QEYD: Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində üçüncü kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Layihə çərçivəsində növbəti ziyarətim İkinci Qarabağ müharibəsinin qəhrəmanı, "Antiterror əməliyyatı"nın şəhidi Vüsal Təbiyyət oğlu Şəhriyarovun ailəsi oldu. Vüsal Şəhriyarov 11.12.2001-ci ildə Qobustan rayon Çalov kəndində anadan olub. 2008-ci ildə Yaşar Sadıqov adına Çalov kənd ümumi orta məktəbə gedib. 2010-cu il yanvar ayından təhsilini A.O.Çernyoviski adına Qobustan şəhər 1 saylı tam orta məktəbdə davam etdirib. 2019-cu ildə məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Respublikasının N saylı hərbi hissəsində xidmətə başlamışdır.
Şəhidin anası Tatış xanım deyir ki, onların iki oğulları, bir qızları var. Vüsal ikinci uşaqdır:
“Balam 2019-cu ildə məktəbi bitirib, 2020-ci ildə əsgər gedib. Hərbi xidməti dövründə Tovuz döyüşlərində də iştirak edib. General-mayor Polad Həşimov şəhid olanda Vüsal da orada yaralanmışdı. Sonra artıq müharibə başlayanda Kəlbəcər döyüşlərində də iştirak etmişdi. Əsgərliyi bitirib 2021-ci il iyunun 3-ü evə gəldi. Getdi Komando kursuna yazıldı. Birinci dəfə keçmədi, kəsildi. İkinci dəfə yenidən kurslarına müraciət etdi. Biz dedik bəlkə başqa kurslara gedəsən, ora çətindir. Deyirdi, yox. Mən getsəm ancaq “Komando”ya qoşulacağam. Kursu bitirəndə sevinə-sevinə gəldi. Deyirdi, mən elə bunu istəyirdim. Cəmi 7 ay işləyə bildi balam. Sonra “Antiterror əməliyyatı”nda iştirak etdi. Heç bizə bildirməmişdi ki, döyüşə qoşulur. Nə Tovuz döyüşlərində yaralanmağını, nə müharibədə olmağın bildik. Müharibə vaxtı da ayağından yaralanmışdı, bizə deməmişdi. Sonra Kəlbəcərdə döyüşüb onu da bizdən gizləmişdi. Medal alanda bildik ki, döyüşdə iştirak edib.
Kursu bitirdikdən sonra Sumqayıtda işləyirdi. Sentyabrın 4-ü artıq getdilər Ağdama. Ayın 10-u bacısının toyu olacaqdı, dedi gələ bilməyəcəyəm. Sonra necəsə icazə aldı, gəldi. Toyda iştirak etdi, oynadı, orda da çıxış elədi ki, biz can verməyə yox, can almağa gedirik. Ayın 11-i qardaşı apardı qoydu işə, 19-u da şəhid oldu. Ayın 20-si səhər əmim oğlun qonşu kəndə çağırmışdılar. Orada səlahiyyətli şəxslər demişdi ki, şəhidiniz var. O da gəldi bizə dedi, xəbəri belə aldıq.
Vüsal çox aktiv, həvəskar, istiqanlı uşaq idi. Hər şeyə həvəslənirdi. O qədər arzuları vardı. Deyirdi ev tikim, maşın alım. Ancaq həmişə hərbçi olmaq istəyirdi. Müharibədən gələndən sonra deyirdi, ay ana, biz fərli oğul olsaydıq şəhid olardıq.
Qardaşı Anar da Vətən müharibəsi zamanı döyüşüb, 4 medalı var. Anar könüllü getmişdi. Müharibə vaxtı bir-birindən xəbərləri olmayıb. Müharibə zamanı Anarla ümumiyyətlə danışa bilmirdik. Yenə arada.Vüsalla danışırdıq. O, qabaqda döyüşüb, xəbər ala bilmirdik. Anar atasıyla ustalıq edirdi. Müharibəyə könüllü getmək üçün müraciət etmişdi. Bir gün atası iş əşyaların yığıb Anarı gözləyirmiş, xəbər gəlib ki, Anarı apardılar. Ayın 21-i apardılar, öz doğum günündə. Vüsal da şəhid kimi Anarın doğum günündə dəfn edildi.
Döyüş yoldaşları danışırdı ki, Vüsal döyüş gedə-gedə yaralı yoldaşlarını, şəhid olanları çıxarıb ərazidən. Bir videosu var elə başqa yoldaşının qolunu sarıyır. Yoldaşları deyir Vüsal düşmənə atırdı, 15-20 dəqiqə ermənilər susurdu, biz irəliləyirdik. Sonra deyib ki, mən vuruldum. Yoldaşları deyir, onu izləyirdilər ki, vursunlar.
Ruslan müəllim var, Vüsalı məsciddə dəfn üçün o hazırlamışdı. O deyirdi ki, sizi axtarırdım, gecəylə bizə gəldi. Deyir yumaq üçün şəhidi açdım, gördüm gülümsünür. Bilmirdim Vüsaldı ya başqa balamız, ancaq məəttəl qalmışdıq, sanki söhbət edirdik onunla. Forması əynində, bayraq sinəsində idi. Gətirib həmin bayrağı bizə verdi…”
Nənəsi deyir ki, Vüsal həmişə qeyri-adi uşaq idi. Ancaq deyirdi mən döyüşə gedəcəyəm, erməniləri qıracağam:
“Deyirdim, nənən qurban, xeyirli söz danış. Deyirdi, nənə, nə etsən də mən müharibəyə gedəcəyəm. Müharibə başlayanda necə sevinirdi. Vətən müharibəsində dayısına yığıb ki, evdəkilər bilməsin biz döyüşürük, ola bilər axırıncı danışığımızdır. Dedim, başıma xeyir, balam getdi. Ancaq sonra ordan salamat gəldi. Elə bil ki, şəhid olmaqçun doğulubmuş balam. Öz arzusuna çatdı, ancaq yoxluğuna dözə bilmirik. Allaha həmd olsun. Anasına deyirdi, nənəm bilməsin Komandoya gedirəm. O qədər dua edir ki, keçə bilmirəm. Heç kimə demə. Sertifikatı alıb gələndə dedi, baxın mən bunun üçün çalışırdım. İndi oxuduğu məktəbdə adına sinif otaqları var.
Anar da heç nə bildirmirdi bizə. Bir dəfə komandiri yığdı danışdırdı bizi. Dedi Kürdəmirdəyik narahat olmayın. Bir saat sonra qonşu gəlib ki, al uşağınla danış döyüşdədilər. Ona görə bizimlə danışıqdan qaçırdı ki, bilməyək.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şəhriyarov Vüsal Təbiyyət oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal Antiterror əməliyyatları zamanı Ağdərə rayonunda şəhid olub. Qobustan rayonunun Çalov kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Kəlbəcərin azad olunmasına görə" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ruhun şad olsun, qəhrəman qardaşım!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil jurnalist
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin