Azərbaycanı müxtəlif ölkələrdə təmsil edən, dünya ölkələrinin qran-prisinin qalibi, Azərbaycanın ilk pro atleti, bodibildinq üzrə Avropa oyunları çempionu, Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyev "Əsrin aydınları" jurnalına müsahibə verib. Anmedia.az həmin müsahibəni təqdim edir.
-Xoş gördük, Elnur müəllim, əminəm ki, bu gün sizinlə müsahibəmiz çox maraqlı olacaq və bizi, oxucularımızı maraqlandıran bir çox nüanslara aydınlıq gətirəcəyik. İlk olaraq jurnalımızın oxucularına özünüz haqqınızda məlumat verməyinizi xahiş edirəm.
- Mən İmişli rayonu Qızılkənd rayonunda anadan olmuşam. Mənim uşaqlıq xatirələrim Birinci Qarabağ Müharibəsi dövrünə təsadüf edir. O acınacaqlı illlərdə erməni seperatçılarının işğalı nəticəsində torpaqlarımızdan didərgin düşən minlərlə ailələr ətraf kəndlərdəki evlərdə, ümumtəhsil və ali təhsil ocaqlarının, bağçaların və digər müəssisələrin binalarında sığınacaq kimi məskunlaşmağa məcbur qalmışdılar. O dönəmlərdə təhsilimizdə və digər sahələrdə ciddi problemlər yaşayırdıq. Bu vəziyyət hər kəsin taleyinə yansımışdı. Ölkəmizdəki vəziyyət Ümummilli Liderimiz cənab Heydər Əliyevin gəlişi və uğurlu siyasəti nəticəsində öz tərəqqi dövrünə keçid etdi.
- Mən orta təhsilimi davam etdirmək üçün dayımın yanına Gəncə şəhərinə köçməli oldum. Məktəbi bitirdikdən sonra isə Bakıya gəldim. On beş yaşımda tibb kollecinə daxil oldum və fərqlənmə diplomu ilə məzun oldum. On yeddi yaşımdan isə həmin kollecdə müəllim olaraq çalışmağa başladım. Tələbəlik illərimdə çox çətinliklərim olurdu. İşsizlik problemi var idi. Ailəmə, valideynlərimə dəstək olmalı idim. İlk maaşımı bu gün də xatırlayıram. 300 manat əməkhaqqı almışdım. O an mənim həyatımda çox böyük məna kəsb edən məqamlardan idi. Maaşımı alıb sevinclə rayona, ailəmin yanına getdim və anama hədiyyə etdim.
- Bir neçə klinikada öz ixtisasım üzrə çalışmışam. Mən ixtisasca stomatoloqam. Hətta o zamanlar “Stomatoloq” adlı qəzet də var idi mən həmin qəzetdə müxbir işləyirdim. Həmin qəzet üçün müxtəlif xəstəxanalarda həkimlərdən və digər tibb sahəsində çalışan insanlardan müsahibələr alırdım. Artıq illərdir ki, idman sahəsində uğurlu nəticələr əldə etmişəm və uğurlu layihələrin müəllifiyəm. Ailəliyəm və iki övladım var.
- Övladlarınızla bağlı gələcək arzularınız nədir? Onların da idman sahəsində sizin kimi peşəkar olmasını istəyirsinizmi?
- Mənim iki övladım var, bir qız, bir oğlan. Qızım İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın ikinci sinfində təhsil alır. Oğlum isə azyaşlıdır. Mənim üçün həyatda əsas vacib şərt təhsildir, əsasən də cəmiyyətimizdə qızlarımızın təhsil almağıdır. Mən təəssüf edirəm ki, cəmiyyətimizdə elə ailələr var ki, qızlarının təhsil almasını istəmirlər. Mən çox istərdim ki, qızım gələcəkdə həkim olsun. Oğlumun isə həm təhsil almasını, həm də idmançı olmasını çox istəyirəm.
- İdmanda uğur qazanmaq və bu sahədə peşəkar olmaq arzularınız arasında var idimi?
- Uşaqlıqdan ən böyük arzum idmanda böyük nailiyyətlər qazanmaq idi. Mən uşaqlıqdan bir neçə idman növü ilə məşğul olmuşam; taekvando, kunq fu və digər idman növləri ilə məşğul olmuşam. Lakin ən sevdiyim idman növlərindən biri ağır atletika idi. Təəssüflər olsun ki müəyyən müddətdən sonra mən çox ağır zədə aldım və bu idman növündən ayrılmalı oldum. Bu idman növündən uzaqlaşdıqdan sonra bodibildinq üzrə həm ölkə çempionu, həm də xarici ölkələrdə dünya üzrə çempionatların qalibi oldum. Bundan sonra bodibildinq idman növünə başladım və bu sahədə daha uğurlu oldum.
- Bildiyimiz kimi Elnur müəllim, siz gənclərin inkişafı və sağlam həyat tərzi ilə bağlı onlarla maarifləndirici layihə və tədbirlərin müəllifisiniz. İstərdim ki, bu barədə danışasınız.
- Maarifləndirici layihələrimizin məqsədi dövlətimizin uğurlu idman və antidopinq siyasətini dəstəkləmək, uşaq və yeniyetmələri, eləcə də gəncləri yasaq dərman preparatlarından uzaq tutmaq və ölkəmizdə idmançılar arasında sağlam rəqabəti təmin etməkdir. 2019-cu ildə Respublikamızda sağlam həyat tərzini geniş miqyasda təbliğ etmək üçün Macarıstan və İtaliyanın bir neçə şəhərlərinə səfərlər edərək, orada beynəlxalq federasiyaların rəhbərləri ilə görüşərək Beynəlxalq Natural Bodibilding və Fitnes Asosasiyasının Azərbaycanda rəsmi nümayəndəliyini təsis etdim. 2019-cu ildən bu günə qədər ölkəmizdə 7 maarifləndirici vebinar, 15 seminar, 4 beynəlxalq, 7 milli yarışlar keçirmişik. Əsas məqsədimiz dövlətimizin uğurlu idman siyasətinə dəstək olaraq, sağlam həyat tərzini, kütləvi bədən tərbiyəsi və idmanı təbliğ etmək, yeniyetmə və gəncləri pis vərdişlərdən və istifadəsi qadağan olunmuş dərman preparatlarından uzaq tutmaq, idmanda sağlam rəqabəti təmin etmək, idmanda zorakılığa qarşı mübarizə aparmaq, gender bərabərliyini qorumaq, uşaq və ailə fitnesini inkişaf etdirmək, milli komandalar formalaşdırmaq, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməkdir.
- Bildiyimiz kimi bəzi gənclərimiz bədənşəkilləndirməni tezləşdirmək üçün dərman və qida əlavələrindən, steroidlərdən istifadə edirlər. Bu cür hallarda nə etməliyik?
- Bəli, təəssüflər olsun ki, bir çox idman zallarında qeyri-peşəkar məşqçilərin məsləhəti ilə gənclər bunlardan istifadə edərək nəticəni tezləşdirmək istəyirlər. Sonda nəticə heç də ürəkaçan olmur. İnsanlar steroidləri qəbul edərkən bədəndə su ifrazının qarşısını alır, böyrəklər yüklənir, azot balansı yüksəlir və əzələlər məcburi şəkildə şişməyə başlayır. Bu proses onların sağlamlığına ciddi təsir göstərir və bir müddətdən sonra ürək qan damar sistemi, hormonları, böyrəkləri, əzələ sistemini sıradan çıxararaq ciddi fəsadlara, hətta ölümlərə səbəb olur. İngiltərə və Hollandiya elm adamlarının sonuncu araşdırmalarında bu məsələ ilə bağlı bir məqalədə deyilir ki, davamlı steroidlərin qəbulu insan psixikasına çox pis təsir edir və intiharlara sövq edə bilir. Dəfələrlə bu problemlərlə üzləşən gənc və yeniyetmələr bizə müraciət edib və lazımi tədbir və məsləhətlərdən yararlanıblar. Bununla bağlı ölkəmizdə aidiyyəti qurumlar ciddi nəzarət və maarifləndirmə işləri aparır.
- Bodibildinq və digər idman növləri ilə məşğul olmaq üçün sizə müraciət edən gənc və yeniyetmələr ilk növbədə hansı müayinələrdən keçirlər?
- Bildiyiniz kimi mən beynəlxalq dərəcəli idman ustası (pro athlete), beynəlxalq dərəcəli məşqçi (international master coach, PROPTA –ABŞ), qidalanma və qida əlavələri üzrə beynəlxalq dərəcəli mütəxəssis, (Supplementist, Nutrition Technician) və eyni zamanda beynəlxalq dərəcəli hakim (kəndirlə mübarizə, bodibildinq və fitnes idman növü) olaraq fəaliyyət göstərirəm. İdman sahəsində peşəkarlığın və savadlılığın artırılması, sağlam həyat tərzinin təbliği sahəsində hərtərəfli maarifləndirmə və düzgün istiqamətləndirmə işlərinin aparılması məqsədilə fitneslə məşğul olan məşqçilər üçün xüsusi proqramla təhsil də veririk. İlk növbədə bizə müraciət edən hər kəs yaşından asılı olmayaraq lazımi tibbi müayinələrdən keçir və nəticəyə uyğun olaraq məşqlərə başlayırlar. Dünya təcrübəsində bütün idman zallarında tibbi müayinələrin aparıldığı müayinə və laboratoriyalar mövcuddur. Müraciət edən hər kəs ilk olaraq analiz metodlarına əsasən tibbi arayış alır və daha sonra idman növlərinə uyğunluğu seçilir. Ümid edirəm ki, yaxın gələcəkdə bizim idman zallarımızda da tibbi müayinə şəraitinin qurulması üçün tədbirlər görüləcək. Hal-hazırda prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə idman sahəsinə diqqəti və qayğısı göz önündədir. Azərbaycan dünyanın əksər ölkələrində idman sahəsindəki uğurlarına və inkişafına görə çox tanınır.
- Sizcə müəyyən bədən formasına və yarış üçün tələb olunan normativlərə cavab vermək nə qədər vaxt ala bilir və yaş həddi varmı?
- Bu gedişat insanın özündən asılıdır. Bodibildinqdə yaş həddi yoxdur. Bu sahədə kateqoriyalar çoxdur, kateqoriyaların çoxluğu hər kəsin yarışa qatıla biləcəyinə imkan yaradır. Qoyulan normativləri əldə etmək üçün ən birinci məsələ məqsədli olmaqdır. Eyni zamanda bu böyük zəhmət, əzm tələb edir. Təbii ki, genetik tiplər də əsas rol oynayır.
- Elnur müəllim, uğur anlayışı sizə görə nədir və uğurlarınızda dəstəkçiniz kimlərdir?
- Mənim uşaqlıqdan həmişə üç arzum olub. Birinci arzum stomatoloq olmaq idi. Yadımdadır ki, qonşuluqda diş həkimi vardı, hər gün gedib onun gördüyü işləri izləyərdim. İkinci arzum idmançı olmaq və bu sahədə daha çox uğur qazanmaq idi. Beş yaşımdakı hadisəni dünənki kimi xatırlayıram. Bizim kənddə balaca bir mağazada qantellər görmüşdüm, ala bilmədiyimdən bütün günü dayanmadan ağlamışdım. Rəhmətlik atam əlimdən tutub məni mağazaya aparıb gecə yarısı həmin qantelləri mənə almışdı. Üçüncü arzum isə xeyriyyəçi olmaq idi. Hal-hazırda gördüyüm işləri bu qəbildən hesab etmək olar. Çünki cəmiyyətimizin rifahı, sağlam həyat tərzi naminə saysız-hesabsız işlər görmüşük. Hər zaman mənə müraciət edənlərə çətinliyindən asılı olmayaraq istər maddi və istərsə də mənəvi dəstək göstərirəm və bunu etməkdə davam edəcəyəm. Xeyriyyəçi olaraq təhsildən kənarda qalan bütün regionlardakı ehtiyac içində olan ailələrə, uşaqlara yardım etmək ən böyük arzularımdandır və inanıram ki, bu arzuma da çatacağam. Uğurlarıma görə öncə Allaha, öz zəhmətimə və hər zaman yanımda olan, mənə dəstək olan qardaşıma borcluyam.
- Elnur müəllim, təhsildən söz düşmüşkən ali və orta təhsil müəsisələrində fiziki tərbiyə dərslərinin təşkili və tədrisi sizə görə ürəkaçandırmı? Bu yöndə hər hansı bir layihə və təkliflər üzərində işləyirsinizmi?
- Bu mənim bu gün ən sevdiyim suallardan oldu, Günel xanım. Çox həssas məqama toxundunuz, təşəkkür edirəm. Bu məsələ hər zaman məni narahat edən məqamlardan biri olub. Günümüzdə aktual problemlərdən biri məhz bu dərsə biganə yanaşmaqdır. Bu dərslərin tədrisi çox aşağı səviyyədədir və laqeyd yanaşılır. Halbuki sağlamlıq məhz hərəkətdən başlayır. Günümüzün gənc və yeniyetmələrinə baxsanız hamısı hərəkətsiz və oturaq həyat tərzi keçirir və ağır çəkidən və ya hədsiz çəki azlığından, onurğa sutunlarında yaranan müxtəlif problemlərdən əziyyət çəkirlər. İdman dərslərini aparan müəllimlər öz vəzifələrindən sui istifadə edirlər. Çox təəssüflər olsun ki, vəziyyət acınacaqlıdır. Mən ümid edirəm ki, bu yöndə Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər cavabdeh qurumlar təhsil ocaqlarında idman dərslərinin tədrisi məsələsində ciddi addımlar atacaqlar və bu yöndə bizim öhdəmizə düşən nə varsa təmənnasız dəstək olmağa hazırıq.
- Günümüzün gənclərinə nə tövsiyə edərdiniz, Elnur müəllim?
- Mən düşünürəm ki, öncə Vətənimiz, xalqımız, ölkəmiz üçün hər zaman faydalı olmaq lazımdır. Gənclərimizə tövsiyyəm odur ki, ilk növbədə təhsil alsınlar, təhsilə xüsusi diqqət ayırsınlar və sağlam həyat tərzini formalaşdırmaq üçün idmanla məşğul olsunlar.
- Elnur müəllim, ölkə hüdudlarından kənarda Vətənimizi təmsil etmək necə bir hissdir?
- Bilirsiniz, bu hissləri sözlərlə ifadə etmək mümkün deyil, bu çox qürurverici hissdir. Bu ilin avqust ayında beynəlxalq turnirlə bağlı Almaniyada səfərdə idik. Bir qrup müxtəlif ölkələrdən olan insanlar bizi görərkən qışqırdılar ki: “Karabakh is Azerbaijan” yəni “Qarabağ Azərbaycandır”. İnanın bundan gözəl, qeyri-adi hiss və anlar ola bilməz.
- Elnur müəllim, maraqlı və eləcə də maarifləndirici müsahibəniz üçün sizə təşəkkür edirik. Siz Azərbaycanın fəxrisiniz. Gələcək həyat və fəaliyyətinizdə sizə can sağlığı və bol uğur arzu edirik.
- Mən də öz növbəmdə “Əsrin aydınları” jurnalının rəhbərliyinə, sizə və əməkdaşlarınıza təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin