Bərpa olunan enerji mənbələri üzrə mühəndis-energetik Cahid Mikayılov "Əsrin Aydınları" jurnalına müsahibə verib. ANmedia.az həmin müsahibəni təqdim edir.
- Salam Cahid müəllim xoş gördük. Jurnalımızın ənənəsinə sadiq qalaraq istərdik ki, Cahid bəy siz özünüz haqqınızda bizə və jurnalımızın oxucularına ətraflı məlumat verəsiniz.
- Dünyanın ən aktual enerji problemlərinə innovativ həllər tapmaqda həvəsli olan 33 yaşlı bərpa olunan enerji mühəndisiyəm. Energetika Nazirliyində mətbuat sektorunun müdiri olaraq qurumumuzun kommunikasiya fəaliyyətində və media ilə əlaqələrində iştirak edirəm. Həm də nazirliyin sözcüsü kimi enerji siyasətini və fəaliyyətini ictimaiyyətə çatdırıram. Eyni zamanda, bizi əhatə edən kiçik detallarda gizlənmiş gözəllikləri çəkməyi sevən bir foto həvəskarıyam. Kameramla təbiətin, heyvanların, əşyaların və insanların yaxından şəkillərini çəkirəm. Sizə bu yaxınlarda çəkdiyim çiçək üzərindəki arının şəklini göstərə bilərəm. Düşünürəm ki, bu, mənim entuziazmımı yaxşı ifadə edir. Dostlarımla çimərlik voleybolu oynamaqdan həzz alıram. Bu, insanı gümrah və enerjili saxlayır. Nisbətən soyuq aylarda isə açıq havada gəzirəm. Ailəmlə keyfiyyətli vaxt keçirməyi xoşlayıram, çünki onlar mənim dəstəkçim və ilham mənbəyimdir.
- Bizim üçün uşaqlıq, gənclik xatirələriniz, böyüdüyünüz ailə, bölüşə biləcəyiniz bütün xatirələriniz maraqlıdır. Bir gənc olaraq arzularınız, məqsədləriniz və ya maraqlarınız haqqında danışa bilərsinizmi?
- Xoşbəxt və demokratik bir ailədə əkiz uşaq olaraq böyümüş. Erkən uşaqlığım həm təhsillə, həm də ədəbiyyatla məşğul olan baba və nənəmin yanında keçib. Babam məktəb direktoru və şair idi, nənəm isə gəncliyində məktəbdə lobarant kimi işləsə də, həyatını əsasən uşaqlarına və nəvələrinə həsr edirdi. Dayım şeir yazır, anam pianoda ifa edir, xalam oxuyur, evimizdə musiqi ab-havası yaranırdı. Deyə bilərəm ki, uşaqlığım əyləncəli keçib, xüsusən də əkiz qardaşım yanımda olduğu üçün. Biz həmişə maraqlı və yaradıcı macəralar tapır, ətraf aləmi araşdırırdıq. Məktəbi bitirdikdən sonra, bir gənc kimi Amerikaya getmək arzum var idi. Ailəm qərarımı mənəvi olaraq dəstəklədi və maddi məsələləri də həll edə biləcəyimə əmin olduqdan sonra bu arzumun arxasınca getməyə təşviq etdi. Hər kəsin eyni fürsəti olmadığını biləndə mənə belə dəstək verən ailəm olduğu üçün çox sevinirdim. Qrup yoldaşlarımdan bəziləri, məsələn, musiqi ilə, idmanla məşğul olmaq və ya mənim kimi tələbə mübadilə proqramı ilə xaricə getmək istəyəndə ailələrinin etirazı ilə üzləşdilər. Həmişə mühəndis olmaq istəsəm də, məktəb vaxtı ixtisasla bağlı bəzi şübhələrim yaranmışdı. Səyahət etmək həvəsimin təsiri ilə turizmi alternativ ixtisas kimi nəzərdən keçirdiyim vaxtlar var idi, amma sonda mühəndisliyi seçdim. Belə etdiyim üçün şadam, çünki bu, mənim üçün faydalı karyera oldu. Mühəndislik əvəzinə turizmi seçsəydim, məni bir insan və peşəkar kimi formalaşdıran bir çox təcrübə fürsətlərini əldən verərdim.
- Həm də, daha sonra gənc dövlət qulluqçusu kimi kariyerama başladım və müxtəlif dövlət proqramları vasitəsilə bir çox ölkələrə səfər etmək imkanı qazandım. Avropa Birliyinin müxtəlif ölkələrinə, eləcə də Çin, Yaponiya, Koreya və Hindistan kimi daha ekzotik ölkələrə səyahət etdim. Bərpa olunan enerji sahəsində dünya təcrübəsindən çox şey öyrəndim. Müxtəlif mədəniyyətlərin və texnologiyaların davamlı inkişaf edən və yaşıl gələcəyi təmin etmək üçün eyni problemə müxtəlif yanaşmalarını gördüm. Bu yolda çoxlu dostlar qazandım və əlaqələr qurdum. Rahatlıqla deyə bilərəm ki, səyahət etmək işimin və həyatımın ən fürsətlərindən biri olub.
- Mütaliəni sevirsinizmi? Oxuduğunuz kitablardan yadda qalan sitatlar varmı? Onlar sizin inkişafınıza, hədəflərinizə təsir edibmi?
- Bəli, oxumağı sevirəm. Mütaliə yeni şeylər öyrənmək, təxəyyülünüzü genişləndirmək və ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək üçün əla vasitədir. Əvvəllər bədii kitablar oxuyurdum, xüsusən də sevimli yazıçılarımdan biri olan Erix Maria Remarkın əsərlərindən zövq alırdım. Onun romanları emosiya, realizm və humanizmlə doludur. Hələ də yadımda qalan sitatlarından biri belədir: “Həyat bizi mükəmməlləşdirmək məcburiyyətində deyil. Mükəmməl olanın yeri muzeydir”.
- Son vaxtlar oxumağa çox az asudə vaxtım olduğu üçün audiokitablara qulaq asıram. Bu çox rahat və zövqlüdür, çünki yolda olarkən, növbə gözləyərkən və ya digər işlərlə məşğul olarkən paralel olaraq audiokitaba qulaq asa bilirəm. İndi daha çox funksional kitabları, məsələn, biznes və ya fərdi inkişaf haqqında kitabları dinləyirəm. Bu il başlayandan 25 kitab bitirmişəm və bu mənim üçün kifayət qədər böyük nailiyyətdir.
- Bu il dinlədiyim və inkişaf məqsədlərimə xidmət edən kitablardan biri Larri Kinqin “Hər kəslə, istənilən vaxt, hər yerdə necə danışmaq olar” kitabıdır. Bu kitab ünsiyyət bacarıqlarınızı təkmilləşdirmək haqqında bələdçi hesab oluna bilər. Larri Kinq bu kitabda yayımçı və müsahib kimi kifayət qədər uğurlu karyerasına dair fikirlərini və məsləhətlərini bölüşür. O, qorxuya qalib gəlməyi, söhbətə necə başlamağı, effektiv dinləməyi, yaxşı suallar verməyi, yumordan istifadə etməyi və çətin vəziyyətlərin öhdəsindən gəlməyi öyrədir.
Bu kitabdan faydalı hesab etdiyim, yaddaqalan sitatlardan biri budur: “Bir şeyi öyrənməyin ən yaxşı yolu onu sınaqdan keçirməkdir. Nə qədər çox danışsan, bir o qədər peşəkarlaşacaqsan”. Bu sitat məni ünsiyyət bacarıqlarımı daha tez-tez tətbiq etməyə sövq edir. Həm də mənə onu xatırladır ki, ünsiyyət zaman və səylə öyrənilə, həmçinin təkmilləşdirilə bilən bir bacarıqdır.
- Düşünürəm ki, kitab oxumaq və ya dinləmək həyatınızı zənginləşdirə və hədəflərinizə çatmağınıza kömək edə biləcək gözəl vərdişdir. Bir kitabdan nə öyrənə biləcəyinizi heç vaxt öncədən bilmirsiniz.
- Təhsilinizi harada almısınız? Sizcə hərtərəfli inkişaf üçün mühit əsasdırmı? İndiki karyeranızda həmin mühitin rolu varmı?
-Təhsilimi mühəndislik və dövlət idarəçiliyi kimi iki fərqli sahədə davam etdirmişəm. Bakalavr və ilk magistr dərəcəsini Azərbaycan Texniki Universitetində mühəndislik üzrə almışam, burada yaşıl enerji istehsalının texniki və praktiki aspektlərini öyrənmişəm. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında idarəçilik üzrə ikinci magistr təhsilinə başladım və burada daha çox siyasi elmlərə diqqət yetirdim. Hazırda Azərbaycanda bərpa olunan enerji siyasəti üzrə magistr dissertasiyası üzərində işləyirəm. Bu, mənim maraqlarımı və bacarıqlarımı birləşdirən mövzudur.
- Düşünürəm ki, ətraf mühit hərtərəfli inkişaf üçün vacibdir, çünki o, sizə müxtəlif perspektivlər, təcrübələr və imkanlar təqdim edə bilər. Təhsil aldığım və işlədiyim mühit cari karyeramda böyük rol oynayıb, çünki məni enerji sektorunda müxtəlif problemlərə və həll yollarına hazırlayıb. Həm də analitik, ünsiyyət və liderlik bacarıqlarımı inkişaf etdirməyimə kömək edib.
- Ətraf mühitdən faydalanmağın yollarından biri də başqa ölkələrə səyahət etmək və onların təcrübələrini öyrənməkdir. Bu il yaşıl enerji siyasətində aparıcı ölkələr olan Çin və Koreyaya səfər etmişəm. Onların strategiyalarını, texnologiyalarını, bərpa olunan enerji sahəsində nailiyyətlərini öyrənmişəm və hazırda Azərbaycandakı vəziyyətlə müqayisə edirəm. İndi magistr dissertasiyası çərçivəsində bu iki ölkənin ən yaxşı təcrübələrinə əsaslanaraq, Azərbaycan üçün təşviq mexanizmləri ilə bağlı təkliflər hazırlayıram.
- Cahid bəy karyeranıza maraq necə oyanıb?
- Mühəndisliyə marağım uşaqlıqdan yaranıb. Atam ixtisasca mühəndisdir. Uşaqlıqdan radio, maqnitafon kimi ev əşyalarının iş prinsipi mənə çox maraqlı gəlirdi. Əkiz qardaşımla birlikdə tez-tez işləməyən cihazları sökür, onlardan başqa qurğular hazırlamağa çalışırdıq. Məsələn, motor və akkumulyator vasitəsilə kiçik özügedən avtomobillər düzəldirdik. Müxtəlif komponentləri sınaqdan keçirməkdən və yaradıcılığın nəticələrini görməkdən həzz alırdıq.
- Ən yaddaqalan sərgüzəştlərimizdən biri babama məxsus köhnə radionu təmir etməyimiz idi. Problemi anlamalı, düzgün hissələri tapmalı və onları bir-birinə lehimləməli olduğumuz üçün bu, çətin tapşırıq idi, amma həm də çox zövq verirdi. Nəticədə radio yenidən işlədi. Bu həmin vaxt üçün böyük nailiyyət idi.
- Uşaqlıqdan yaranmış bu həvəslə heç vaxt mühəndislik sahəsində yeni şeylər öyrənməkdən və araşdırmaqdan əl çəkməmişəm. Gördüyüm işi sevirəm və həmişə təkmilləşmək üçün yeni yollar axtarıram.
- Uğurlarınızı kimə borclusunuz? Uğurlarınızın açarı nədədir? Gələcək planlarınız nədir?
- Hazırda əlimdə olanlara görə mənə kömək edən insanlara minnətdaram. Ailəm, müəllimlərim, kuratorlarım, işdə mənə rəhbərlik edən şəxslər, mənim tabeliyimdə çalışan əməkdaşlar - mənə dəstək olan şəxslər bələdçilərim olublar. Onlar mənə dəyərli dərslər veriblər, konstruktiv rəylərlə xəyallarımın arxasınca getməyə təşviq ediblər.
- Uğur dağa dırmaşmaq kimidir. Həm zəhmət, həm əzm, həm də qətiyyət tələb edir. Bu yolda bir çox maneələri və çətinlikləri dəf etməli olursan. Ancaq zirvəyə çatdıqdan sonra mənzərədən həzz ala və nailiyyəti dostlarla qeyd edə bilirsən.
- Bir çox hallarda uğur istedad, çox çalışmaq və şans amili ilə assosasiya olunur. Yəni, uğuru təmin etmək üçün təkcə istedad və səy kifayət deyil, bəzən insanın nəzarətindən kənar təsadüfi hadisələr də uğura təsir edir. Ancaq bəzi bacarıqlar var ki, insana şansını artırmağa kömək edə bilər. Məsələn, yeni təcrübələrə və imkanlara açıq olmaq, optimist olmaq, səxavətli və xoşrəftar olmaq. Bir sözlə, şans uğurun vacib amilidir, lakin yeganə amili deyil. Ona görə də insan təkcə bəxtinə güvənməməlidir. Bunun əvəzinə, uğurda şansın rolunu etiraf etməli, eyni zamanda öz bacarıqlarını inkişaf etdirməli və çox çalışmalıdır. Bununla insan öz məqsədlərinə və arzularına çatmaq şansını artırır.
- Bir digər məqam, hətta deyərdim uğurdan daha vacib məsələ uğursuzluq və ona verilən reaksiyadır. Uğursuzluq öyrənməyə və inkişafa kömək edir. Uğursuzluğa müsbət münasibət bəsləmək çox vacibdir. Bunu özünü təkmilləşdirmək və yenidən cəhd etmək üçün fürsət kimi görmək lazımdır. Uğursuzluqla qarşılaşdıqda başqalarını günahlandırmaq, təslim olmaq və ya özünə yazığı gəlmək çox böyük səhvdir. Mənfi reaksiyalar əvəzinə insanlar öz uğursuzluqlarını təhlil etməli, səhvlərinə görə məsuliyyət daşımalı və onlardan dərs çıxarmalıdırlar. Belə olan halda uğurların sayı da artır. Gələcək planlarıma gəldikdə isə, Energetika Nazirliyində davam edən karyeramda irəliləmək istəyirəm. Daha uzaq gələcəyi isə zaman göstərər.
- Hazırki dünya ilə razısınızmı? Sizin baxış bucağınızdan bu dünya necədir?
- Bu çox maraqlı və mürəkkəb sualdır. Hazırkı dünya münaqişələr, problemlər, həll yolları, fürsətlər və əməkdaşlıq imkanları ilə doludur. Düşünürəm ki, heç kim bütün dünya ilə “razılaşıram” və ya “razılaşmıram” deyə bilməz, çünki dünya tək bir mövhum deyil, insanların, mədəniyyətlərin, dəyərlərin və ideyaların olduğu dinamik sistemdir.
- Fikrimcə, dünya öyrənə, yarada və töhfə verə biləcəyimiz bir platformadı. Həmişə dünyada baş verən hadisələrlə maraqlanıram, müxtəlif mənbələrdən istifadə edərək onlar haqqında daha çox məlumat əldə etməyə çalışıram. Həm də yaradıcı və yenilikçiyəm, başqaları üçün faydalı, məlumatlandıra və ruhlandıra biləcək yeni ideyalar yaratmağı xoşlayıram. Bilik və bacarıqlarımı başqaları ilə bölüşməyə də meyilliyəm. Məsələn, jurnalınızın təsisçisi Aydın müəllimin fizikaya dair maraqlı faktları özündə əks etdirən qısa videolar hazırlamaq ideyasına müsbət cavab vermişəm və qısa zamanda məmnuniyyətlə bu layihədə təqdimatçı qismində çıxış edəcəyəm.
- Dünya haqqında fikirlərə qayıtdıqda isə demək istərdim ki, dünya bizim düşmənimiz deyil, tərəfdaşımızdır. Dünyaya qarşı deyil, onunla birlikdə işləməklə nailiyyətlərimizi artıra bilərik. Dünya ilham mənbəyidir, ondan çox şey öyrənə, müsbət dəyişiklik yarada bilərik.
- Həm də, dünya ilə müharibəyə girmək küləklə savaşmaq kimidir. Qalib gəlmək ehtimalı yoxdur, yalnız enerjinizi və vaxtınızı boşa xərcləyəcəksiz. Dünya sizdən böyükdür, güclüdür və son sözü həmişə o deyəcək. Sülh içində yaşamağın yeganə yolu dünyanı olduğu kimi qəbul etmək və onun dəyişikliklərinə uyğunlaşmaqdır.
- Gənclərə nə demək istərdiniz, nə kimi məsləhətlər verə bilərsiniz?
- Düşünürəm ki, indi gənclərin dünyaya müsbət təsir göstərmək üçün daha çox potensial və imkanları var. Bununla belə, gənclər bütün dövrlərdə şəxsi və peşəkar həyatlarında bir çox problem və qeyri-müəyyənliklərlə üzləşirlər. Başqalarına məsləhət vermək kimi deyil, daha çox mən yenidən yeniyetməlik dövrümə qayıtsaydım özümə nəyi məsləhət görərdim, onları sadalaya bilərəm.
- Birincisi, həmin yaşlarda olanda daha açıq düşüncəli olmaq istərdim. Dünya möcüzələrlə doludur, öyrənmək üçün hər zaman yeni bir şey tapmaq olur. Bir maraq dairəsinə sıxışıb qalmaq əvəzinə, daha maraqlı və açıq fikirli olmaqla mən öz bilik, bacarıq və perspektivlərimi genişləndirə bilərdim.
- İkincisi, daha yaradıcı və yenilikçi olmaq, kommunikasiya bacarıqlarımı daha erkən yaşlarda inkişaf etdirmək istərdim. Dünya sürətlə dəyişir və üzləşdiyimiz çağırışları aşa biləcək yeni həll yollarına ehtiyac var. Məsələn, indi yaradıcı və yenilikçi olmaqla, gənclər başqalarını ruhlandıra bilən orijinal məzmunlar yarada bilirlər.
- Üçüncüsü, erkən yaşlardan daha təşəbbüskar və səxavətli olmaq, əvəzində heç nə gözləmədən həmişə başqalarına kömək təklif etməkdən çəkinməmiş olmaq istərdim. Sosial aktiv olmaq, mümkün qədər çox maraqlı insanla tanış olmaq, onlarla ünsiyyətdə olmaq istərdim. Başqa insanlara, onların fikrilərinə, ideyalarına daha səmimi maraq göstərmiş olmaq, onlardan nələrsə öyrənməyə çalışmış olmaq istərdim. Bu yolla insanlara vacib olduqlarını hiss etdirmək və onların təcrübələrindən öyrənməyin mümkünlüyünü göstərmək istərdim.
- Dördüncüsü, təhsilin məktəblə və ya universitetlə yekunlaşmadığını, uğurlu insanların öz təhsillərini daim davam etdirdiklərini çox erkən yaşda öyrənmiş olmaq istərdim.
- Məktəbli vaxtımda mənə verilmiş olmasını istədiyim məsləhətlərdən bəziləri bu sadaladıqlarımdır. Əlbəttə, indi gənclərin məsləhətləşə biləcəyi bir çox başqa mənbələr var, məsələn, valideynlər, müəllimlər, mentorlar, kitablar, audiokitablar, YouTube videoları və ya hazırda həvəslə üzərində çalışdığınız perspektivli layihə olan “Əsrin Aydınları” jurnalı.
- Cahid bəy "Əsrin Aydınları" jurnalının heyəti olaraq sizə maraqlı müsahibəniz üçün təşəkkür edirik və gələcək fəaliyyətinizdə bol şans arzulayırıq.
- Məndə sizə və heyətinizə təşəkkür edir və uğurlar arzu edirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin