Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Xalqımızın ən qədim, əziz və milli bayramı olan Novruzun yurdumuza qədəm qoymasında, qorunmasında və inşafinda tarixi şəxsiyyətlərimizin də əvəzsiz xidməti olmuşdur.
Əvvəla qeyd etməliyik ki, Novruz bayramı qısa müddətə də olsa, ilk dəfə 1967-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi, gözəl ziyalı, dramaturq Şıxəli Qurbanovun böyük cəsarəti və şəxsi təşəbbüsü ilə ölkəmizdə kütləvi el şənliyi kimi keçirilmişdir və vaxtı ilə Ümumilli Lider Heydər Əliyev bu bayram haqqında demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” –Ulu Öndər Heydər Əliyev(“Azərbaycan” qəzeti, 24.03.1998)
Hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Bu bayram haqqında İlk olaraq qeyd etməliyik ki, Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim olan bayramlardan biridir. Novruz gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Təbiətin dirilməsi ilə eyni vaxtda dostluq və ailə münasibətləri yenilənir, çünki bu günlərdə insanlar barışıb yaxınlarını və dostlarını ziyarətə gedir, hətta arada olan kin və ədavəti sevgi və xeyirxahlıq əvəz edir. Qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Bu adət ənənələr məhv olan və canlanan təbiətlə, sehrli qüvvələrlə bağlıdır.
Novruz həmçinin xalqımızın milli bayrami olub , sambalına, vüsətinə, kütləviliyinə görə, adət — ənənə zənginliyi baxımından onunla müqayisə ediləcək ikinci bir bayram yoxdur. Novruz adətləri, Novruz etiketləri xalqımızın say niyyətinin, humanist xarakterinin, yüksək əxlaqi — mənəvi keyfiyyətlərinin təcəssümüdür. Dünya üzündə saysız — hesabsız xalqlar, millətlər olduğu kimi, bayramlar, mərasimlər, adət — ənənələr də müxtəlif və saysızdır.
Hər ilin yaz gecə — gündüzü bərabərliyində, varlığın oyanış dönəmində ərgənləşən Novruz həm də qoca türkün özü qədər qədim və uludur. Ulu ən əvvəl, uca Tanrımıza deyirik. Ulu vətənə, yurda deyirik, ana təbiətə deyirik. Ulu yeddi arxa dönənimizdən o üzdəki dədə — babalarımıza deyirik. Ululuq həm də müqəddəslikdir, ülviyyətdir. Novruz ulu bayramdır.
Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla dörd çərşənbə qeyd olunur.
İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi, adətən, havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.
İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.
Bundan əlavə Novruz bayramını simvolizə edən bir neçə nemətlər mövcuddur. Bu nemətlərin hər biri özünəməxsus şəkildə mənalandırılır:
SƏMƏNİ
Təzə yetişmiş buğda cücərtilərindən hazırlanan səməni, yaşıllığın və təbiətin dirilməsinin simvoludur. Eyni zamanda Səməninin yaxşı bitməsi ilin məhsuldar olacağını, əks halda isə qıt olacağına nişanədir.
YUMURTA
Yumurta (Yeddi nemət) süfrəsindən əlavə bayramın əsas komponentdidir və masada boyalı şəkildə görünməlidir, çünki yumurtanın daxilində olan ağ maye nütfənin (insanın yenidən doğuluşu), sarı rəng isə irqin, yəni, fərqli yaradılışın simvoludur. Üst qabığı isə səma və kosmik tağın simvoludur. Tezliklə canlanmalı, dünyaya gəlməli olan təbiətin alleqoriyasıdır
İYDƏ
İydə və yarpaqları, həmçinin ətirli çiçəkləri sevgi və məhəbbət stimuludur və daha gözəl il üçün əsas şərtlərdən biridir, Zərdüştlər iydə toxumlarını kəklikotu ilə qarışdırıb Novruz masasına qoyurdular.
SARIMSAQ
Sarımsaq gümrahlıq, ətraf mühitin təmizliyi və bədənin sağlamlığı ilə yanaşı bəd gözlərdən qorunmanın simvolu kimi süfrəyə qoyulurdu.
SUMAQ
Sumaq Novruz süfrəsinə qoyulmuş sevgi, qəlblərin birləşməyin simvoludur.
SU
Su kimi saf olmağın, təmizliyin simvolu. İşlərin su kimi axar olmağına inamı bildirir.
ÇÖRƏK
Xeyir-dua simvolu, bərəkət rəmzi.
QOVURĞA
Qovurğa ilaxır çərşənbədə qovurmalıq buğdadan qovrulur. Qovurğa bərəkət simvoludur. Zövqə görə qovurğaya küncüt, qoz, boranı tumu, düyü əlavə edilə bilər. Xonçaya qoz fındıq da qoyulur.
QOZ, FISTIQ, FINDIQ, ŞABALID
Bu çərəzləri yedikdə insanda enerji depolanır və gücün rəmzidir. Şabalıd farsca olub “şah palıd” sözünün birləşməsidir. Gələcək işlərdə möhkəm olmağa nişanədir.
PAXLAVA
Paxlava ulduz və odun simvoludur. Paxlava ortasına qoyulmuş fındıq torpağa işarədir. Torpaqdan yaranmanı ifadə edir. Ümumiyyətlə, Novruz şirniyyatları əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır. Paxlava ulduz simvoludur və alimlərə görə rombu xatırladır. Romb həyat ağacının mərkəzi elementidir və ana bətninə işarədir. Mərkəzinə yerləşdirilən fındıq, qoz içi isə ana bətnində olan uşağa işarədir.
NARİNGİ VƏ PORTAĞAL
İranda suyun içinə naringi və ya portağal atılır. Bu isə yer kürəsinin fəzada dolanmasını bildirir.
Bu bayram qədim köklərə malik olaraq birbaşa atəşpərəstliklə bağlıdır. Tonqal mərasimindən əlavə Novruz bayramında məşəllər də yandırırdılar. Bəzi bölgələrdə bu adət hələ də qalıb. Bundan əlavə, axır çərşənbə və bayram axşamında şam yandırırlar, bu da atəşpərəstliyin əlamətlərindəndir. Bu adətlərdən də göründüyü kimi, bu adətlər atəşpərəstliyin qalığıdır.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi, Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin