Adı ilə bərabər hüzn, ağrı-acı, ölüm-itim, fəlakəti xatırladan çox az coğrafi məkan var. Bizim üçün bu məkan insanlığın öldüyü, Azərbaycanın qan yaddaşına dönən Xocalı ilə bağlı idi. Xocalı faciəsi sübut edir ki, müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır.
Təbii ki, Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük müharibə ilə son qoyuldu. Həmin gün mübarizə əzmimizin qələbə tarixini yazdığı gün, zəfər tariximizdir. Əminliklə deyə bilərik ki, xalqımız bu günün gələcəyində daima inanırdı. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.
Müharibəyə zəmin yenə də Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə yarandı. Bütün cəbhə boyu "Dəmir yumruq əməliyyatı" adı altında əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. Bu hərbi əməliyyatlar qələbəyə susamış xalqın 30 ilə yaxın dünyadan, beynəlxalq təşkilatlardan gözlədiyi ədalət idi. Hansı ki, biz onu birliyimiz sayəsində hərb yolu ilə bərpa etdik. Lakin heç də bütün mübarizə torpaqlarımızı düşmən tapdağından azad etməklə bitmirdi. Bu torpaqlara qayıdış üçün yenidənqurma və bərpa ən ümdə məsələ idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədən sonra tez müddətdə işğaldan azad edilmiş ərazilərində geniş miqyaslı yenidənqurma və bərpa işləri start götürdü. Bu ərazilərdə infrastrukturun, yaşayış məntəqələrinin və iqtisadiyyatın yenidən qurulması prioritet kimi götürülüb. Bu ərazilərdə aparılan işlər çoxşaxəli və ardıcıldır. Əsas məqsəd insanların öz dədə-baba yurdlarına qayıdışdan sonra rahat yaşayışı, rifahı üçün hesablanıb. Azad edilmiş ərazilərdə ilk iş minaların təmizlənməsi, yollar, körpülər, elektrik, su və qaz təchizatı şəbəkələri yenidən qurulması ilə şərtlənir. Eyni zamanda hava limanlarının tikintisi və mövcud olanların bərpası həyata keçirilir. Füzuli və Zəngilan hava limanları isə artıq istifadəyə verilib. Dağıdılmış və istifadəsiz qalmış şəhər və kəndlərdə yeni evlərin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi aparılır. Həmçinin "Ağıllı şəhər" və "ağıllı kənd" layihələri reallaşdırılır. Bu layihələrə müasir texnologiyaların tətbiqi, enerji effektivliyi və ekoloji təmiz həllər daxilində icra edilir. Azad edilən ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, enerji layihələri, təhsil və səhiyyə infrastrukturuna ciddi önəm verilir.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarına Böyük Qayıdış proqramı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçkünlərin və qaçqınların təhlükəsiz və davamlı şəkildə qayıdışını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı bir strategiyadır və birbaşa ölkə rəhbərinin nəzarəti altına icra edilir. Qayıdış proqramı çərçivəsində ilk köçlərin başlanması mühüm mərhələdir və bu proses 2021-ci ildə həyata keçirilməyə başladı. Məlum olduğu kimi ilk köç Zəngilanın Ağıllı kənd layihəsi çərçivəsində həyata keçirildi.
Əzmi, iradəsi, yüksək döyüş qabiliyyəti, taktiki gedişləri ilə torpaqlarımıza azadlıq bayrağı sancan Azərbaycan Prezidenti İlham Əliyev bu torpaqların əzəli və əbədi sakinlərini köç zamanı da tək qoymadı. Ali Baş Komandan və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Qarabağa köçən əhali ilə bir neçə dəfə görüşərək, onların yenidənqurma və bərpa işləri ilə bağlı məsələlərini müzakirə edib və onlara dəstək verib. Bu görüşlərdə Prezident və xanımə, köç edən ailələrin vəziyyəti ilə maraqlanıb, onların ehtiyaclarını dinləyib və bölgənin inkişafı üçün planları izah edib. Görüşlər zamanı Cənab Prezidentin əsas mesajları qayıdışın təhlükəsizliyi, infrastrukturun və iqtisadiyyatın inkişafı ilə bağlı olub. Məhz bu görüşlər və Prezidentin səfərləri Qarabağa köçən əhalinin motivasiyasını artırır və onların yenidənqurma prosesinə olan inamını gücləndirir.
Ancaq Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa çalışırdı. Təbii ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.
Həm düşmənin pozuculuq fəaliyyətinin qarşısının alınması, həm də bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq ölkəmiz öz suveren əraziləri daxilində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. 20 sentyabrda yalnız 23 saat 43 dəqiqə müddətində yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirdi və nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.
Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi lokal antiterror tədbirləri Ermənistanın himayə etdiyi qondarma rejimin, hərbi xuntanın əsirinə çevrilmiş Qarabağın etnik erməni əsilli azlıqlarının da xilasına, onların ölkəmizin digər etnik azlıqları kimi tam hüquqlu vətəndaşlar olaraq dinc, sülh və təhlükəsiz şəkildə azad həyata qovuşmasına, reinteqrasiyasına da xidmət edir, onların yolunu aydınladır. Lokal antiterror əməliyyatlarından sonra Xocalı şəhərinin sakinləri düz 32 ildən sonra öz doğma yurdlarına qayıtdılar. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalıya səfəri isə çox böyük əhəmiyyətə malik idi. Bu səfər həm mənəvi bağların nə qədər möhkəm olduğunun, həm də ğlkə başçısının xalqına bağlılığının göstəricisi idi. Eyni zamanda soyqırıma məruz qalan Xocalımız üçün qanlı günlərin sonu, böyük qələbənin, tarixi hadisənin başlanğıcıdır.
Qətiyyətli liderimiz sayəsində ata-baba yurdumuz Qarabağ və Şərqi Zəngəzurda qan-xatalı günlər, müharibələr, terrorçuluq niyyətlərinə birdəfəlik son qoyuldu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünün ən parlaq inkişaf dövrünü yaşayır, illər əvvəl xəyal kimi görünən arzularımız ardıcıllıqla həqiqətə çevrilir. İşğaldan azad edilən yerlərə yenidən qayıdışımızla bizim üçün yeni inkişaf mərhələsi başlayır. Bu yeni mərhələ isə hazırda özünün çoxşaxəli tərəfləri ilə daha təminatlı gələcəyə körpü yaradır.
Aydın Tağıyev,
Yazıçı, araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin