arzusu gözəl ailə-uşaq sahibi olmaq idi. Nişanlı olanda həmişə mənimlə də arzu-istəklərini bölüşərdi. Ana-bala iki dost kimi olmuşuq. O qədər şən, deyib-gülən, ətrafındakı insanlara yardım edən, qonşularının qayğısına qalan, mərhəmətli bir oğlu idi ki, onu haqqında sözlər kifayət etməz. Hamının əzizi idi. Maaş alanda həmişə uşaqları sevindirərdi. Qızımın uşaqları da dayılarını çox sevərdilər. 8 Mart günü mütləq evdəki xanımlara qızılgül və tort alar, təbrik edərdi.
- Nurəhməd könüllü olaraq ön cəbhəyə gedib. Ailəsi ilə də sonuncu dəfə oktyabrın 3-də danışıb:
-Sentyabrın 8 də Nurəhmədin nişanı olmuşdu. Oktyabr ayında isə toyu olacaqdı. Sentyabrın 20-də Nurəhmədi səfərbərlik ilə hərbiyə çağırdılar. O da heç tərəddüd etmədən Vətənin çağırışına səs verdi və getdi. Oktyabrın 3-də Nurəhmədlə sonuncu telefon zəngimiz oldu. Sanki heç müharibədə deyilmiş kimi danışırdı. Oğlum necəsən, deyə, soruşdum. “Gülə-güllə, zarafatyana cavab verdi ki, ana, burada mənə daha yaxşı baxırlar. Burada mən ordumuza, dövlətimizə lazımam”. Elə cəsarətli, qorxusuz, əzmlə, qürurla danışırdı ki, heç zənn etməzdin müharibədədir. Heç vaxt istəmirdi mən və atası fikir çəkək. Həmişə deyib-gülən və pozitiv bir uşaq olub. Hətta sonuncu dəfə bacısı ilə də xeyli gülə-gülə danışıb. Bildiyimə görə, əvvəl Füzuli uğrunda döyüşlərdə iştirak edib. Orada da oktyabrın 7-də şəhid olub. Şəhid olandan sonra biz onun gülməyən bircə şəklini tapa bilmədik. O, həyatda gülə-gülə yaşamışdı. Həyatı, insanları çox sevirdi.
- Şəhid olduqdan sonra onunla vidalaşanda dedim ki, oğlum, Allah şəhadətini qəbul etsin:
-Balam bir mələk oldu. Şəhidlik ən şərəfli ölümdür. Nurəhməd, zaman-zaman yuxularıma gəlir. Sanki onunla söhbət edirmiş kimi gözlərimin qarşısına dayanır. Hər gün onun xatirələrinə sarılıb, yuxuya gedirəm. Onu yuxumda görəndə ürəyim bir qədər rahat olur. Həmin günü gözəl xatırlayıram. Hərbi xidmətdə olan vaxt doğum günüm idi. Birdən qapı döyüldü. Açdım ki, qapının ağzında böyük bir gül buketi və zərf var. Üstündə belə yazılmışdı: “Nurik baladan sənə hədiyə”. Hər o günü xatırladıqca çox darıxıram. Nurəhməd ancaq yaxşılıq etmək, yıxılana əl tutmaq, dostcanlı, hər şeyə diqqətli və mərd oğul idi. Vətəni, torpağı hər şeydən çox sevərdi.
- Bir ana kimi sizin də oğlunuzla bağlı arzularınız olub. Əgər çətin deyilsə, bu haqda bir-iki kəlmə danışardız...
-Ən böyük arzum Nurəhmədin toyunu, oğul-uşaq sahibi olduğunu görmək idi. Bu haqda danışmaq mənim üçün çox çətindir. Oğlum şəhid olandan sonra onun nişan kostyumu və ayaqqabısını xatirə guşəsində saxlayıram. Elə müsahibə zamanı da qəhər, göz yaşları Tahirə anaya danışmağa mane olurdu. Biz də Şəhid Anasına səbr diləyib, onu çox yormaq istəmədik... Allah bütün şəhidlərimizə rəhmət etsin!
Qeyd edək ki, Şəhid Nurəhməd Ulubəyovun Xətai rayonunda Lütfi Zadə küçəsi, 16 ünvanda yaşadığı binanın qarşısında Xatirə lövhəsi qoyulub.
Fəridə Ağazadə,
Jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin