Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyini, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşdu.
Azərbaycanlılara qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 130 nəfərdən çox şəhid olub, 744 nəfər yaralanıb, 4 nəfər itkin düşüb, 400-dən çox şəxs isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Vətən uğurunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi milli sərvətimiz, milli iftixarımızdır.
“Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərimizə təbliğ etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur”.
Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anırlar.
Fransız filosof, “Ekzistensializmin” banisi Jan Pol Sartrın “Azad olmaq – özün kimi olmaq deməkdir” ifadəsi tam bu anda yerinə düşür. Azadlıq uğrunda savaş kimi yaddaşlara hopmuş 20 Yanvarın ən böyük dərsi budur ki, hər hansı təhlükə qarşısında xalq öz birlik, azadlıq eşqi üçün canından keçməyə hazır oldu, igid Vətən övladları canları, qanları bahasına gələcək müstəqilliyin təməlini qoydular.
Gənclərin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqırımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu dərk etməkdir.
Görkəmli Azərbaycan şairi Abbas Səhhətin “Vətən” şeirində çox gözəl vurğulayıb: “Vətənin sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!”
20 Yanvar şəhidləri də məhz bu şeirdə deyildiyi kimi, Vətənini dərin məhəbbətlə sevən əsl vicdanlı insanlar idilər. Buna görə də öz canlarını Vətən, xalqımızın işıqlı gələcəyi uğrunda fəda etdilər. Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.
İstiqlal şairi Xəlil Rza Ulutürk “Azadlıq” adlı şeirində 20 Yanvar şəhidlərinin hansı müqəddəs amal uğrunda canlarını qurban verdiklərini çox ustalıqla qeyd edib.
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin