Tarix bizə bəşər övladını dərindən dərk etməyə, o cümlədən cəmiyyəti ifadə edən bütün özünə xas nüansları araşdırmağa və nəticə çıxarmağa kömək edir. Tarix təkrarlanmağa meyillidir, dünyada xalqlar arasında davamlı münaqişə və savaş əsrlər boyu davam etmiş və kütləvi xaostik insan təlafatlarına yol açmışdır. Ən ümdə fəlakətlərindən biri məhz soyqırımdır. Soyqırım tək qanlı qətliam deyil, öncədən planlaşdırılmış və mənfur düşmənin şovinist siyasətindən irəli gəlir. Öz mənəvi irsinə, soykökünə, tarixinə, milliyətinə söykənmiş xalqların hər əsrdə bir qanlı faciəsi var.
Erməni millətçiləri tarix boyu mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı davamlı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.
31 mart soyqırımı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir. Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın nəticəsində 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi xüsusi amansızlıqla qətlə yetirmişlər.
Dəhşətli soyqırımın şahidi olmuş alman əsilli Kulner 1925-ci ildə Bakı hadisələri barədə belə yazır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncdan keçirir, süngü ilə dəlmə-deşik edirdilər”.
Erməni vəhşiliyi planlı şəkildə davam edirdi. Belə ki, hazırlıqlı silahlı erməni yaraqlıları məhəllələrə qəfil basqınlar etməklə insanların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, evləri talan edərək yandırır, uşaqları yandırdıqları evlərin içinə atır, südəmər çağaları isə süngülərə keçirirdilər. Hər cür insanlıqdan kənar vəhşiliyə əl atan erməni daşnak-rus bolşevik cəlladları müsəlman qadınlara qarşı da xüsusi amansızlıqla davranırdılar. Qətliamdan sonra araşdırmalar nəticəsində şəhərin təkcə bir yerində torpağın altından qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 qadının cəsədi tapılmışdı. Çoxlu gənc qadınlar isə diri-diri divara mıxlanmışdılar.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında Şamaxı hadisələri bu cür şərh olunur:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart -Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik!
Günel Şəmilzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin