- "Əsrin Aydınları" jurnalının bu günki qonağı yazdığı kitabları ölkə hüdudlarını aşan gənc yazar, peşəkar mütəxəssis Seymur İlyasovdur. Xoş gördük Seymur bəy, istərdik bizə və oxucularımıza özünüzü təqdim edəsiniz.
- Mən Seymur İlyasov ixtisasca Biznes proseslərinin detallı planlaması üzrə mütəxəssisəm, beş fərqli sektorda çalışmışam və işim əsasən idarəetmədir. Halhazırda Neft sektorundayam, burada strateji idarəetmə və taktiki rəhbər olaraq çalışıram. Universitetlərdə də müəllim olaraq, tələbələrin bilik və bacarıqlarının inkişafında, gələcək perspektivdə yaxşı mütəxəssis kimi inkişaf etmələrində öz təcrübələrimi onlarla bölüşürəm.
- Seymur bəy, hər kəsin maraqlı və dəfələrlə danışmaqdan usanmadığı xatirələri var. Hansı ki, o illəri xatırlayanda uşaqlığı göz önündə canlanır. Həmin xatirələrinizi bizimlə paylaşarsınızmı?
- Mənim elədə hamı kimi əyləncəli, bol oyunlarla dolu bir uşaqlığım olmayıb. Ailəmizdə atam riyaziyyat müəllimi və sinif rəhbərimiz idi və həmişə bizi bu yöndə çoxlu tapşırıqlar verərdi. Bizim uşaqlığımız oyunlardan kənar, iş masasında ancaq elm və biliklə əhatələnən kitablardan ibarət olub. Əslində bu bir tərəfdən yaxşı, digər tərəfdənsə bir uşaq üçün çox çətindir.
- Günümüzdə bu məsələlər çox aktualdır. Sanki cəmiyyətdə ailələr iki cəbhəyə bölünür, sırf elmə biliyə yiyələnsin deyə hər şeydən təcrid olunmuş uşaqlar və elmlə bərabər, günün çox hissəsini oyuna, əyləncəyə vermiş uşaqlar. Siz atanızı və digər valideynləri rol model olaraq necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, uşaqlar uşaqlığını doya – doya yaşamalıdır. Çünki hər zamanın öz hökmü və öz tələbi var. Bir uşaqdan böyük nəticələr gözləmək olar amma bu nəticə üçün bütün öhdəliklər, lazımi mühit nəzərə alınmalıdır. Atam bizim daha savadlı daha üstün qabiliyyətlərimizi önə çıxarmaq üçün hər zaman əlindən gələni edib. Bizi oxumağa fokuslandırıb. Lakin uşaqlığıma qayıtma imkanım olsaydı, çoxlu oyunlar oynayardım, uşaqlığımı doyunca yaşayardım. Valideynlərə tövsiyə edirəm ki, uşaqların potensialını, arzularını nəzərə almağı və sadəcə dərs, kitabdan ibarət mühitlə yox, onları oyun meydançalarının, müxtəlif əyləncəli, rəngarəng oyunlarında bol olduğu şəraitlə təmin etsinlər.
- Yeri gəlmişkən Seymur bəy, uzun illərdir ki, təlim tədrislə məşğul olan peşəkar təlimçi və müəllimsiniz, sizin rol model olaraq seçdiyiniz insanlar olubmu?
- Mən təhsil aldığım illərdə müəllimlərimdən gördüyüm yanaşma və metodlara görə hər zaman onlara minnətdaram. Bizim dərslər o qədər motivasiyaya köklənirdi ki, oxumağa həvəsi olmayan belə növbəti dərslərdə böyük əzmlə çalışaraq hazırlıqlı gələrdilər. Öz müəllimlərimi, başda atam olmaqla özümə rol model götürmüşəm. Onlar kimi daima gənclərə dəstək oluram. Çalışıram dərslər və təlimlər boyu orta yolu tapıb, bilik və bacarıqları hamıya balanslı şəkildə aşılayım.
- Özünüzü uğurlu insan hesab edirsinizmi, yaradıcılığınızda və şəxsi həyatınızdakı uğurları kimə borclusunuz?
- Mənə görə, uğur sözü nisbi anlayışdır, nə mənada nisbidir onu sizə detallı izah etməyə çalışacağam. Bu məsələ mənim diqqətimi əsasən “Walmart idarə edərsə” adlı kitabımı yazanda çəkmişdi. “Walmart” deyirdi ki: “Mənim üçün uğur deyə bir şey yoxdur. Motivasiya və əldə etdiyim nəticə uğurdur. Ancaq bir mərhələdən sonra əldə etdiyin nəticə adiləşir və bu uğur nisbi anlayışa çevrilir”. Hətta o, 50 yaşında özünü inkişaf etdirmişdi, təhsil alıb, nələrsə öyrənmişdi. Mənə görə öyrənmənin yaşı yoxdur, istər 5 yaşlı olsun, istərsə də 50 yaşlı. Öyrənməyi və məqsədli şəkildə nəticələrə yönümlü inkişafı dəstəkləyən hər kəs hər fürsəti dəyərləndirib nələrsə öyrənəcəkdir.
Mənim fikrimcə, mənim üçün uğurlu hesab etdiyim bir iş, sizin üçün adi ola bilər və ya siz bu mərhələni mənə nisbətən daha sürətli keçə bilərsiniz. Uğur insana, vəziyyətə, nisbətə, yerə görə dəyişir. Mən uğur deyildə nəticələrə əsaslanan biriyəm. Nəticələrimi böyük zəhmət hesabına əldə etmişəm. Bu nəticələrə gəlmək üçün isə inam olmalıdır. İnam olmadan heç bir işi aşmaq mümkün deyil, gözlənti inama bağlıdır. Hətta yeri düşmüşkən bunu da deyim ki, mən magistratura təhsilimi “universitet birincisi” olaraq bitirmişəm. Baxmayaraq ki, təhsil aldığım müddətdə həmin universitetdə mənimlə bərabər çox savadlı, çalışqan tələbələrdə var idi. Bu birincilik mənim özümlə bağlı inamımdan irəli gələn nəticə idi.
-İlk kitabınızı yazarkən qarşınızda maneələr oldumu və ya dediyiniz inam sizə bu yolda necə bələdçi oldu?
- Mən ilk kitabımı yazarkən maneələrlə çox rastlaşdım desəm bəlkədə yanılmaram. Çoxları mənə deyirdi ki, bu iş sənlik deyil, sən bunu bacarmazsan və sairə bu kimi fikirlər məni 6-7 il kitab yazmaqdan uzaq saxladı. Həmin insanlar arasında psixoloqlarda var idi. Mən ilk kitabımı 2008-ci ildə yazmaq istəmişəm. Hətta bu kitabımda İdarəetmə ilə bağlı 160 qızıl qayda yazmışdım. Mən motivasiya üçün psixoloqun qəbuluna yazılmışdım. Məndən əvvəl xarici tələbələr var idi qəbulda, onlarda imtahanla bağlı məsələlərdə ondan yardım almaq üçün gəlmişdilər. Mənim növbəm çatdı və əlimdəki 200 səhifəlik yazımla içəri daxil oldum. Psixoloq üzümə baxdı və dedi ki, əgər vacib məsələ deyilsə vaxtımı alma. Mən səbəbini soruşduqda mənə cavab verdi ki, mən şəxsən sənin yazdığın kitabı oxumaram. Çünki sən idarəetmə ixtisasında oxumamısan amma bu mövzuda kitab yazmaq istəyirsən. Bunun cavabında isə mən əlavə yazılmamış ağ vərəqlərimi psixoloqa hədiyyə edib çıxdım. Həmin gün mənim qolumu qanadımı qırdı həmin psixoloq öz yanaşması ilə. İllər sonra mən çox peşman oldum bu fikirlərin mənə yön verərək həvəsdən salmasına. Kaşki mən o kitabı yazardım, eyb etməz heçkəs oxumazdı. Ən azından kitabı necə yazırlar, o proses necə olur kimi mərhələlərdən tez keçərdim, təcrübə qazanardım. Lakin sonda inam mənə bu işin öhdəsindən böyük şücaətlə gəlməyə kömək etdi. İllərdir yazdığım kitablardan aldığım xoş rəylər məni çox sevindirir. Nəticələr öz sözünü deyir, öz meyvələrini verir. Mən çox şadam ki, yazdığım kitablarla insan həyatına, fərdi yaradıcılığına, planladığı hər hansı bir işinə fayda ilə toxunaraq, təsir edə bilirəm.
- Həyatımız risklər və maneələrlə doludur. İnanmıram ki, həyatında bir neçə dəfə risk etməmiş insan olmasın, nəticə etibarilə sonu nə olursa olsun. Seymur bəy, sizə görə risk yoxsa gözləyərək səmərəli yollar tapmaq?
- Mənim fikrimcə gözləmə özüdə bir riskdir. Məsələn mənim ilk kitabımda etdiyim, illərlə gözlədiyim risk idi. Mən daha tez qazana biləcəklərimi, potensialımı gözləntidə saxlayaraq risk halına saldım. Heç birşey etmədən gözləmək doğru deyil. Maneələr, xətalar həmişə var, onlardan qaçmaqla doğru yolu, izi tapmaq mümkün deyil. Uğurlu insanların həyatında 99% risk var. Yaşamağın özü belə riskdir, çünki sabahın olub olmayacağına zəmanət vermir. Məncə risklər insanı motivə edir.
- Seymur bəy, bəzən insanlar uğur və nəticəni bəxtə bağlayır. Sizcə bu nə dərəcədə doğru və ya yalnış yanaşmadır?
- Çox gözəl sualdır, bəli insanların əksəriyyəti bu cür fikirləşir. İnsanların çoxu uğurlu insanları həmişə özlərinə nümunə çəkir və onlar haqqında müəyyən məlumatlar toplayırlar. Bundan sonrakı prosesdə isə həmin insanın uğura aparan yollarını kopyalamağa başlayırlar. Heçkəs uğursuz insanı özünə rol model etməz və maneələri araşdırmaz. Mən hələdə buna rast gəlməmişəm ki, kiminsə uğursuzluğunu araşdırsın, nəticə çıxarsın və bu tədqiqat nəticəsində uğur qazansın. Mən tədqiqatlarımda uğurlu insanları kopyalayanların 99%-nin uğursuz olduğunu analiz etmişəm. Buna əsas səbəb hər insanın fərdi bacarığı və fərdi istiqaməti olmasıdır. Heç kəs eyni yerdən eyni bir situasiyadan uğurlu ola bilməz. Asana qaçmaq və kimisə kopyalayaraq addımlamaq sonda uğurlu nəticəyə gətirməz. Uğura və əsas nəticəyə qədər proses var. Hər kəs sadəcə cığırı, müəyyənləşmiş izi kopyalayır lakin mövcud prosesdə nə edəcəyini heç bilmir, o bunun üçün hazır deyil.
“Bu fürsəti qaçırma” adlı 5-ci kitabımı yazarkən araşdırdığım kitablarda çox gözəl bir sözə rastladım. Orada deyilir ki: “İnsanın uğurlu olmasında şansın və bəxtin payı sadəcə 5%-dir”. Qalan 95% isə insanın əziyyəti, biliyi, çevrəsi, yaşadığı mühit, bacarıqları və bunlardan istifadə etmə potensialıdır. Ola bilər ki, çevrənizdə sizə həm maddi həmdə mənəvi dəstək olacaq insanlar çoxdur. Lakin siz onlardan vaxtında düzgün istifadə etmə potensialınız, qabiliyyətiniz, düzgün nəticə çıxarma bacarığınız yoxdursa bu işdə uğur qazana bilməzsiniz.
- Təlim tədrisdə yaxından iştirak edən müəllim, karyera və planlama üzrə mütəxəssis olaraq indiki gənclərin nailiyyətləri həm təhsil həm karyera sahələrində fəaliyyətləri, hərtərəfli inkişafları nə qədər qənaətbəxşdir?
- İndiki gənclərimizin nailiyyətlərinin bir çoxunda valideynlərin məcburi seçimləri dayanır. Valideyn seçimləri sonda həvəssiz və gələcək karyerada qeyri peşəkar işçi qüvvələrinin çoxalması deməkdir. Halhazırda dərs dediyim auditoriyaların çoxunda real potensialı üzə çıxarmaqdansa rahatlığa aludə olurlar. Çünki onlar müəyyənləşdirdikləri və ya arzu istəklərinə görə ixtisas, peşə seçməyiblər. Tələbələrimin çoxu valideyn seçimi olduğu üçün sadəcə dərslərdə həvəssiz iştirak edib, müəyyən yekun balla diplom almaq fikrindədirlər nəinki nələrsə öyrənmək və tədqiqat aparmaq. Hətta bir çoxları oxuduqları ixtisas üzrə işləməyəcəklərini deyirlər. Müəyyən bir sayda olan tələbələr isə sadəcə tələbə adını qazanmaq üçün təhsili yola verirlər. Mən hər zaman auditoriyalara girərkən onlara suallar verir və təhlillər aparıram. Son kurslarla işlədikdə peşiman olan tələbələrin qısa zaman kəsiyində nə edə bilərik deyə təşvişə düşürlər.
- Seymur bəy sadaladığımız problemlər üçün həm iş dünyasındakı təcrübəli mütəxəssis və təlim tədris prosesində mentor kimi hansı konsepsiyanı irəli sürərdiniz və yaxud gələcəkdə bu yöndə hər hansı bir layihə üzərində işləyirsinizmi?
- Hər iki aspektdən çıxış edərək bildirmək istəyirəm ki, bu problemlər məni çox düşündürür. Tədbirlər planı və yaxud hər hansı layihə işlənilib hazırlanması və buna vaxtında riayət etmək labüddür. İş dünyasının öz prioritetləri, öz tələbləri, ali təhsil ocaqlarının isə özlərinə məxsus tədris planı, tələbə olacaq kontingentində öz planı və müəyyənləşmiş məqsədləri var. Bu üçlüyün isə vəhdətdə deyil, pərakəndə planları var.
- Xarici ölkələrin təhsil, iş təcrübəsi ilə bizim təhsil və iş təcrübəsi nə dərəcədə vəhdət təşkil edir?
- Yəqin ki, xarici ölkələrdə ali təhsil ocaqları ilə yaxından tanış olmuşsunuz. Orada təlim, tədris təcrübədə bilik və bacarıqları tətbiqetmə mexanizmi üzərində qurulub. Həmdə orada təhsil almaq istəyən hərkəs planlı şəkildə hansı ixtisası seçəcəyini, hansı universiteti seçdikdə necə inkişaf edə biləcəyini, peşəkar bilik bacarıq vərdişlərinə yiyələnmək üçün hansı üsul və metodlardan istifadə edəcəyini öncədən məqsədli şəkildə bilir. Onlardakı mühit bizdə müəyyən dərəcədə qurulub, lakin tələbələr və mütəxəssis kimi inkişaf etmək istəyənlər öz konfort zonalarından ayrılmaq istəmirlər və gələcək planları yoxdur. Nəticədə, mənfiliklər qabarıq şəkildə hər xidmət sahəsində özünü göstərir. Sizə gündəlik dərs prosesimdən bir hissəni bölüşmək istərdim. Keçən dərslərimin birində MBA qrupu üçün strateji, qlobal bir müəssisənin inkişafı ilə bağlı doqquz dəqiqəlik video lent tapmışdım. Video lentin tam yarısında auditoriyadakı tələbələrin sinfi bəhanələrlə tərk etməyə başladığını gördüm. Bu halda mən həmin videonu yarıda kəsərək otuz dəqiqə sinif otağında oturdum və çox peşiman oldum. Müəllim, pedaqoji heyət bacardığı qədər əlindən gələni edir ki, auditoriyadakıları elmə, savada həvəsləndirsin, təşviq etsin. Bu tək müəllimlə alınacaq bir proses deyil. Bilirsiniz bizim auditoriyada əyləşən gənclərin əksəriyyəti nə üçün burada olduğunu bilmir, niyə “MBA” ixtisasında oxuduğunu anlamır və bir gözləntisi yoxdur. Seymur müəllimin tədrisi etdiyi fənn onlara nə öyrədəcək bilmir, heç araşdırmır. Həmişə ilk dərs günü tələbələrimə“Bir müəllim, təlimçi olaraq məndən nə gözləyirsiniz” Bu fənn, bu mövzudan, bu təlimdən nələr öyrənəcəksiniz” kimi ənənəvi suallarımı verirəm. Cavablar rəngarəng və müxtəlifdir. Biri deyir sadəcə qiymət, digəri sadəcə sertifikat, bəziləri isə yeni biliklər və ya özünə vacib olan məlumatları öyrənəcəyini deyir.
- Yazar olaraq günümüzün mütaliə edənləri ilə razısınızmı? Texnologiyanın inkişafı kitablardan yan ötməyib, smart cihazlar vasitəsilə müxtəlif podkastlara qulaq asmaq mümkündür. Xüsusi proqramlar mütaliələrə necə təsir edir?
- Hərşeyi kənara qoyaraq demək istərdim ki, kitab kitabdır. Kitabda bir sujet xətti olur. Kitabı yazan adam haradan başlayıb hara gedəcəyini özü öncədən müəyyənləşdirir. Bir kitabı oxumaq həmin kitabın müəllifi ilə həmsöhbət olmağa bərabərdir.. Mənə görə, səsli dinləmələrlə kitabı səhifələyərək oxumaq bir deyil. Mən ildə 50-60 kitab oxuyuram, səsli kitabları da dinləyirəm. Amma mən oxumadığım kitabı da səsli olaraq dinləmirəm. Hər gün fiziki olaraq bir səhifədə olsa oxuyuram.
- Seymur bəy, sizə görə ən uğurlu kitabınız hansıdır?
- Mənə hesab edirəm ki, yazdıqlarım kitablarımı müqayisə etsəm doğru olmazdı. Çünki hər kitabın sujet xətti, yazılma tarixi, istinadları, tədqiqat mövzuları fərqlidir. “Sənayenilənmə”, “Nokia”, “Walmart idarə edərsə”adlı kitablarımı yazarkən çox şey öyrəndim, hər bir kitabım mənə tamam fərqli bacarıqlar və vərdişlər aşıladı.
- Seymur bəy, gələcək planlarınız nədir? Hər hansı bir kitab və ya layihə üzərində işləməyi düşünürsünüzmü?
- Böyük ehtimal kitab yazmağa fasilə vermək istəyirəm. İstəyirəm yazdığım kitablar iş dünyası ilə maraqlanan hər kəs tərəfindən oxunulsun, həmdə digər işlərim və layihələrimi üzərində işləyə bilim.
- Tədqiqatlar apararkən bizim iş dünyası ilə xarici ölkələrdəki iş dünyası arasındakı fərqlər nələrdi?
- İdarəetmə şəkilləri vardır, müasir və ənənəvi. Tədqiqatlarım zamanı şahid olduğum ənənəvi idarəetmə şəklidir. Bizim şirkətlər ənənəvi moduldan çıxmaq istəmir və ya buna risk etmir. Müxtəlif innovasiyalara, texnoloji yeniliklərə çox gec adaptasiya olurlar. Əsasən sahibkarlar özlərini hərşeydən xəbərdar və bilikli göstərirlər. Amma xarici şirkətlərdə belə yanaşmalar yoxdur, onlar daima yeniliklərə can atırlar və tez uyğunlaşırlar, bilmədiklərini öyrənməyə çalışırlar. Tədqiqat zamanı qarşılaşdığım təzadları ümumiləşdirsək, bizim sahibkarların, işçilərin fikirlərindəki potensialındakı təzadları, innovasiya şəkillərində kasadlılığı, öyrənməyə, kənardakı düzgün təhlil və tənqidlərə çox qapalı olduqlarını gördüm. Məsələn, sahibkar problemi həll etmək üçün, işçini işdən çıxarmaqla kifayətlənir. Ona elə gəlir ki, yeni gələn işçi əvvəlki işçidən daha tez problemi həll edə biləcək, buda çox yalnış müdaxilədir. Yaranmış problemləri köklü şəkildə araşdırıb, təhlil etmədikdə sabah o problemlər həmin şirkətin məhvinə gətirib çıxaracaq. Şirkətlərdə insanlar kimidir, onlar böyüyə bilir və müəyyən bir zaman çərçivəsində inkişafına görə ya yaşayır yada ölürlər.
- Bu hamıya məlumdur ki, hər hansı bir işə başlamamışdan öncə həmin iş haqqında məlumat toplamalı və həmin sahənin mütəxəssisi və ya konsultantı ilə görüşüb məsləhətlər almalısan. Bəs bizim iş dünyamızda bu məsələlər nə dərəcədə inkişaf edib?
- Mən hesab edirəm ki, bir iş bir müəssisə qurarkən mütləq şəkildə həmin sahənin mütəxəssisi və ya konsultantı ilə görüşməli və planlama etməlidirlər. Şirkətlərdə canlı orqanizmdirlər, onlarında mexanizmlərində müəyyən müddət çərçivəsində qopuqluq olur. Bəzən sahibkarlar konsultantlara irad bildirir və razılaşmırlar. Son iki ayda mənə şirkətlər tərəfindən narazılıqlar gəlir konsultantlarla bağlı. Araşdırdığımda həmin konsultantların şirkətləri səhv yönləndirdiyinin şahidi oldum. Mütləq şəkildə peşəkar və təcrübəli konsultanta müraciət edilməlidir. Konsultantlar əslində işin həm nəzəri həmdə praktik tərəfini bilməlidir. Çünki nəzəri tərəfi mövcud situasiyaya uyğun icra edə bilmirsənsə deməli sən sahənin adamı deyilsən.
- Seymur bəy, gənclərimizə tövsiyəniz nə olardı?
- Özlərini hərtərəfli inkişafa yönəltsinlər, sosial həyat tərzi ilə yanaşı bilik və bacarıqlarını, dünya görüşlərini dərinləşdirsinlər, gələcək perspektivlərdə xidmət sahələrini araşdırmaqda olsunlar, 5 - 10 il sonra hansı peşə aktual olacaq və ya olmayacaq, iş dünyasında rəqabət əmsalı haqqında tədqiqatlara maraqlı olsunlar, kitab oxusunlar, müəyyən şirkətlərdə təcrübə qazansınlar, xarici dil biliklərinə yiyələnsinlər və daima planlı olsunlar. 5-ci kitabımı yazanda bir məsələ məni çox narahat etmişdi, hətta iki gün özümə gələ bilməmişdim. Bu Nyutonla bağlı idi. Nyuton əslində riyaziyyatçı imiş, amma dünya onu fizika elmi ilə məşğul olan alim kimi tanıyır. O, 24 yaşında alimlik dərəcəsini alır, Kembric Universitetində riyaziyyat fakültəsində professor olaraq çalışır. Riyaziyyatçı olaraq fizikanın qanunlarını kəşf edir. Nyuton auditoriyaya girərkən tələbələr ona etiraz edir və dərsə girmir, buna baxmayaraq 28 ay ərzində boş auditoriyaya 90 dəqiqə dərs keçir. İlk dəfə üç nəfər tələbə qatılır dərsinə, daha sonra isə Nyutonu ard arda gözləyən siniflər, auditoriyalar çoxalır və israrla onun dərs keçməyini tələb edirlər. Bu dəfə isə Nyuton onlara rədd cavabı verir və deyir mən 2 il 4 ay boş sinifə dərs keçəndə siz harada idiniz. Buradan bir nəticə çıxarmaq lazımdır ki, hər şeyi zamanında və vaxtında dəyərləndirmək lazımdır.
- Seymur bəy, “Əsrin Aydınları” jurnalının heyəti adından sizə dərin təşəkkürümüzü bildiririk. Sayənizdə bilib bilmədiymiz bir çox nüanslara işıq saldıq və çox gözəl müsahibəmiz alındı. Sizə gələcək fəaliyyətinizdə bol şans diləyirik.
- Məndə sizə və sizin heyətə öz minnətdarlığımı bildirirəm, mənim fikrimcə bilinən bir insanı, bir fəaliyyəti izah etmək asandır, çünki o artıq üzdədir və hamıya əlçatandır. Əsas olan bilinməyəni, bilinməyən potensialları üzə çıxarmaqdı, faydalılığa gətirməkdir. Məncə sizin jurnalında əsas amalı elə budur. Sizə gələcək işlərinizdə bol müvəffəqiyyətlər arzu edirəm. Sizin fəaliyyətiniz təqdirə layiqdir.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin