Hər il 8 Mart Qadınlar Günü qadınların cəmiyyətimizə verdiyi görkəmli xidmətləri şərəfinə bütün dünyada qeyd olunur. Bu gün həm də qadın hüquqlarının təşviqində və daha ədalətli dünyanın qurulmasında və onların fəaliyyətində ruhlandırıcı mövqe olaraq qalır. Cəmiyyətin inkişafında xüsusi rolu olan qadın obrazı daima bədii və ədəbi təhlilin ən üst səviyyəsində təsvir olunub. “Qadın varlığı bəşəriyyətin yaradılışı, tərbiyə etmə mexanizmi, dəyişdirmə gücüdür!” “Qadın” sözü fədakar sevgi, qayğı və eyni zamanda, güc və ümid ruhunu daima alovlandıran və birləşdirən qüvvə olaraq” qəbul edilmişdir. Lakin bəzi dövrlər üçün hər şey təsvir olunduğu kimi qəbul edilmirdi.
Beynəlxalq Qadınlar Günü müasir qadınların tərəqqisinə yol açan və bugünkü vəziyyətə gəlmək üçün əzmlə çalışan qadınlara tarixi bir töhvə olmaqla yanaşı eyni zamanda, bu gündə cəmiyyətimizdə hələ də davam edən ayrı-seçkilik nəticəsində mənəvi cəhətdən əzilən, şiddətə məruz qalan, günahsız yerə qətlə yetirilən qadınların səsinin xatırlanması üçün bir şüardı. Təəssüf ki, hələdə əksər qadınlar söz azadlığı, səsvermə, bərabərlik, təhsil, gəlir və ən əsası azadlıq hüquqları uğrunda mübarizə aparmaqdadır. Qadın mübarizəsinin tarixçəsinə nəzər yetirərkən qarşıya maraqlı faktlar çıxmaqla yanaşı, qadın birliyinin sarsılmaz olduğunun da şahidi oluruq.
19-cu əsr, Avropada gedən mədəni, siyasi və ictimai-iqtisadi dəyişkən paradiqmalar qadınların inkişaf rolunda fundamental dəyişikliklərə gətirib çıxardı. Qadınlar hüquqi, iqtisadi və siyasi sferalarda öz hüquqları üçün mübarizə apararaq, sonda buna nail oldular. Dünyanın hər ölkələsində bu tarixi proses müxtəlif templərlə gedirdi. Ümumdünya qadın birliyi və əzmi sonda öz qələbəsini tarixin təqviminə möhürləməyi bacardı və bu xüsusi gün qadınların həyatın bütün sahələrində qazanacaqları böyük uğurun, eləcə də gələcəyin formalaşmasının təntənəsinə yol açdı.
“Qadın” varlığı artıq yaradılışdan cılızlaşdırılan, sadəcə cəmiyyət üçün nəsil artıran, evdə və sosial həyatda əməyindən sui ıistifadə və ya hər mənada istismar olunan köləlik məcrasından çıxaraq cəmiyyət və dünyanın yaradılışında əsas prioretip, mərkəz olduğunu anladı və bunun üçün savaşmağa başladı. Və o gündən qadın varlığına dərin mənaların və rolların yükləndiyi dövr başladı. Artıq qadınlar sadəlövh və utancaqlıq hisslərini tamamən kənara qoyub, daha cəsarətli və sosial mühitdə həvalə edilmiş tapşırıqları yerinə yetirmək qabiliyyətlərinə daha yaxşı əmin olmağı, öz şəxsi həyatı seçimlərində qərar verməkdə tam azadlığa malik olmağı, sadəcə öz azad iradəsi ilə seçimlər etməyi hədəfləmişdi və bu xəyal olaraq qalmadı. Bu hədəflər tarixdə yeni qadınlar hərəkatına təkan verdi.
Bu cərəyanın ilk qığılcımı məhz Nyu-Yorkda tikiş fabrikində işləyən qadınların əmək şərtlərinə qarşı etirazına əsasən başladı. 8 mart 1908-ci ildə ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün genişmiqyaslı nümayiş keçirdi. Əksər qadınların şüarı məhz “Çörək və Gül” idi. Çörək həyat eşqini, gül isə daha yaxşı həyat tərzini simvolizə edirdi. Nümayişdə iştirak edən qadınlar analıq məzuniyyəti də tələbini də irəli sürdülər.
Milli qadınlar günü Birləşmiş Ştatlarda 28 fevralda qeyd edilməyə başlanıldı. Bu cərəyanlar get gedə geniş vüsət almağa və sürətlə digər ölkələrə yayılmağa başladı. Hər ölkə artıq öz tarixi qadınlar gününü dəyərləndirmək yeni üfüq axtarışında idi.
1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Kopenhagendə konfransda Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart günü Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə günü olaraq təsis etməyi təklif etdi və uğurla nəticələndi. 17 ölkədən yüzə yaxın konfrans iştirakçısı bu təşəbbüsü yekdilliklə dəstəkləndi. Daha sonra bu qərarla 1911-ci ildə ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə Qadınlara xas xüsusi gün olaraq qeyd edildi.
1917-ci ildə Çar Rusiyasında qadınlar, çətin həyat tərzinə dözməyərək, “Çörək və Sülh” adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1975-ci ildən bütün dünya qadınları üçün xüsusi əhəmiyyətli dövrün təməli qoyuldu. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi və bu proses Ümümdünya sferasında eyni qanun altında birləşdi, qadın birliyi özünü sübuta yetirdi.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Qadın əzmi müasir dövrümüzdə bütün sahələrdə öz bilik və bacarığını nümayiş etdirir və cəmiyyətin ayrılmaz aparıcı qüvvəsinə çevrilib. Qadın artıq sadəcə şeir və romanların baş qəhrəmanı deyil, real həyatda siyasi, iqtisadi və sosial proseslərdə daha yaxından iştirak edir. Şəraitdən asılı olmayaraq istənilən qadın öz qüvvəsi ilə cəmiyyətə töhfə verə bilməkdədir. Qadın hansı sahəyə, hansı mühitə mənsub olursa olsun, cəmiyyətin simasını sanqvinik şəkildə dəyişə biləcək varlıq olduğunu sübut etmişdir.
Arzu edirəm ki, günəş siz qadınların həyatında əbədi parlasın və hər fəsildə arzularınız çiçəklənməyə davam etsin! Ən xoş arzularla, Qadınlar gününüz mübarək!
Günel Şəmilzadə
Azərbaycan jurnalistlər birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin