XX əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı irəli sürdüyü yeni ərazi iddialarıtarixi Azərbaycan
torpaqları olan ErmənistandanAzərbaycanlıların kütləvi surətdə zorla qovulmasına, Azərbaycanın Qarabağ və ona bitişik ərazilərində soyqırımlarıntörədilməsinə, işğal və qarətlərin həyata keçirilməsinə, çoxsaylı terror aktları ilə müşaiyət olunan genişmiqyaslı amansız müharibəyə səbəb olmuşdu. 1988-1994-cü illəri əhatə edənBirinci Qarabağ müharibəsi zamanı on minlərlə insan əsir düşmüş, həlak olmuş, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Şəhərlərimiz vəkəndlərimiz misli görünməmiş qəddarlıqla məhv edilmişdi.
Müharibə nəticəsində Azərbaycan təhsilinə, səhiyyəsinə, mədəniyyətinə, iqtisadiyyatına və başqa sahələrə küllü miqdarda ziyan dəymişdir. Erməni təcavüzkarları tərəfindən 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, momumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri dağıdılmışdır. Bundan başqa 4,6 milyon kitab və əlyazma saxlanılan 927 kitabxana, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 808 klub müəssisəsi, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalareyası, 85 musiqi məktəbi 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid dağıdılmış və talan edilmişdir. Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əsərlərin, dünya şöhrətli xalçaların, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyalarının və digər dəyərli eksponatların toplandığı muzeylərimiz işğal zamanı talan edilmiş, nadir tarixi əhəmiyyətli muzey sərvəti Ermənistana daşınmışdır. İşğal dövründə milli əhəmiyyət kəsb edən tarixi abidələrimiz və dünya əhəmiyyətli abidələrimiz erməni təcavüzkarlarının vandalizminə məruz qalmışdı.
Qarabağ və ona bitişik ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrimizə Laçın rayonu ərazisində VI əsrin Alban Ağoğlan monastırı, XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və Alban məbədləri, Xocalıda XIV əsrin türbələri və orta əsrlərə aid bir sıra Alban məbədləri, VI əsrin Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, XVIII əsrin Əsgəran qalası, Kəlbəcərdə XIII-XIV əsrlərin Lek qalası, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, karvansarayları və evləri, Ağdamda XIX əsrin məscidi, Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji yerləri, Füzulidə neolit və bürünc dövrlərinin yaşayış əraziləri, bürünc dövrünün Çıraqtəpə və Qaraqhacı kimi yaşayış əraziləri, Ağdamda orta dövrün Gavurqala yaşayış ərazisi, Cəbrayılda
bürünc dövrünün İmanqazantəpə və Qışlaq qum təpələri, Kəlbəcərdə bürünc dövrünün qaya rəsmləri, Xocalıda bürünc və dəmir dövrlərinin daş nekropolu, Laçında bürünc və dəmir dövrlərinin qum təpələri, daş dövrünün mağarası, Şuşada bürünc və dəmir dövrlərinin qum və daş qəbiristanlıqları, Zəngilanda XIII-XIV əsrlərin yaşayış ərazisi daxildir.
İşğal zamanı erməni təcavüzkarlarının vandalizminə məruz qalmış dünya əhəmiyyətli abidələrimizə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda tunc və dəmir dövrünə aid kurqanlar daxildir.
Müharibədən əvvəl Şuşada 248 tarix və mədəniyət abidələri, 5 muzey, rəsm qalareyası, 200 min nüxsə kitabın saxlanıldığı 32 kitabxana mövcud olmuşdur. İşğal zamanı rayon ərazisindəki 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim və unikal kitablar yandırılmış və məhv edilmişdir.
Laçın rayonunda marağa məbəd (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1716-cı il), körpü (XVIII əsr), 843 min nüsxə kitabın saxlanıldığı 119 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, 85 klub, 5 musiqi məktəbi dağıdılmış və talan edilmişdir.
Kəlbəcər rayonunda XIII-XVIII əsrə aid alban məbədləri, 600 min nüsxə kitabın saxlanıldığı 119 kitabxana, 17 klub, incəsənət məktəbi, Tarix-Diyarşünaslıq muzeyi dağıdılmış və talan edilmişdir.
Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi (1317) Kəngərli kəndindəki türbə (XIV əsr), Papravənd kəndində 2 türbə (XVIII əsr), 970 min 996 nüsxə kitabın saxlanıldığl 107 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Çörək Muzeyi, tanınmış xanəndə Qurban Primovun Ev Muzeyi, 24 klub, Dram Teatr, Şəkil Qalereyası dağıdılmış və məhv edilmişdir.
Füzuli rayonunda qədim yaşayış məskənləri, kurqanlar (XVII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), Karvansara (1684-cü il), 15 tarixi abidə, 659 min nüsxə kitabın saxlanıldığı 90 kitabxana, 20 mədəniyyət evi, 45 klub, Dövlət Dram Teatrı, 2 muzey və s. obyektlər dağıdılmış və talan edilmişdir.
Cəbrayıl rayonunda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, türbələr, tarixi Xudafərin körpüsü, 552 min 400 nüsxə kitabın saxlanıldığı 78 kitabxana, 3 musiqi məktəbi, 19 klub müəssisəsi erməni vandalizminə məruz qalmışdır.
Zəngilan rayonunda tarix memarlıq abidələri, türbə (1304-1305-ci illər), sərdabələr (XII-XIV əsrlər), dairəvi bürc (XIV əsr), Tarix - Diyarşünaslıq Muzeyi, Xalqlar Dostluğu Muzeyi, 3 yeddiillik musiqi məktəbi, kitab fondu 490 min nüsxə təşkil edən 70 kitabxana dağıdılmış və talan edilmişdir.
Qubadlı rayonunda memarlıq abidələri, mağara-ibadətgah (IV əsr), qalalar (V əsr), türbələr (XIV-XVII əsrlər), məscid (XIX əsr), körpü (1867-ci il), 600 min nüsxə kitabın saxlanıldığı 85 kitabxana, 10 mədəniyyət evi, 28 klub dağıdılmış və talan edilmişdir. Ağdərə rayonunda 400 minə yaxın fonda malik olan 65 kitabxana binası dağıdılmış və talan edilmişdir.
Xocalı rayonunda XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, bizim eranın XIII-XIV əsrlərinə aid edilən səkkiz guşəli günbəz, türbələr və əsasən son tunc və erkən dəmir dövrünə (b.e.əvvəl XIV-XIII əsrdən VII-VI əsrə) aid edilən Xocalı abidələri kompleksi, 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (Qalaçalar), nekropollar, menhirlər (5-10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr, daş qutular və Alban kilsələri, 400 mindən çox kitab fonduna malik olan 69 kitabxana, 8 mədəniyyət evi, 60 klub, 3 musiqi məktəbi, Tarix-diyarşünaslıq muzeyi dağıdılmış və talan edilmişdir.
Xocavənd rayonunda 72 mədəniyyət abidəsi, dünya əhəmiyyətli Azıx mağarası, qalalar (I-VIII əsrlər), Alban məbədi (X əsr), türbə (XIII əsr), 463 min nüsxə kitab fonduna malik 9kitabxana dağıdılmış, talan edilmişdir.
Erməni təcavüzkarları işğal dövründə Qarabağ və ətraf rayonlarda mədəni soyqırım törətmiş, əzəli torpaqlarımızda yerləşən maddi-mədəniyyət nümunələrini, tarixi, arxeoloji və memarlıq abidələrini hədəf almışdırlar. Azərbaycanın milli-mədəni irsinin ayrılmaz hissəsi olan bu dəyərli abidələr, işğaldan azad edilmiş torpaqlarımızla birlikdə artıq öz sahibinə qovuşmuşdur. Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun, Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız mənfur düşmən tapdağından azad edilmiş, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış Zəfərlə bitmiş 44 günlük II Qarabağ müharibəsindən və antiterror əməliyyatlarından sonra Qarabağ və ona bitişik rayonlarda sürətlə quruculuq işləri həyata keçirilir.
Qarabağımız beynəlxalq mədəni tədbirlərə evsahibliyi edir, öz zənginliyi ilə nəinki Azərbaycan mədəniyyətini, bütün dünya mədəniyyətini zənginləşdirir. Qarabağımız sürətlə inkişaf edir, dirçəlir. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunduğu gün Müzəffər Ali Baş Komandan Azərbaycan Respblikası Prezidenti cənab İlham Əliyevin söylədiyi “Əziz Şuşa, sən Azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!” sözləri hər bir Azərbaycanlının qəlbində əbədi həkk olunmuşdur. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Azərbaycan Respblikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir yumruq ətrafında birləşərək Qarabağımızı, rayon və şəhərlərimizi, kəndlərimizi dirçəldir, abadlaşdırır.
Aynurə Əsgərova,
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin